III Salmanasarın “Qara xatirə daşı” üzərindəki şəkillər və mixi yazılar Yeni
Assuriya imperiyasının ən maraqlı əsərlərindən biridir. 1846-cı ildə ser Austen
Henry Layard tərəfindən kəşf edilmiş bu abidə, indiyə qədər kəşf edilmiş yalnız
iki tam Yeni-Assuriya daş sütunlarından biridir. Bu abidə e.ə.858-e.ə.824-cü
illərdə hökmranlıq etmiş III Salmanasarın hakimiyyətinin 31-ci ilini xatırladır.
Eradan əvvəl 825-ci ildə ictimai abidə kimi ucaldılıb. Müasir İraq ərazisində
yerləşən Nimrud (Kalah və ya qədim Kalhu) şəhərinin mərkəzi meydanında yerləşirdi.
Kəşf edildikdən sonra abidə Britaniya Muzeyinə təhvil verilib və bu günə qədər
orada saxlanılır. Tetraedral daş sütun qara əhəngdaşından düzəldilib, onun
hündürlüyü 2 m-dən bir qədər azdır. Sütunun hər tərəfində 5 şaquli panel, cəmi
20 panel vardır. Onlar fəth edilmiş beş fərqli padşahın xərac ödəyərək padşah
Salmanasar qarşısında diz çökdüyünü təsvir edir. Hər fəth edilmiş padşahın təqdimləri
abidənin ətrafında dörd lövhə tutur və onların üstündə mixi yazı ilə təsvir
olunur. Bu daş sütunun həqiqətən maraqlı elementləri adı açıqlanmayan hökmdar
“Musri”nin gətirdiyi xəracın təsvir olunduğu yuxarıdan üçüncü paneldə görünür.
Əvvəllər tarixçilər Musrinin Şimali İraqdakı bir padşahlıq olduğuna
inanırdılar, lakin indi ümumiyyətlə qəbul edilir ki, bu, Misir üçün ibrani “Mizraim”,
klassik ərəbcə “Misr” və Misir ərəbcəsinə fonetik oxşar olan Yeni-Asuriya-“Məsr”
terminidir. Beləliklə, görəsən Misirin fəth edilmiş padşahı ( firon deyil) e.ə.
IX əsrdə III Salmanasara xərac kimi nə gətirmişdi? O, digər asanlıqla tanınan
heyvanlarla birlikdə təsvir olunan insan-heyvan hibridlərini gətirmişdi!
Hibridlər insanlardan kiçikdir və ev heyvanları kimi zəncirdə saxlanılır. Bir
panel zəncirlərdə saxlanılan bir cüt insan-heyvan hibridini təsvir edir. Hər
iki məxluqun insana bənzəyən başı və qolları var, lakin arxa əzaları heyvanınkına
bənzəyir və onların quyruğu vardır. Bu
canlılar arxa ayaqları üzərində dayana və ya yeriyə bilirlər. Onların sfinksin
miniatür versiyasına bənzədiyini düşünə bilərsiniz, bu, əlbəttə ki, heyrətamizdir,
çünki bizə sfinksin “mifoloji” məxluq olduğunu söyləmişlər. Digər bir paneldə
ikisi kəndirdən tutmuş üç insan-heyvan hibridi təsvir olunur. Hibridlər arxa
ayaqları üzərində yeriməkdə olduqca rahat görünürlər və uzun quyruğu istisna
olmaqla, insanlara çox bənzəyirlər. Hibridlərdən biri insanın çiynində oturub,
bu da onların insanlara dost olduğunu və öyrədilə biləcəyini göstərir. Onlar
hind əfsanələrindəki yunan satirlərini və “vanara”arını xatırladırlar. Bu da
insanı bir daha təəccübləndirir ki, mifik varlıqlar eradan əvvəl IX əsrdə Misir
padşahı tərəfindən xərac kimi təqdim oluna bilərdi. Xatırlamaq lazımdır ki, III
Salmanasarın “Qara xatirə daşı” sütunu padşahın hakimiyyəti dövründə aldığı
müxtəlif hədiyyələri qeyd etmək üçün nəzərdə tutulmuş abidədir. Çox güman ki,
bu abidə, yüksək ixtisaslı heykəltəraşları ilə əl-ələ verən padşah katibləri tərəfindən
icra edilmişdir. Abidəyə heykəltəraşın təxəyyüllə məşğul ola biləcəyi, dini
simvollardan və metaforik vasitələrdən istifadə edə biləcəyini fikirləşmək
düzgün deyil. Heykəltəraşın məhbusun şəklinə sırf ona qarşı şəxsi nifrət
duyduğuna görə quyruq qoymağa da imkanı
yox idi. Çünki, Yeni-Assuriya padşahlarının yumor hissi olmamış və normadan hər
hansı bir sapma və ya praktiki zarafat ciddi şəkildə cəzalandırıla bilərdi. Belə
çıxır ki, padşah abidəsində xərac kimi qəbul edilən insan-heyvan hibridləri təsvir
olunubsa, çox güman ki, bu belə də olub. Yalnız bu gün belə canlılar olmadığı
üçün bu fikir bizə inanılmaz görünür. Əslində, eradan əvvəl I minilliyin sonuna
qədər dünyanın bəzi yerlərində qəribə insan-heyvan hibridlərinin mövcud
olduğuna dair sənədləşdirilmiş sübutlar vardır. Maraqlı bir hekayəni fars padşahı
II Artakserksin sarayında xidmət edən Ktesi adlı yunan həkimi yazmışdır. O,
Hindistandan və başqa ölkələrdən gələn qonaqlar və səyyahlar tərəfindən fars
sarayında danışılan müxtəlif hekayələrə əsaslanan “İndika” adlı kitab yazıb.
Böyük Plini Ktesiyə istinad edərək yazır: “Ktesi bizə söyləyir ki, efiopiyalılar
arasında “mantikor” adlandırılan bir heyvan var; daraq kimi bir-birinə uyğun gələn
üç sıra dişləri, kişi üzü və qulaqları, qan rəngində göygözləri, aslan bədəni,
quyruğu əqrəb quyruğu kimidir. Onun səsi fleyta və zurna səslərinin vəhdətinə bənzəyir.
O, son dərəcə sürətlidir və insan ətinə xüsusi sevgisi var”. Ktesi eyni zamanda
Hindistanın dağlıq bölgələrində də oxşar hibrid heyvanların olduğunu yazıb.
Plini “Təbii tarix” əsərində Ktesidən sitat gətirərək yazır: “Hindistanın şərqindəki
dağlarda da satirlər var... son dərəcə sürətli heyvanlardır, bəzən dörd ayaq
üstə gəzir, bəzən də insan kimi dik dayanır,.. yalnız qoca və ya xəstə satirləri
tutmaq olar”. ...Ktesinin hesabları göstərir ki, III Salmanasarın “Qara xatirə daşı”ndakı
təsvir edilənlər kimi insan-heyvan hibridləri Efiopiya və Hindistanda təxminən
eradan əvvəl V əsrdə mövcud ola bilərdi və buna görə də eradan əvvəl IX əsrdə
Misir padşahı tərəfindən xərac kimi verilmiş ola bilərdi. Başqa bir maraqlı
hadisə II əsrində yunan tarixçisi
Plutarx tərəfindən qeydə alınmışdır. Plutarx “Sullanın həyatı” əsərində yazırdı
ki, eradan əvvəl 89-cu ildə Yunanıstanda hərbi yürüş zamanı Roma sərkərdəsi Sullanın
əsgərləri yatmış bir satiri tutmuşdular. Sullanın adamları onun yanına bir
satir gətirdilər və Sulla onu sorğu-sual etməyə çalışdı, lakin o, atın kişnəməsi
ilə keçinin mələməsi arasında olan qarışıq səslər çıxarırdı. Bu cür hekayələrdən
belə nəticə çıxır ki, satirlər, ümumiyyətlə, inanıldığı kimi, uydurma məxluqlar
deyillər, lakin yeni era başlamazdan əvvəl yaşamış və ətraf mühitin dəyişməsi səbəbindən
ondan qısa müddət sonra ölmüş hibrid canlılar ola bilərdilər. Axı, milyonlarla
müxtəlif heyvanların zamanla nəsli kəsilmişdir, bəs niyə sfinkslər və satirlər
olmasın? Yaxud da bəlkə onlar ölməyiblər, dağ və yeraltı mağaralara girib, geri
qayıtmaları üçün əlverişli şərait yaranana qədər orada sadəcə vaxt keçirirlər?
Sual budur ki, əgər bu canlılar həqiqətən keçmişdə yaşayıblarsa, onlar necə təkamül
keçiblər? Biz bilirik ki, insan DNT-si heyvan DNT-si ilə uyğun gəlmir. Qədim mətnlər
və ənənələr bu barədə nə deyir? Sfinksə gəldikdə, xüsusilə onun mənşəyi ilə
bağlı maraqlı olan çox şey yoxdur. Məlumdur ki, sfinks həmişə ziyarətgahın
qoruyucusu hesab olunurdu və adətən məbədin, sarayın və ya türbənin girişinin hər
iki tərəfində cüt-cüt təsvir edilirdi. Bu adət bütün dünyada, sfinkslərin incəsənətdə
və memarlıqda təsvir olunduğu hər yerdə - Misirdə, Yunanıstanda,
Mesopotamiyada, Hindistanda və ya Cənub-Şərqi Asiyada ardıcıl olaraq müşahidə
olunur. Sfinkslərin görünüşünə gəldikdə, mədəniyyətlər arasında cüzi fərqlər
vardır. Yunanıstanda sfinks adətən dişi və bir cüt qanadlı olur. Mesopotamiyada
sfinks “lamasu” adlanırdı. O, insan və öküz xüsusiyyətlərini birləşdirdi və bir
qayda olaraq, qanadlarla təsvir edildi. Padşah saraylarının və şəhərlərin
girişlərində “lamasu”nun nəhəng heykəlləri cüt-cüt qoyulurdu. Maraqlıdır ki,
bir çox silindr möhürlərində “lamasu” dik vəziyyətdə təsvir edilmiş, stilizə
edilmiş “müqəddəs ağac”a sitayiş edirdi ki, bu da onların xalqın dini həyatında
mühüm rol oynadığını göstərir. Hindistanda sfinksi “purusha-mriga” və ya “kimpuruşa”
adlandırırdılar. O, məbədlərin girişində dörd ayaq üstə dayanmış, həmçinin tanrı
“Şiva” qarşısında iki ayaq üzərində dik vəziyyətdə təsvir edilmişdir. “Şiva”
tanrısını simvolizə edən daş sütun olan “Şiva” konseptual olaraq Mesopotamiya
möhürlərində təsvir olunan “müqəddəs ağac”a bərabərdir. Aydındır ki, bu dik vəziyətdə
təsvir edilən sfinks III Salmanasarın “Qara xatirə daşı” sütunundakı təsvir
olunan hibrid canlılara çox bənzəyir. Təəssüf ki, Sfinkslə əlaqəli çox az hekayə
var, buna görə də onun mənşəyi və əcdadı haqqında heç nə bilmirik. Bununla belə,
satirlər məsələsində eradan əvvəl 7000-ci ildən qabaq tanrılar tərəfindən
aparılan genetik təcrübəyə işarə edən daha çox məlumat vardır. Yunan incəsənətində
satirlər at (keçi) qulaqları və quyruğu ilə təsvir edilirdi, lakin üzləri
insana bənzəyirdi və uzun saqqallı idilər. Əslində, qulaqları və quyruğu
istisna olmaqla, satirlərə aid hər şey tamamilə humanoid idi. Onlar insanlar
kimi dik yeriyir, “aulos” (qoşa fleyta), lira və digər musiqi alətlərində ifa
edir, şərab içir və pərilərlə birlikdə Dionisin şərəfinə keçirilən bayramlarda şən
rəqs edirdilər. Şübhə yoxdur ki, satir uzun saçlarla qulaqlarını örtsə və
konsert kostyumu geyinsəydi, o, heç indi də müasir orkestrdə tanınmaz olardı.
Kim bilir, bəlkə də hələ də aramızda yaşayırlar!...Pan, Dionisin dəstəsindəki
satirlərin lideri idi və Dionisin hərbi yürüşləri zamanı orduya rəhbərlik
edirdi. O, böyük musiqi istedadına malik idi və “Pan fleyta”nın ixtiraçısı olmuşdur.
“Pan orfik” himnində deyilir: “Yalnız axşam, o (Pan) təqibdən qayıdanda, qamış
trubalarında şirin və aşağı avazda çalaraq öz notunu səsləndirir: hətta onu,
melodiyada heç kim ötüb keçə bilməz - o quş çiçəklənən bahar fəryadını tökərək
yarpaqlar arasında bal nəğməsi oxuyur”. Maraqlıdır ki, Pan yarım tanrı, Hermesin
oğlu hesab olunurdu və ona mağaraların, səhranın, otlaqların, bağların, sürülərin,
musiqinin və məhsuldarlığın tanrısı kimi sitayiş edilirdi. Yunan incəsənətinin
satirləri Ramanı hərbi yürüşlərdə müşayiət edən hind əfsanələrindən olan “vanara”lara
uyğun gəlir. “Vanara”ların meymuna bənzər, saqqallı, tüklü bədəni və uzun
quyruğu var idi. Amma onlar insanlar kimi dik yeriyir, danışıq və adət-ənənələri
ilə insanlara bənzəyirdilər. “Vanara”ların ən güclüsü Hanuman idi. Pan kimi o,
külək tanrısı Pavanın oğlu olan yarımtanrı idi və buna görə də ona “Pavan-putra
Hanuman” deyirdilər. Hanuman həm də musiqi qabiliyyətinə malik idi və misilsiz
sitar ifaçısı idi, hind klassik musiqisinin dörd üslubundan biri (hindustani)
adını daşıyır. Məşhur filoloq ser Uilyam Cons 1783-cü ildə Hindistanın Kəlküttə
şəhərinə Ali Məhkəmənin hakimi kimi işləyəndə dərhal Dionis ilə Rama arasındakı
diqqəti çəkən əlaqələri görür və bu əlaqələri təfərrüatlandıran bir məqalə yazır.
Bir sıra yunan tarixçiləri Dionisin adının Dionysus (Naisa tanrısı) gəldiyi
Naisa şəhəri yaxınlığında yerləşən Hindistanın Meros dağında doğulduğunu
yazırlar. Görünür, Rama və onun “Vanara” yoldaşları ritual ekstaz vasitəsilə
Yaradanla ünsiyyətin əldə edildiyi gizli
bir dini yayaraq qərbə getmişlər. Ramanın Şiva tanrısının böyük pərəstişkarı
olduğunu nəzərə alsaq, bu təəccüblü deyil və Dionis ayinlərinin bir çox
elementləri - uzun yürüşlər, sərxoşedici maddələrdən istifadə, ritual rəqslər,
ilanlardan və fallik kult obyektlərindən istifadə - hələ də ibadət edənlər tərəfindən
tətbiq olunur. İskəndərin fəthlərindən sonra yunan və Roma tarixçiləri - Plini,
Solin, Arrian - hind adət-ənənələri və mədəniyyəti haqqında yazmışlar. Onların
yazılarından belə nəticə çıxır ki, hindlilər öz padşahlarını eradan əvvəl
6776-cı ildən yunan Dionis və ya roma Baxus (?) ilə eyniləşdirdikləri
hökmdardan başlayaraq sayırdılar. Dionis və ya Baxusun həqiqətən Rama olduğunu əminliklə
deyə bildiyimiz üçün bu o deməkdir ki, satirlər və ya “vanara”lar o vaxtdan bəri
dünyanı gəziblər. Bu, sual doğurur: “vanara”ların bu qəribə irqi necə yaranıb? “Ramayana”ya
görə, tanrılar, müdriklər və digər göy varlıqları meşə heyvanları ilə cütləşərək
Ramaya “rakşasa”lara və ya nəhənglərə qarşı mübarizədə kömək edə biləcək güclü
nəsillər yaratdılar. Məsələn: “Brahma onlara bu şəkildə müraciət edəndə, tanrılar onun əmrinə razı oldular və buna görə
də meymun şəklində oğullar dünyaya gətirməyə başladılar.” “Beləliklə, tanrılar
minlərlə belə cəsur və formasını dəyişən meymunlar dünyaya gətirdilər, onlar öz
ölçüyəgəlməz gücü və cəsarətləri ilə onbaşlı iblis Ravananı məhv etməyə getdilər”...
Belə ki, tanrılar “vanara” irqinin yaradılmasında iştirak ediblər. Bu
tanrıların kim olduğuna gəlincə, biz burada danışmayacağıq, yalnız onu deyəcəyik
ki, əksər yerli mədəniyyətlərin hekayələrində onlar nəhəng gücə malik “insanabənzər”
varlıqlar kimi təqdim olunurlar və çox qədim zamanlarda yer üzünə gəlmişlər.
Çox güman ki, onların mənşə yeri “Pleyada” ulduz çoxluğudur. Bəs tanrılar “vanara”ları
yaratmaq üçün həqiqətən meşə heyvanları ilə cütləşiblər, yoxsa qabaqcıl genetik
manipulyasiya üsullarından istifadə ediblər? İnanmaq istərdim ki, bu son təcrübədir,
çünki Mesopotamiya dastanında dünyanın yaradılması haqqında “Enuma Eliş”
dastanına görə tanrılar insanı məhz bu şəkildə yaratmışlar. “Enuma Eliş” bizə
deyir ki, başlanğıcda tanrılar Yer üzündə yaşamış və planetimizi həyat üçün əlverişli
etmək üçün çaylar, göllər, dağlar və ekosistemin digər elementlərini yaratmaq üçün
çalışmışlar. Marduk okeanların dəhşətli ilanı Tiamatı məhv etdikdən sonra insan
istəyirdi ki, o, tanrıların işini öz üzərinə götürsün və tanrılar dincəlsin.
Sonra yeraltı dünyanın ağası Enki (və ya Ea) yeraltı dünyanın tanrılarından
biri olan Kinqunun qanından Tiamatı tanrılara qarşı üsyana təhrik edən bir
insan yaratdı. Bunlar “Enuma Eliş”dən dəqiq sətirlərdir:
27 Böyük tanrılar olan İgigi ona (Marduka) cavab
verdi:
28 Yəni tanrıların məsləhətçisi, hökmdarı
Luqaldimmerankiyə,
29 “Kinqu müharibəni qızışdırandır,
30 Tiamatın ayağa qalxmasına və döyüşə başlamasına
səbəb olan.
31 Onu bağladılar və Eanın (Enkinin) qarşısında
saxladılar,
32 Onu cəzalandırıb qan damarlarını kəsdilər.
33 Onun qanından (Ea) insanlığı yaratdı,
34 O, tanrılara xidmət etməyi ona tapşırdı və
tanrıları azad etdi.
Mətndə açıq şəkildə deyilməsə də, çox güman ki,
Enki onun qanından Kinqunun DNT-sini çıxarıb və insan yaratmaq üçün onu yenidən
təşkil edib. Əgər belə olsaydı, oxşar proses “vanara”lar, satirlər, sfinkslər və
qədim incəsənət və memarlıqda təsvir olunan bir çox digər sehrli hibrid
canlıları yaratmaq üçün istifadə edilə bilərdi. Qədim incəsənətin bu hibrid
canlılarını bu gün görmədiyimiz üçün mifik və ya xəyali hesab etməyə meylliyik,
lakin bu hibridlərin DNT-sinin zamanla zərərli genetik mutasiyaların toplanması
səbəbindən deqradasiyası mümkündür və nəticədə onların tədricən nəsli kəsilmişdir
və yaxud da bəzi gizli yerlərdə daldalanmışlar. Lakin III Salmanasarın “Qara xatirə
daşı”nda göstərildiyi kimi, bu hibrid canlıların bəziləri hələ eradan əvvəl IX əsrə
qədər mövcud olmuşdur. O vaxta qədər
ölçüləri kiçilmiş, insanlar tərəfindən tutulmuş və bəlkə də ev heyvanları kimi
istifadə edilmişdir. Ancaq o vaxta qədər onların sayı əhəmiyyətli dərəcədə
azalmalı idi və onlar padşahlara hədiyyə olaraq gətirilən nadir və ya ekzotik
heyvanlara çevrilmişdilər.
Mənbə: bit.ly/4avhdsi
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).
İstinad:
https://multiurok.ru/files/iii-salmanasarin-qara-xatir-dasi-sutun-s-lnam-uz-r.html