Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi aparılan
sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu
istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin
gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində
ardıcıl addımlar atılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, əhalinin rifahının qorunması sahəsində tədbirlərin
davam etdirilməsi məqsədilə qərara alıram:
1. Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən
345 manat müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. 10 gün müddətində:
2.1.1. əmək pensiyasının minimum məbləğinin 280 manata
çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
2.1.2. sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin
artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə
müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin
aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın
1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. “Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və
“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 dekabr
tarixli 3051 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021, № 12, maddə 1464) 1-ci hissəsi ləğv edilsin.
4. Bu Sərəncamın 1-ci və 3-cü hissələri 2023-cü il yanvarın
1-dən tətbiq edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 yanvar 2023-cü il
MƏNBƏ: https://president.az/az/articles/view/58529