Fransanın Paris şəhərində fəaliyyət göstərən Azərbaycan
Evi ölkənin Evian-lö Bən şəhər bələdiyyə şurasının “Azərbaycan bağı” ilə bağlı
qərarı və parkda yerləşən Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın
abidəsi ətrafında yaranmış təhlükəyə görə müraciətlə çıxış edib. AZƏRTAC xəbər
verir ki, Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın adından Evian-lö Bən
şəhər meri Jozian Leyə ünvanlanan müraciətdə yaranmış mövcud durumdan dərin
narahatlıq ifadə edilib. Müraciətdə Fransanın öz ərazisində mövcud olan bütün mədəniyyətlərə
dəyər verən dövlət kimi tanındığı yada salınıb: “Lakin Azərbaycana qarşı son hərəkətlər,
xüsusən də “Azərbaycan bağı”nın adının dəyişdirilməsi ilə bağlı irəli sürülən təkliflər
ədalət və mədəni müxtəlifliyə hörmət prinsipləri ilə tamamilə ziddiyyət təşkil
edir”. Xurşidbanu Natəvanın XIX əsr Azərbaycan ədəbiyyatının əsas simalarından
biri, qadın azadlığının rəmzi olduğu, Azərbaycanın ictimai əlaqələrinin mədəni
yüksəlişinə və həyatına mühüm töhfələr verdiyi diqqətə çatdırılıb. Avropadakı
qadın yazıçıların tez-tez kişi təxəllüslərindən istifadə etdiyi bir vaxtda
islami dəyərlərin daşıyıcısı olan Natəvanın ölkəmizin mədəniyyət şəhəri olan
Şuşada ədəbi məclislərə rəhbərlik etdiyi, 1858-ci ildə məşhur fransız yazıçısı
Aleksandr Düma ilə tanış olduğu vurğulanıb: “Onların dostluğunu Natəvanın
fransız dilini mükəmməl bilən əri Xasay xan möhkəmləndirib. Natəvanın Bakı şəhərindən
Şıx kəndinə daş yol çəkməsi hadisəsi A.Dümanın “Qafqaza səyahət” kitabında
xatırlanıb”. Bildirilib ki, belə qərarlar iki ölkə arasında xoş niyyətin gücləndirilməsi
üçün vacib olan qarşılıqlı anlaşma və əməkdaşlıq əlaqələrini pozmaq riski
yaradır. Halbuki Fransa müxtəlif mədəni irslərə və ikitərəfli əlaqələrə hörmətli
münasibət sərgiləməlidir: “Ölkələrimiz arasında qarşılıqlı anlaşmaya töhfə verən
mədəni rəmzlərin qorunmasının vacibliyini dərk edərək, biz hakimiyyətin müvafiq
qurumlarını bu qərarlara yenidən baxmağa çağırırıq”. Mədəniyyətin ölkələrə
bütün digər maneələri dəf etmək imkanı verdiyini vurğulayan Paris Azərbaycan
Evi bu problemə diqqət yetirilməsini xahiş edib və onun Fransanın qürurla təmsil
etdiyi müxtəlif mədəniyyətlərin dəyərlərinə uyğun şəkildə həllinə ümid etdiyini
vurğulayıb. Xatırladaq ki, Azərbaycanın İsmayıllı şəhəri ilə Fransanın Evian-lö
Bən şəhəri arasında 2015-ci ildə imzalanmış qarşılıqlı dostluq və əməkdaşlıq
xartiyasına əsasən, 2017-ci ildə bu şəhərdə “Azərbaycan bağı” açılıb və parkda
Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsi ucaldılıb.


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)