Hiksoslar kimlərdir və qədim dünyanın ən güclü ordularından birinin yaradılmasına necə kömək etmişlər

 

E.ə. XVIII əsrin sonunda Şərqdən Misirə naməlum bir tayfa basqın edərək, onu işğal edir. Manafon bu tayfanı “hiksos” adlandırmışdır. Hiksos hökmdarları özlərini “ Xekay xasıt”, yəni “Yad ölkələr hökmdarları”, yaxud “Səhralı ölkə hökmdarları” ((Misir dilində: hekau-çasut) adlandırmışlar. Ehtimal edilir ki, hiksos sözü də buradan yaranmışdır. Antik müəlliflər bu tayfa adını “çobanların hökmdarları” kimi mənalandırmışlar. Hiksoslar müxtəlif köçəri tayfalardan ibarət idilər. Hiksoslar Şimali Misirdə məskən saldılar və hiksos hökmdarları da firon rütbəsini daşıyırdılar. Bəzi mənbələrdə hiksosların Misirdəki hakimiyyəti müxtəlif illərlə göstərilir, lakin təqribən 150 il (e.ə. 1710-e.ə.1560)  qəbul edilimişdir. Böyük Hiksoslar adlanan ilk hökmdarlar Misiri XV sülalə kimi (e.ə. 1680-ci ildən) idarə etmişlər və hətta hökmləri Fələstinə qədər çatdılar. Daha sonra eradan əvvəl 1580-ci ildən hakimiyyətdə olan Kiçik Hiksoslar (XVI sülalə) ölkənin şimal hissəsinə birbaşa nəzarət edirdi.

Hiksos işğalı Misir ordusunu səmərəli döyüş maşınına çevirdi. Hiksoslara qarşı uzun yürüşlər zamanı Misir ordusu üstün döyüş strategiyasından istifadə etməyi öyrəndi və düşmənlərinin çox üstün silahlarını mənimsədi. Dəbilqələr, qalxanlar, tunc oraq formalı qılınclar (kopeş), atçılığın inkişafı və döyüş arabalarının tətbiqini misirlilər hiksoslardan öyrəndilər. Hiksosların istilası nəticəsində Misir könüllü siyasi təcriddən çıxıb fəth yoluna qədəm qoydu (Yeni şahlıq dövrü). Misirin on yeddinci və xüsusilə on səkkizinci sülalədən (e.ə. 1562 - 1308) hökmdarları, sərəncamında çoxsaylı muzdlu qoşunların dəstəklədiyi yenidən təşkil edilmiş orduya və fəth edilmiş Nubiyadan qızıl ehtiyatlara malik olaraq Fələstini, Finikiyanı və Suriyanı fəth etməyə başladılar.

Misirin qüdrətinin zirvəsi bir sıra qalibiyyətli hərbi yürüşlər zamanı Fərat çayına çatan, Suriya şəhərlərinin koalisiyasını məğlub edən  III Tutmosun (e.ə. 1491 - 1436) hakimiyyəti dövrünə düşür. Yeni fəth edilmiş ərazi qismən Misir canişinləri tərəfindən idarə olunurdu. Qalan ərazilər vassallığa verilirdi. Yerli hökmdarlar uşaqlarını Misirdə böyütmək üçün girov göndərməyə məcbur idilər. Gələcəkdə onlar Misir hökmdarlarının əlində əlverişli alətə çevrilməli idilər. Lakin fəth edilən ərazilərdə möhkəm mövqe saxlamaq asan deyildi və Misir bir əsrə yaxın Yaxın Şərqdə liderlik üçün Het dövləti ilə mübarizə aparmalı oldu.

Misir-Het mübahisəsi II Ramzesin dövründə (e.ə. 1291 - 1224) Kadeş döyüşü (e.ə. 1286) ilə yekunlaşdı və bu, mübahisəli ərazilərdə nüfuzun bölünməsinə səbəb oldu.

İstifadə edilmiş resurslar

1.Y.Yusifov. Qədim Şərq tarixi. Bakı 1993, səh.169-172

2. http://bit.ly/43rY88a

Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü

İstinad:

https://multiurok.ru/files/hiksoslar-kiml-rdir-v-q-dim-dunyanin-n-guclu-ordul.html

 


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.