Peşəyə sədaqət insanın xarakteri haqqında çox mətləblərdən
soraq verir. Baxmayaraq ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə,
habelə təhsilə dair bir çox müvafiq normativ sənədlərdə ümumtəhsil məktəbində təhsilin
milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla
fərdin harmonik inkişafına xidmət etməsinə, ümumtəhsil məktəbində təhsil
prosesinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşımasına müəyyən
yer ayrılıb, bununla belə, yumşaq dildə
desək, məktəblərimizdə təlim-tərbiyə işləri planlaşdırılarkən, ayrı-ayrı fənlərin
tərbiyəvi aspektlərinə, məktəbdənkənar və sinifdənxaric tədbirlərin, meyl və
maraq üzrə dərnək və məşğələlərin, elmi cəmiyyətlərin, klub və studiyaların təşkilinə,
onların milli-mənəvi dəyərlər zəminində formalaşmasına yönəlmiş tədbirlərin həyata
keçirilməsinə, habelə uşaq və yeniyetmələrlə iş prosesində mütərəqqi pedaqoji
yanaşmaları əks etdirən formaların tətbiqinə qaneedici diqqət yetirilmir. Təlim
və tərbiyə vəzifələrini vəhdət halında həyata keçrmək üçün isə, hər şeydən əvvəl
heç olmasa klassiklərimiz və müasirlərimizin təlim-tərbiyə haqqında fikirləri
barədə tam dolğun olmasa belə minimum məlumatımız olmalıdır. İndiki dövrdə
maarifçilik missiyası yerinə yetirmək heç də asan deyil. Onun oxucu
auditoriyası əsas etibarilə müəllimlər, təhsil tədqiqatçıları, pedaqoji sahənin
mütəxəsisləridir. Jurnalist Böyükağa Mikayıllını şəxsən tanımazdan öncə, əsərləri
haqqında məlumatlı idim. Diqqətimi cəlb edən bir sıra mühüm məqamlar var idi bu
əsərlərdə. Ən əsası o idi ki, təhsil sahəsi üzrə tədqiqatçılıq yolunu seçən
Böyükağa Mikayıllının yazıları klassik pedaqoji irslə müasir elm, təhsil,
pedaqoji problemləri əhatələyir, oxucuya, belə demək mümkünsə, “qatı açılmamış
mövzular” təqdim edir. Onun son illər çap olunmuş “Dünyanın təhsil mənzərəsi”,
“Sinqapur təhsilinin fəlsəfəsi”, “Yanuş Korçak”, “Bir səma altında”, “Stiven
Hokinq – təslim olmayan adam”, “Dünyanın Kıbrısı, Kıbrısın dünyası” kitabları
dediklərimə əyani sübutdur. Bu kitabların hər birində araşdırılan mövzular,
qaldırılan problemlər Azərbaycanın təhsil və pedaqoji ictimaiyyəti üçün tamamilə
yenidir. Doğrusu, jurnalist dostumuzun bəhs etdiyi mövzular, eləcə də həmin
mövzulara nümayiş etdirdiyi yanaşma bir jurnalistin fəaliyyət dairəsindən xeyli
kənardır, desəm, yəqin ki, Böyükağa Mikayıllının oxucuları məndən inciməzlər.
Bu əsərlərin hər biri elmi-tədqiqat işi səviyyəsində işlənmiş əsərlərdir.
Kitablarla tanış olduğum üçün elə bilirəm ki, fikrimdə yanılmıram.
Bu gün biz müasir dünyanın pedaqoji mənzərəsini, təhsil problemlərini, yeni təhsil tendensiyalarını, qısaca desək, dünya təcrübəsini öyrənməliyik və müəyyən məqamlarda öyrənirik də. Böyükağa Mikayıllının tədqiqatlarında da bu cəhət özünü göstərir, amma fərqli formatda. Bu fərq jurnalistin dünyanın elmi pedaqoji irsi ilə müasir təhsil məsələlərini vəhdətdə təqdim etməsidir. Yəni, düşünmək olar ki, o, bir tədqiqatçı jurnalist olaraq ya müasir təhsil məsələlərini, dünyanın qabaqcıl universitetlərini araşdırar, ya da klassik pedaqoji irsə müraciət edib onları oxucuya təqdim edər. Tədqiqatçı dostumuz tamamilə fərqli tendensiyanı seçir: o, bir tərəfdən böyük elm xəzinəsi Nəsirəddin Tusi, Marağalı Əvhədi, yəhudi əsilli dahi polyak pedaqoqu Yanuş Korçak, Çinin böyük fikir adamları Konfutsi, Men-Tszı, Lao-Tszı, Türk dünyasının böyük elm adamı Yusif Balasaqunlu və onun Qutatqu-Bilik əsəri, Abay Kunanbayev, görkəmli Azərbaycan pedaqoqları Mikayıl Rəfili, Fərhad Ağazadə, Mirzə Kazım bəy, əruzşünas Cəfər Xəndan, dramaturq Cəfər Cabbarlı, bəstəkar Fikrət Əmirov, yazıçı, şair, dramaturq Maqsud Şeyxzadə, onun “Mirzə Uluğbəy” əsəri, akademik Mehdi Mehdizadə, elm xadimi Mirzə Məmmədov, böyük pedaqoq Anton Semyonoviç Makarenko, mütəfəkkir, şair, rəssam Taras Şevçenko, məktəbşünas Zəhra Əliyeva haqqında yazıları ilə oxucunun görüşünə gəlir, digər tərəfdən, Türk dünyasının zəngin fikir qaynağı olan “Bilqamış” dastanını, Namik Kamal, Osman Türkay, Rauf Denktaş, Fazil Kiçik kimi vətən sevdalı şəxsiyyətlərin həyat yolunu, məşhur təhsil tədqiqatçısı Suqata Mitranın. yeni təhsil proqramlarının yaradıcısı Salman Xanın, universitet qurucusu Subra Şureşin, universal-online təhsil platformasının yaradıcısı Valeri Kriçukun, inklüziv tədris mərkəzi qurucusu Vira Remajevskayanın, tanınmış fizik-alim Stiven Hokinqin, onlarla Nobel mükafatçısı olan Kavendış laboratoriyasının qlobal elm, təhsil platformaları haqqında tədqiqatlarını təqdim edir. Nəhayət yazıları ilə dünyanın müasir təhsil sistemləri, qədim və müasir universitetləri, onların keçdikləri inkişaf yolu haqqında əhatəli materiallarla çıxış edir. Jurnalistin elmi-publisistik üslubu da bir tərəfdən ona geniş oxucu auditoriyası qazandırır. Etiraf edim ki, bu yazıların hər birini mən də maraqla oxumuşam və düşünmüşəm ki, nə yaxşı ki, təcrübəsindən bəhrələnməli olan bizim öz mütəxəssislərimiz var. Sərvəti dəryanın dərin qatlarında axtarmayaq, o, bizim öz aramızdadır, əl uzatsaq, çatacaq. Bu əsərlər taftalogiyadan, sözçülükdən tam uzaqdır. Onlar sözün həqiqi mənasında oxucunun gözləri qarşısında müasir dünyanın təhsil sisteminə, klassik pedaqoji irsə pəncərə açır, zəngin məlumat mənbəyi formalaşdırır. Onun yazılarının hər birində bir ideyaya, bir fikrə rast gəlmək mümkündür. Yaxşı hal odur ki, Böyükağa Mikayıllı bu mövzuda olan yazıları ilə daha çox pedaqoji mətbuat orqanlarında çıxış edir.
Müəllifin əsərlərinin bir qisminin xarici dillərə tərcümə edilməsi də həm onun özünün, həm də təhsil mətbuatımızın uğurudur. Yeri gəlmişkən Böyükağa Mikayıllının tədqiqat xarakterli məqalələrinin yer aldığı “Yaradıcılıq axtarışları” və “Müasir dərs, yeni yanaşmalar” kitabını xüsusi vurğulamaq lazımdır. Qabaqcıl pedaqoji təcrübədən bəhs edən bu yazılarla jurnalist unudulmaqda olan bir tendensiyaya – qabaqcıl pedaqoji təcrübənin öyrənilib yayılması tendensiyasına yeni həyat verir. Bununla da Böyükağa Mikayıllı təhsildə, pedaqoji mühitdə zəngin ənənənin yaşamasına, müasir pedaqoji tendensiyaların yayılmasına, müasir ruhlu müəllimlərin tanınmasına, onların mənəvi həvəsləndirilməsinə nail olur. Bu kitablarda respublikanın bir sıra tanınmış, qabaqcıl müəllimlərinin iş təcrübəsi ilə tanış oldum və bu məni sevindirdi. Jurnalistin araşdırmaları arasında rast gəldiyim “Fenomen” adlı məqalə də diqqətimi xüsusilə cəlb etdi. Bu yazı SSRİ Xalq Müəllimi, zəmanəsinin görkəmli məktəbşünası Zahid Şöyübova həsr olunub. Bu yazı ötən əsrin təhsil mühiti ilə tanış olmaq baxımından mühüm əhəmiyyətə malikdir. “Pedaqoji fikir tarixinin öyrənilməsi zərurəti”, “Pedaqoji elm və pedaqoji proses”, “Türk xalqları pedaqogikası tarixinin izi ilə” adlı məqalələri də bu qəbildəndir. Mən, Böyükağa Mikayıllının yaradıcılıq kredosunu təhsil jurnalistikasında yeni tendensiyanın təməli hesab edirəm. O, həm ənənəvi təhsil jurnalistikası məktəbini yaşadır, həm də özünəməxsus tərz yaradır. Maraqlıdır: Böyükağa Mikayıllı universitetlərdən, müəllif məktəblərindən, musiqiçilərdən, elm admlarından, yazıçılardan, şairlərdən, bəstəkarlardan, rəssamlardan da yazarkən, onlara pedaqoji mahiyyət verməyi bacarır. Bunu izah etməyə əlimdə kifayət qədər sübutlar var. Onun tədqiqatlarında həm dünyanı, həm də Azərbaycanı görmək mümkündür.
Mənim üçün,
elə oxucu üçün maraqlı olan cəhət həm də burasıdır ki, o, tədqiq etdiyi
mövzuların arxasınca, minlərlə kilometr məsafə qət etməyə cəsarət tapır,
dünyanın məşhur universitetlərinin arxivlərində, muzeylərində, elmi
laboratoriyalarında araşdırmalar aparır. Bu tədqiqat obyektləri Almaniyanın
Humboldt adına Berlin Universiteti, Berlin Texniki Universiteti, Düsseldorf
Henrix Heyne Universiteti, Praqada Karlovi, Krakovda Yagellon, Quzey Kıbrısda
Girnə Amerikan, Doğu Akdeniz və digər universitetlərdir, elmi tədqiqat mərkəzləridir.
Jurnalist bu universitetləri tədqiq edib oxucuya çatdırmaqla, yüz illərlə yaşı
olan, dünyada tanınan, böyük nailiyyətləri ilə seçilən universitetlərin inkişafına yol açan amilləri
göstərir, universitet quruculuğunun təməlində dayanan faktorları sadalayır.
Hansı ki, bu faktorlar təhsil quruculuğu işində böyük önəm daşıyır və bizim ali
təhsil müəssisələri rəhbərləri üçün olduqca önəmlidir. Onun tədqiq etdiyi
universitetlər müasir universitet modelinin özüdür. Mənim diqqətimi cəlb edən,
Böyükağa Mikayıllının tədqiq etdiyi universitetlərdən biri Berlin Humboldt
adına Universitetdir. Müasir universitetlər öz inkişaf yollarına görə məhz bu
universitetə borcludurlar. Təməli uzaqgörənliklə qoyulan Humboldt adına
universitet, eləcədə Nanyaq Texnologiya Universiteti, Yagellon Universiteti, bu
universitetin inkişafında önəmli rol oynamış məşhur təhsil tədqiqatçısı Subra
Sureşin haqqında oxuduqca düşünürsən ki, bir universitetin yaradılması maliyyə
vəsaitlərinə, texnoloji vasitələrə nə qədər bağlıdırsa, bir o qədər də, bəlkə
ondan da artıq, vətəndaşlıq mövqeyinə bağlıdır. Tədqiqatçı-jurnalist də bu
fikirdədir. Yalnız bilik deyil, insanın malik olduğu ürək onu gördüyü işdə irəli
apara bilər. Jurnalist dostumda da məhz bu xüsusiyyəti illərdir ki, müşahidə
edirəm: onun yaradıcılıq yoluna məhz biliyi ilə ürəyi rəvac verir.
Bu günlərdə
Böyükağa Mikayıllı ilə Təhsil Nazirliyinin elmi-metodik nəşri olan “Məktəbəqədər
və ibtidai təhsil” jurnalının redaksiyasında görüşdük. Artıq bir ilə yaxındır
ki, o, jurnalın baş redaktoru vəzifəsini icra edir. Jurnal 50 ildən artıq dövrü
əhatə edən bir tarixə malikdir. 1970-ci ildə, o zamankı Maarif naziri, akademik
Mehdi Mehdizadənin təşəbbüsü ilə yaradılan, pedaqoji elmlər doktoru, professor
Yahya Kərimovun rəhbərlik etdiyi jurnalı bu gün yenilənmiş, müasir dövrün tələblərinə
uyğun format və məzmunda görmək məni çox sevindirdi. Düşündüm ki, atalarımızın
“Çörəyi çörəkçiyə ver” deyimi burada necə də yerinə düşür. İndi bu jurnalın zəngin
keçmişi kimi, zəngin gələcəyinin də olacağına şübhə yeri yoxdur. Qısa vaxt ərzində
jurnalın Azərbaycan və ingilis dillərində ppe-journal.edu.az saytı yaradılıb,
50 illik arxivin saytda yerləşdirilməsinə başlanılıb. Jurnalın “Sağlam təhsil,
sağlam millət” xüsusi buraxılışı çap olunub. Xüsusi buraxılışın hazırlanmasına
müvafiq layihənin əməkdaşları cəlb olunub. Redaksiyada öyrəndim ki, kollektiv
jurnalın xüsusi buraxılışlarının çap olunması qrafikini hazırlayıb. Maraqlı
ideyadır. Sanki özümü 1970-ci illərdən başlayaraq əməkdaşlıq etdiyim
elmi-pedaqoji jurnallarımızın müasirləşmiş, yeni baxış və ideyaların toplandığı
bir məkanda hiss etdim. Burada hər şey var idi – peşəkarlıq, əzmkarlıq,
ideyalılıq, pedaqoji prosesə müasir yanaşma tərzi, mehriban kollektiv, ən əsası
isə peşə təəssübkeşliyi. Bəli, məhz peşə təəssübkeşliyi. Peşəsinə ruhu ilə
bağlı olan adamlarda olur peşə təəsübkeşliyi. Peşəyə sədaqət insanın xarakteri
haqqında çox mətləblərdən soraq verir. İndi “Məktəbəqədər və ibtidai təhsil”
jurnalında çap olunmaq üçün müəlliflərin qarşısına qoyulan tələblər ciddiləşdirilib.
Ciddiləşdirilib deyəndə ki, əslində necə olmalıdırsa, elə də olub. Bu yalnız
jurnalın keyfiyyətli nəşri üçün deyil, tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsinə
yönələn bir strategiyadır. Əminliklə deyə bilərəm ki, elmi jurnal sahəsi də təhsil
sahəsi kimidir, burada da uğurun əldə edilməsi zamana bağlı məsələdir. Əsas
odur ki, seçilən mövzular aktual olsun, təhsilin fundamental problemlərinə toxunsun,
nəyinsə, kiminsə xatirinə deyil, məqalələr elmin, təhsilin inkişafı naminə
seçilib dərc olunsun. Jurnalı nəzərdən keçirərkən bu tendensiyanı artıq görmək
mümkündür. Jurnalın redaksiyasında maraqlı bir ənənənin də əsası qoyulub. Əməkdaşlar
redaksiyanın kitab fondunu – kitabxanasını yaradıblar. Burada təhsil sahəsinə
aid olan ən yeni nəşrlər, eləcə də ötən əsrdə çapdan çıxmış, bu gün də öz
aktuallığını saxlayan kitablar toplanır. Bu kitabların arasında qiyməti 30 – 40
manata olan kitablara da rast gəlmək mümkündür. İstənilən vaxt bu kitabları
redaksiyadan götürüb oxumaq mümkündür. Artıq rəflərdə yer olmadığı üçün
kitablar baş redaktorun masası üzərinə də yığılır. Redaksiyanın mühiti məni çox
məmnun etdi və “Məktəbəqədər və ibtidai təhsil” jurnalının qocaman oxucusu,
onun keçdiyi tarixi yola bələd olan bir şəxs kimi, gələcəyinə məndə böyük inam
yaratdı. Elmi jurnalları qorumaq vacibdir, çünki onlar elmimizin, təhsilimizin,
aynası, onun inkişafının təməlində dayanan mühüm amillərdən biridir. Bir vaxtlar
on bir əlavəsi olan Azərbaycan məktəbi jurnalının iki yadigarı qalıb ki,
onlardan da biri Böyükağa müəllimin peşəyə sədaqəti sayəsində yaşatmaqda davam
etdirdiyi “Məktəbəqədər və ibtidai təhsil” jurnalıdır. Bu yazıda jrunalist
dostum Böyükağa Mikayıllının yaradıcılığının və xarakterinin müəyyən cizgilərindən
bəhs etdim. Əslində yazmağa, danışmağa, təhlil etməyə çox nüanslar var. Düşünürəm
ki, öz dəyərlərimizi tanımalı və tanıtmalıyıq. Onlar bizim gənclərimiz də ola
bilər, orta nəslin nümayəndələri də, yaşlılar da...
Fotonun mənbəyi: https://www.facebook.com/Respublika-T%C9%99hsil-%C5%9Euras%C4%B1-%C4%B0ctimai-Birliyi-108741758028507