Azərbaycan ərazisi XIII-XIV əsrlərdə dağıdıcı monqol
yürüşləri nəticəsində işğal edildiyi üçün, yerli memarlıq öz inkişafında XI-XII
əsrlərdəki yüksək səviyyəyə çata bilmədi. Bununla belə, çoxsaylı dağıntılara
baxmayaraq, memarlıq hələ də inkişaf edir, bu sənətin gözəl nümunələri böyük
miqdarda yaradılırdı. Buna bir neçə səbəb göstərmək olar. Bu səbəblərdən biri memarlıq
ənənələrinin və Azərbaycan memarlıq məktəbinin mövcudluğu idi. O dövrdə Azərbaycan
ərazisində bir neçə memarlıq məktəbləri -Aran, Naxçıvan, Şirvan-Abşeron, Təbriz
və digər memarlıq məktəbləri mövcud olmuşdur. Mədəniyyətin, o cümlədən
memarlığın inkişafının digər səbəblərindən biri də Elxanilərin hakimiyyətə gəldikdən sonra bu
sahəyə göstərdikləri böyük diqqət idi. Maykl Burqanın monqollarla bağlı əsərində
qeyd etdiyi kimi, tikinti layihələrinin hazırlanmasında Elxanilər dövlətinin məşhur
tarixçisi, həkimi və baş vəziri Fəzlullah Rəşidəddin (1247-1318) böyük rol oynamışdır. Hülakülər (Elxanilər) mədəniyyəti
və onun tərkib hissəsi olan Azərbaycan mədəniyyəti həmişə monqolların tarixini
öyrənən alimlərin maraq dairəsində olmuşdur. Eyni zamanda, sırf bu dövrün
memarlıq tarixinə həsr olunmuş kifayət qədər tədqiqatlar da vardır. Çox təəssüflər
olsun ki, ingilisdilli tarixşünaslıqda bu problem ənənəvi olaraq “İran” mədəniyyətinin bir hissəsi kimi araşdırılır. Azərbaycan
tarix elmi bu dövrün memarlıq tarixi problemini ümumi mədəni inkişaf
kontekstində tədqiq etmişdir. Eyni zamanda ingilisdilli əsərlər ümumiyyətlə tədqiqata
cəlb olunmamışdır. XIII-XIV əsrlərə aid Azərbaycan memarlığını təsnifat
baxımından iki qrupa bölmək olar:
1. Mülki və müdafiə strukturları;
2. Dini və xatirə binaları.
İngilisdilli tarixşünaslıqda təsnifat məsələsi öz əksini
tapmamışdır və mövcud məlumatlar çox fraqmentlidir. Donald Vilbur “İslam memarlığı”
adlı əsərində Elxanilər dövrünə aid memarlıq abidələrinin kataloqunu tərtib
etmişdir. O, bu kataloqda 119 tarixi abidənin adını çəkir ki, onlardan altısı Elxanilər
dövlətindən əvvəlki dövrə, yəni XIII əsrin birinci yarısına aiddir. Elxanilər
dövlətinin hüdudlarında yerləşən və bu dövlətin əsas mərkəzi olan Azərbaycan və
Yaxın Şərqin ən məşhur memarlıq abidələri əsasən XIII-XIV əsrlərdə tikilmişdir. Nümunə olaraq Təbriz şəhərindəki
Tacəddin Əli şah məscidini (hazırda Ərk qalasını), Sultaniyyə şəhərindəki Məhəmməd
Ulcaytu məqbərəsini, Mərənd şəhərindəki Cümə məscidini və Marağa şəhərindəki günbəzləri
göstərmək olar. Elxanilər dövrü Azərbaycan memarlığında xristian memarlığının
elementləri və Çin motivləri mövcud olmaqda inkişaf etmişdir. Bunun əsas səbəbi
Elxanilərin özləri tərəfindən Azərbaycan ərazisinə Çin memarlıq ənənələrinin
yeridilməsi, həmçinin monqolların islam dininin müəyyən müddət ərzində məhv
edilməsi və təqib edilməsi idi. Buna baxmayaraq, tikililərdə yerli memarlığın ənənəvi
xüsusiyyətləri ilə yanaşı, İslam motivləri də əsas yer tuturdu. Mahmud Qazan xan
(1295-1304) islamı ilk dəfə rəsmi dövlət dini elan etmişdir. İslam dinini dövlət
dini elan etdikdən sonra islam ünsürləri ön plana çıxmağa başladı. Digər tərəfdən,
islamın dövlət dini səviyyəsinə yüksəlməsi ilə 50 illik durğunluqdan sonra
memarlıq sürətlə inkişaf etməyə başladı. İngilisdilli ədəbiyyatlarda mülki və
müdafiə xarakterli binalardan daha çox dini və xatirə xarakterli binalar təsvir
edilmişdir. Dini və memorial memarlıq abidələri arasında məscidlər, məqbərələr
və mədrəsələr üstünlük təşkil edirdi. Əksər hallarda bu tipli binalar hansısa
mürəkkəb strukturun tərkib hissəsi kimi yaradılmış və M. Burqanın qeyd etdiyi
kimi, kompozisiya baxımından əvvəlkilərdən fərqli olmuşdur. XIII-XIV əsrlərdə məscid
və məqbərələrin tikintisində böyük dəyişikliklər baş verdi. Keçmişdə məqbərə və
məscidlərin ərazisi kiçik və sadə formada idi. İndi onlar, daha böyük və daha
mürəkkəb formaya çevrildi: kvadrat forma ilə yanaşı, memarlar 6, 8 və hətta 12 tağ
formalardan istifadə edirdilər. Tədqiqatçılar S. Korsavi və M. Əliabadinin qeyd
etdiyi kimi, həm Səlcuqlu, həm də Elxanilər dövrünə aid memarlıq abidələri tədqiq
edilərkən məscid və türbələrin çoxtərəfli formaları ilə yanaşı, dairəvi formalı
günbəzlərə də rast gəlinir. Bu dövr Azərbaycan memarlığının digər əlamətdar
göstəricisi günbəzlərin sayının və ölçülərinin dəyişməsi idi. Əvvəlki dövrlərdə
günbəzlər daha kiçik olub, onların sayı birə bərabər idi. Elxanilər dövründə
hündürlüyü 12 metrə çatan günbəzlərlə yanaşı, 57 metr hündürlüyündə günbəzlər də
tikilmişdir. Bu tip günbəzin diametri 4,8 metrdən 16,7 metrə qədər dəyişirdi.
XIII-XIV əsrlərdə Azərbaycan ərazisində memarlıqda 2 və ya 3 günbəzli tikililərdən
istifadə edilmişdir. Bir qayda olaraq, onların 2 forması var idi - konus
formalı və çoxtərəfli. Siyasi şəraitin təsiri altında türk mənşəli memarların
müsəlman memarlığının inşasına cəlb olunması burada türk elementlərinin meydana
çıxmasına səbəb olmuşdur. Belə tikililər əksər hallarda “Səlcuqlu” tikililəri adlanırdı.
Səlcuqlardan sonrakı dövrdə iki mühüm inkişaf memarlığa nüfuz etməyə başladı.
Birincisi, bərkidici kimi kiçik kərpiclərdən istifadə texnikasıdır. İkincisi,
mavi çininin geniş yayılmasıdır. Hülakülər (Elxanilər) dövlətinin ən böyük paytaxt şəhəri Təbriz əsas mədəniyyət
mərkəzi və memarlıq baxımından məhşur idi. Məşhur səyyah Marko Polo Təbrizi Şərqlə
Qərbin kəsişməsində yerləşən ən gözəl şəhər hesab edirdi. O, şəhərdə böyük
bazarın olması barədə yazsa da, lakin bu binaların, eləcə də şəhərdəki digər
tikililərin memarlıq xüsusiyyətləri haqqında məlumat verməyibdir. XIII-XIV əsrlərin
ən məşhur memarlıq kompleksləri - Qazaniyyə və Rəbi-Rəşidi də Təbrizdə yerləşirdi.
Qazan xan tərəfindən 1297-ci ildə Şənbi Qazanın Təbriz ətrafında tikilmiş
Qubbe-i Əli məqbərəsi 12 tağ çoxbucaqlı formada olmuşdur. Bu məqbərə Qazaniyyə
kompleksinin bir hissəsi idi. Bu kompleksə həmçinin saray, iki mədrəsə, məscid,
seyidlər ziyarətgahı, rəsədxana və kitabxana daxil idi. Bura həm də dövlət
qurumlarına aid binalar və xəstəxana (dar-üş-şəfa) daxil idi. Bu kompleksə həmçinin
böyük hovuz və fəvvarə də daxil idi. Rəbi- Rəşidi kompleksinə Təbrizin ən əzəmətli
memarlıq abidələri daxil idi. Bu kompleksə 2 məscid, məktəb, kilsə, elmi müəssisə,
2 kitabxana, xəstəxana, hamam, karvansaray, dəyirman, kağız emalatxanası, əzzaxana,
dükanlar və çoxsaylı bağlar daxil idi. Təəssüf ki, ingilisdilli tarixi ədəbiyyatda
bu strukturların ətraflı təsviri yoxdur Ola bilsin ki, onların tikintisi zamanı
Azərbaycan Hülakülər (Elxanilər) dövləti üçün ənənəvi olan memarlıq texnikası və
vasitələrindən istifadə olunmuşdur. Paytaxtın bir şəhərdən digərinə köçürülməsi
bu şəhərlərin memarlığında öz izini qoymamışdır. Əvvəlcə Marağa, Sultaniyyə və
sonra Təbrizdə ən möhtəşəm binalar tikilmişdir. Paytaxt Sultaniyyə şəhərinə
köçürüldükdən sonra burada ən gözəl və əzəmətli binalar da inşa edilmişdir. XIII-XIV
əsrlərə aid memarlıq abidələrindən biri də öz təmtəraqlılığı ilə seçilən Məhəmməd
Xudabəndə Ulcaytu xan (1304-1318) məqbərəsidir. Bu məqbərə Sultaniyə şəhərində
Ulcaytunun əmri ilə 1305 - ci ildə inşa edilmişdir. P. Sayksın fikrincə, Məhəmməd
Xudabəndə bu məqbərəni tikdirməkdə əsas məqsədi Kərbəlada həlak olmuş imam
Hüseynin qalıqlarını Sultaniyyəyə köçürmək və burada dəfn etdirmək olmuşdur. Lakin o, planını həyata keçirə bilmədi və onun göstərişi ilə
tikilən məqbərə Məhəmməd Xudabəndə Ulcaytunun özünün son sığınacağı oldu. Səkkizbucaqlı
formada tikilmiş bu məqbərənin hər küncündə minarələr var idi. Bu tikili o
dövrdə ən böyük bina idi. Divarlardakı daş təsvirlər və memarlıq formaları bu məqbərəni
monqol dövrünün ən gözəl memarlıq əsərlərindən birinə çevirmişdir. İngilis
alimləri araşdırmalarında memarlıq əsərlərini bəzəyən müxtəlif tipli yazıları
diqqətdən kənarda qoymayıblar. ... Binaların təyinatından asılı olaraq müxtəlif
məzmunlu yazılardan istifadə edilmişdir. Bu yazılar ən görkəmli yerlərdə
quraşdırılmış çini plitələrin üzərində hazırlanmışdır. Məscidlər adətən Quran mətnləri
ilə bəzədilmişdir. Digər strukturlarda isə rübailərdən, qəzəllər və şeirlərdən
parçalardan istifadə edilmişdir. Məsələn, Abaqa xanın (1265-1282) göstərişi ilə
1272-ci ildə tikilmiş “Təxt-i Süleyman” sarayında aparılan arxeoloji qazıntılar
nəticəsində 19 minə yaxın kitabələri olan çini qablar aşkar edilmişdir. Bu plitələr
təkcə mətn yazmaq üçün deyil, həm də bəzək üçün istifadə olunmuşdur.
Azərbaycanın şimalında aşkar edilmiş bu tipli
yazılar sufi məzmunu ilə dolu idi. Eyni yazılar Pir-Hüseyn xanəgahının çini
lövhələrində də tapılmışdır. (P.S. tərcüməçidən;
Azərbaycanı ələ keçirmək üçün uzun illər boyu mübarizə aparan Qızıl Orda qoşunu
bu dəfə Kür çayına kimi gəlir və yol boyu əhalini soyur, kəndləri qarət edirdi.
Bu zaman müsəlman dini abidələri də ziyan çəkirdi. Belə abidələrdən biri Şirvan
şeyxi Pir Hüseyn (1071/72-ci ildə ölmüşdür) xanəgahı idi. ”Xanəgah Bakının 127
km-də, Pirsaat çayı sahilində, Bakı-Salyan ticarət-karvan yolu üzərində yerləşir.
Pir Hüseyn xanəgahı Şirvan, Arran və ümumilikdə Azərbaycanın, eləcədə Gürcüstan
və digər ölkə müsəlmanlarının müqəddəs hesab etdikləri bir yer idi. Xanəgahın zəngin
təsərrüfatı, kitabxanası, küllü miqdarda sərvəti, o cümlədən qızıl külçələri də
olmuşdur. Pir Hüseyn məqbərəsinin al-əlvan, yazılı-naxışlı kaşı bəzəkləri bu
gün dünya muzeylərinin sərgilərini bəzəməkdədir. Pir Hüseyn məqbərəsi düşmən
qoşunları tərəfindən tutulan zaman, məqbərənin sakinləri saysız-hesabsız Qızıl
Orda qoşununun zülmündən xilas olmaq üçün kömək göndərilməsini xahiş edirlər. Onlar
bildirirlər ki, məqbərəyə məxsus olan və vəqf torpaqlarında yaşayan kişi və
qadınlardan bir çoxunu əsir aparmışlar və ələ keçən hər şey qarət edilmişdir.
Belə ki, bu yerlərdən 30000 baş qoyun, 20000 baş mal-qara və qoşqu heyvanı
aparılmışdır. Qızılordalı əsgərlər Pir Hüseyn məqbərəsində, əhalinin dini ibadətgahındakı
qiymətli şeyləri də qarət etmişlər” (M. Nemətova. Azərbaycanda pirlər.
Bakı.1985. səh.8-9). ”Əgər müqəddəs hesab edilən xanəgah belə qarətə məruz
qalırdısa, Özbək xan qoşunlarının şəhər və kənd əhalisi ilə necə rəftar
etdiyini başa düşmək çətin deyil”. Lakin sonradan Özbək xan Pir Hüseyn məqbərəsinə
soxulmuş əsgərləri cəzalandırır və əmr edir ki, qarət olunmuş şeylər geri
qaytarılsın, məqbərə pərəstiş yeri olduğuna görə, onun sakinlərinə aid əmlakın
geri qaytarılması heç də saysız-hesabsız Qızıl Orda xanı Özbək xanın qoşununun
Kürdən şimaldakı başqa yerlərdən qarət etdiyi əmlakın geri qaytarıldığı demək
deyildir. ...).
Təxminən XIV əsrdə memarlar həm yazılar, həm də
binaya xüsusi bəzək əlavə etmək üçün şirli çinidən istifadə etməyə başlamışlar.
Belə çini plitələr Mərənd şəhərindəki karvansarada (Təbrizlə Culfa arasında)
aşkar edilmişdir. Bu kitabə əsasən XIV əsrdə istifadə olunan kufi yazısındadır.
XIV əsrin əvvəllərində Elxanilər dövrünün digər maraqlı memarlıq kompleksi
İsfahandakı məqbərədir. Məşhur səyyah İbn Batuttanın hesabatlarında XIV əsrin əvvəllərində
Şeyx Əbdül Səməd Əli əl-İsfahaninin məzarı haqqında məlumatlar vardır. Bu məlumatlara
görə, Sührəverdi dini-fəlsəfi məktəbinin nümayəndəsi olan şeyxin məzarı bu
kompleksin mərkəzində yerləşirdi. Məqbərənin ətrafında məscid və xanəgah var
idi. Damı piramidaya bənzəyən şeyxin məqbərəsinin yaxınlığında 35 metrlik minarə
ucalırdı. Ziyarətgah istisna olmaqla, qalan tikililər eyni ölçüdə bişmiş kərpicdən
tikilmişdi. Yalnız ziyarətgahın altıbucaqlı binası iri dördbucaqlı kərpicdən
hörülmüşdür. Kompleksin dekorasiyasında tünd və açıq mavi və ağ rəngli çini
plitələrdən, həmçinin şirli kərpiclərdən istifadə olunmuşdur. Kompleksin tərkibinə
daxil olan məscidin ayrıca minarəsi var idi. Elxanilərin istəyi və dəstəyi ilə
memarlıq mədəni yüksəlişin əsas göstəricisi kimi Hülakülər (Elxanilər) dövlətinin
ərazisində, o cümlədən Azərbaycanda böyük inkişaf etmişdir. Elxanilər dövlətində
İslam dininin dövlət dini kimi bərqərar olması memarlığın inkişafına xüsusi təkan
vermişdir.
Mənbə:bit.ly/43ncVBs
Rus dilindən tərcümə etdi:
Əsədov
Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix
müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil”
Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası
qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli
Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar
üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi
metodikası” adlı metodik vəsait müəllifi).