Azərbaycan
Dövlət İnformasiya Agentliyi – AZƏRTAC loqosunu və veb-saytını yeniləyib. Ölkəmizin
1920-ci il martın 1-dən fasiləsiz fəaliyyət göstərən ilk xəbər agentliyi -
AZƏRTAC özünün imicində yenilənmə aparmaq, qarşıya qoyulan vəzifələri daha
dolğun və ifadəli təqdim etmək məqsədilə yeni loqo hazırlamaq qərarına gəlib. Loqoda
millilik, informasiya işi, AZƏRTAC-ın ölkənin ilk xəbər agentliyi olması,
jurnalistika ənənələri, tarixi dəyərlər kimi mənaların əks olunması əsas
istiqamətlər kimi seçilib. Loqodakı elementlər informasiyanın emalı və dünyaya
çatdırılması, daha geniş coğrafiyada yayılması kimi konsepsiyaları vurğulayır.
Səkkizguşəli loqo agentliyin öz tarixi ənənələrinə sadiqliyini göstərir. Xəbərlərin
doğruluğu, feyk məlumatların qarşısının alınması, ictimaiyyətə daim yoxlanılmış
informasiyanın çatdırılması AZƏRTAC-ın fəaliyyətin prioritet istiqamətləridir.
Bunlar nəzərə alınaraq informasiyanın yoxlanılıb yayımlanması ideyası da loqoda
əksini tapıb. Mavi və göy rəng çalarlarından istifadə olunub ki, bu da
ciddilik, etibarlılıq, inam mənalarını ifadə edir. AZƏRTAC-ın veb-saytı yeni
dizaynda fəaliyyətini davam etdirəcək. Sayt sadəlik, dinamiklik, istifadəçi
yönlü olması, yeni funksionallıqlar, yüksək keyfiyyətdə foto və videoların yerləşdirilməsi
imkanları, mobil cihazlarda asanlıqla yüklənməsi kimi xüsusiyyətləri ilə
seçilir. Xüsusi quruluşu istifadəçilərin bölmələrə asanlıqla keçid edə bilmələrinə
imkan verir. AZƏRTAC 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən
yaradılıb. Hazırda agentlik 8 dildə xəbər, 5 dildə videoinformasiya yayımlayır.
Dünyanın 50 informasiya agentliyi və media strukturu ilə rəsmi tərəfdaşlıq edən
AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresi, Avropa Xəbər Agentlikləri Alyansı,
Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı, İslam Ölkələri Təşkilatının
Milli Xəbər Agentlikləri Birliyi, “Bir kəmər, bir yol” İqtisadi İnformasiya
Platforması, Türkdilli Xəbər Agentlikləri Birliyi və digər beynəlxalq
informasiya təşkilatlarının üzvü olmaqla yanaşı, onların bir neçəsinin idarəedici
strukturunda təmsil olunur.
Mənbə:https://azertag.az/xeber/azertac_loqosunu_ve_veb_saytini_yenileyib-2742341