Günəşdən gələn ən güclü yüksək enerjili qamma şüalar izah edilə bilmir

Dörd milyard ildən çox yaşı olan Günəşi tanıdığımızı fikirləşirdik, lakin məlum oldu ki, o, hələ də bizi təəccübləndirə bilər. Astronomlar Günəşdən gələn təxminən bir trilyon elektron volt (TeV) enerjiyə malik qamma radiasiyasını aşkar ediblər. Belə yüksək enerji diapazonunda Günəşdən gələn radiasiyanın olduqca nadir hal olduğu düşünülürdü, ona görə də belə radiasiyanın nə qədər yaygın olduğunu kəşf etmək bizi bu qədər güclü bir şüanın necə yaradıla biləcəyini yenidən düşünməyə məcbur etdi. Yer atmosferi qamma radiasiyasını bloklayır, bu bizim üçün çox yaxşıdır, əks halda xərçəng xəstəliyi o qədər geniş yayıla bilərdi ki, biz heç vaxt təkamül edə bilməzdik. Astronomlar 200 milyard elektron volta qədər olan şüaları müşahidə etmək üçün qamma peyklərindən istifadə edirlər. Ən yüksək enerjili qamma şüalanması dolayı yolla müəyyən edilməlidir. Atmosferin yuxarı qatlarında bu şüalar, demək olar ki, eyni istiqamətdə uçan, daha az enerjili hissəciklər və fotonlar axını yaradır. Əgər bu hissəciklər sudan keçərsə, o zaman Çerenkov radiasiyası adlanan radiasiya yaranır - materialın içərisindəki hissəciklərin yaratdığı parıltı çox qaranlıq şəraitdə müşahidə oluna bilər. Bir-birinin yanında çoxlu su anbarlarından istifadə edərək, astronomlar belə bir axının göstəricisi olan kifayət qədər hissəciklərin nə vaxt parıldamağa başladığını izləyir və bu axına səbəb ola biləcək qamma radiasiyasının enerjisini və mənbəyini müəyyənləşdirirlər. Bunu edə biləcək çox cihaz yoxdur və həm də onların əksəriyyəti yalnız gecələr işləyir. Buna görə də, biz fövqəlyeni və ya ulduz əmələ gətirən bölgələr kimi uzaq obyektlərdən gələn yüksək enerjili qamma şüaları haqqında Günəşimizdən gələn qamma şüaları haqqında bildiyimizdən daha çox bilirik. Bu, astronomları çox da narahat etmir, çünki belə şüaların Günəşimiz olan nisbətən sakit, orta yaşlı ulduzda deyil, ekstremal şəraitdə yarandığına inanılır. Hesab olunurdu ki, Günəş TeV diapazonunda şüalar yarada bilər. Bu o halda baş verə bilər ki, daha güclü mənbədən gələn kosmik şüa Günəşdəki protonlarla toqquşsun. Astronomlar əmin idilər ki, Yerə doğru yayılan belə şüaların sayı çox azdır. Lakin Miçiqan Dövlət Universitetin professoru Mehr Un Nisa və onun həmkarları TeV qamma şüalarını axtarmaq üçün Yüksək Hündürlükdə Su Çerenkov Rəsədxanasından (HAWC) istifadə etdikdə, şüaları kifayət qədər çox sayda qəbul etdiyimizi görüb heyrətləndilər. “Altı il məlumatları araşdırdıqdan sonra artıq qamma şüalanması aşkar etdik” deyə Nisa bildirmişdir. “Bunu ilk görəndə düşündük ki, biz mütləq nəyi isə qarışdırmışıq. Günəş bu enerjilərdə o qədər də parlaq ola bilməz”. Yüksək Hündürlükdə Su Çerenkov Rəsədxanasında (HAWC) bu diapazonda radiasiya üçün ən yüksək təxminlərdən yeddi dəfə çox aşkar qamma şüalanma aşkar edildi. Sonrakı tədqiqatlar əldə edilən məlumatların düzgünlüyünü təsdiqlədi. Həqiqətən, Günəş hətta 10 TeV-ə yaxınlaşan radiasiya istehsal edir, bu göstəricidən yüksək radiasiya hələ aşkar edilməyib. Bu qamma şüalarının nə qədər güclü olduğunu başa düşmək üçün unutmayın ki, qırmızı işıqlı fotonun təxminən 1,8 eV, mavi işıqlı fotonun isə təxminən 3 eV enerjisi var. Xəstəxanada sümüklərimizi skan etmək üçün istifadə olunan rentgen şüaları 40.000 eV enerjiyə malikdir və nüvə partlayışında qamma şüaları bir neçə milyon eV-ə çata bilər. Ancaq 10 trilyon elektron volt tamamilə fərqli bir miqyasdır. “Günəş düşündüyümüzdən də heyrətamizdir” deyir professor Nisa. “Biz Günəş barədə məlumatların dəqiqləşdirdiyimizi düşünsək də, sən demə bu belə deyilmiş”. Hələlik komandanın Günəş daxilində hansı qüvvələrin bu qədər yüksək enerjili hissəciklər yarada biləcəyi ilə bağlı heç bir izahatı yoxdur. Atmosferin bloklayıcı fəaliyyəti sayəsində bu qamma şüalarının bioloji nəticələrindən narahat olmaya bilərik, lakin uzun müddətli uçuşlar zamanı astronavtlar üçün risk qiymətləndirmələrinə düzəlişlər etmək lazım gələ bilər.

Günəş qamma şüaları haqqında hesabat “Physical Review Letters” jurnalında dərc olunmuşdur.

Mənbə: https://bit.ly/45tLtSv

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi). 

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.