Hörmətli cənab
Prezident, Əziz Qardaşım, Əlamətdar tarix – Türkiyə Respublikasının
yaranmasının 100-cü ildönümü münasibətilə Sizi və Sizin simanızda qardaş Türkiyə
xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən
və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Bir əsr bundan əvvəl Türk
dünyasının böyük oğlu, mahir sərkərdə və dahi lider Qazi Mustafa Kamal Atatürk
Türkiyə xalqını vahid bir ideal ətrafında birləşdirməyə müvəffəq olmuş, özünün ən
möhtəşəm əsəri olan Türkiyə Respublikasını qurmaqla istiqlal mübarizəsini
uğurla sona çatdırmışdı. Bu müstəsna gündə Ulu Öndər Atatürkün, onun
silahdaşlarının və qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad
edirik. İstiqlalına şəhidlərinin canı və qanı bahasına, çox mürəkkəb və ziddiyyətli
beynəlxalq vəziyyətdə qovuşan Türkiyə Respublikası yüz il sonra qlobal siyasi xəritədə
mühüm mövqeyə malik, dünyada əsas söz sahiblərindən biri olan, hər cəhətdən
güclü və qüdrətli dövlətdir. Atatürkün əmanəti olan qardaş Türkiyənin son
iyirmi ildə inkişaf tempi, dünya çapında ən öndə duran ordudan tutmuş yüksək
texnologiya və innovasiyalara qədər bütün sahələrdə əldə etdiyi möhtəşəm
nailiyyətləri, beynəlxalq aləmdə qazandığı etibarı və yüksək nüfuzu Sizin
sarsılmaz iradənizin, yorulmaz fəaliyyətinizin və qətiyyətlə həyata
keçirdiyiniz müdrik siyasətinizin nəticəsidir. Sizin əzmlə yürütdüyünüz
strateji inkişaf xəttinə xalqınızın birmənalı dəstəyi, Sizə olan sonsuz inam və
etimadı Türkiyənin gələcək uğurlarını və nailiyyətlərini təmin edəcək ən mühüm
amillərdir. Gündən-günə güclənən, ən qabaqcıl dövlətlərlə bir sırada layiqli
yerini tutan müasir Türkiyəni görməkdən qardaş ölkə olaraq böyük qürur və fərəh
hissi duyuruq. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət,
iki dövlət” kəlamı xalqlarımızın qardaşlığını, birliyini, həmrəyliyini ifadə
etməklə yanaşı, ikitərəfli münasibətlərimizin əsl mahiyyətini əks etdirir. Fəxrlə
qeyd etmək istəyirəm ki, bu fəlsəfənin sübutu olaraq hazırda Azərbaycan və
Türkiyə dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr və müttəfiqlərdir. Tarixən
olduğu kimi, xalqlarımız bu gün də bir-birinin yanındadır, sevincini də, kədərini
də birgə yaşayırlar. Azərbaycan xalqı Vətən müharibəsi zamanı və ondan sonrakı
dövrdə Siz başda olmaqla qardaş Türkiyə dövləti və xalqının Azərbaycanın haqq
işinə, ərazi bütövlüyünə göstərdiyi birmənalı siyasi dəstəyini və qətiyyətli mövqeyini
heç zaman unutmayacaq. Biz Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn
Azərbaycan-Türkiyə əlaqələrini bundan sonra da bütün sahələrdə gücləndirmək əzmindəyik.
Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər kimi sarsılmaz təməllər üzərində
qurulmuş dövlətlərarası münasibətlərimiz həm də bölgədə sabitliyin, əmin-amanlığın,
inkişafın və təhlükəsizliyin zaminidir. Əminəm ki, ən böyük sərvətimiz olan Azərbaycan-Türkiyə
qardaşlığını və birliyini əbədiyyətədək yaşatmaq və daha da möhkəmləndirmək, hərtərəfli
əməkdaşlığımızı inkişaf etdirmək yolunda üzərimizə düşən şərəfli missiyamızı
bundan sonra da birgə və uğurla yerinə yetirməyə davam edəcəyik. Bu tarixi gündə
Sizin və qardaş Türkiyə xalqının sevincinə qoşulur, Sizə möhkəm cansağlığı,
xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Türkiyə
Respublikasına daim rifah, firavanlıq və yüksəliş arzulayıram.
Hörmətlə,
İlham Əliyev Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
26 oktyabr 2023-cü il
Mənbə: https://president.az/az/articles/view/62028
Foto: https://twitter.com/AZERTAC/status/1718270892919157152/photo/1


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)