Görkəmli
alim, pedaqoq, Əməkdar elm xadimi, akademik Mehdi Mehdizadənin (1903-1984) təhsilimizin,
elmimizin inkişafında mühüm rolu olub. Müəllimliklə alimlik onun şəxsiyyətində
daim vəhdətdə olub, bir-birini tamamlayıb. Akademik Mehdi Mehdizadə təhsil idarəçiliyi
sahəsində əsl məktəb yaradıb. Böyük pedaqoqun yaratdığı həmin məktəb bu gün də
öz əhəmiyyətini itirməyib. Yanvarın 5-i görkəmli alim, Mehdi Mehdizadənin doğum
günüdür. O, 1903-cü ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olub.
1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib (indiki Azərbaycan Dövlət
Pedaqoji Universiteti) və bir müddət Qaryagin (Füzuli) şəhərində fizika və
riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olub. 1941-ci ildə namizədlik,
1956-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycan Dövlət
Pedaqoji İnstitutunda və digər sahələrdə müxtəlif vəzifələrdə çalışmış Mehdi
Mehdizadə 1961-ci ildə respublikanın xalq maarifi naziri seçilərək səmərəli fəaliyyət
göstərib. O, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü olub. Görkəmli təhsil
qurucusu və təşkilatçısı akademik Mehdi Mehdizadə pedaqogika və təhsilə dair
çoxlu sayda monoqrafiya və məqalənin müəllifidir. Alimin elmi yaradıcılığı əsasən
təlimin təşkili, dərsin qurulması və aparılması məsələlərinə, məktəb və
pedaqoji fikir tarixinin araşdırılmasına həsr edilib. Onun 1960-cı illərin əvvəllərində
Azərbaycan, rus və digər dillərdə çap etdirdiyi elmi məqalələr, kitablar, müxtəlif
ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda söylədiyi məruzələr
Azərbaycan məktəbinin və pedaqoji elminin dünyada tanınmasına təkan verib.
Alimin “Azərbaycan məktəbləri yenidənqurma yollarında”, “Məktəbdə təlim-tərbiyə
işlərinin yenidən qurulması” kitabları, “Təlimin məhsuldar əməklə birləşdirilməsinə
dair bəzi qeydlər”, “Məktəb sisteminin yenidən təşkili məsələlərinə dair qeydlər”,
“Dərsdə şagirdlərin fəallığını artırmaq haqqında bəzi qeydlər” və digər məqalələri
apardığı elmi tədqiqatların nə qədər əhəmiyyətli və çoxsahəli olduğuna dəlalət
edir. Onun “Məktəbdə təlim-tərbiyə işinin yenidən qurulmasının bəzi məsələləri”,
“Azərbaycan xalq maarifi yeni yüksəlişdə” monoqrafiyaları ciddi elmi-nəzəri və
praktik əhəmiyyəti ilə yalnız Azərbaycanda deyil, Sovetlər İttifaqında
elmi-pedaqoji ictimaiyyət arasında maraqla qarşılanıb. Akademik Mehdi Mehdizadə
10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası”nın, Moskvada nəşr olunan
dördcildlik “Pedaqoji Ensiklopediya”nın, ikicildlik “Pedaqoji lüğət”in müəlliflərindən
biri kimi tanınır. Çox məsuliyyətli dövlət vəzifələrində çalışması onu 1930-cu
ildən başladığı elmi-pedaqoji tədqiqatlarından bir an belə ayırmayıb, həmin işləri
ömrünün sonuna qədər sistemli şəkildə davam etdirib, məhz bu cür aydın məqsəd,
ardıcıl səyin, fəaliyyətin nəticəsində respublikamızda pedaqogika elminin
formalaşmasına müsbət təsir göstərib. Onun ölkəmizdə məktəb quruculuğu, təhsilin
məzmunu, təlim metodlarının təkmilləşdirilməsi, tərbiyəvi işlərin, xalq
maarifinin idarə olunmasının səmərəliliyinin artırılması sahəsindəki tədqiqatları
pedaqoji ictimaiyyət arasında geniş yayılıb, onların nəticələrinin tətbiqi təhsil
sistemimizə böyük fayda verib. Həyatının son illərində tamamladığı “Məktəb və məktəbli
şəxsiyyətinin hərtərəfli inkişafı”, “Azərbaycanda məktəb təhsilinin və pedaqoji
fikrin inkişafı” əsərləri görkəmli alimlər tərəfindən yüksək qiymətləndirilib. Görkəmli
pedaqoqun ən böyük xidmətlərindən biri Azərbaycanda məktəb tarixinin 1920-ci
ildən sonrakı dövrünün öyrənilməsi ilə bağlıdır. Xüsusilə ötən əsrin 20-30-cu
illərindəki təhsil quruculuğu axtarışları, birinci və ikinci dərəcəli məktəblərdən
vahid əmək, politexnik məktəblərə doğru inkişaf, müxtəlif təlim metodlarının tətbiqi,
kompleks proqramlar və digər mühüm pedaqoji məsələlərin həlli onun tədqiqatlarının
aparıcı qollarını təşkil edir. Akademik Mehdi Mehdizadənin yüksəkixtisaslı
elmi-pedaqoji kadrların hazırlanmasında böyük xidmətləri olub, onun rəhbərliyi
ilə neçə-neçə namizədlik və doktorluq dissertasiyaları müdafiə edilib. O, eyni
zamanda, Moskva, Tbilisi, Bakı və digər şəhərlərin elmi şuralarında müdafiə
edilən onlarca namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti
olub. Xalq maarifinin və pedaqogika elminin aktual məsələləri ilə əlaqədar
böyük əhəmiyyət daşıyan tədbirlərin təşkilində həmişə fəal iştirak edib, dərin
məzmunlu mühazirələr oxuyub, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxtəlif
komissiyalarına bacarıqla rəhbərlik edib. Səmərəli xidmətlərinə görə akademik
Mehdi Mehdizadə dəfələrlə yüksək mükafatlara layiq görülüb. Görkəmli alim və
pedaqoq Mehdi Mehdizadə 1984-cü ildə dünyasını dəyişib. Nümunəvi həyat yolu
keçmiş bu böyük şəxsiyyətin adı bu gün də ölkəmizin təhsil ictimaiyyəti
arasında fərəhlə, iftixarla xatırlanır, dərin hörmətlə anılır. Qeyd edək ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il oktyabrın 4-də Cəbrayıl şəhərində
akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlini qoyub.
İstifadə
edilmiş resurslar: 1.https://azertag.az/xeber/Boyuk_muellim_ve_tehsil_qurucusu___akademik_Mehdi_Mehdizade-2434331