Böyük İsgəndəriyyə kitabxanasını kim məhv edib?

 

İsgəndəriyyə kitabxanası - indiki Misir dövləti ərazisində yerləşən, qədim tarixin ən böyük və ən vacib kitabxanalarından biri olmuşdur. İsgəndəriyyə kitabxanasının Misir fironu I Ptolemeyin təşəbbüsü nəticəsində tikildiyi bir çox tarixçilər tərəfindən iddia olunur. Həmin iddialara əsasən, bu kitabxanın tikilməsində əsasən Peripatetiklər, xüsusi ilə də iki qədim ictimai xadim Lampsakuslu Straton və Falerli Demetrius yaxından iştirak etmişlər. Digər mənbələrdə iddia olunur ki, kitabxana I Ptolemeyin dövründə deyil, əslində onun oğlu II Ptolemeyin hakimiyyəti illərində tikilib istifadəyə verilmişdir. İsgəndəriyyə kitabxanasının tikilməsinin əsas məqsədi, dövrünün bütün məlumatlarının bir yerə toplanması və papirus köçürülməsi vasitəsi ilə orada qorunub saxlanması idi. Yunan əsilli filosof Qalenin dediklərinə görə, hətta gəmilər vasitəsi ilə limana gətirilən bütün növ kitablar xüsusi olaraq bu kitabxanada “Gəmilərdən gətirilən kitablar” adlı ayrıca bölmələrdə saxlanılır, köçürülmələri isə öz sahiblərinə geri qaytarılırdı.

      Böyük İsgəndəriyyə kitabxanasının dağıdılması qədim dünyanın ən böyük itkilərindən biri adlandırılır. Onun rəflərində Assuriya, Yunanıstan, Misir, Hindistan və o dövrün bir çox digər sivilizasiyalarından bir milyona yaxın sənəd saxlanılırdı. Qədim dünyanın ən böyük şəhərlərindən biri olan İsgəndəriyyə şəhərinin əsası Misiri fəth etdikdən sonra Makedoniyalı İskəndər tərəfindən qoyulmuşdur. Eradan əvvəl 323-cü ildə İskəndərin ölümündən sonra Misir onun tərəfdaşlarından biri olan Ptolemeyin  ixtiyarına keçdi. Məhz Ptolemeyin dövründə yeni qurulan İsgəndəriyyə Misirin paytaxtı olaraq qədim Memfis şəhərini əvəz etdi. Bu, onun yüksəlişinin başlanğıcı oldu. Lakin heç bir sülalə öz təbəələrinin dəstəyi olmadan uzun müddət yaşaya bilməz və Ptolemeylər bunu yaxşı başa düşürdülər. Beləliklə, erkən Ptolemey padşahları müxtəlif yollarla öz hökmranlıqlarını qanuniləşdirməyə çalışırdılar, o cümlədən firon rolunu öhdəsinə götürmək, Yunan-Roma Serapis məbədini qurmaq və elm və təhsilə himayədarlıq etmək (yeri gəlmişkən, sərvətlərini nümayiş etdirmək üçün yaxşı bir yoldur). Məhz bu himayə Ptolemey tərəfindən böyük İsgəndəriyyə kitabxanasının yaradılmasına səbəb oldu. Əsrlər boyu İsgəndəriyyə kitabxanası qədim dünyanın ən böyük və ən mühüm kitabxanalarından biri olmuşdur. Bütün sivilizasiyalardan dövrün böyük mütəfəkkirləri, alimləri, riyaziyyatçıları, şairləri burada təhsil alıb fikir mübadiləsi aparmışlar. Rəflərdə 700.000-ə qədər papirus saxlanılırdı. Lakin dünyanın ən böyük faciələrindən biri nəticəsində kitabxana əbədi olaraq itirildi və alimlər onun necə məhv edildiyi barədə hələ də ümumi razılığa gələ bilmirlər.

İsgəndəriyyə kitabxanasının məhvi ilə bağlı üç nəzəriyyə mövcuddur:

I Nəzəriyyə: Yuli Sezar

Bəlkə də onun məhv edilməsi ilə bağlı ən maraqlı məlumatlardan birini Roma tarixçiləri vermişlər. Bir neçə müəllifin fikrincə, İsgəndəriyyə kitabxanası eradan əvvəl 48-ci ildə İsgəndəriyyənin mühasirəsi zamanı Yuli Sezar tərəfindən təsadüfən yandırılmışdır. Plutarx bu barədə yazır: “Düşmən onun (Yuli Sezarın) dəniz ilə əlaqəsini kəsməyə cəhd edən zaman, o (Yuli Sezar) bu təhlükədən sovuşmaq üçün öz gəmilərini yandırmağa məcbur qalır və bunun nəticəsində limandan başlamış yanğın buradan da idarəolunmaz şəkildə kitabxanaya keçir və onun məhv olmasına səbəb olur” (Плутарх, Избранные жизнеописание, Т. II, M., 1990. стр. 477). Lakin coğrafiyaşünas Strabonun İsgəndəriyyənin Sezar tərəfindən mühasirəyə alınmasından təxminən 30 il sonra qeyd etdiyi kimi, kitabxananın düz yanında yerləşən İsgəndəriyyə muzeyi ziyan görmədiyi üçün bu hesab şübhəlidir. Lakin Strabon İsgəndəriyyə kitabxanasının özündən bəhs etmir və beləliklə, onun yandırılmasında Sezarın məsuliyyət daşıdığı iddiasını dəstəkləyir. Bununla belə, kitabxana muzeyin əlavəsi olduğundan və Strabon onu təsvir etdiyindən, Strabonun dövründə kitabxananın hələ də mövcud olması fakt kimi qalır. Çox güman ki, Strabon kitabxana haqqında danışmağa ehtiyac duymayıb, çünki o, muzey haqqında danışır və ola bilərdi ki, kitabxana o vaxtlar  elmi mərkəzi kimi fəaliyyət göstərmirdi. Burada “büdcə ixtisarı” ideyası daha çox görünür. Bundan əlavə, “Sezar yanğını” kitabxananı yox, əlyazmaların saxlandığı limanın yaxınlığındakı anbarları məhv etdiyi fikri irəli sürülmüşdür.

II Nəzəriyyə: Xristianlar

Yanğının ikinci mümkün günahkarı eranın IV əsr xristianlarıdır. 391-ci ildə imperator Fedosiy  bütpərəstlik ayinlərini rəsmi olaraq qadağan edən fərman verdi. Beləliklə, İsgəndəriyyədəki Serapis məbədi dağıdıldı və xristian kilsəsinə çevrildi. Bu zaman bir çox sənədlərin məhv edildiyi güman edilir. Ancaq bu, İsgəndəriyyə kitabxanası deyildi və baxmayaraq ki, Serapis məbədində  İsgəndəriyyə kitabxanasının sənədlərinin təxminən on faizinin saxladığı hesab edilir. Amma heç bir qədim mənbə bu müddət ərzində hansısa kitabxananın dağıdılmasından bəhs etmir. Buna görə də IV əsr xristianlarının İsgəndəriyyə kitabxanasını dağıtdıqlarına dair heç bir tutarlı sübut yoxdur.

III Nəzəriyyə: Müsəlmanlar

İsgəndəriyyə kitabxansının dağıdılmasının digər ehtimal olunan günahkarı müsəlman xəlifəsi Ömər də ola bilər. Bu nəzəriyyəyə görə, hansısa bir “İoann Qrammatik” (490-570) Əmir adlı qalib müsəlman sərkərdəsindən “hökmdar kitabxanasından kitablar” istəyir. Əmir isə Ömərə müraciət edir və Ömər cavab verir: “Əgər bu kitablar Qurana uyğundursa, bizim onlara ehtiyacımız yoxdur, əgər Qurana ziddirsə, onları məhv edin”. Bu nəzəriyyə ilə bağlı ən azı iki problem ortaya çıxır. Birincisi, burada heç bir kitabxanadan söhbət getmir, yalnız kitablardan söhbət gedir. İkincisi, bu hekayə Suriyalı xristian yazıçı tərəfindən yazılmışdır və heç şübhəsiz ki, xəlifə Ömərin adını ləkələmək üçün uydurulmuşdur.

Sirr sirr olaraq qalır

Təəssüf ki, arxeologiya bu sirrə çox böyük töhfə verə bilməmişdir. İsgəndəriyyədə papiruslara nadir hallarda rast gəlinir, bəlkə də iqlim şəraiti üzvi materialın qorunması üçün əlverişsizdir. İsgəndəriyyə kitabxanasının qalıqları isə heç vaxt aşkar edilməmişdir. Bu, İsgəndəriyyədə bu gün də məskunlaşmanın olması və arxeoloqlara yalnız xilasedici qazıntılar aparmasına icazə verilməsi ilə bağlıdır. Çoxlarının qədim dünyanın ən böyük kitabxanası hesab etdiyi kitabxananın dağıdılmasında bir nəfəri və ya bir qrup insanı günahlandırmaq rahat olsa da, bu, bəlkə də həddən artıq sadələşdirmədir. Çox güman ki, İsgəndəriyyə kitabxanası heç yanmayıb, zamanla tədricən tərk edilib. Kitabxana Ptolemeylərin gücünü nümayiş etdirmək üçün yaradılmışdı və onda onun tənəzzülü də iqtisadi deqradasiya ilə əlaqələndirilə bilər. Ptolemey Misiri əsrlər boyu tədricən durğunlaşdığından, bu, kitabxananın vəziyyətinə də təsir göstərə bilərdi. Əgər İsgəndəriyyə kitabxanası eranın ilk əsrlərinə qədər mövcud olubsa, deməli, Roma dünyanın yeni mərkəzinə çevrildiyindən kitabxananın  “qızıl gün”ləri keçmişdə qalıb.


                             Müasir İsgəndəriyyə kitabxanası

  2002-ci ildə İsgəndəriyyə kitabxanasının tarixi əzəmətini bərpa etmək və həmçinin azad biliyin qazanılmasına zəmin yaratmaq üçün onun tarixən yerləşdiyi təxmin edilən yerdə müasir İsgəndəriyyə kitabxanası tikilib istifadəyə verilmişdir. Bu kitabxananın tikilməsi nəticəsində Misirdə dövlətdən asılı olmayan yeni ictimai təhsil sisteminin təskilinə zəmin yarandı. Kitabxananın əsas oxu zalı 20.000 kv.m-dir və 8 milyona qədər kitabın saxlanılmasını təmin edə biləcək rəflərlə təmin olunmuşdur.

Mənbə: https://bit.ly/3seYHEc

Rus dilindən tərcümə və əlavələr etdi:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

 


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.