Doğma
Şirvan şəhərinin 60 illik yubileyinə ithaf edilir.
Şəhərlər
də insanlar kimidir. Onlar da yaranır, adlanır, boya-başa çatır. Onların da bəxti,
taleyi, əvvəli-axırı olur. Bir şəhər günü-gündən artdıqca, genişləndikcə onun tərcümeyi-
halı da zənginləşir, şaxələnir. Şirvan (Əli Bayramlı) birdən-birə şəhər
olmayıb. Şirvan ətəyində yerləşən bu sənaye şəhərinin maraqlı tarixçəsi var.
Arxeoloji qazıntılar zamanı üzə çıxan maddi-mədəniyyət abidələrinin şahidliyinə
görə bu yerlər qədim insan məskənləri olub. Zaman-zaman Kür çayı boyunca
keçib-gedən ticarət karvanları bu yerlərdə izlərini qoyub (Maraqlı məlumat: məhşur yunan tarixçisi və coğrafiyaçısı e.ə. 63 -
eranın 24-cü illərində yaşamış Strabon Albaniyada 29 şəhərin adını çəkir. Bu şəhərlərdən
biri də Kürran şəhəri olmuşdur. Görəsən
Kürran şəhəri harada yerləşmişdir?). Əli Bayramlı rayonu - Azərbaycan Sovet
Sosialist Respublikasında 1930-1963-cü illərdə inzibati vahid kimi fəaliyyət
göstərmişdir. İnzibati mərkəz Əli Bayramlı şəhəri olmuşdur. Əli Bayramlı rayonu
8 avqust 1930-cu ildə təşkil edilmişdir. 24 yanvar 1939-cu il tarixində Əli
Bayramlı rayonunun 5 kənd sovetliyi Qazıməmməd rayonuna birləşdirilmişdir. 3
aprel 1952-ci ildən 23 aprel 1953- cü ilə qədər Əli Bayramlı rayonu Bakı vilayətinin
tərkibində olmuşdur. 4 dekabr 1959-cu il tarixində Qazıməmməd rayonu ləğv edilmiş,
ərazisi Əli Bayramlı rayonuna birləşdirilmişdir. 1961-cı il tarixli məlumata
görə rayona 2 şəhər (Əli Bayramlı və Qazıməmməd şəhərləri), 1 şəhər tipli qəsəbə
(Qaraçala) və 16 kənd sovetliyi (Azadkənd, Atbulaq, Vladimirovka, Güdəcühür,
Kalinovka, Qarabağlı, Qarasu, Minbaşı, Moranlı, Muğan Gəncəli, Navahı, Rəncbər,
Udulu, Xələc, Çöl Beşdəli, Şıx Salahlı) daxil olmuşdur. Əli Bayramlı rayonu 4
yanvar 1963-cü il tarixində ləğv edilmiş, ərazisi Sabirabad, Salyan rayonları və
Əli Bayramlı şəhər soveti arasında bölünmüşdür.
1939-cu
il siyahıyaalınmasına görə Əli Bayramlı rayon əhalisi 34 734 nəfər olmuşdur.
Onların 76,4%-i azərbaycanlı, 18%-i rus, 2,1%-i ukraynalı, 1,1%-i isə ləzgi
olmuşdur. 1959-cu il siyahıyaalınmasına görə isə
Əli Bayramlı rayonunun əhalisi 76 446 nəfər olmuşdur.
Əli Bayramlı şəhəri haqqında qısa məlumat
Deyilənlərə
görə, indiki Əli Bayramlının yerində ilk yaşayış məskənini XVIII əsrin ortalarında
Şamaxının Ərəbşahverdili kəndindən buraya köçənlər salıb. Bu kəndin adı “Ərəbşahverdili”
olsa da rəsmi sənədlərdə “Zubovka” qeyd edilmişdir. Tarixdə “Qızılayaq Zubov” kimi tanınan çar generalı Valerian Zubov
çariça II Yekaterinanın dövründə Qafqaza işğalçılıq məqsədilə göndərilən rus
qoşunlarının komandanı idi. 1794-cü ildə Rusiyaya tabe olan Polşada üsyanın qəddarcasına
yatırılmasına başçılıq edən və döyüşdə bir ayağını itirən Zubov çariçanın rəğbətini
qazanmışdı. Ona II Yekaterinanın əmri ilə qızıldan protez hazırlanmışdı.
Qaynaqların verdiyi məlumata görə general Zubov 1796-ci ilin qışını, yayda düşərgə
saldığı Şamaxıdan enərək Cavad xanlığı ərazisində (indiki Şirvan şəhəri İsmət
Qayıbov adına parkda) keçirərək, buradan Kür çayını keçib Ağa Məhəmməd xanla
savaşa getməli di. Rus qoşunlarının qaldığı yerdə general yaşayış məntəqəsi
salmaq barədə əmr vermişdi. Hətta gələcəkdə şəhər olacaq bu məntəqə II
Yekaterinanın şərəfinə “Yekaterinoserd” adlanmalı idi. Lakin, II Yekaterinanın
ölümü bu işi başa çatdırmağa imkan vermədi. Məntəqə isə “Zubovka” kimi sənədlərə
düşdü. …
Azərbaycan sovetləşəndən sonra 1924-cü ildən
bu ərazi “Zubovka”, sonra “Qırxçıraq”, daha
sonralar isə “Əli Bayramlı” olur.. Bolşeviklər keçmişi qılınclayır, bütün
miraslardan imtina edirdilər. O zamanlar şəhər, kənd adlarını dəyişib, adi xidmətləri
olan inqilabçıların adını ünvana çevirmək dəbə düşmüşdü. Azərbaycanda bu iş yetərincə
yerinə yetirilirdi. Kirovabad, Jdanov, Mirbəşir, Qasım İsmayılov, Qazıməmməd,
Əli Bayramlı... Adı şəhərə verilən Əli Məmməd oğlu Bayramov 1889-cu ildə Lahıc
kəndində doğulub. 1912-ci idə Gəncədə Mixaylovski adına peşə məktəbini bitirib,
kapitan kimi Xəzər dənizində üzmüşdür. O, 1917-ci ildə bolşeviklərə qoşulur.
Bakı Sovetinin deputatı olan Əli Bayramov 1918-ci ildə hərbiləşdirilmiş gəmidə
tutulub, Salyan həbsxanasına salınır. O, buradan qaçıb, qayıqla Kür çayı ilə Zubovkaya gəlir və buradan Gəncəyə
yollanır. 1920-ci ildə Bakıya dönən Əli Bayramov martın 10-da öldürülür…Göründüyü
kimi, Əli Bayramov, adını daşıdığı yer üçün elə də bir iş görməyibdir. Lakin, hər
zamanın bir hökmü var. Nəyi neçəyə almaq və satmaq vaxtın ixtiyarındadır. Əli
Bayramlı rayonu 1930-cu il avqustun 8-də təşkil edilir və 1938-ci il noyabrın
29-da şəhər tipli qəsəbə, 1954-ci il iyulun 28-də rayon, 1963-cü il yanvarın
4-də isə respublika tabeliyində şəhər statusu alır.
Burada ilk böyük quruculuq işi 1917-ci ildə
Kür çayı üstündəki taxta körpünün tikilməsi olub. Ağacdan düzəldilmiş bu körpü
1918-ci ildə ermənilərin Kürün bəri tərfinə keçməsinin qarşısını almaq
üçün Hacı Mahmud tərəfindən yandırılır. 1924-cü
ildə yeni dəmir körpünün bünövrəsi qoyulmuş, üç il sonra istifadəyə
verilmişdir. Kür üzərindəki II körpü 1962-ci ildə tikilmişdir. …Şəhər Pambıqtəmizləmə
zavodunun tarixi də əsrin əvvəllərinə gedib çıxır. Zavodun tikintisinə 1916-ci
ildə başlanılsa da, iş 1925-ci ildə bitmişdir. Əli Bayramlının taleyində dönüş
ili 1955-ci il oldu. Qırovdağda ilk neft kəşfiyyatı quyusunun fontan vurması ilə
şəhərin bəxti açıldı. Əli Bayramlı neft
şəhərinə çevrildi. Günü-gündən neft buruqlarının sayı artdı. Ölkəmizin müxtəlif
bölgələrindən insanlar axın-axın neftin sorağına gəldilər.
Burada
tapılan neft yataqları, ondan sonra tikilən elektrik stansiyası boz torpağı
cana gətirmiş, yeni salınan yaşayış məskəni tez bir zamanda sürətlə inkişaf
etmişdir. Burada yeni tikinti təşkilatları, sənaye müəssisələri yaradılmış,
yaşayış evləri, ictimai binalar tikilmiş, qəsəbə böyümüş, bu gün də yerli əhalinin
dediyi kimi, “Təzə şəhər” salınmışdır. Sənayenin sürətli inkişafı tez bir
zamanda Şirvan şəhərini nəinki
respublikamızda, hətta keçmiş SSRİ-də də tanıtmışdır. 1962-ci ildən Dövlət
Rayon Elektik Stansiyasının ilk blokunun işə salınması ilə Əli Bayramlı həm də
energetiklər şəhərinə çevrildi. Sonralar bu şəhər bütün sənət və peşə
adamlarının fəaliyyət meydanına döndü. Burada bir-birinin ardınca sənaye müəssisələri,
yaşayış binaları ucaldıldı. Tikilib qurulmuş Dəmir Beton zavodu (1960), Yağ
ekstrat zavodu (1966), Süni Dəri zavodu (1969), Mexaniki Təmir zavodu (1969) 5 saylı
Sənaye Kombinatı (1973), Cihazlar zavodu (1982), Avtomatika və Telemexanika
Zavodu (1986) və başqa sənaye obyektləri uğur qazandılar. 2, 5, 9 mərtəbəli
binalar şəhərə yeni, müasir görkəm verdi. Burada bir-birinin ardınca elm, təhsil,
mədəniyyət obyektləri açıldı. Mədəniyyət Evi (1959), Musiqi məktəbi (1961),
Pedaqoji Məktəb (1966), “Şirvan” Kinoteatrı (1967), “Energetik” stadionu
(1975), Sənaye Texnikumu (1979), Mərkəzi şəhər Xəstəxanası (1981) və başqa
tikililər Əli Bayramlının şəhər cizgilərini zənginləşdirdi. Əli Bayramlıda
dövrün alqışladığı, şöhrətləndirdiyi və yüksək mükafatlandırdığı insanlar üzə
çıxdılar. Hacı Teymurxanov, Qaraş Əmirov, Yarmed Yaralıyev, Akif Əmənov, Cansahib
Babayev, Həsənağa Nəcəfov, Böyükkişi Vəliyev, Lazər Həsənov, Əhliman İsmayılov və
çox-çox başqaları mətbuat, efir üçün maraqlı simalara çevrildilər. Əli Bayramlı
şəhərinin tərcümeyi-halı, onilliklər boyu ictimai-siyasi və mədəni həyatı
burada nəşr olunub, yayımlanan yerli qəzetlərdə geniş mənzərəsini tapmışdır.
1930-1961-ci illərdə “Muğan Sədası” qəzeti ardıcıl nəşr olunub. 1961-1962-ci
illərdə “Pambıq Zərbəçisi”, 1962-1965-ci illərdə isə “Yüksəliş uğrunda” qəzeti
başlanmış mətbuat işini davam etdirmişdir. 1965-ci ildə fəaliyyətə başlayan “İşıq”
və “Mayak” qəzetləri daha geniş əhatəli və tutarlı nəşrlər sayılmalıdır. “İşıq”
qəzeti Əli Bayramlı şəhərinin mətbuat ənənələrini və jurnalist səriştəsini hələ
də qoruyub saxlamaqdadır.
Bu yazıda otuzuncu illərdən bəri Əli
Bayramlıya rəhbərlik etmiş insanlar da xatırlanır. Çoxsunun adı yalnız arxiv sənədlərində
qalmış bu adamlar ömürlərinin müəyyən hissəsini şəhərimizə sərf etmişdir. Əli
Bayramlının yaxşısı da, pisi də onların ayağına yazılıb.
(P.S. Maraqlı məlumat: - Əli Bayramlıda təqribən
1930-cu illərdə katib işləmiş İmadi adlı raykom katibinin şəhər arxivində bir əmrinə
rast gəlmişdim. Əmrdə yazılmışdı: - …Mən İmadi işə yarım saat gecikdiyim üçün
özüm-özümə töhmət elan edirəm…). Bax belə rəhbər işçiləri olub şəhərimizin.
…Əli Bayramlını Azərbaycan Kommunist Partiyası Rayon, sonra Şəhər Partiya Komitələrinin
katibləri Əli Məmmədov (1936-1937), Qulam Nəsirov (1937-1940), Məmməd Əsədov (1940),
Ağamirzə Əhmədov (1940-1941), İsgəndər Abbasov (1941-1948), Novruz Muradov
(1948-1953), Əli Səfərov (1953-1961), Məmməd Məmmədov (1961-1963), Bilal Kərimov
(1963-1971), Əkbər Novruzov (1971-1975), Hüseyn Qubadov (1975-1985), Adil Məmmədov
(1985-1989), Ramiz Sərdərov (1989-1991) və şəhər icra hakimiyyəti başçıları
Rahil Mehdiyev (1991-1992), Loğman Abdullayev (1992-1993), Əlizadə Alıyev (1993-1995),
Sədaqət Qəhrəmanova (1995-2005), Mərdan Camalov (2005-2019) idarə etmiş və
hazırda Şirvan şəhər icra hakimiyyəti başçısı İlqar Abbasov (2019-cu ildən
indiyədək) idarə etməkdədir.
Vətəni dərindən sevmək üçün ilk növbədə
bu vətənin bir hissəsi olan öz doğma diyarını sevməli, onun tarixini bilməli, hazırkı
nailyyətləri ilə yaxından tanış olmalısan. Bu gün Şirvan şəhəri Azərbaycanın
inzibati və iqtisadi xəritəsində müstəsna əhəmiyyət kəsb edən, on minlərlə
insanın yaşadığı, çoxsahəli sosial-iqtisadi və mədəni obyektləri özündə birləşdirən
sənaye mərkəzlərindən biridir. Hazırda Şirvan (Əli Bayramlı) şəhəri respublika tabeliyində şəhərdir. 2008-ci
ilin may ayında Əli-Bayramlı şəhərinin adı dəyişdirilərək Şirvan şəhəri adlandı.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin 7 may 2008-ci il tarixli 2800
nömrəli Sərəncamına əsasən Əli Bayramlı şəhəri Şirvan şəhəri adlandırılmışdır.
Hacıqabul, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sərhədlərinin dəyişdirilməsi
barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 447
saylı sərəncamına əsasən Şirvan şəhərinin ərazisi 30 kv.km-dən 72,7 kv.km-ə qədər
genişləndirilmişdir. Şirvan şəhəri Bakı şəhərindən cənub-qərbə avtomobil yolu
ilə 120 km məsafədə, əsasən Şirvan düzündə, Kür çayının şərq sahilində yerləşir.
Respublikanın cənub, cənub-qərb və şimal bölgələrinin birləşdirən avtomobil və
dəmir yolları, Kür çayı vasitəsilə su
yolu Şirvan şəhəri ərazisindən keçir. Şəhər Sabirabad, Salyan və Hacıqabul rayonları
ilə həmsərhəddir. Əhalisi 01.01.2021-ci il tarixli məlumata görə 87.9 min nəfərdir.
Alman faşizminə qarşı müharibədə cəbhəyə
getmiş 8600 nəfər həmyerlimizdən 7304 nəfəri geri qayıtmamışdır. Həmin dövrdə
igidliklər göstərən minlərlə Şirvan sakinləri müxtəlif orden və medallarla təltif
olunmuş, 1 nəfər şəhər sakini (Şirin Şükürov) Sovet İttifaqı Qəhrəmanı adına
layiq görülmüşdür (P.S. Maraqlı məlumat: Əslində
Əli Bayramlıdan Sovet İttifaqı Qəhrəmanı iki nəfər olmuşdur. Bu, ikinci şəxs Qaraçaladandır
və milliyətcə rusdur). Qarabağ uğrunda gedən
azadlıq savaşında şəhər gənclərindən şəhidlər olmuşdur ki, onlardan 3 nəfəri (Rafael
Həbibov, Nofəl Quliyev və Tahir Bağırov) ölümdən sonra Milli Qəhrəman adına
layiq görülmüşlər. Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə
yüksələn igidlərimiz isə tarixdə dərin iz buraxmışlar.
Qeyd edim ki, Ümummilli lider Heydər
Əliyev 1970, 1979-cu illərdə Əli Bayramlı (indiki Şirvan) şəhərində şəhər
ictimaiyyəti ilə görüşmüşdür. Müstəqil Azərbaycan tarixində 04 oktyabr 1998-ci
ildə “Neftçi İdman-Sağlamlıq Mərkəzi”-nin açılışında iştirak etmişdir. Bu gün
Şirvan şəhəri yeni inkişaf dövrünü yaşayır. 2003-cü ildə Prezident İlham
Əliyevin təşəbbüsü ilə qəbul olunan və bu gün də icrası davam edən regional
inkişaf dövlət proqramları çərçivəsində Şirvan şəhərində Olimpiya İdman
Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, Bayraq Meydanı, Heydər Əliyev Mərkəzi,
Gənclər evi, Cənub Elektrik Stansiyası, Müdafiə Sənayesi Nazirliyinin “Telemexanika”
və “Araz” zavodlarında xüsusi təyinatlı məhsullar istehsal edən 5 yeni bölmə,
“Retro İnşaat” MMC-nin metaləritmə, sement, kərpic, kağız qablaşdırma
zavodları, Yağ-Piy Kombinatı müəssisələri inşa edilmişdir. Sadalanan bu obyektlərin
çoxunun təməlqoyma və açılış mərasimlərində Prezident İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva iştirak etmişlər. Bu illər ərzində cənab İlham Əliyev
Prezident kimi Şirvan şəhərinə 8 dəfə səfər etmişdir. Həmin səfərlərin hər biri
sənaye şəhərimizin inkişafında, problemlərinin həllində mühüm rol oynamışdır.
İstifadə
edilmiş resurslar:
1.
https://az.wikipedia.org/wiki/Əli_Bayramlı_rayonu
2.
https://ali-bayramli.narod.ru/ab/tarix.html
3.
http://www.shirvan-ih.gov.az/az/page/11.html
4.
http://shirvan-ih.gov.az/az/umummilli-lider-heyder-eliyev-sirvanda.html
Hazırladı:
Əsədov
Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin
tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil”
Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası
qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli
Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar
üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi
metodikası” adlı metodik vəsait müəllifi).


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)