1963-cü ildə Türkiyəli bir kişi ev alıb onu təmir
etməyə başladı. Aldığı evdə qazıntı işləri apararkən naməlum otaqlara rast gəldi.
Bu otaqların hamısı böyük yeraltı Dərinquyu adlandırılan şəhərinin bir hissəsi
olduğu bəlli oldu. Arxeoloqlar orada fəaliyyətə başlayanda, tapılan otaqların
daha mürəkkəb və geniş otaqlar kompleksinin yalnız bir hissəsi olduğunu müəyyən
etdilər. Bir neçə il qazıntı aparıldı. Qazıntılar başa çatdıqdan sonra 1969-cu
ildə turistlərə bu yerlərə gəlməyə icazə verildi. Binaların yalnız bəziləri
ictimaiyyətə açıldı, daha böyük hissəsi isə mütəxəssislərdən başqa hamı üçün
bağlı qaldı. Dərinquyu, sadəcə olaraq, minlərlə il yaşı olan inanılmaz
kompleksdir və qədim insanın hər detalı ilə düşünülmüş bu yeraltı şəhəri necə
qurmağı bacarması tamamilə anlaşılmaz idi. O dövrün memarları yeraltı otaqlar və
dəhlizlər tikərkən çox diqqətli olmuşdular. Onlar sütunların kifayət qədər möhkəmliyini
təmin edə bilmişlər ki, yuxarı mərtəbələr öz çəkiləri ilə aşağı mərtəbələri
çökdürməsin. Qədim inşaatçıların dəqiq hesablamaları olmasaydı, yeraltı şəhər
dağılardı. Amma indiyə qədər arxeoloqlar Dərinquyuda hər hansı çökmə ilə bağlı
dəlil tapmayıblar. Ümumilikdə yeraltı şəhərin dərinliyi yüz metrə çatır və səkkiz
mərtəbədən ibarətdir. Ərazidən tapılan bəzi əşyalar onun eradan əvvəl VIII -VII
əsrlərdə frigiyalılar tərəfindən tikildiyini ehtimal edir. Lakin orada tapılan
het üslubunda olan möhürlər daha sonrakı tarixə - eradan əvvəl 1900-1200-cü illərə
işarə edir. Yeraltı kompleks eyniadlı Dərinquyu şəhərinin üstündə yerləşir. Şəhərin
müxtəlif yerlərində rast gəlinən və səthdən daxil oluna bilən ən az 600 girişin
olduğu bildirilir. Yeraltı Dərinquyuda məbədlər, zirzəmilər, şərabxanalar, hətta
tövlələr və məktəblər olmuşdur. Üçüncü və dördüncü mərtəbələrə ensəniz, məbəd tapa
bilərsiniz. Əksər mərtəbələrə giriş mürəkkəb pilləkənlər sistemi vasitəsilə həyata
keçirilmişdir. Hər mərtəbədə olmasada, su ilə dolu quyular olmuşdur. Bu, sakinlərin zəhərlənməsinə
qarşı qabaqlayıcı tədbir idi. Əgər quyuların hər hansı birindəki su yararsız
hala düşərdisə, digərləri təmiz qalacaqdı. Bundan əlavə, havanın daxil olması
üçün hər mərtəbədə ventilyasiya şaftları hazırlanmışdır. Bütün yeraltı Dərinquyu
kompleksində təxminən 15 min nəfər əhali yaşamışdır. Belə bir fərziyyə vardır
ki, bu qədim şəhər daimi yaşayış üçün nəzərdə tutulmamışdır. Sığınacaq kimi
istifadə olunmuşdur. Bəli, heç bir şübhə yoxdur ki, bu sığınacaq, minlərlə
insanı və mal-qaranı qəbul etmək üçün nəzərdə tutulmuşdur. Ancaq bu, daimi və
uzunmüddətli yaşayış yeri olmamışdır. Çox yaxşı, möhkəm və davamlı tikilmişdir.
Şəhərin bir-birinə bağlı çoxlu keçidləri və otaqları olmuşdur ki, bu da
insanların maneəsiz hərəkət etməsinə, işləməsinə, ibadət etməsinə imkan
vermişdir. Yeraltı şəhər çox yaxşı düşünülmüşdü. Yağ lampaları və tövlələr üçün
yuvalar da unudulmamışdı. Bacalar, ərzaq və su anbarları tikilmişdi. Hətta ölülərin
cəsədlərinin qoyulduğu xüsusi yerlər var idi ki, sonradan təhlükəsiz olanda
onları çöldə basdırmaq mümkün olsun. Yeraltı Dərinquyu şəhəri çox yaxşı
qorunurdu. Hücum zamanı keçidlərin tez bağlanmasını təmin edən müxtəlif hissələrə
ağır daş qapılar quraşdırılmışdı. Üstəlik, yüzlərlə kiloqram ağırlığında olan
qapıları bir nəfər rahatlıqla idarə edə bilərdi. Hər mərtəbə və hər keçid təhlükə
zamanı sualtı qayıqdakı bölmələr kimi möhkəm bağlana bilərdi. Rəsmi tarixçilər
hesab edirlər ki, bu şəhərin salınmasında məqsəd eradan əvvəl 800-cü illərdə
baş vermiş düşmən işğalından sakinləri qorumaq olmuşdur.
Lakin bir çox elm adamı bu fikirlə razılaşmır. Şəhər
dost olmayan qonşuların hücumlarına qarşı müntəzəm müdafiə rolunu oynaya bilməyəcək
qədər böyük, çox mürəkkəb mühəndislik layihəsidir. Bəzi nəzəriyyəçilər Dərinquyu
kompleks sisteminin sağ qalmaq və hava məkanına nəzarət edən düşmənin
hücumlarına qarşı müdafiə üçün yaradıldığını irəli sürürlər. Yerin altına girib
havadan xəbərsiz qalmaq isə mümkün deyil. Çətin ki, kimsə təqribən 20 min
insanın boş və sanki tərk edilmiş şəhərin altında gizləndiyini bilə bilərdi. Amma
buna baxmayaraq, Dərinquyu ilə bağlı hələ də cavabsız qalan çoxlu suallar vardır.
Bu suallara heç vaxt cavab ala bilməyəcəyimiz ehtimal isə yoxdur. Bu nəhəng
yeraltı şəhəri kimlər tikmişdi? Hansı düşmən qüvvə on minlərlə insanı yerin
altında gizlənməyə və yaşamağa məcbur etmişdir?
Müharibələr? Təbii fəlakət? Yoxsa havada olan zəhər
təhlükəsi?
Mənbə: https://etm-club.site/tajna-podzemnogo-goroda/
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin
(2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə
inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI
siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).
İstinad: https://multiurok.ru/files/d-rinquyu-yeralti-s-h-rinin-sirri.html