1957-ci il sentyabrın 1-i. 7 yaşına çatmışdım. O zaman Əli Bayramlı şəhər deyil, rayon mərkəzi idi. Səhv etmirəmsə, rayonun özündə yalnız bir məktəb vardı-1 nömrəli məktəb. Özü də K.Y. Voroşilovun adını daşıyırdı. Böyük qardaşlarım Hafiz həmin məktəbdə orta təhsilini başa vurub ali təhsil almağa, İnqilab isə Bakıya texnikumda oxumağa getmişdilər. 2 nömrəli məktəb hələ tikilməkdə idi.
Atam
Nurağa müəllim Küdəcühür kənd məktəbinin direktoru olduğundan səhər tezdən iş
başında idi. Evdar qadın olan anam İzzət əlimdən tutub məni məktəbə apardı. O
zamanlar şagirdlər xüsusi məktəb forması geyinərdilər. Oğlanlar başlarına “O
olmasın, bu olsun” kinokomediyasındakı Sərvərin furaşkasına bənzər furaşka
qoyardılar. Tək-tək uşaqlarda mağazadan alınma çanta olardı. Onu da haradansa
tapıb gətirərdilər. Adətən analar parçadan öz uşaqları üçün çanta tikər, ona
cib də qoyardılar. Həmin cibdə mürəkkəbqabı gəzdirilərdi. İndiki kimi diyircəkli
qələmlər də yox idi. Avtomat qələm az tapılardı, o da müəllimlərdə olardı. Tələb
belə idi ki, yazılar ucuna pero taxılmış qələmlə, mürəkkəbə batırılaraq
yazılsın. Mürəkkəbqabı və belə qələmlərlə ehtiyatla davranmaq lazım gəlirdi.
Bir də görürdün, mürəkkəbqabı aşıb ya çantanı, ya da partanı mürəkkəbə boyadı.
Bir çox hallarda qələmin ucundan dəftərə mürəkkəb düşür, bütün zəhmətini puça
çıxarırdı.
Məktəbin həyətində çoxlu uşaq və
böyük yığışmışdı. Meydanın ortasında dayanmış dolubədənli, saçlarını geriyə
daramış kişi əl-qolunu ölçür, nə isə deyirdi.
Bir neçə nəfər onu əhatə etmişdi.
Həmin kişinin üzü mənə tanış gəldi. Fikir verib gördüm ki, qonşumuzdur. Odur ki
anamdan soruşdum:
-O
kişini tanıyıram. Bizim qonşuluqda olur. O burada nə edir?
Anam
gülərək:
-Gəncəli
müəllim bu məktəbin direktorudur. Yanındakılar da müəllimlərdir. Gələcəkdə sənə
dərs deyəcəklər. İndi sənin yalnız bir müəllimin olacaq.
Anam əlinin işarəsi ilə sağ tərəfdə
qadınların və uşaqların əhatəsində olan qadını göstərərək:
-Bax sənin müəllimin o qadındır. Nəsibə
müəllim.
Anam bunu deyib əlimdən tutaraq çəkdi
və xoşsimalı, səliqə ilə geyinmiş müəllimə yaxınlaşdı:
-Nəsibə
xanım, yeni dərs iliniz mübarək! – dedi.
Nəsibə
müəllim də öz növbəsində:
-Xoş
gördük, - deyə cavab verdi. – Haqqında danışdığın bu qoçaqdır?! - dedi. Sonra başımı sığallayıb soruşdu. –
Necəsən, oğlum? Mənim sinfimdə oxuyarsan?
Anam evdə Nəsibə müəllim barədə mənə
danışmışdı. Hamı onu tərifləyir, yaxşı, savadlı müəllim olduğunu deyirdi. Odur
ki, Nəsibə müəllimin sualına cavab olaraq başımla razılığımı bildirdim. O,
gülüb dedi:
-Oğul,
suala başla cavab verməzlər. Xüsusən böyüklərlə danışanda…
Dərhal
başa düşüb:
-Bəli,
- dedim.
-Bax
belə.
Nəsibə
müəllim ilk baxışdan qəlbimə yatdı. Onu birinci dəfə görməyimə baxmayaraq,
sanki çoxdan tanıyırdım və indi elə bil ki, doğma və əziz adamıma rast gəlmişdim.
Nəsibə
müəllim bizi sıraya düzüb sinfə apardı. Uşaqların demək olar ki, hamısı, o cümlədən
mən də bir anlağa anamızdan ayrıldığımıza görə qəribsədik. Dönüb geriyə baxdıq.
Mənim
ilk dərsim, birmərtəbəli məktəb binasının bir küncündə yerləşən sinif otağında
beləcə başlandı.
Nəsibə
xanım Qurbanova o zamanlar təxminən 30 yaşlarında olardı. 1 nömrəli məktəbdə
uzun müddət işləyib təqaüdə çıxdı, xeyli illərdir dünyasını dəyişib. Həyat
yoldaşı Böyükağa Qurbanov orta məktəbdə, Əli Bayramlı (Hazırda Şirvan şəhəri)
Pedaqoji Məktəbində riyaziyyat müəllimi işləyirdi. Geniş dünyagörüşə, savada,
yüksək intellektual səviyyəyə malik idi. Stalin rejiminin ağrı-acısını çəkmiş,
həbsdə və sürgündə olmuşdu.
Nəsibə
xanımla Böyükağa müəllimin Həqiqət adlı qızları və daha iki qızı vardı.
1
nömrəli məktəbdə cəmi üç il oxudum. 1 nömrəli məktəbdə sıxlıq, 2 nömrəli məktəbdə
isə şagirdlərin sayı az idi. Odur ki, bəzi sinifləri 2 nömrəli məktəbə keçirdilər. Ayrılmaq istəməsək
də, bizi də həmin məktəbə dəyişdilər.
Xoşbəxtlikdən sinif müəllimimiz Ənvər
Xanmədov yaxşı müəllim idi. Təcrübəli, qabaqcıl müəllim kimi uzun illər səmərəli fəaliyyət göstərdi.
O zamanlar uşaqdıq. Nəsibə müəllimin
hansı nailiyyətlərinə görə fərqləndiyi barədə fikir yürütmək bizim imkanımız
xaricində idi. O, əməkdar müəllim idi. Heç bunun nə demək olduğunu və nəyə görə
ona bu adın verildiyini bilmir və bu barədə, ümumiyyətlə, fikirləşmirdik. Onu
bilirdik ki, bizim Nəsibə müəllim hamıdan ağıllı, hamıdan savadlı, hamıdan gözəl
idi. Yaxşı müəllim idi, bizim qayğımıza qalırdı, bilmədiklərimizi, yaxşı
anlamadıqlarımızı səbir və təmkinlə başa salırdı, yaxşı oxumayan uşaqlarla əlavə
məşğul olurdu. O, bizə tapşırardı ki, hər yerdə – evdə, küçədə, məktəbdə, kino və
teatrda, parkda nümunəvi davranaq, böyüklərə hörmətlə yanaşaq, ata-anamızın
sözünə qulaq asaq, balacaları incitməyək, heyvanlara, quşlara, təbiətə qayğı ilə
yanaşaq.
Çox gözəl öyrətmə metodikası vardı.
Oxu və yazının tədrisini çox bacarıqla qurardı. Xəttimizə fikir verir, başa
sala-sala buraxdığımız səhvləri düzəldərdi.
İndiki kimi yadımdadır. Nəsibə müəllim
əyani vasitələrin köməyilə tədrisi maraqlı və anlaşıqlı qururdu. Valideyn
yığıncaqlarında diqqəti ayrı-ayrı şagirdlərin kəm-kəsirlərini tənqid etməyə
deyil, məktəblilərin təlimdəki və davranışdakı bəzi qüsurların düzəldilməsi ilə
bağlı məsləhətləşmələrə yönəldirdi.
O zamanlar məktəbin dəhlizində,
yaxud həyətində pioner xətləri keçirilirdi. Bu da yadımdadır ki, Nəsibə Qurbanovanın
sinfi – bizim sinif həmişə təriflənir, birinci yeri tuturdu. Həm “Şagirdlər
üçün qaydalar”a əməl etdiyimizə, nümunəvi davrandığımıza, həm də təlim müvəffəqiyyətimizə
görə.
İllər
keçdi. Mən Əli Bayramlı (hazırda Şirvan) şəhər 2 nömrəli məktəbini bitirdim. 1
nömrəli məktəbə gedib əziz müəllimimə – Nəsibə Qurbanovaya bu barədə “hesabat”
verdim. Qiymətlərimlə, hansı ali məktəbə gedəcəyimlə maraqlandı. Uğurlar dilədi.
Azərbaycan Pedaqoji Dillər İnstitutuna (hazırda ADU) daxil oldum. Gəlib bunu
ilk müəllimimə bildirdim. Hədsiz sevindi, xeyir-duasını verdi. 1973-jü ildə
institutu bitirib təyinatımı Sabirabad rayonuna aldım. Vaxtilə Əli Bayramlının
kəndləri olmuş, hazırda Sabirabada baxan və çox da aralıda yerləşməyən
Şıxsalahlı və Qaragünə (hazırda Qaragüney adlanır) kənd məktəblərinə əmrim veriləndə Nəsibə müəllimlə
görüşdüm. Sevindi:
-Çalış
yaxşı müəllim ol, - dedi. Sevimli müəllimimim dediklərinə əməl etdim.
1975-ci
ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutuna
kiçik elmi işçi vəzifəsinə qəbul olundum. Bu barədə Nəsibə müəllimə danışdım. Nəsibə
müəllim son dərəcə məmnun oldu. Sevinci aşıb-daşırdı. Mənə:
-Oğul,
gün o gün olsun ki, elmlər doktoru, professor olasan!
İllər
keçdi. Elmlər doktoru da, professor da oldum. Fəqət ilk müəllimimi sevindirə
bilmədim. Nəsibə Qurbanova artıq həyatdan köçmüşdü. Buna görə kədərlənsəm də, təsəllim
bu oldu ki, onun arzularını həyata keçirə bilmişəm. İndi yəqin ki, onun ruhu
sevinir.
Akif
Abbasov, Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi,
pedaqogika
elmləri doktoru, professor, Əməkdar müəllim
ŞƏKİLDƏ: 1960-cı il. Əli Bayramlı (hazırda
Şirvan) şəhər 1 nömrəli məktəbin III sinfi. Sinif müəllimi Nəsibə xanım
Qurbanova (4-cü cərgədə sağdan 1-ci). 2-ci cərgədə sağdan 2-ci şəxs - III sinif
şagirdi Akif Abbasov.