Babil şəhərinin süqutu: imperiyanı həqiqətən nə məhv etdi?

Babil şəhərinin süqutu e. ə. 539-cu ildə, II Kirin başçılığı ilə Əhəmənilər imperiyası tərəfindən Babilin fəth edilməsi və Yeni Babil şahlığına son qoyulması ilə bağlı əsl tarixi hadisədir. Babil şəhərinin süqutu ilə bağlı bir sıra qədim mənbələrdə, o cümlədən  II Kirin yazılarda, yunan tarixçisi Herodotun əsərində və həmçinin Əhdi-Ətiqin bir sıra kitablarında məlumat verilir.

Babil şəhərinin inkişafı və məhvi

Babil şəhəri müasir İraq ərazisində yerləşirdi və onun tarixi eradan əvvəl III minilliyə, Fərat çayı üzərində kiçik liman şəhəri olduğu vaxta gedib çıxır. O dövrdə Babil Akkad imperiyasının tərkibində idi. Zaman keçdikcə şəhər böyüyərək qədim  İkiçayarasının (Mesopotamiyanın) ən mühüm şəhərlərindən birinə çevrildi. Eradan əvvəl XVIII əsrdə Babil, hökmdar Hammurapinin (e.ə. 1792-e.ə.1750)  hakimiyyəti altında bölgədə böyük gücə çevrildi. Hammurapi Babilin birinci sülaləsinin altıncı hökmdarı idi. O, uzun hakimiyyəti dövründə Elam, Larsa, Eşnunna və Mari şəhər dövlətlərini fəth edərək öz imperiyasını xeyli genişləndirdi. Hammmurapi dövlətinin genişlənməsinə sivilizasiyanı bütün xalqlar arasında yaymaq üçün müqəddəs missiyanın bir hissəsi kimi baxırdı. O, Aşşur hökmdarı I İşme-Daqanı taxtdan salaraq və oğlunu xərac verməyə məcbur edərək, Babili Mesopotamiyada böyük bir dövlətə çevirdi. Hammurapi idarəetməni sadələşdirdi, möhtəşəm tikinti layihələri başlatdı, kənd təsərrüfatını yaxşılaşdırdı, infrastrukturu təmir etdi və yenidən qurdu, şəhər divarlarını genişləndirdi, möhkəmləndirdi və tanrılara həsr olunmuş möhtəşəm məbədlər tikdirdi. Çoxlu hərbi islahatlar aparsa və fəthlər etsə də, öz yazılarına görə, əsas məqsəd onun hakimiyyəti altında yaşayanların həyatını yaxşılaşdırmaq idi. Hammurapinin ölümü zamanı Babil bütün Mesopotamiyaya nəzarət edirdi, baxmayaraq ki, onun varisləri bu nəzarəti saxlaya bilmədilər. Bu, effektiv bürokratiyanın olmaması ilə bağlı ola bilər, çünki onun regional müharibələrdə iştirakı ölümündən sonra imperiyasının davamlı idarə olunmasını təmin edəcək bir inzibati sistem yaratmağa diqqət yetirməməsi demək idi. Bu və ya digər səbəblərdən birinci Babil imperiyası qısa ömür sürdü və tezliklə yadellilərin, o cümlədən hetlərin, kassitlərin və assurların hakimiyyəti altına düşdü.

Son imperiyanın dağıdılması və Yeni Babil dövlətinin yaranması

Eradan əvvəl 627-ci ildə Aşurbanipalın ölümündən sonra Yeni Assuriya imperiyasının zəifləməsinə səbəb olan vətəndaş müharibəsi baş verdi. Yeni Assuriya imperiyasının bir çox təbəələri bu fürsətdən istifadə edərək üsyan qaldırdılar. Nabopolassar adlı bir xaldeyli midiyalılar, farslar, skiflər və kimmerlərlə ittifaq bağlayaraq imperiyanı məhv etməyə müvəffəq oldu. Assuriyalılardan müstəqillik əldə edən Nabopolassar, paytaxtı Babil olan Yeni Babil padşahlığını qurdu. Ölümündən sonra oğluna böyük sərvət və güclü Babil şəhəri qoyub getdi. Bu hökmdar yeni Babil imperiyasının əsasını qoydu, oğlu II Navuxodonosora Babili qədim cəmiyyətin ön sıralarına çıxarmaq üçün ideal şərait yaratdı. Oğlu da məhz belə etdi.  Yeni Babil padşahlığı eradan əvvəl 605-ci ildə Nabopolassarın yerinə keçən II Navuxodonosorun hakimiyyəti dövründə öz zirvəsinə çatdı. Təxminən eradan əvvəl 562-ci ilə qədər davam edən II Navuxodonosorun hakimiyyəti dövründə Babil, Assuriya, Kiçik Asiyanın bir hissəsi, Finikiya, İsrail və Şimali Ərəbistan Yeni Babil padşahlığının nəzarəti altına keçdi. II Navuxodonosor tarixdə bir sıra mühüm əməlləri ilə yadda qalmışdır. Birincisi, onun yəhudiləri Babildən qovduğu, eradan əvvəl 597-ci ildə Yerusəlim şəhərini tutduğu sənədlərlə sübut olunur. O, həm də e. ə. 587-ci ildə Süleyman məbədini və Yerusəlim şəhərini dağıdıb. Bütün bunlara baxmayaraq, o dünyanın ən məşhur padşahlarından biri sayılır. Babil əhalisi e.ə. 575-ci ildə şəhərinin İştar Qapısını tikdirdiyinə görə ona borcludurlar. Qədim dünyanın yeddi möcüzəsindən biri hesab edilən Babildəki “Asma Bağlar” da onun ideyasıdır. Bununla belə, II Navuxodonosorun “Asma Bağlar”ın yaradılmasına həqiqətən məsul olub-olmaması ilə bağlı bəzi mübahisələr vardır. Ancaq ən həyəcanlı və mübahisəli olanı, əvvəllər başqa adla tanınan əfsanəvi Babil qülləsinin tikintisinə göstəriş verənin məhz bu padşah olması ehtimalıdır. Bu binanın prototipi Babildəki Etemenankidir. Bu, Babilin himayədar tanrısı Marduka həsr olunmuş zikkurat idi.

Babil necə süqut etdi - Nabonidin hakimiyyəti Babilin məhvinə kömək etdimi?

II Navuxodonosordan sonra gələn padşahlar ondan daha az bacarıqlı idilər və kifayət qədər qısa müddət hökm sürmüşlər. II Navuxodonosorun ölümündən sonrakı onillikdə Yeni Babil padşahlığında dörd hökmdar dəyişdi, onlardan sonuncusu e.ə. 556-cı ildən e.ə. 539-cu ilə Babilin süqutuna qədər hakimiyyətdə olan Nabonid olmuşdur. Nabonid cəmi 17 il hakimiyyətdə olub və bölgənin qədim memarlıq və mədəni ənənələrini bərpa etməsi ilə yadda qalıb, buna görə müasir tarixçilərdən “arxeoloq padşah” ləqəbini qazanmışdır. Bununla belə, o, ay tanrısı Sinə siyayiş etdiyi və  baş tanrı Marduka sitayişi zəiflətdiyinə görə təbəələri, xüsusən də tanrı Mardukun kahinləri arasında populyar olmamışdır. Bu hökmdar Babil şəhərinə qarşı çox da diqqət göstərmirdi. Nabonidin uzun illər ərzində Teyma  adlı ərəb vahəsində qalmışdır. Onun uzun müddət yoxluğunun səbəbləri xəstəlik, dəlilikdən tutmuş arxeologiyaya marağa qədər müxtəlif nəzəriyyələrlə mübahisə mövzusu olaraq qalmaqdadır.

Babil nə vaxt süqut etdi?

Bu arada şərqdə II Kirin (e.ə.550-e.ə.530) başçılığı ilə farslar gücləndi. E.ə. 549-cu ildə midiyalılar farslara məğlub oldular, daha sonra farslar Babil ətrafındakı əraziləri fəth etməyə davam etdilər. Nəhayət, e.ə. 539-cu ildə Babil şəhərinin özü də farslar tərəfindən işğal edildi. Babilin süqutu Yeni Babil padşahlığının sonu oldu. Bu hadisə bir sıra qədim tarixçilər tərəfindən qeydə alınmışdır, baxmayaraq ki, müxtəlif mənbələrdə çoxlu ziddiyyətlər olduğundan, baş vermiş real hadisələri aydınlaşdırmaq çətindir. Yunan tarixçiləri Herodot və Ksenofont Babilin mühasirədən sonra süqut etdiyini bildirirlər. Digər tərəfdən, II Kirin yazılarında və Nabonid salnaməsində (Babil salnaməsinin bir hissəsidir) Babilin farslar tərəfindən döyüşmədən alındığı bildirilir. Üstəlik, II Kirin yazılarında fars padşahı Babili ələ keçirmək üçün tanrı Marduk tərəfindən seçilmiş biri kimi təqdim olunur (P.S. II Kir isə e.ə. 530-cu ildə Azərbaycan ərazisində massaget tayfalarının qadın hökmdarı Tomiris ana tərəfindən döyüşdə öldürülmüşdür).

Dini kitablarda Babilin süqutu ilə bağlı hansı hekayələr söylənilir?

Babilin süqutu Əhdi-Ətiqdəki bir sıra kitablarda qeyd olunduğu üçün İncil (Bibliya) tarixində əhəmiyyətlidir. Yeşaya II Kir yazılarında olan hekayəyə bənzər bir hekayə danışır. Yalnız tanrı Marduk əvəzinə İsrail tanrısı II Kiri döyüşmək üçün seçdiyi bildirilir. Babilin süqutundan sonra II Navuxodonosorun dövründən  bəri sürgündə olan yəhudilərə evlərinə qayıtmağa icazə verildi. Başqa bir kitabda, “Daniel peyğəmbərin kitabı”nda Babilin süqutu II Navuxodonosorun hakimiyyəti dövrünə proqnozlaşdırılmışdır. Bu kitaba görə, padşah yuxuda başı qızıldan, döşləri və qolları gümüşdən, qarnı və budları tuncdan, ayaqları dəmir və gildən qarışıq olan bir heykəl görür. Heykəl bir qaya tərəfindən dağıdılır, daha sonra bu qaya bütün yer üzünü tutan bir dağa çevrilir. Daniel peyğəmbərin verdiyi padşahın yuxusunun təfsiri belə idi ki, heykəl bir-birinin ardınca dörd padşahlığı təmsil edir, birincisi Yeni Babil padşahlığıdır və onların hamısı Yaradan padşahlığı tərəfindən məhv ediləcəkdir.

Mənbə: https://bit.ly/44hOC7g

Tərcümə:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

İstinad:

https://multiurok.ru/files/babil-s-h-rinin-suqutu-imperiyani-h-qiq-t-n-n-m-hv.html

 

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.