P.S.
Dərbənd (rus dilində Дербент/ləzgi dilində Kivevar, “kive” (iki), “var”(divar)-
Dağıstan Respublikasında şəhər. Antik müəlliflərin əsərlərində Dərbənd adlı şəhəri
barədə məlumatlar verilir. 68-ci ildən başlayaraq romalıların şərqə olan
hücumları dövründən etibarən “pillae Caspiae”-“Kaspi darvazası” adı ilə bu şəhər
haqqında məlumat verilir. I əsr müəlliflərindən olan İosif Flavi də bu yeri
Kaspi darvazası adlandırır. Ümumiyyətlə, I-III əsrlərdə yunan və latın dilli müəlliflər
Kaspi keçidindən danışarkən onu “qapı”, “darvaza”, “şəhər qalası”, “keçid” və
“çıxış” sözləri ilə əvəz etmişlər. Dərbənd şəhəri lap qədimlərdən Dəmirqapı - Dərbənd
və “Bab-əl-Əbvab” (“qapılar qapısı”) adları ilə də tanınır.
Dərbənd Şimali Qafqazın əsl simvoludur, Rusiyanın ən
gözəl və qədim şəhərlərindən biri, onun tikililəri barədə hələ Herodot məlumat
vermişdir. Qazıntılara görə, insanlar təxminən beş min il əvvəl bu ərazidə
yaşayıblar. Bu müddət ərzində qəsəbə bir neçə fəthlər yaşamış və müxtəlif
sivilizasiyaların və mədəniyyətlərin elementlərini mənimsəmişdir. Demək olar
ki, bütün dillər yaşayış məntəqəsinin adında “qapı” sözlərindən istifadə
edirdilər. Söhbət unikal yerdən gedir - Dərbənd Böyük Qafqazın demək olar ki, Xəzər
dənizinə yaxın olduğu yerdə yerləşir və yalnız dar düz bir zolaq - Dərbənd və
ya Xəzər keçidi adlanır. Qala bu nöqtədə Xəzər yolu ilə Şərqi Avropadan Qərbi
Asiyaya və geriyə keçidə nəzarət edirdi. Bu gün Dərbənd Dağıstanın cənub
paytaxtı və ikinci böyük şəhəridir. Onun qonaqlarına təklif edəcəyi çox şey var
- qədim qaladan əlavə, burada müxtəlif dinlərin məbədlərini, müxtəlif dövrlərin
unikal muzeylərini ziyarət etmək olar. Buradakı qədimlik ruhu canlı Qafqaz
qonaqpərvərliyi, dağ ənənələri isə sahil atmosferi ilə harmonik şəkildə birləşir.
Dərbənd şəhəri -Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın
şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı
rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub - şərq istiqamətində
121 km uzaqlıqda yerləşir.
Şəhərin görməli yerləri: İçəri şəhər, Bayat-Qapı
qapısı, Dubar-Qapı, Caçi-Qapı, Nizami Gəncəvi adına parkda Rusiyanın ən böyük rəngli
və musiqili fəvvarəsi, Şöhrət abidəsi, Dərbənd mayakı, Azadlıq meydanı , “Qəmli
Ana” memorialı, Döyüş Şöhrəti parkı, Xanağa (Xaqan) şəlaləsi, Samur qoruğu.
Hara getməli: Cümə məscidinə, Bestujev-Marlinski
ev-muzeyi, Tutu Bikə məqbərəsi, Yuxarı
bazar, Nizami Gəncəvi parkı, Qədim Dərbəndin Mədəniyyət və Həyat Muzeyi,
Arxeoloji qazıntılar üzərindəki Kristal Körpüyə.
Nə alıb gətirə bilərsiniz: ornamentli yerli
trikotaj corablar, zərgərlik məmulatları, yerli istehsal olan bıçaq və ya xəncər,
keramika qablar, urbeç, ət və ya balıq məmulatları, ədviyyatlar, gümüş qablar,
buynuzlar, papaqlar və s.
Narın-Qala
qapısı
Narın-Qala qalası Dərbəndin əsl ürəyidir. Müdafiə
istehkamları dağlarla dəniz arasındakı dar keçidi qoruya bilən təpədə yerləşir.
Qala bir çox dövrlərin və hökmdarların zəmanəsindən
yadigardır. Qalanın qalın divarlarında on növə qədər daş işinə rast gəlmək
olar. Çoxəsrlik əzəmətli sakitliyi ilə diqqəti çəkən qala bir neçə futbol
meydançasının ərazisini tutur və bu ərazidə 200-ə qədər abidəni görmək olar.
Onların bir çoxu öz adları olan qala divarının qapılarıdır.
Bayat-Qapı
qapısı, Dağ-Qapının qərb qapısı
Bayat-Qapi qaladan çıxan ikinci qapıdır ki, ərəb mənbələri
onu “Posta” və ya “Məktublar qapısı” adlandırmışlar. Çox güman ki, bu qapılar
VIII-IX əsərlərdə şəhərin yenidən təmiri zamanı ərəblər tərəfindən tikilmişdir.
Əgər Bayat-Qapı qapısının müasir adı qeyri-müəyyən etimologiyaya malikdirsə, Qərb
qapısı ilə hər şey dəqiq məlumdur: Dağ-Qapı “Dağ qapısı” kimi tərcümə oluna bilər.
Burada hər şey sadədir: arabalar, mal-qara və karvanlar qalaya məhz bu açılış
vasitəsilə daxil olurdu.
Cümə
məscidi
Dərbənd müxtəlif sivilizasiyaların və mədəniyyətlərin,
deməli, dinlərin qovuşduğu şəhər olmuşdur. Şəhərdə bir neçə böyük məscidlə
yanaşı, sinaqoq, həmçinin digər dinlərə məxsus dini idarələr olmuşdur. Bununla
belə, Dərbəndin başqa əsl bir vizit kartı bütün MDB məkanında ən qədim Cümə məscididir.
Deyirlər ki, bu, Cümə məscidi həm də dünyanın ən qədim məscidlərindən biridir.
Tarixi tədqiqatçılar Cümə məscidinin 734-cü
ildə inşa olduğunu söyləyirlər. O, dövrdə məscid bütün qəsəbənin ən böyük
tikilisi idi və bu günə qədər də eyni dərəcədə öz möhtəşəmliyini qoruyub
saxlamışdır. Bu gün məscid müsəlman
möminlərini qəbul edir və onun nəzdində mədrəsə fəaliyyət göstərir.
Qədim
Dərbəndin Mədəniyyət və Həyat Muzeyi
Keçmiş əsrlərin Dərbənd həyatına qərq olmağın başqa
bir yolu Dərbənddə Qız Hamamı adlanan yerdə yerləşən Qədim Dərbəndin Mədəniyyət
və Həyat Muzeyini ziyarət etməkdir. Şəhərdə qadınlar üçün ilk belə tikili hələ XIII
əsrdə tikilib, lakin indiki mövcud hamam
XIX əsrdə Cümə məscidinin çox yaxınlığında inşa edilmişdir. Bu binanın xüsusi təyinatı
var idi - məhz burada toydan əvvəl mərasim və nikahdan əvvəl dəstəmaz alınırdı.
Məhz buna görə də bu gün burada keçmiş əsrlərə aid dərbənd qadınlarının ənənəvi
qadın geyimləri, musiqi alətləri və digər məişət əşyaları sərgilənir.
Dərbənd
sahil mayakı
Həmçinin XIX əsrə aid Dərbəndin başqa bir simvolik
quruluşu - şəhər mayakıdır. Şəhərin dəniz sahilində yerləşməsinə baxmayaraq,
burada mayak yalnız 1853-cü ildə yandırılıb. Sovet illərində yenidənqurmadan
sonra Dərbənd mayakı Xəzər sahilində ən güclü mayak olmuşdur. İşıq şüaları ilə ətraf
ərazilərə nüfuz edən daşdan inşa edilmiş nəhəng mayak dənizdən cəmi bir
kilometr aralıda qala divarında yerləşir. Şəhərin Dəniz kənarı mühiti cəmi
bir-neçə il əvvəl yenilənibdir. Bu yerdə lazımi istirahət mühiti yaradılıb - üç
müşahidə göyərtəsi quraşdırılıb və çimərlik yenilənib. Bu gün qumlu çimərlik
minlərlə istirahətçiyə Xəzər dənizinin isti sularına qərq olmağa imkan verir.
Hərbi
Şöhrət Parkı
Dərbənd özünün çoxəsrlik tarixinə - qədim
zamanlardan tutmuş nisbətən yaxın vaxtlarda baş verən hadisələrə qədər hörmətlə
yanaşır və qoruyub saxlayır. Belə ehtiramlı münasibətin daha bir canlı sübutu Vətəni
mərdliklə müdafiə edən Dərbənd əsgərlərinin şərəfinə salınmış Hərbi Şöhrət
Parkıdır. Böyük Vətən Müharibəsi illərində minlərlə yerli əhali cəbhəyə getdi.
Onlardan doqquzu qəhrəmanlıqlarına görə Sovet İttifaqı Qəhrəmanı Fəxri adına layiq
görülmüşlər. Bu gün onların portretləri Hərbi Şöhrət Parkında yerləşir, “Əbədi
məşəl” yanır və orada ilboyu təzə çiçəklər vardır. Parkda
heyrətamiz dərəcədə dramatik bir abidə də var - “Qəmli Ana” memorialı. Bu abidə
2015-ci ildə ucaldılmış, övladlarının
qayıtması üçün dua edən, lakin onun başı üzərində durnalar uçan qadını -
Dağıstanın xalq şairi Rəsul Həmzətovun məşhur şeirlərində təsvir olunduğu kimi,
vətənin azadlığı uğrunda şəhid olan əsgərlərin ruhunu simvolizə edir.
Xanağa (Xaqan) şəlaləsi
İnsan
əllərinin yaradıcılığı Dərbənddə görülə bilənlərin hamısı deyil. Şəhərin
qonaqları həmçinin Şimali Qafqazın inanılmaz təbiətindən həzz ala bilərlər.
Xüsusilə, Dağıstanın Tabasaran rayonunda Dərbənddən bir qədər aralıda
Xanağa(Xaqan) şəlaləsi vardır.
Təbiətin otuz metrlik möcüzəsi iki şəlalədən ibarətdir və Xanaqçay çayının
sularını aşağıda kiçik bir gölə axıdır. İsti havalarda burada üzmək və ya sadəcə
sahildə dincəlmək olar – buz
kimi soyuq
su səbəbindən ətraf ərazi demək olar ki, həmişə sərin olur.
İstifadə edilmiş resurslar:
1.https://news.mail.ru/diafilm/350-po-rossii-derbent/?frommail=10
2.https://az.wikipedia.org/wiki/D%C9%99rb%C9%99nd#cite_note-3
3.https://multiurok.ru/files/az-rbaycanin-d-mir-qapi-d-rb-nd.html
Rus dilindən tərcümə etdi:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).