Het dövləti Anadolunun (Ön Asiya) şimal-şərq hissəsində
Halis (indiki Qızıl İrmaq) çayının hövzəsində meydana gəlmişdir. Anadolu Qara,
Mərmərə, Egey və Aralıq dənizləri ilə əhatə olunmuşdur. Anadolunun bu əlverişli
coğrafi mövqeyi şərq və qərb arasında ticarətin inkişafına şərait yaradırdı. Buranın
qədim əhalisi heç şübhəsiz ki, türkdilli xalqlar olmuşlar. Bu əraziyə het
tayfalarının e.ə. III minillikdən də əvvəl gəldikləri barədə məlumatlar vardır.
Misir yazılarında het adı “heta”, Tövratda “hitti” şəklində əks olunmuşdur. Het
tarixi üzrə mənbələr arxeoloji qazıntılar zamanı əldə edilmişdir. İlk arxeoloji
qazıntılar XIX əsrin II yarısında başlanmışdır. Bu zaman Türkiyənin ərazisində
Ankaranın 150 km-də Boğazköy xarabalıqları və Şimali Suriyadakı Zəncirli kəndi
yaxınlığında abidə tədqiq edilmişdir. Het dövlətinin qəti formalaşması Het
hökmdarı Labarna (Tabarna)
(e.ə.1680-e.ə.1650) dövrünə düşür. Ehtimal edilir ki, Labarna ad, Tabarna isə
rütbə mənasında işlənmişdir. Qeyd etmək lazımdır ki, bu hökmdarların Qədim Azərbaycan
dövləti Mannanın Qızılbunda vilayətinin hökmdarları ilə qohumluq əlaqələri də
olmuşdur. E.ə. XV əsrdə hurri tayfalarının Anadoluya yürüşləri ilə əlaqədar Het
dövləti tənəzzül dövrü keçirirdi. E.ə. XIV əsrdə Het hökmdarı I Suppilulimun
(e.ə.1380-e.ə.1340) hakimiyyəti dövründə bu dövlət yenidən Ön Asiyanın ən qüdrətli
dövlətinə çevrildi.
Hetlərin
yaşadığı ərazidə əkinçilik və maldarlığın inkişafı üçün olduqca münasib şərait
vardı. Het cəmiyyətinin hakim təbəqəsi azallar adlanırdı. Het qanunları olduqca
hüquqi cəhətdən əsaslandırılmış qanunlar idi. Hetlərdə çox allahlılıq mövcud
olmuşdur. Tufan allahı Tari ( Tanrı) hesab olunurdu.
E.ə. XII əsrdə “Dəniz xalqları”nın basqını
ilə Het dövlətinin varlığına son qoyuldu. Təxminən e.ə. 1200-cü ildə Het dövləti
tamamilə süquta uğradı. Het dövlətinin süqutundan sonra Anadoluda bir sıra dövlətlər
yarandı. Bunlardan biri Frikiya idi. Yunan əfsanələrinə görə, Frikiya dövlətinin
əsasını Qordi qoymuşdur. “Qordi düyünü” anlayışı onun adı ilə bağlıdır. Guya
hökmdar Qordi arabasının boyunduruğunu yabanı gilas lifi ilə elə bağlamışdı ki,
əsrlər boyu onu heç kim aça bilmirmiş. Əfsanəyə görə kim bu “Qordi düyünü”nü açsaymış,
o, Asiyanın sahibinə çevriləcəkmiş. Makedoniyalı İsgəndər Şərq səfəri zamanı bu
düyünü açmaq əvəzinə, qılıncla yarıya bölmüş və bundan sonra Asiyanı işğal etmək
ona müyəssər olmuşdu. E.ə. VII əsrdə Frikiya dövləti öz varlığını itirdi. Frikiya
torpaqları Lidiya dövlətinin tərkibinə qatıldı.
Het ordusunun təşkili, sayı, ənənələri, hərbi
kampaniyadan əvvəl kəşfiyyat və təxribat işləri
Hetlər hərbi yürüşlərini çox dəqiqliklə
hazırlayardılar. Yaxşı inkişaf etmiş casus şəbəkəsi düşmən qüvvələri və döyüşlərin
getdiyi ərazi haqqında mühüm məlumatlar verirdi. Doğrudan da, ərazinin düzgün
seçilməsi ordunun əsas silahı olan döyüş arabalarından istifadə edə biləyəcəyini
müəyyənləşdirir. Hetlər həm də pusqu qurmağı, cinah yürüşləri etməyi və lazım gələrsə,
gecələr hərəkət edərək düşməni çaşdırmaqda mahir idilər. Həlledici toqquşmadan əvvəl
düşməni zəiflətmək üçün hetlər fəal şəkildə təxribat işləri aparırdılar.
İnfeksiya və xəstəliklərin yayılması üçün xəstə heyvanlar və insanlar düşmən ərazisinə
aparılardı. O dövrdə təsirli dərmanlar və ya antibiotiklər yox idi. Odur ki,
uğurlu əməliyyatla, bütün qarnizon Het yürüşünün əvvəlində yararsız hala düşə və
ya çox zəiflənə bilərdi.
Ordunun ümumi quruluşu və tərkibi
Het
ordusu əvvəlcə piyada birlikləri tərəfindən dəstəklənən döyüş arabaları ətrafında
qurulurdu. Əsas Xet ordusu paytaxt Hattusda (yaxud Hattuşda) yerləşirdi. Peşəkar
qoşunların bir qismi köçəri xalqların ölkə sərhədlərinə doğru irəlilədiyi
xüsusilə ölkənin şimal hissəsindəki qalalarda daimi yerləşdirilmişdi. Peşəkar
döyüşçülər yerli hetlərin yaşadığı əyalətlərin
başçıları tərəfindən seçilən könüllülər və ya işə götürülənlər idi. Peşəkar
döyüşçüləri tamamlayan lu-qistukullar (“silahlı adamlar”), silahdan istifadəyə
öyrəşmiş kəndlilər, ehtiyac yarandıqda orduya çağırılırdılar. Sülh dövründə
ordu polis qüvvəsi kimi, eləcə də dini və ya milli bayramların şərəfinə ictimai
işlər və paradlar üçün istifadə olunurdu. Hetlərin gücü dövlətlərini əhatə edən
ittifaqlar sistemində idi. Fəth edilmiş xalqlar, bir qayda olaraq, müstəqilliklərini
tamamilə itirmirdilər. Onlar xərac ödəmək, xarici siyasəti qadağan etmək və
qoşun, adətən piyada qoşunları təmin etmək üçün müqavilələrlə bağlı idilər.
Vassal qoşunları Xet dövlətinin hərbi qüvvələrinin demək olar ki, yarısını təşkil
edirdi. Hərbi yürüşlərin 5000 ilə 10.000 əsgərdən ibarət ola biləcəyi təxmin
edilir. Ekstremal şəraitdə ordunun sayı 30.000 əsgərə çatırdı (məsələn,
eramızdan əvvəl 1280-ci ildə Kadeşdə Misir ordusuna qarşı bu qədər əsgər
döyüşmüşdür). Dövlət əyalətlərə bölünürdü, het qoşunları hökmdarın ciddi nəzarəti
altında olan canişinlərin komandanlığı altında yerləşdirilirdi. Əyalətlərdə
qoşunların bütün hərəkətləri hökmdar tərəfindən idarə olunurdu.
Het döyüşçülərin andı
Hökmdarın ordu üzərində nəzarəti əsgərlər tərəfindən verilən xüsusi bir and növü ilə daha da gücləndirilmişdi. Onlar özləri ilə qadın paltarları gətirər, hökmdar və ailəsinə tam sədaqət and içərdilər. Əgər and pozulardısa, döyüşçülər həmişə and üçün gətirdikləri qadın paltarında gəzməli idilər. And içən əsgərlər özlərini tilsimlərlə hədələyərək hərbi andını “Belə olsun!” nidası ilə tamamlayardılar. Təsadüfi deyil ki, orduda üsyanlar digər ölkələrin orduları ilə müqayisədə çox nadir hallarda baş verirdi.
İstifadə edilmiş ədəbiyyat və resurslar:
1.Y.Yusifov. Qədim Şərq tarixi. Bakı 1993, səh.
228-249
3. https://multiurok.ru/files/het-dovl-ti-v-het-ordusu.html
Hazırladı: Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər
T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim”
müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən
yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika
“Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə)
təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin
(2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik
vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin
üzvü