Nazir
şikayət etdi: Müəllim çoxluğunun səbəbi nədir?
“Nə
qədər ki, tələb-təklif prinsipi gözlənilməyəcək, müəllim artıqlığı bir o qədər
qaçılmaz olacaq”. Bunu ”Qaynarinfo”ya açıqlamasında təhsil eksperti Nadir
İslafilov elm və təhsil naziri Emin Əmrullayevin məktəblərdə müəllimlərin
sayının çox olması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə
görə, elm və təhsil nazirinin gec və ya tez məktəblərimizdə müəllim çoxluğunu
dilə gətirməsi və buna təhsil sistemində müəllimlərin sayı lazım olandan çoxdur
kimi münasibət bildirməsi gözlənilən idi: “Çünki təhsil sistemində yetəri qədər
kadr artıqlığının yaranması artıq danılmaz fakt kimi uzun müddət idi ki, yazılı
və elektron medianın gündəmindən düşmürdü və heç də hamı tərəfindən birmənalı
qarşılanmırdı. Başqa sözlə, ölkəmizdə müəllimlərin sayının tələbatdan iki-üç dəfədən
də çox artıqlığı həllini gözləyən məsələlərdən birinə çevrilmişdi. Çoxlarına məlumdur
ki, sovet dönəmində müəllim hazırlığı ilə məşğul olan üç ali məktəb, bir də orta
ixtisas məktəbi fəaliyyət göstərirdi, onların da məzunları ölkədə müəllimə olan
tələbatı tam ödəyirdi. O zaman təhsildə tələb-təklif adlanan bir prinsip var
idi. Həmin illər ərzində müəllimlərin işə qəbulu təyinatla olurdu. Ozamankı
Maarif Nazirliyi bütün rayonlardan tələbatı öyrənir və buna müvafiq tələbə qəbulu
həyata keçirilirdi. Məzun ali məktəbi bitirdikdən sonra təyinat əsasında gəldiyi
doğma rayonuna göndərilirdi. Ailə vəziyyəti nəzərə alınaraq azad təyinat
alanlar da olurdu. Növbəlik əsasında onlar da ərazi üzrə işlə təmin
olunurdular. Başqa sözlə, müəllim üçün işsizlik anlayışı yad idi”. Ekspert
bildirib ki, müstəqillik əldə ediləndən sonra bir çox digər sahələrdə olduğu
kimi, təhsil sahəsində də müəyyən boşluqlar yarandı 70-dən çox ali və orta ixtisas
təhsili müəssisəsinin 30-a qədəri lazımi kadr potensialına və infrastruktura
malik olmadan bilavasitə müəllim hazırlığı ilə məşğul olublar: “1929-cu ildən
“Pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması”, 1972-ci
ildən isə “Müəllimlərin Təkmilləşdirmə İnstitutu” kimi fəaliyyət göstərən təhsil
müəssisəsinin adı 2000-ci ildə dəyişdirilib “Azərbaycan Müəllimlər İnstitutu”
oldu. Onun Gəncə, Ağcabədi, Qazax, Quba, Şamaxı, Şəki, Zaqatala kimi rayonlarda
11 filialı yaradıldı. Onların bir əksəriyyətinin taleyi yəqin ki, çoxlarına məlumdur.
Bütün bunların nəticəsi kimi tələb-təklif prinsipi pozulmuş oldu. Zaman-zaman
bir neçə filialda korrupsiya faktları aşkarlandı, saxta diplom qalmaqalları
yaşandı, nəticədə institutun neçə filialı ləğv olundu, cəmiyyətdə instituta
qarşı mənfi ictimai rəy formalaşdı. Aylıq kurslar vasitəsi ilə “yenidən
hazırlanmanın” effektsizliyi barədə nə qədər dedik, yazdıq, pedaqogika tarixindən
və nəzəriyəsindən nümunələr gətirdik, əhəmiyyət verən olmadı. Dedilər ki, bəs
bazar iqtisadiyatı, azad rəqabət mühiti hər şeyi öz yerinə qoyacaq. Nəticəsi nə
oldu? İndi də deyirik ki, elə müəllimlərimiz var ki, bu gün öz ixtisasları üzrə
0-9 bal arası nəticə göstəriblər. “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda
edilən dəyişikliklərin diplomunda müəllim sözü olmayanların müəllim olmalarına
imkan verməsi müəllim sıxlığı ilə bağlı vəziyyəti bir qədər də ağırlaşdırdı”. Nadir
İsrafilov qeyd edib ki, Nazirlər Kabineti 30 aprel 2020-ci il tarixli qərarı ilə
“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nı təsdiq edib: “Bu Qaydanın 2.1. bəndinə
əsasən, müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər Azərbaycan
Respublikasının ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq
hüququna malikdirlər. Digər, 2.2. bəndinə əsasən isə bu Qaydanın 3.2-ci və
3.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, müvafiq ixtisas üzrə pedaqoji təhsili
olmayan ali təhsilli mütəxəssislərin də pedaqoji fəaliyyətlə məşğul olmaq
hüququ vardır. Nəzərə alsaq ki, dövlət nümunəli təhsil sənədi olmayan, MİQ-dən
kənar işə qəbul olunan, diaqnostik qiymətləndirilməyə buraxılmayan, hal-hazırda
ümumi müəllimlərin 4 faizini təşkil edən altı saata yaxın dərs deyən, 120 -150
manata işləyən 4 500-ə yaxın, onlardan bir qədər artıq məvacib alan, altı
saatdan 12 saata qədər dərs deyən 18 mindən artıq müəllimimiz var və onların
narahatçılığı və nigarançılığı da hardasa başadüşüləndir”. “Bəs bu müəllimlərin taleyüklü vəziyyətinə nə
vaxt aydınlıq gətiriləcək” sualına ekspertin cavabı belə olub: “Vəziyyətdən
çıxış yolunu ya müəllimlərin həftəlik dərs yükü stavkasını bir müddət əvvəl
olduğu kimi 18 saatdan 12 saata endirməklə vəziyyəti nisbətən stabilləşdirməkdə,
ya da tələb-təklif prinsipi nəzərə alınmaqla müəllimlik ixtisası üzrə plan yerlərini
azaltmaqda görürəm. Bu halda xeyli əlavə dərs saatı yarana bilər ki, bu da
xeyli sayda müəllimin işlə təmin olunması deməkdir. İbtidai siniflərdə “yığma dərslər”
hesabına süni surətdə müəllim artıqlığı yaratmaq da yol verilməzdir. Baxmayaraq
ki, kimlər üçünsə müəllim artıqlığı müəllimlər arasında rəqabətin gücləndirilməsi
alətidir, bununla belə bu dərəcədə ifrat artıqlıq rəqabət deyil, işsizlər
ordusunun yaranması, müəllim nüfuzunun sarsılması predmetidir”. Qeyd edək ki,
elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə müəllimlərin sayının çox
olduğunu bildirib. O, bildirib ki, ”Təhsil sistemində müəllimlərin sayı lazım
olandan çoxdur. Elə orta məktəblər var ki, orada 4 ibtidai sinifdə 28-30 müəllim
işləyir”.
Mənbə:
https://gundem.az/az/cemiyyet/89110/nazir-sikayet-etdi-muellim-coxluunun-sebebi-nedir-foto/



UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)