Etrusklar və onların mənşəyi

 

      Həyatları və mədəniyyətləri hələ də sirr olaraq qalan etrusklar görəsən kimdirlər? Etrüsklar dili və mədəniyyəti əsasən sirr olaraq qalan qədim italyan əhalisi olmuşlar. Onların qoyub getdikləri zəngin  əsərlər müasir insana etruskların  əslində kim olduqları barədə bəzi ipuçları verir. Etrusklar (italyanca; Etruschi, Latın Etrusci,Tusci) eradan əvvəl I minillikdə yaşamış qədim əhalidir. Apennin yarımadasının şimal-qərbində (ərazi - qədimdə Etruriya, hazırda Toskana adlanır) Arno və Tiber çayları arasında və Romadan əvvəlki inkişaf etmiş mədəniyyət yaratmış və ona böyük təsir göstərmişlər. Roma mühəndisliyi, xüsusən də binaların tağlı tikintisi, qladiator döyüşləri, araba yarışları və bir çox dəfn mərasimləri etrusklardan qalmadır.

Etruskların mənşəyi

    Eradan əvvəl IX əsrdən etibarən Romadan əvvəlki İtaliyada yaşamış güclü yerli xalq kimi qədim etrusklar Qərb sivilizasiyasında öz bədii izlərini qoymüşlar. Ancaq əsrlər boyu onların sirli dili və mədəniyyəti ilə bağlı suallar tarixçiləri və arxeoloqları çaşdırıb. Bunun bir səbəbi, funksional yazılardan və dəfn mətnlərindən başqa, demək olar ki, onların heç bir ədəbi qeydinin günümüzə qədər gəlib çatmamasıdır. Ancaq nəfis tunc güzgülərdən və incə qızıl zərgərlikdən tutmuş, heykəltəraşlıq və xarakterik saxsı məmulatlara qədər çoxlu artefaktlar müasir dövrümüzə qədər gəlib çatmışdır. Bu bədii ipuçlarını araşdıraraq, müasir bəşəriyyət nəhayət, bu insanların həqiqətən kim olduğu barədə fikir əldə edə bilərlər. Etrusklar müasir Toskana, Umbria və Latsio ərazisinə qədər uzanan qədim Etruriya boyunca bir neçə müstəqil yaşayış məntəqəsində yaşayırdılar. Bu icmalar (daha böyük yaşayış məntəqələri tez-tez “ Liqa şəhərləri” adlandırılır) ortaq bir dil və mədəniyyəti bölüşürdü, eyni zamanda bir-birindən ayrı idi və zaman-zaman döyüş əməliyyatları aparırdılar. Onların vətəni mis və dəmir kimi təbii sərvətlərlə zəngin idi və e.ə. 750-ci ilə qədər Aralıq dənizi boyunca şəhərlərlə ticarət əlaqələrini inkişaf etdirdilər. Varlı etrusklar Suriyadan, Kiçik Asiyadan və xüsusilə Yunanıstandan ən yaxşı dəbdəbəli əşyaları idxal edirdilər. E.ə. 575-ci ilə qədər yunan sənətkarları Etruriyada məskunlaşdılar və etruskların məhsullarına olan tələbatına görə orada emalatxanalar qurdular. İndiyə qədər aşkar edilmiş yunan vazalarının ən yaxşı nümunələrindən bəziləri etrusk məzarlarında tapılmışdır. Eradan əvvəl VIII-VI əsrlərdə İtaliya tayfalarına böyük təsir göstərən etrusklar olmuşlar. Etrusklar özlərini Rasenlər, ümbrlar tusklar, latınlar isə onları etrusk adlandırmışlar. Görünür ki, onların yerləşdiyi ərazinin indiki adı Toskana da bununla əlaqədardır. Qədim yunanlar onları tirrenlər adlandırmışlar. Tarixçilər Tirren dənizinin adını da etrusklarla bağlayırlar. Mövcud qaynaqlara əsasən demək olar ki, etrusklar VIII-VI əsrlərdə başlıca olaraq əkinçiliklə məşğul olmuşlar. Suvarmadan geniş istifadə edilmişdir. Qazıntılar zamanı tapılmış hərbi araba, çoxlu metal silahlar sənətkarlığın tərəqqi etdiyini göstərir. Etrusklar xüsusilə tuncdan məmulatlar qayırmaqda çox mahir idilər. Etrusk şəhərlərinin çoxu böyük nəsillərin adları ilə bağlı olmuşdur. Məsələn, Tarkvini şəhəri böyük Tarkvinilər nəsinin (Tarxna) adı ilə bağlı idi. Bir əfsanəyə görə Tarxna adlı qəhrəman 12 etrusk şəhərinin əsasını qoymuşdur. Tarixçi akademik N.A. Maşkin yazır ki, ali hakimiyyət (impeium) anlayışı da romalılara etrusklardan keçmişdir. Etruskların haradan gəlməsi məsələsi ətrafında tarix elmində mübahisələr indiyədək davam edir. Hələ antik tarixçilərdən Heradot, Strabon, Böyük Plini və Tasit etruskların Lidiyadan (Kiçik Asiya) gəldiyini göstərmişlər. Son vaxtlarda etrusk tarixinin dərin öyrənilməyə başlanılması ilə əlaqədar olaraq, etruskların mənşəyi problemi xüsusi elmi maraq doğurur. Təqribən 1880-ci illərdə İtaliya etruskşünası Mesimo Pallatino etruskların dağıdılmış İlion şəhərindən gəldiklərini yazmışdır. Alimlərin əksəriyyəti etruskların Şərqdən gəlməsini fərz edirlər. Ümumiyyətlə, etruskların şərq mənşəli olması fikrini təsdiq edənlər çoxdur. Belə fikirdə olanlardan biri də ingilis alimi Dempsterdir. Bir sıra het abidələrinə əsaslanaraq, tarixçi Noqara etruskların hetlərlə qohumluğunu irəli sürmüşdür. 1885-ci ildə fransız arxeoloqları Kuzen və Djurbax Lemnos adasında Kampaniya kəndi yaxınlığında yazılı qəbir daşı tapmışdılar. Yazı yunan hərfləri ilə tərtib olunsa da dil, yunan dili deyildi. Bu yazının etrusk dilində yazıldığı qeyd edilir. Daşın üstündə əlində nizə və qalxan tutmuş adam şəkli də vardır. Qeyd etmək lazımdır ki, alimlər etrusk adları ilə Kiçik Asiya yer adları arasında qəribə oxşarlıq olduğunu yazırlar. Bunlar etruskların Kiçik Asiyadan gəlmələrini deməyə müəyyən əsas verir.

Etrusklar və erkən Roma

Roma tarixinə dair ədəbiyyatda Romanın ən qədim dövrü  (e.ə. 753-e.ə.509) padşahlıq dövrü adlanır. Rəvayətdə deyilir ki, Roma şəhərinin adı üstündə Rem və Romul qardaşları arasında mübahisə düşür. Qardaşlar qərara gəlirlər ki, dərin bir xəndəyin üstündən atılsınlar. Kim atıla bilsə, şəhər də onun adına olsun. Qardaşlardan Romul atıla bilir. Rem isə xəndəyə düşüb ölmüşdü. Beləliklə, şəhər Romulun adı ilə Roma adlanmışdı. Eradan əvvəl VI əsrdə Roma padşah tərəfindən idarə olunan böyüyən bir şəhər yaşayış məntəqəsinə çevrildi. Roma şəhərinin 3 padşahı, Lusi Tarkvini Prisk, Servi Tulli və Təkəbbürlü (Superbus) Tarkvini   o dövrdə İtaliyada Etruriya gücünün bariz simvolu olan etrusk mənşəli idilər. Etrusk padşahlarının dövründə Roma iqtisadi və hərbi cəhətdən qüdrətli bir şəhərə çevrildi.  Lakin bu üç padşah da öz uğurlarının qurbanı oldular və eradan əvvəl 509-cu ildə Romada monarxiya devrildi və respublika (“res” , “publika” yəni “ ümumxalq işi”, “res- iş”; “publika -xalq”)  quruldu. Romanın qüdrəti artdıqca genişlənməyə, qonşu qəbilələri və şəhərləri fəth etməyə və özünə birləşdirməyə başladı. Sonrakı iki yüz il ərzində bütün Etruriya romalıların nəzarətinə keçdi.

Dil

 Etrusk dilinin sirri bir çox  əsrlər boyu davam etmişdir. Onun mürəkkəbliyini anlamaqda yalnız son bir neçə onillikdə müəyyən irəliləyiş əldə edilmişdir. Bəzi mətnləri əsasən onların kontekstindən başa düşmək olar. Bununla belə, etruskların qrammatikası və lüğəti haqqında müasir biliklər məhduddur. Şeirlər və ya məktublar kimi heç bir ədəbi mətn qalmamışdır, lakin XIX əsrdə Misir mumiyasında kətan parça üzərində etrusk yazısı aşkar edilmişdir. Əsrarəngiz tapıntı, “Kətan Kitabı” kimi tanınan, mövcud olan ən uzun etrusk mətnini ortaya çıxardı. Mətnin çox hissəsini dəqiq oxumaq mümkün deyil, lakin tarixlərə və müxtəlif tanrılara istinadlarla bir növ dini təqvim kimi görünür.

Din

Antik tarixçilərin çoxu etruskların dini ayinlərə böyük hörmət göstərdiklərini yazırlar. Etrusk dinində axirət dünyası və cəhənnəm məhkəməsinə inam böyük yer tuturdu. Xaron onlarda Əzrail sayılırdı. O, guya gözlərini hər tərəfə çevirər və hər şeyi görərmiş. Əlindəki balta ilə öz qurbanlarını öldürərmiş. Yer altı dünyada qəzəbli (qara rəhgdə) və rəhimli (ağ rəngdə) iblislər ölüləri mühakimə edərmişlər. Qəbirlər və qurbangahlardakı dizaynlardan insan bilir ki, onlar müxtəlif tanrılara və ilahələrə inanırdılar. Etruskların ən böyük allahı Tin/Tiniya ( bəlkədə Tanrı) sayılırdı. Uni onun həyat yoldaşı idi. Onların qızı Menrva, müharibə, incəsənət və müdriklik ilahəsi idi. Onların adı ilə əlaqədar olan dini əfsanələrin ayrı-ayrı səhnələrini əks etdirən çoxlu əşyalar tapılmışdır. Etrusk kahinləri təbiətin verdiyi işarələri şərh etmək sənəti olan falçılıqla da  məşğul olurdular. Məsələn, hər bir ictimai tədbir qurbanlıq heyvanın qaraciyərinin müayinəsi ilə başlayırdı. Bu mərasimlərdə istifadə olunduğu güman edilən yazılı tunc şablonlar tapılmışdır. Bu təcrübə sonralar romalılar tərəfindən qəbul edilmişdir.

İncəsənət

Etrüsk mədəniyyəti,  dulusçuluq,  heykəltəraşlıq, zərgərlik və bürüncdən olan bədii maddi mədəniyyət abidələri ilə məşhurdur. Eradan əvvəl VI əsrdən başlayaraq etrusk sənətkarlarının istifadə etdiyi üslub və naxışlar da yunan mədəniyyətinin Etruriyaya açıq təsirini vurğulayır. Eradan əvvəl VIII əsrə aid terrakota obyektlərinin ən erkən nümunələrindən biri ölülərin yandırılmış küllərini saxlamaq üçün qablardır. Bu cəlbedici kremasiya qabları ölülərin ruhları üçün təhlükəsiz bir sığınacaq təmin etdiyi düşünülən bəzən bəzədilmiş divarları və çıxarıla bilən qapıları olan kiçik evlər şəklini alır. Qabların o dövrün evlərinin və müqəddəs tikililərinin miniatür variantlarını təmsil etdiyinə inanılır. E.ə. VII əsrdə bucchero kimi tanınan fərqli və unikal etrusk qab forması meydana çıxdı. Bucchero məmulatları xüsusi atəş prosesində əmələ gələn parlaq qara və ya boz səthi ilə seçilir. Dekorativ və sonradan yunan dulusçuları tərəfindən təqlid edilən bucchero qablar etrusk qəbirlərində çoxlu sayda tapılmışdır. Göründüyü kimi, bu cür yeməklər elita tərəfindən xüsusilə sevilmiş və həm güc, həm də sosial status simvolu idi. Etrusk sənətkarları həmçinin tuncdan hazırlanmış məmulatları, xüsusən də dekorativ güzgüləri ilə məşhur idilər. Etrusk qəbirlərində çoxlu sayda güzgü tapılıb və görünür, onlar həm qadınların, həm də kişilərin qiymətli əşyası olub. Güzgünün bir tərəfi cilalanmış və ya gümüşlə örtülmüşdür ki, ona əksedici keyfiyyət verirdi. Yunan mifologiyasından təfərrüatlı səhnələrə bu güzgülərin çoxunda rast gəlmək olar ki, bu da mədəni təsirin başqa bir əlamətidir. Güzgülər təkcə praktiki deyil, həm də simvolik məqsədə xidmət edirdi. Onlar adətən toy hədiyyələri kimi verilirdilər və beləliklə, həm sentimental, həm də pul dəyəri olan obyektlərə çevrilirdilər. Etruskların bəlkə də ən diqqətəlayiq bədii nailiyyəti onların qızıl işlərində və zərgərliklərində tapıla bilər. Etrusk zərgərləri qranulyasiya və filigran sənətində xüsusilə mahir idilər və hətta yunan həmkarlarını da üstələyirdilər. Qranulyasiya kiçik metal qranulların əmələ gəldiyi və sonra dizayn yaratmaq üçün səthə tətbiq olunduğu bir prosesdir. Filigran nazik metal məftillərdən mürəkkəb naxışlara çevirmək sənətidir. Hər iki üsul e.ə. VII əsrdən etibarən etrusk zərgərliklərində geniş yayılmışdı və nəfis nümunələr Şimali Fransadan Levanta qədər hər yerdə tapılmışdır. Bu gün dünyanın ən yaxşı etrusk zərgərlik kolleksiyalarından birini Romada Vatikan muzeyində  görmək olar.  

      Bütün bunlara əsaslanaraq aydın olur ki, etrusklar gözəl əşyalardan və dəbdəbəli materiallardan həzz almağı bacaran bir xalq olmuşlar. Etruskların türk dilli olmaları məsələsinə gəlincə göstərilən qaynaqları araşdırdıqca buna tam əmin almaq mümkündür. Müasir cəmiyyətin onların dilini və dini adətlərini çətin başa düşməsinə baxmayaraq, çoxları onların zəngin və mürəkkəb mədəniyyətini, eləcə də xarici aləmdən aldıqları təsirləri qiymətləndirə bilirlər. Bir şey heç şübhəsizdir ki, etruskların bədii irsi geridə qoyduqları maddi mənbələrin zənginliyində əbədi olaraq yaşayacaq.

İstifadə edilmiş ədəbiyyat və resusrlar:

1.N.A. Maşkin. Qədim Roma tarixi. M., 1948 (rus dilində)

2.Y.A. Həsənov. Qədim Roma tarixi. Bakı 1975

3.https://web.archive.org/web/20170111102236/https://ru.wikipedia.org/wiki/Этруски

4.https://kulturologia.ru/blogs/120121/48669/

Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü

İstinad:

https://multiurok.ru/files/etrusklar-v-onlarin-m-ns-yi.html

 


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.