Yol
hərəkəti qaydalarına əməl edək, özümüzü təhlükələrdən qoruyaq. Ölkəmizdə bütün
sahələr olduğu kimi, nəqliyyat sahəsi, eləcə də yol infrastrukturu hər zaman
inkişaf edir, yol şəbəkəsi genişlənir, yeni yollar çəkilir. Bu baxımdan yol hərəkəti
təhlükəsizliyinin təmin olunması da əsas amil kimi önə çıxır. Hər bir şəxs hər
gün müxtəlif yollardan istifadə edir. Xüsusilə məktəblilər. Onların təhlükədən
qorunmaq üçün yol hərəkəti qaydalarından xəbərdar olması mütləq vacibdir. Çünki
ani diqqətsizlik, tələsik hərəkət etmə, piyada keçidlərindən düzgün istifadə
olunmaması xoşagəlməz hadisələrə gətirib çıxara bilər. Buna görə də təhlükəsiz
həyat üçün düzgün davranış vərdişlərinin erkən yaşlardan formalaşdırılmasına
başlamaq mühümdür. Təhsil müəssisələrində yol hərəkətinin təhlükəsizliyinin təşkilinə
dair təbliğat-təşviqat, maarifləndirmə tədbirləri hər il təşkil olunur. Tədris
prosesində aşağı siniflərdən 9-cu sinifə
qədər demək olar ki, hər sinifdə bu barədə dərslər keçirilir. Yol mədəniyyəti
haqqında şagirdlərə müəyyən biliklər verilir, yol nişanları, yol hərəkəti
qaydaları öyrədilir. Maarifləndirici video çarxlar, qısametrajlı filmlər vasitəsi
ilə məlumatlar çatdırılır. Bundan başqa, ekskursiyalar təşkil olunur. Məktəblilərə
piyada zolaqlarından, işıqforun rənglərindən, yol nişanlarından necə istifadə
olunması qaydaları izah edilir. Şagirdlər kitabda öyrəndiklərini, eləcə də müəllimin
söylədiklərini əyani formada görüb tədbiq edirlər. Yol hərəkəti qaydalarının, təhlükəsiz
davranış vərdişlərinin uşaq və yeniyetmələrə aşılanmasında təhsil müəssələrində
müəllimlərin oynadığı rolu, həmçinin uşağı ilə birgə gəzməyə gedərkən valideynlər
də oynayır. Kiçik yaşlı uşaqlara yol hərəkəti qaydalarını əyani vəsaitlər üzərində
öyrətmək metoduna önəm verilir, çünki balacaların əşyalara, oyuncaqlara marağı
böyük olur və onlar zəruri bilgiləri əşyalar üzərində daha yaxşı anlayır. Texnologiyanın
inkişaf etdiyi müasir dünyada uşaqlar rəqəmsal oyunlardan istifadə etməklə yol
hərəkəti qaydalarını mənimsəyir, oyunlardakıları gerçəklik kimi görməyə
başlayır. Bir çox qəzet və jurnallar uşaqların diqqətini zəruri mövzuya rəngli
şəkillərlə cəlb edir. Ümumiyyətlə, yol hərəkəti qaydalarını öyrənmək və tətbiq
etmək hamıya lazımdır, çünki həyati təhlükəsizliyimiz bu istiqamətdəki bilgilərimizdən,
məsuliyyətimizdən asılıdır. Yol hərəkəti qaydalarına əməl edək ki, özümüzü bədbəxt
hadisələrdən qoruya bilək! (P.S. Öyrəndiklərinizi istər böyüklərə, istərsə də
uşaqlara izah edin!).
İstifadə
edilmiş resurs:
https://muallim.edu.az/news.php?id=20066