Oktyabrın
6-da Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “İcra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması,
qəbul edilməsi və dərc edilməsi qaydası haqqında” Əsasnamə təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, Əsasnamədə ümumi müddəalar, normativ hüquqi akt layihəsinin
hazırlanması, razılaşdırılması, təqdim olunması və qəbul edilməsi, normativ
hüquqi aktların dərc edilməsi və keçid müddəa bəndləri yer alıb. Əsasnamə
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya
Qanununun (bundan sonra – Konstitusiya Qanunu) 27.1-ci maddəsinə uyğun olaraq
hazırlanıb və Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi icra
hakimiyyəti orqanları, habelə digər dövlət orqanları, eləcə də nizamnamələrinə əsasən
normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək səlahiyyəti
olan Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində
olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər
(bundan sonra - dövlət orqanları (qurumları) tərəfindən Azərbaycan Respublikası
Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, mərkəzi icra
hakimiyyəti orqanlarının (bundan sonra - icra hakimiyyəti orqanları) normativ
hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, təqdim edilməsi,
qəbul edilməsi və dərc edilməsi ilə bağlı məsələləri tənzimləyir. Fərmana əsasən
2025-ci il yanvarın 1-dək normativ hüquqi akt layihəsinin hazırlanması,
razılaşdırılması və normayaratma orqanına təqdim edilməsi “Normativ hüquqi
aktlar” informasiya sistemi vasitəsilə yanaşı, kağız daşıyıcıda və eyni zamanda
elektron daşıyıcılarda mətn faylları formasında həyata keçirilir.
Mənbə: https://bit.ly/3PJv6uK