DİQQƏT!
Şagirdlərin elektron yerdəyişməsində vacib məqamlar
Bu
gündən 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start
verilir. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az
portalı vasitəsilə həyata keçiriləcək.
Azedu.az
şagirdlərin yerdəyişməsi qaydalarını təqdim edir:
2.1. Bu "Qaydalar" ümumtəhsil məktəb
şagirdlərinin təhsil aldıqları müddətdə ölkə daxilində, eləcə də ölkədən kənara,
habelə digər ölkələrdən Azərbaycana yerdəyişməsi ilə bağlı qaydaları müəyyən
edir.
2.2.
Ölkə daxilində I-IX sinif şagirdlərinin
bir məktəbdən digərinə yerdəyişməsi aşağıdakı kimi tənzimlənir:
2.2.1.
Övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayəndə) onun
hazırda oxuduğu məktəbin direktoruna yerdəyişmənin səbəbi, yerdəyişmə nəzərdə
tutulan rayon (şəhər), məktəb göstərilməklə
ərizə ilə müraciət edir.
2.2.2.
Məktəbin direktoru şagirdin dəyişiləcəyi məktəbin direktoruna (vəziyyətdən
asılı olaraq təhsil şöbəsinin (idarəsinin) müdirinə) onun hazırda bu məktəbin
müvafiq sinfində oxuması barədə məktub hazırlayır.
2.2.3.
Valideyn (digər qanuni nümayəndə) həmin məktubu əlavə etməklə övladının təhsil
alacağı məktəbin direktoruna ərizə ilə müraciət edir.
2.2.4.
Məktəbin direktoru şagirdin təhsil aldığı məktəbin direktoruna onun müvafiq
sinfə qəbul olunduğu və şəxsi işinin göndərilməsi haqda arayış verir.
2.2.5.
Həmin arayış əsasında valideyn (digər qanuni nümayəndə) övladının şəxsi işini
alıb təhsilini davam etdirəcəyi məktəbin direktoruna təqdim edir.
2.2.6.
Hesabat dövründə (15 sentyabr-1oktyabr) şagirdlərin yerdəyişməsinə icazə
verilmir.
2.3.
Lisey və gimnaziyalara, təmayüllü ümumtəhsil məktəblərinə, məktəb-liseylərdəki
lisey siniflərinə, özəl məktəblərə, xüsusi tədris proqramı ilə işləyən digər
ümumtəhsil məktəblərinə, eləcə də ümumtəhsil məktəblərindən həmin qəbildən olan
müəssisələrə şagirdlərin yerdəyişməsi bu "Qaydalar" əsas tutulmaqla
yuxarıda qeyd edilən təhsil müəssisələrinin nizamnamələrinə uyğun həyata keçirilir.
2.4.
Məcburi köçkün məktəblərində təhsil alan məcburi köçkün olmayan şagirdlər
yalnız yerli məktəblərə köçürülə bilər.
2.5.
Yerli məktəblərdə oxuyan I-XI sinif şagirdlərinin məcburi köçkün məktəblərinə
yerdəyişməsinə icazə verilmir.
2.6.
Tam orta təhsil səviyyəsində (X-XI siniflər) təhsil alan şagirdlərin yerdəyişməsinə
Təhsil Nazirliyi tərəfindən aşağıdakı hallarda razılıq verilir:
Şagird:
2.6.1.
Yaşayış yeri ərazisindəki (kənd, qəsəbə, rayon, şəhər) digər ümumtəhsil məktəbinə
keçdikdə.
2.6.2.
Ailəsi ilə birlikdə başqa yaşayış yerinə (rayona, şəhərə) köçdükdə.
2.6.3.
Müvəqqəti məskunlaşdığı rayondan (şəhərdən) daimi qeydiyyatda olduğu yaşayış
yerinə köçdükdə.
2.6.4.
Valideynlərinin respublikadan kənara uzunmüddətli ezamiyyəsi və müxtəlif səbəblərdən
valideyn nəzarətindən kənarda qalması rəsmi sənədlərlə təsdiq edildikdə.
2.6.5.
Müxtəlif səbəblərdən özəl ümumi təhsil müəssisələrində, xüsusi tədris
proqramları tətbiq edilən lisey və
gimnaziyalarda təhsilini davam etdirməsi mümkün olmadıqda.
2.7.
X-XI sinif şagirdlərinin yerdəyişməsi ilə əlaqədar bu "Qaydalar"ın 2.6-cı bəndində nəzərdə
tutulmuş hər bir halla bağlı valideynin (digər qanuni nümayəndənin) ərizəsinə
bilavasitə müvafiq rayon (şəhər) təhsil
şöbəsində (idarəsində) baxılır, diqqətlə araşdırılır, bu barədə Təhsil
Nazirliyinə məlumat verildikdən sonra qərar qəbul edilir.
2.8.
Təhsil şöbələri (idarələri) digər rayon və şəhərlərdən ərazilərindəki ümumtəhsil
məktəblərinə keçirilmiş X-XI sinif
şagirdlərinin dərsə davamiyyəti üçün şəxsən məsuliyyət daşıyırlar.
2.9.
IX və XI sinif şagirdlərinin ölkə daxilində yerdəyişməsi hər il martın 1-dək həyata
keçirilir.
2.10.
Respublikadan kənarda yaşayan Azərbaycan vətəndaşları Azərbaycana qayıtdıqda
onların rus və gürcü dillərində təhsil almış övladlarının köçdükləri ərazidə təhsillərini
davam etdirmələri aşağıdakı kimi tənzimlənir:
2.10.1.
Bütün hallarda I-XI sinif şagirdləri müəyyən
edilmiş məktəblərə valideynin ərizəsi və əvvəl oxuduğu məktəbin direktoru tərəfindən
təsdiq olunmuş aşağıdakı sənədlərdən birinin əsasında qəbul edilirlər:
şəxsi iş;
qiymət cədvəli;
şagirdin müəyyən dövrə qədər oxuduğu barədə
arayış.
2.10.2. Azərbaycana qayıdanadək təhsil aldığı
ölkədə ümumi orta təhsil səviyyəsini bitirib müvafiq təhsil sənədi almış
şagirdlər həmin sənəd və valideynin ərizəsi əsasında Azərbaycan məktəbində X sinfə
qəbul edilirlər.
2.10.3.
Ölkədən kənarda təhsil almış Azərbaycan vətəndaşlarının XI siniflərə yerdəyişməsi
yalnız dərs ilinin birinci yarımilinin sonunadək həyata keçirilir.
2.10.4.
Bu "Qaydalar"ın 2.10.1-ci bəndində nəzərdə tutulan sənədlərdən heç
biri olmadığı halda:
2.10.4.1.
I-IV siniflərdə oxuduğu iddia edilən şagirdlərin həmin siniflərin təhsil
proqramlarına (kurikulumlarına) uyğun hazırlıq
səviyyəsi yerli təhsil orqanları tərəfindən yaradılmış komissiya vasitəsilə
yoxlanılıb müvafiq qərar qəbul edilir. Komissiyanın rəyi əsas tutulmaqla
şagirdin müvafiq sinfə qəbulu məktəbdə rəsmiləşdirilir və ona şəxsi iş açılır.
2.10.4.2.
V-XI siniflərdə oxuduğu iddia edilən şagirdlərin hazırlıq səviyyəsi yerli təhsil
orqanlarının təqdimatı əsasında Təhsil Nazirliyində xüsusi tapşırıq və testlər
vasitəsilə yoxlanılır və yazılı yekun rəy yerlərə göndərilir. Həmin rəy
şagirdin müvafiq sinfə qəbulu üçün əsas sayılır.
2.10.5.
Azərbaycan dilini təlim dili səviyyəsində bildikləri halda, I-V sinif şagirdləri
təlim Azərbaycan dilində olan siniflərə qəbul edilə bilərlər. Həmin şagirdlərin
təlim dilini dəyişməsinə valideynin ərizəsinə əsasən, məktəbdə baxılır və
müvafiq qərar qəbul olunur.
2.10.6.
Təlim rus və ya gürcü dilində olan məktəblərə qəbul edilmiş şagirdlərə əvvəl
oxuduqları məktəbdə tədris olunmayan fənlərdən (Azərbaycan dili, Azərbaycan
tarixi, Azərbaycan coğrafiyası və s.) əlavə məşğələlər təşkil edilir.
2.10.7.
VIII-XI siniflərdə oxuyan şagirdlər əvvəl təhsil aldıqları ölkədəki ümumi təhsilin müddətindən asılı
olmayaraq, Azərbaycan məktəbində 1 (bir) sinif aşağı qəbul edilirlər. Bu qayda
digər ölkədə 3 il və daha artıq müddətdə təhsil alanlara şamil edilir.
2.11.
Xarici ölkələrdə Azərbaycanın ümumtəhsil
məktəblərindəki təlim dillərindən fərqli hər hansı bir başqa dildə təhsil almış
Azərbaycan vətəndaşlarının övladlarının Azərbaycandakı dövlət ümumi təhsil müəssisələrinə
qəbuluna valideynlərin və şagirdlərin arzularına görə, yalnız uyğun təlim dillərindən
biri üzrə xüsusi hazırlıq keçib həmin dili mənimsədikləri təsdiq olunduğu halda
razılıq verilə bilər.
2.12.
Bu və ya digər səbəblərdən respublikadan kənara gedən şagirdlərin şəxsi işinin
verilməsi üçün əsas valideynin (digər qanuni nümayəndənin) ərizəsi hesab olunur.
2.13.
Məktəbin rəhbərliyinə rəsmi qaydada xəbərdarlıq edilmədən şagirdin
respublikadan kənara getməsi məktəb rəhbərlərinin, sinif rəhbərinin və aidiyyəti
təşkilatların (mənzil-kommunal istismar sahəsi, ərazi icra nümayəndəliyi) nümayəndələrinin iştirakı ilə
tərtib edilən müvafiq aktla təxirə salınmadan rəsmiləşdirilir, şagirdin şəxsi
işi məktəbdə saxlanılmaqla onun kontingent sıralarından çıxarılması barədə əmr
verilir.
Həmin
şagirdlər müəyyən müddətdən sonra geri qayıtdıqda onların təhsillərini davam
etdirmələri bu "Qaydalar"ın 2.10-cu bəndinə uyğun həyata keçirilir.
2.14.
Müəyyən sinfədək təhsil alması rəsmi sənədlərlə təsdiq edilən, lakin həmin müddətdən
sonra üzrlü və ya üzrsüz səbəbdən 2 (iki) ildən çox olmamaq şərtilə icbari təhsildən
kənarda qalan II-VIII sinif şagirdlərinin valideynin ərizəsinə əsasən istisna
hal kimi məktəb direktorları tərəfindən
növbəti sinfə qəbul edilməsinə icazə verilir.
2.15.
Tabeliyindən asılı olmayaraq, ixtisaslaşdırılmış ümumi təhsil müəssisələrindən şagirdlərin ümumtəhsil məktəblərinə yerdəyişməsinə
valideynin müraciətinə əsasən, fərdi qaydada Təhsil Nazirliyində baxılıb
müvafiq qərar qəbul edilir.
2.16.
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa görə, ümumi
orta təhsil icbari hesab edildiyindən bu təhsil bazasından ilk peşə və
orta-ixtisas təhsili müəssisələrinə qəbul olan şagirdlərin ümumtəhsil məktəblərinin tam orta təhsil səviyyəsinə yerdəyişməsinə
icazə verilmir.
Mənbə:
https://bit.ly/46xL1U5


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)