Böyük
fəxr hissi ilə bildiririk ki, Azərbaycan müəllimlərinin XVI Qurultayı Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuşdur. Eyni
zamanda, müəllimlərin bu ali məclisi Azərbaycanın ərazi bütövlüyünün tam bərpa
olunması dövründə keçirilən ilk Müəllimlər Qurultayı kimi tarixə düşmüşdür. Bu
şanlı tarixi dövr qarşıya yeni imkanlar və vəzifələr qoyur, eləcə də, Azərbaycanın
sosial-iqtisadi qüdrətinin artması, təhsil sahəsində davamlı islahatların
intensiv xarakter alması, rəqabətli insan kapitalının formalaşması, işğaldan
azad edilmiş ərazilərimizdə təhsilin bərpası və inkişafı istiqamətində əhəmiyyətli
addımların atılması ilə xarakterizə olunur. Qurultay iştirakçılarına
ünvanlanmış təbrik məktubunda təhsil sahəsində həyata keçirilmiş fəaliyyətləri
yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Bu, dövlət başçısının elm və
təhsilə göstərdiyi böyük diqqət və qayğının parlaq təzahürü, təhsil sektorunun
inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə
alınmasının bariz nümunəsidir. Qurultay hesab edir ki, hesabat məruzəsində elm
və təhsil sahəsində nəzərdə tutulan strateji istiqamətlər üzrə həyata keçirilən
islahatlar, qazanılan nailiyyətlər obyektiv mövqedən işıqlandırılmış və qarşıda
duran əsas çağırışlar dəqiq müəyyənləşdirilmişdir. Qurultay ötən müddətdə təhsilin
inkişafı sahəsində mühüm addımların atıldığını, bütün pillə və səviyyələr üzrə
təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi və əhatəliliyininin
artırılması, səmərəli idarəetmə və maliyyələşmə modellərinin tətbiqi, kadr
potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, müəllim fəaliyyətinin
qiymətləndirilməsi və stimullaşdırılması, təhsil infrastrukturun müasirləşdirilməsi,
işğaldan azad edilmiş ərazilərdə təlim-tədris prosesinin bərpası baxımından
sistemli tədbirlərin həyata keçirilməsini xüsusi vurğulayır. Elm və təhsil sahəsində
əhəmiyyətli nailiyyətlərin qazanıldığını, bu sahədə siyasətin vacib göstəriciləri
olan əhatəlilik, keyfiyyət, əlçatanlıq, bərabər imkanlar və səmərəlilik sahəsində
müsbət dinamikanın əldə olunduğunu qeyd edərək, hesabat məruzəsini qənaətbəxş
hesab edir. Qurultay Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
təbrik məktubunda öz əksini tapmış konseptual müddəaları, hesabat məruzəsində,
məruzə ətrafında çıxışlarda və plenar sessiyalarda irəli sürülən təklifləri nəzərə
alaraq, aşağıdakı istiqamətləri əhatə edən qətnaməni qəbul edir:
-
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsil infrastrukturunun
yaradılması və tədris prosesinin müasir standartlara uyğun təşkili işinin davam
etdirilməsi;
-
təhsil müəssisələrində tərbiyə işinin sistemli təşkili, Ümummilli lider Heydər
Əliyev irsinin daha dərindən öyrənilməsi, Azərbaycançılıq ideologiyasının təbliği,
Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət, milli-mənəvi
dəyərlərə hörmət hissinin aşılanması, Vətənə sədaqət və vətəndaşlıq mövqeyinin
formalaşdırılması;
-
ümumi təhsilin məzmununda Vətən müharibəsində “Böyük Zəfər” və Azərbaycanın ərazi
bütövlüyünün tam bərpa olunması ilə bağlı məlumatların əks etdirilməsi, ali təhsil
proqramlarına Qərbi Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı məzmunun zənginləşdirilməsi
və bu ideyaların yetişməkdə olan gənc nəslə aşılanması sahəsində sistemli işin
aparılması;
-
gələcək süni intellekt və IV Sənaye İnqilabı dövrünün tələblərinə, dünyada təhsilin
inkişaf tendensiyalarına uyğun olaraq, ümumi təhsildə fənlərin tədrisinə yeni
yanaşmaların tətbiqi ilə bağlı zəruri tədbirlərin görülməsi, bununla əlaqədar dərsliklərin
və dərs vəsaitlərinin məzmun baxımından təkmilləşdirilməsi;
-
uşaqların erkən yaş dövründən inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq,
məktəbəqədər təhsilin məzmununun təkmilləşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi
və müəllim heyətinin peşəkarlığının arıtılması;
-
ölkədə ümumi təhsildə səriştəəsaslı məzmunun, nəticəyönlü idarəetmə və maliyyələşmənin
tətbiqi, təmayüllərin əhatə dairəsinin genişləndirilməsi və infrastrukturun
müasirləşdirilməsi nəticəsində təhsil üzrə beynəlxalq qiymətləndirmələrdə ölkənin
nəticələrinin yüksəldilməsi;
-
təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal bacarıqların aşılanması,
təhsil müəssisələrində İKT əsaslı infrastrukturun inkişaf etdirilməsi, tədris
prosesində və idarəetmədə İKT-nin tətbiqinin və STEAM-əsaslı tədrisin əhatə
dairəsinin genişləndirilməsi vasitəsi ilə təhsilin keyfiyyətinin artırılması;
-
təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsi məqsədilə müəllimlərin peşəkar
inkişafı sisteminin təkmilləşdirilməsi, müəllim fəaliyyətinin qiymətləndirilməsi
və diferensial əməkhaqqı sisteminin tətbiqi üzrə fəaliyyətlərin davam etdirilməsi;
-
əmək bazarının tələbələrinə uyğun olaraq, peşə təhsilinin əhatə dairəsinin və
keyfiyyətinin artırılması, peşə təhsili sistemində maliyyələşmə və idarəetmə
sisteminin təkmilləşdirilməsi, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq
səviyyəsinin artırılması;
-
ali təhsilin məzmununda əmək bazarının tələblərinin nəzərə alınması, rəqabətli
maliyyələşmə və idarəetmə mexanizmlərinin yaradılması ilə ali təhsilin əlçatanlığının
artırılması, müasir təfəkkürlü gənclərin elmi araşdırmalara cəlb edilməsi, elm
və təhsilin inteqrasiyası sahəsində tədbirlərin davam etdirilməsi;
-
bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilininin
təşkili mexanizminin yaradılması və tətbiqi;
-
istedadlı uşaq və gənclərin aşkara çıxarılması və inkişafı üzrə işin səmərəliliyinin
artırılması, fənn olimpiadaları və bilik yarışları sahəsində qazanılan
uğurların davamlılığının təmin edilməsi, istedadlı uşaq və gənclərin inkişafına
nail olunması;
Qurultay
böyük inam və nikbinliklə bəyan edir ki, elm və təhsil işçiləri əsası ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulmuş milli təhsil quruculuğu prosesini
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirəcək,
müasir dövrün çağırışlarına, müəyyən olunmuş strateji hədəflərə və ölkəmizin
inkişaf konsepsiyasına uyğun olaraq, növbəti illərdə Azərbaycan təhsili keyfiyyət
göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil
sistemlərindən birinə çevriləcəkdir.
Mənbə:https://muallim.edu.az/news.php?id=27591


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)