Novruz bayramında çərşənbələr

 

Novruz bayramının bütöv mifoloji semantikasında xalq meydan tamaşalarından tutmuş, ayrı-ayrı mövsüm atributlarına, kulinar atributlarına qədər bu mifoloji yolun izləri özünü qoruyub saxlayır. Bu yolun bayramaqədərki dörd ilaxır çərşənbələr üzrə nəzərdən keçirilməsi daha məqsədəuyğundur. Məlumdur ki, Novruz bayramına qədər dörd çərşənbə geniş şəkildə qeyd edilir:

1.Su çərşənbəsi

2.Od çərşənbəsi

3.Yel çərşənbəsi

4.Torpaq çərşənbəsi

Bu çərşənbələr insanın 4 ünsürdən yaradılması ilə bağlı dini-mifik görüşləri simvollaşdırır və ritual-mifoloji semantikasında yaradılış prosesini dinamik olaraq işarələyir. Bu aspektlərə ayrı-ayrılıqda diqqət edək.

Su çərşənbəsi

Məlumdur ki, istər qədim türk, istərsə də islami yaradılış haqqında görüşlərdə su ən dominant komponentdir. Hətta yaradılışdan əvvəl bütün varlığın yalnız sudan ibarət olması haqqında qədim türk mifi də mövcuddur. Ümumiyyətlə, dünyanın əksər xalqlarında su ilə bağlı miflərdə süyün bu keyfiyyəti -od, torpaq, hava ilə bərabər yaradılışın əsas komponentlərindən olması daha qabarıqdır. Əslində Novruz bayramının ilk çərşənbəsinin su adı ilə qeyd olunması insanın yaradılış prosesinin ilkin mərhələsinin qeyd olunmasıdır. Su çərşənbəsində xalq arasında bu gün də yaşadılan mərasimlər bu fikri təsdiq etməkdədir. Su çərşənbəsində suyun önəmli mahiyyəti ona inamda bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, sağlamlıq və xoşbəxtlik verən bir sakral inam obyekti kimi çıxış edir. Məsələn, Qurd və su adlandırılan mifdə qurdun yaralanmış balası buz bulağın suyunun sakral-mifik gücü ilə yenidən həyata qayıdır. Mifik planda suyun bu yaradıcılıq, həyatvericilik funksiyası onun daha dərin mifoloji qatlarda insanın yaranmasında iştirak edən dörd ünsürdən biri olması ilə əlaqədardır. Azərbaycan folklorunda, eləcə də türk xalqlarının folklorunda su ilə bağlı sakral görüşlər, inam və sınamlar da bununla əlaqədardır. Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlarımız da “Su, od, hava və torpaq” deyiblər  öz dastanlarında, yəni insan bu ünsürlərlə bağlıdır.

* Birinci su çərşənbəsi adlandırılırdı. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
* İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir dənə şam yandırardılar. Xonçalar düzəldilərdi.
* Üçüncüsü yel çərşənbəsidir. Bəzi bölgələrimizdə çox əziz tutulur. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
* Axırıncısı torpaq çərşənbəsidir. Torpağı ana təbiət - Tanrı  su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Nənələrimiz “Səməni, saxla məni, ildə göyərdərəm səni”- deyib buğda isladardılar.
Bayramınız mübarək əziz həmvətənlər! İliniz uğurlu, süfrələriniz ruzili, canınız sağlam olsun.


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.