Aqatangel Krımski: 58 dil bilən adam


 Kiyevdə adını həmişə həvəslə tələffüz etdiyim bir adam yaşayırdı -Aqatangel Krımski. Adı nadir olduğu üçün yox, bu adam 58 dil bildiyi üçün deyirəm. Onun taleyi ilə bağlı hər şey qeyri-adi idi. Babası, Baxçasaraydan olan Krım tatar mollası (tərcüməcidən P.S.). Krımı tərk edərək Belarusiyaya getmiş, orada xristianlığı qəbul etmiş, Krımski (Krımlı) soyadını götürmüş və  yerli qadınla evlənmişdir. Atası Yefim Krımski yazıçı və istedadlı müəllim olmuşdur. 1871-ci ildə oğlu anadan olanda ona belə qeyri-adi yunan adı - Aqatangel, yəni “yaxşı xəbər” verdi. Ata oğlu ilə çox məşğul olurdu. 3 yaşında Aqatangel oxumağı öyrəndi və 5 yaşı olanda atası onu ibtidai məktəbə göndərdi. Tamamilə qeyri-adi qabiliyyətlərini, o cümlədən xarici dilləri öyrəndiyini görən ata, onu Kiyevdə unikal orta təhsil verən məşhur Pavel Qalaqan kollecinə göndərir. Aqatangel kollecə qəbul olunur. 18 yaşı olanda artıq 8 dil bilirdi. Kollecdə o, Ukrayna dilinin ən məşhur filoloqlarından biri, ona Ukrayna dilinə məhəbbət aşılayan Pavel Jitetski ilə birlikdə oxudu. P. Jitetski damarlarında bir damla Ukrayna qanı olmayan Aqatangelə Ukrayna dilinə məhəbbət yaratmışdır.  Aqatangel həyatı boyu Ukrayna dilinin və Ukrayna tarixinin sadiq müdafiəçisi olmuşdur. Sonra Aqatangel Krımski Moskvaya gəlir, burada Moskva Universitetinin Tarix-filologiya fakültəsində oxuyur və eyni zamanda Şərq Dilləri İnstitutunda Şərq dillərini öyrənir. Daha sonra o, bir neçə il Suriya və Livanda yaşamış, ərəb dili biliklərini burada təkmilləşdirmişdir. Zaman keçdikcə professor olur və eyni zamanda rus və ərəb dillərindən, Şərq tarixindən dərs deyir. Ondan neçə dil bildiyi barədə soruşduqda, o, gülərək deyərdi ki, hansı dilləri bilmədiyini söyləmək onun üçün daha asandır. O, demək olar ki, bütün Avropa və slavyan dillərini, bir çox şərq dillərini, latın, yunan, sanskrit dillərini bilirdi. 70 yaşında ikən Babil və Həbəş dillərini öyrənməyə qərar vermişdi. 1918-ci ilə qədər Aqatangel Krımski Moskvada yaşayır, İvan Franko, Lesya Ukrainka ilə məktublaşırdı. 1917-ci ildə Ukrayna Xalq Respublikası qurulduqdan sonra Ukraynaya qayıtmaq qərarına gəlir. O, həm Mərkəzi Rada, həm Getman Skoropadskinin, sonra isə Sovet hakimiyyəti dövründə Ukraynanın elmi həyatında yaxından iştirak etmişdir. Əvvəlcə hər şey yaxşı idi, o, Ukrayna Elmlər Akademiyasının akademiki oldu, lakin sonra faciələr başladı. Agatangel Krımski bütün həyatı boyu tənha yaşamışdır, deyirdilər ki, bütün həyatı boyu yazışdığı Lesya Ukrainkaya ümidsiz aşiq olub. Qocalıqda görmə qabiliyyəti ilə bağlı problemlər yaranmağa başlayır və köməkçiyə ehtiyac yaranır. Bu köməkçi gənc alim Nikolay Levçenko olur. 1929-cu ildə bir çox digər ukraynalı alimlər kimi Levçenko da millətçilikdə ittiham edilərək düşərgələrə göndəril. N. Levçenko düşərgədən ruhi xəstə kimi qayıtdı, bir müddət Krımskinin mənzilində yaşadı və bir ildən sonra özünü asdı. Bu, Krımski üçün əsl faciə oldu, o, tez-tez xəstələnənirdi. Eyni zamanda, Krımskinin özü də bütün vəzifələrindən azad edilir,  müəllimlikdən çıxarılır və bütün titullarından məhrum olunur. Demək olar ki, tamam yoxsulluq içində yaşayırdı. 1941-ci ildə 70 yaşlı yarı kor qoca həbs olunur və millətçilikdə ittiham edilir. Ağrılı sorğu-suallardan sonra ona imzalamaq üçün protokollar veriləndə o, demək olar ki, yaxşı görmürdü, ancaq protokollarda olan səhvləri düzəldirdi. Savadsız müstəntiqlər buna görə ona daha çox nifrət edirdilər. Onu Qazaxıstana göndərdilər. Məhbusların onu sadəcə öldürəcəklərinə ümid edərək çoxlu sayda cinayətkar elementləri ilə “məşhur olan” Kustanaydakı dəhşətli həbsxanaya atdılar. Lakin o zaman bu həbsxanada olan və sağ qalanların ifadələrinə görə, cinayətkar məhbuslar Krımskiyə pərəstiş edir, çörəklərini ona verir və həyatını yüngülləşdirməyə hər cür cəhd edirdilər. Aqatangel Krımski 1942-ci ilin yanvarında dünyasını dəyişdi, cəsədini isə digər dünyasını dəyişmiş bədbəxt həbs olunanların cəsədləri ilə birlikdə xəndəyə kömdülər, məzarının harada olduğu bilinmir.

UNESCO Krımskinin adını bəşəriyyətin ən məşhur simaları siyahısına daxil edib. Kiyevdə isə onun adını daşıyan bir küçə var. Pavel Qalaqan kollec binasında xatirə lövhəsi vurulmuşdur. Təəssüf ki, onun adını az adam bilir, amma o, çox heyrətamiz bir insan olmuşdur!

Mənbə:

https://www.facebook.com/groups/1107999409659102/user/100010433413991

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi). 

Xülasə: https://multiurok.ru/files/aqatangel-krimski-58-dil-bil-n-adam.html

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.