Anar müəllim İsgəndərovun “Professor Qüdrət İsmayılzadə haqqında bir neçə söz” yazısına P.S.

Prof. Qüdrət İsmayılzadə haqqında bir neçə söz

  1973-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin birinci kursunun tələbəsi olduq. Sentyabrın birinci həftəsinin dərslərini -Azərbaycan tarixindən dos. Şamil Məmmədbəyli, Arxeologiyadan prof. Məmmədəli Hüseynov, Etnoqrafiyadan prof. Həvil Həvilov, Qədim dünya tarixindən prof. Qüdrət İsmayılzadə keçdilər. (Allah onların hamısını rəhmət eləsin). Şamil müəllim nisbətən yaşlı, eyni zamanda təcrübəli və qayğıkeş bir müəllim idi. Məmmədəli müəllim ilk nəzərdən sərt görünürdü, amma bu sərtlik aldadıcı idi, səmimiyyəti daha çox idi. Həvil müəllim imtahanda çox  ədalətli idi.

Qüdrət müəllim tarix fakültəsinə yenicə gəlmişdi. Qədim dünyadan dərsliklər rus dilində idi. Qüdrət müəllim mühazirələrini kənddən gələn uşaqların arzu və istəklərinə uyğun qururdu. Yəni mühazirəni aramla deyirdi ki, hamı yaza bilsin. Dilində kobud ifadə yox idi, səbrli idi, özündən çıxan deyildi, geyiminə fikir verən idi, tələbələrlə səmimi münasibət qurmağı sevərdi, tapılmayan kitabları evindən gətirirdi. Bir sözlə, Qüdrət müəllim haqqında ancaq xoş sözlər demək olar. Tələbə ilə prinsipi  olmazdı, çətinliyə düşən tələbə Qüdrət müəllimə yaxınlaşıb ondan kömək istəyə bilərdi.  İmtahanda demək olar ki, heç kimə qeyri-kafi yazmırdı, doğru olar. Ümumiyyətlə ürəyi təmiz, xətrə dəyməyən, tələbə dostları olan nadir müəllimlərdən idi.

   …Qədim dünyadan götürdüyüm kurs işi Spartakın başçılığı altında qullar üsyanına həsr olunmuşdu. Tanımaza-bilməzə kurs işi ilə bağlı bütün kitabları mənə verdi. İllər keçəndən sonra başa düşdüm ki, belə xeyirxahlığı hamı etmir, çünki müəllimin borcu tələbəyə kitab daşımaq deyil. Sonralar uzun illər Qüdrət müəllimlə Universitetdə həmkar olduq, çiyin-çiyinə çalışdıq, onun böyüklüyünə qibtə etdim.

    Qüdrət müəllim kafedra müdirliyindən könüllü istefa verdi. Bu hadisə bu günə kimi rast gəldiyim nadir hallardan biridir.

  Prof. Qüdrət İsmayılov bütün qanı və canı ilə azərbaycanlı idi, əsl müəllim və böyük ziyalı idi.

   Qüdrət müəllim 1934-cü ildə Bakıda doğulmuşdu, ancaq bütün arxeoloji tədqiqatları Qarabağla bağlı idi. Ən sevdiyi rayon Füzuli idi, çünki arxeoloq kimi bu rayondakı tapıntılar ona şöhrət gətirmişdi. İnsafən Füzuli camaatı da Qüdrət müəllimi çox istəyirdi, onu Füzulidən olan ziyalı kimi qəbul edirdilər. Qarabağ, o cümlədən Füzuli işğaldan azad ediləndə ən çox sevinənlərdən biri Qüdrət müəllim oldu.

   Qüdrət müəllimin gözəl qələmi var idi. Yazdıqları ona böyük alim şöhrəti gətirdi.

   Bu gün Qüdrət  müəllim haqq dünyasına qovuşdu, aramızdan ayrıldı, amma onu tanıyanların xatirəsində unudulmaz bir iz qoydu. Müəllimə böyük nüfuz qazandıran ƏDALƏT, ƏXLAQ və NƏFSİN toxluğudur. Qüdrət müəllim müəllim olaraq bu üç prinsipi bizə əmanət qoydu.

Ruhunuz şad olsun, əziz müəllimim!

Mənbə: https://www.facebook.com/profile.php?id=100008825620748

P.S.

“Müəllimə böyük nüfuz qazandıran ƏDALƏT, ƏXLAQ və NƏFSİN toxluğudur. Qüdrət müəllim müəllim olaraq bu üç prinsipi bizə əmanət qoydu”. Çox hörmətli Anar müəllim İsgəndərovun (Anar İsgəndərov Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor və Bakı Dövlət Universitetinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının müdiri,2020-ci il VI çağırış Azərbaycan Milli Məclisinin deputatı. O, BDU-nun 100 görkəmli məzunundan biridir.

Mənbə: https://az.wikipedia.org/wiki/Anar_%C4%B0sg%C9%99nd%C9%99rov)

yazdığı bu sözlərdən təsirləndim.

     Qüdrət müəllimin “Abidələr, xatirələr, düşüncələr…” adlı kitabı 1981-ci ildə nəşr olunsa da, mən bu kitabı 1984-cü ildə oxumuşdum. Kitab bir sıra mühüm arxeoloji abidələrə və onların elmi əhəmiyyətinə həsr olunub. Qərinələrin, minilliklərin əmanəti olan bu yadigarların tədqiqi, axtarışları bədii, rəvan bir dillə qələmə alınıb. Müəllif özü həmin abidələrin tədqiqində bu və ya digər dərəcədə iştirak etmişdir. Kitabda Azərbaycan arxeologiyasının yaranıb inkişaf etməsində böyük rol oynamış ayrı-ayrı arxeoloq alimlərimizin həyat və elmi fəaliyyətinə də əsaslı yer verilmişdir. Bəzi yerlərdə abidələrimizin dağıdılması, yararsız hala salınması barədə müəllifin təşvişi, mülahizələri oxucunu düşünməyə sövq edir.      

    BDU-da oxuduğum (1990-1996) illərdə Anar müəllim bizə mənbəşünaslıqdan dərs demişdir. Sadalalan əsl müəllim xüsusiyyətlərini Anar müəllimdə də görmüşəm. Bir də əlavə etmək istərdim ki, çox fəxr edirəm ki, mənə də arxeologiyadan professor Məmmədəli Hüseynov, etnoqrafiyadan professor Həvil Həvilov, Qədim Dünya tarixindən professor Qüdrət İsmayılzadə, Azərbaycanın Qədim və Orta Əsrlər tarixindən isə professor Seyidağa Onullahi kimi əsl müəllimlər dərs keçmişlər.

    Heç xatirimdən getməz Qüdrət müəllim mühazirə, Əmrah müəllim Dadaşov (biz həmişə Əmrah müəllimi “Kuzişin” adlandırardıq…) isə seminar aparardı. Seminar vaxtı mənim verdiyim sual Əmrah müəllimin nədənsə qəzəbinə səbəb oldu və o hisrslənərək otağı tərk etdi. Bir az keçməmiş Qüdrət müəllim auditoriyaya daxil oldu. Məsələ ilə maraqlandı və mən də olduğu kimi məsələni izah etdim… gülümsəyərək sakitcə barmağı ilə məni hədələdi. Seminarı özü bitirdi. Tələbə yoldaşlarım:”Seyyub imtahanda “qanın getdi”, - deyə hərə bir söz dedi… Mən isə ürəyimdə fikirləşdim ki, həqiqətən də yəqin belə olacaq!?.

   İmtahan vaxtı gəldi çatdı. Qanım lap qara idi. İmtahana yaxşı hazırlaşsam da ürəyimə min cür şey gəlirdi. İmtahanı Qüdrət müəllim özü götürürdü, Əmrah müəllim isə köməkçi idi. Bilet çəkdim və həmin dəqiqə danışma üçün icazə istədim. Qüdrət müəllim icazə verdi. Üç sualın hər birini izah etdikdən sonra dayanaraq Qüdrət müəllimə baxdım. O isə üzündə təbəssümlə mənə “çox sağ ol” dedi. Eynəyini aşağı saldı gözlərində sevinc hiss elədim. İmtahandan əla qiymət aldım.

     Ruhun şad olsun, Qüdrət müəllim. Sizin fəaliyyətiniz yorulmadan, qəlbən elmə xidmətin bariz nümunəsidir. Məhz buna görə xatirəniz həmişə hörmət və minnətdarlıq hissi ilə yad ediləcəkdir.

Yaxşı müəllimlərdən dərs almaq özü böyük bir səadətdir.

Bir orta məktəb müəllimi kimi Anar müəllimin qeyd etdiyi bu üç prinsiplərə indi də əməl etməyə çalışıram. 

Ustad müəllimlərimə böyük ehtiramla;

Əsədov Seyyub Əsəd oğlu- Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi). 

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.