Aprelin 27-də “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsi
təşkil olunacaq. Olimpiadada iştirak etmək istəyən məktəblilər aprelin 20-dək https://anket.edu.az/link/267 keçidi
vasitəsilə qeydiyyatdan keçməli və ya təhsil aldıqları müəssisəyə müraciət etməlidirlər.
Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın
tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri,
tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini
aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir. Ölkənin ümumi təhsil
müəssisələrinin IX və X sinif şagirdlərinin iştirak edəcəyi olimpiada 3 mərhələli
olacaq. Olimpiadanın yarımfinal turu may ayında zonalar üzrə, final mərhələsi
isə iyun ayında Naxçıvan Muxtar Respublikasında keçiriləcək. Bundan əlavə,
şagirdlərin bilik və bacarıqlarının artırılması, eləcə də olimpiadaya
hazırlıqla bağlı tövsiyə edilən materiallar barədə məlumatlar ümumi təhsil müəssisələrinə
göndəriləcək. Qeyd edək ki, olimpiada Azərbaycan Respublikası Elm və Təhsil
Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan
Respublikasının Təhsil İnstitutu, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan
İcmasının birgə tərəfdaşlığı ilə həyata keçirilir.
Mənbə:
2.https://www.facebook.com/100068314211969/videos/400704206092266/