Ölkə
üzrə inklüziv təhsilin əhatə dairəsi genişləndirilib. Ölkəmizdə “İnklüziv təhsil layihəsi”nin icrasına
2005-ci ildən başlanılıb. 2015-ci ildə
Azərbaycan Respublikasının Elm və təhsil nazirliyi ilə BMT-nin Uşaq Fondunun
(UNICEF) birgə əməkdaşlığı çərçivəsində inklüziv təhsillə bağlı görülən işlər nəticəsində
əlilliyi olan şəxslərin təhsilinin təşkili yeni mərhələyə keçib. 2015-2016-cı tədris
ilindən əlilliyi olan uşaqların ümumi təhsil müəssisələrində digər uşaqlarla
birgə təhsilə cəlb olunması məqsədilə Azərbaycan Respublikasında “İbtidai təhsil
səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb.
İnklüziv təhsil inkişafı üzrə Dövlət
Proqramı
Qeyd
edək ki, ölkə başçısı İlham Əliyevin 14 dekabr 2017-ci il tarixli Sərəncamı ilə
təsdiq olunan “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq
imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”
da məhz əlilliyi olan uşaqların təhsil
hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin
etməsinə və onların təhsili üçün maneəsiz mühit yaradılmasına geniş imkanlar
açır. Əlbəttə, inklüziv təhsilin əsas hədəfi uşaqların təkcə sosiallaşması
deyil, eyni zamanda keyfiyyətli təhsil almasıdır.
13
region üzrə 38 ümumi təhsil müəssisəsində inklüziv təhsil
İnklüziv
sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsini genişləndirmək, Azərbaycanda
əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək vermək, inklüziv təhsilin
keyfiyyətini yüksəltmək və məktəblərdə kadr potensialını gücləndirmək məqsədilə
2021/2022-ci tədris ilindən Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ),
Elm və Təhsil Nazirliyi və UNICEF ilə birgə “İnklüziv sinif təşkil edilən ümumi
təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” adlı layihə həyata
keçirir. Sözügedən layihə çərçivəsində hazırda 13 region üzrə 38 ümumi təhsil
müəssisəsində ümumilikdə 200-dən çox əlilliyi olan şagird təhsilə cəlb olunub.
2023-2024-cü tədris ilində inklüziv
siniflərin təşkili
Təhsil
İnstitutunun direktor müavini Ülkər Babayeva bildirib ki, inklüziv təhsilin əhatə
dairəsi genişləndirilərək bu il Bakı şəhəri üzrə 214, 25, 27, 177, 36, 163, 19,
181, 96 nömrəli tam orta məktəblərdə, İmişli şəhəri 7 nömrəli tam orta məktəb,
Gəncə şəhəri 10 nömrəli tam orta məktəb, Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəb,
Abşeron rayonu Saray qəsəbə 2 nömrəli tam orta məktəb, Qazax rayonu Daş Salahlı
kənd 1 nömrəli tam orta məktəb, Tovuz şəhəri Təbiət və texniki təmayüllü məktəb-lisey,
Astara rayonu Kijəbə qəsəbə tam orta məktəblərdə inklüziv siniflər təşkil
olunub. Ülkər Babayeva: “Əlilliyi olan uşaqlarla əlilliyi olmayan uşaqların
birgə inklüziv sinifdə oxuması fərqliliyə münasibəti dəyişdirir, özünə hörməti
formalaşdırır və ümumilikdə, sosial yöndən ədalətli və ayrı-seçkiliyə yol verməyən
cəmiyyətin qurulmasına töhfə verir”. O, həmçinin inklüziv təhsilin genişləndirilməsinin
təhsil mühiti üçün əhəmiyyəti barədə danışıb: “Tədqiqatların nəticəsinə görə, əlilliyi
olan uşaqların digər uşaqlarla birlikdə eyni sinifdə təhsil alması bu prosesin
bütün iştirakçıları üçün təhsil, sosial və iqtisadi baxımdan faydalıdır. Müxtəlif
araşdırmalar göstərir ki, inklüziv təhsil hər bir şagird üçün akademik və
sosial baxımdan daha səmərəli təhsil modelidir. Belə ki, məktəblərdə bütün
uşaqların birgə oxuması təhsilverənlərin şagirdlərə daha
individual/differensial yanaşması deməkdir. İqtisadi faydaya gəldikdə isə,
keyfiyyətli inklüziv təhsil əlilliyi olan insanların da təhsil alması və işçi
qüvvəsinə çevrilməsi üçün şərait yaradaraq ölkədə əmək bazarına müsbət təsir
göstərir. Qeyd olunanları nəzərə alaraq, ölkəmizdə də inklüziv sinif təşkil
edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi müsbət və çox
əhəmiyyətli bir haldır”.
Pedaqoji heyət üçün ixtisasartırma təlimləri
təşkil olunur
Bu
siniflərdə dərs keçən müəllim və korreksiyaedici-pedaqoqların hazırlığının necə
həyata keçirilməsi barədə sualımızı cavablandıran ARTİ-nin Layihələrin idarə
olunması şöbəsinin müdiri səlahiyyətlərini icra edən, baş mütəxəssis Həbibə Nəzirova
bildirib ki, layihə çərçivəsində məktəblərin pedaqoji heyəti ilə maarifləndirici
görüşlər və inklüziv təhsil sahəsində ixtisasartırma təlimləri təşkil olunur.
O, əlavə edib ki, müəllimlərin, psixoloqların və korreksiyaedici pedaqoqların iştirak
etdiyi həmin təlimlərdə inklüziv təhsilin mahiyyəti və əhəmiyyəti, əlilliyə
tibbi və sosial yanaşma, uşaqyönümlü pedaqogika, Universal Öyrənmə Dizaynı,
inklüziv tədris-təlim prosesi və qiymətləndirmə, eləcə də inklüziv siniflərdə hər
birinin rolu kimi mövzulara toxunulur.
Valideynlər arasında da inklüziv siniflərlə bağlı məlumatlandırılma aparılır. Həbibə Nəzirova qeyd edib ki, inklüziv siniflər bəlli olduqdan sonra həmin sinfin valideynləri ilə “İnklüziya mədəniyyətinin formalaşdırılması” mövzusunda maarifləndirici görüşlər keçirilir. Bu görüş zamanı valideynlərə inklüzivlik və inklüziv təhsil, inklüziv təhsilin hüquqi bazası haqqında məlumat verilir, onların inklüziv təhsilin səmərəli təşkilində rolu müzakirə olunur.
Mənbə:
https://muallim.edu.az/news.php?id=26610


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)