1
iyun uşaq günü münasibətilə
Ulu öndər Heydər Əliyev “Mən həyatımın, bu
günümün, gələcəyimin də xoşbəxtliyini, səadətini məhz uşaqlara qayğıda, diqqətdə
görürəm” – deyirdi. Azərbaycan Respublikasının ümummilli lideri, bu unudulmaz kəlamını
5 yanvar 2012-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab
Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Konstitusiyanın 5-ci maddəsinin II
hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasında uşaq
bağçalarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasını, uşaqların
intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin
etmək məqsədilə sərəncam imzalamışdır. Bu gün Naxçıvan Muxtar Respublikasının hər
bir regionunda, hətta şəhər binalarının qabağında belə, uşaqların vaxtlarının səmərəli
və şən keşməsi üçün düşünülmüş şəkildə şərait yaradılmışdır. Çünki uşaq öz
uşaqlığını oyunda qurur, oyunda tapır. Bu mənada ailədə və ya bağçada uşağın şən,
fiziki cəhətdən gümrah və intellektual olmasını şərtləndirən növlərdən biri də
oyundur. “Oyun” sözünün kökü “oy”dur və ta qədimdən indiyədək türkdilli
xalqların əksəriyyətində “ağıl”, “fikir”, “düşüncə” anlamını ifadə etmişdir.
Oyun
bəşəri inkişafın ən qədim və mühüm vasitələrindəndir. Oyunun fəlsəfi,
psixoloji, pedaqoji, bioloji, folklor və mədəniyyətşünaslıq baxımından öyrənilməsi
göstərir ki, o, “möcüzələr möcüzəsi”dir. Mərhum pedaqoq Yusif Talıbov qeyd
edirdi ki, “oyun uşaqlarda müşahidəçilik, səy, çətinlikləri aradan qaldırmağı
bacarmaq, düşünmək kimi qabiliyyətlər tələb edir. Oyun uşaqları sevindirir. Bu
sevinc ya yaradıcılıq, ya da qabiliyyət sevinci ola bilər. Oyun uşaqların iradəsini
inkişaf etdirir”. Təbii ki, burada da ailə və uşaq bağçaları yada düşür. Çünki
uşaqla hər bir valideyn və ya tərbiyəçi rütbəsindən asılı olmayaraq oynamalı,
uşağın oyununa düzgün rəhbərlik etməyi səy və səbirlə bacarmalıdır. Çünki mədəni
davranış qaydalarının tərbiyə edilmə¬sində oyun mühüm amildir. Uşaq oyunu mənşəyinə,
təbiətinə və məzmununa görə ictimai xarakterlidir.
Uşaq
oyunları da bir neçə qrupa bölünür: manipulyasiya (3 yaşadək uşaqlarda əl hərəkətləri)
oyunları; süjetli oyunlar (uşaq müəyyən aktiv rollarda – yaşlı adam, heyvan və
ya maşın kimi çıxış edir, passiv rolu isə oyuncaqlar görür); hərəkətli oyunlar
(qaçmaq, tullanmaq və s. üzrə yarış, müəyyən qaydası olan, o cümlədən milli
oyunlar və s.); didaktik və ya zehni oyunlar (hesablama, rəqəm və hərfləri
tanıma, oxu, müxtəlif stolüstü oyunlar, tapmacalar, krossvordlar və s.). Bu
kimi oyunlar uşaqların dərketmə fəaliyyəti və yaradıcılığının inkişafına kömək
edir. Bir sıra uşaq oyunları milli mahiyyət daşıyıb, nəsildən-nəslə keçir (məs.
milli oyunlarımızdan “Vur nağara, çıx qırağa”, “Güdü-güdü”, ”Çoban və canavar”,
”Qarğasan, civə”, “Bənövşə”, “Mər-mərə”, “Gizlin paç”, “Hola-hola”, “Dirə-döymə”,
“Beş daş”, “Südlü sümük”, “Eşşək beli”, “Üstdən hoppanma”, “Xan gizir”, “Çövkən”,
“Dava-dava” və ya “Qayışa girmə” və s.) Həmçinin bu kimi oyunlar həm də
uşaqların nitqlərini inkişaf etdirmək, ətraf aləmi başa düşmələrinə və nəcib əxlaqi
sifətlərə yiyələnmələrinə yardım göstərmək nöqteyi-nəzərdən də böyük əhəmiyyət
kəsb edir. Belə oyunlardan Azərbaycanın görkəmli pedaqoqu Əliheydər Həşimov
sanki özünün uşaq vaxtı oynadığı və doymaq bilmədiyi oyunları xatırlayaraq
yazırdı: Bir qism kasıb Azərbaycanlı uşaqlarının oyuncaqları əsas etibarı ilə
çubuqdan, çəkicdən, aşıqdan, taxta parçalarından, şüşə qırıntısından, kibrit
qutusundan, piləkdən, daşdan, əldəqayırma gəlincikdən və s. bu kimi şeylərdən
ibarət olub. Öz oyuncaqları ilə uşaqlar başlıca olaraq böyüklərin əməyini,
işini təqlid etmişlər. Məsələn, 3-5 yaşlı uşaq, təxminən, 1 metr uzunluğunda
çubuğu “minməklə” sağ əlinə isə daha gödək bir çubuq almaqla həmin çubuqların
birindən “at”, obirindən isə “qamçı” yerində istifadə edir; qarpız qabığından
“vəl qayırıb” ucuna ip bağlayır və onu həyətdə arxasınca çəkib dövrə dolanmaqla
“xırman döyür”, “vəl sürür”, kibrit qutusundan, yaxud nazik taxtadan tərəzi
qayırıb oynayır; iki kiçik çöpü sapla bir-birinə bağlayıb ona əsgi dolamaqla “gəlincik
düzəldir”, “yüyrük qayırıb onu yatırdır, gəlinciyə qulluq edir”, gödək-gödək
çöp və kiçik-kiçik taxta parçalarından, həmçinin daş və palçıqdan “ev tikir”,
mumdan və şüşə qırıntısından özünə “çaynik, samovar, stəkan-nəlbəki qayırıb çay
qaynadır”, bir parça çörəkdən, qənddən, yaxud peçenye doğranmışından “çörək
hazırlayır”, baçı qardaşını və ya qonşu evdən olan yoldaşını həmin çaya və ya
xörəyə “qonaq çağırır”; özündən kiçik uşağı belinə alıb özünü at rolunda hesab
edərək ora-bura yüyürür və ya balaca uşağı ipə bərkidilmiş taxta üstünə qoyub çəkir,
“qoşqu heyvanın yerinə qoyub” hərdən bir öz hərəkət və ya səsində həmin heyvanı
təqlid edir…
Dahi
çex pedaqoqu Yan Amos Komenski uşaq həyatını oda bənzədərək deyirdi ki, küləksiz
od yanmadığı kimi, oyunsuz da uşaq böyüyüb inkişaf edə bilməz. Oyun uşaqlarda şən
əhval-ruhiyyə, sevinc, fantaziya və xəyal yaşadır. Oyunsuz uşaq həyatı yoxdur,
oyun uşaqların tərbiyə məktəbidir. Y.A.Komenski məşhur “Ana qucağı məktəbi”
adlı əsərində uşaq həyatını altı ilə bölür və hər ili ətraflı təhlil edərək
göstərir ki, valideynlər uşaqlarla birgə oynamalı və onların oyunlarını istiqamətləndirməyə
xüsusi əhəmiyyət verməlidir. Komenski fikrini maraqlı bir misalla ümumiləşdirir:
“Belə nəql edirlər ki, məşhur yunan sərkərdəsi Femistoklun öz uşaqları ilə qum
topaları olan meydançada at-at oynaması yoldan keçən bir gəncin heyrətinə səbəb
olur. Necə? Böyük sərkərdə uşaqlarla at-at oynayır? Femistokl bunu hiss edir və
həmin gəncə yaxınlaşıb belə deyir: ata olana kimi bu gördükləri heç kimə demə”.
Oyun
prosesində uşaqlar oyunun qaydalarına əməl edir, çətinlikdən qorxmur,
yoldaşlarına tabe olmağı və ya əmr etməyi öyrənir. Bonapart Napoleonun hüsn-təsirinin
qüvvəti hələ balaca vaxtlarından özünü büruzə verirmiş. Yoldaşları Napoleondan
qorxub ona tabe olardılar. Deməli sonralar milyonlarla adamlar onun əmrinə
hazır olaraq ölüm şərbətini içdikdə həmin uşaqlıqda büruzə verilən qüvvəyə tabe
olurmuşlar. Bütün Avropanı titrədən Teymurləng də hələ uşaq vaxtında yoldaşları
ilə oynadıqda onları iki yerə bölüb bir-biri ilə dava elətdirərmiş və özünü də əmir
adlandırıb sərkərdə olarmış. Və yaxud məşhur alman şairi Şillerin də dünyada
tanınmasına, böyük ad qazanmağına ümdə səbəb anası Yelizaveta olub. Bu qadın
oğluna oynamaq, oxumaq və yazmaqdan savayı bir xeyli məlumat da verib. Tövrat səhifələri
ilə tanış edib, ədəbiyyat tarixinə, şairlərə dair biliklər verib, şeirlər öyrədib,
onların qüsurlarını və gözəl tərəflərini də bildirib. Oğlunu məşğul etmək üçün
almanların milli-mənəvi dəyərlərini daşıyan hekayələr və nağıllar da oxuyarmış.
Bu minval ilə əlbəttə ki, Şillerin ədəbiyyata olan həvəsi daha da artacaqdı.
Böyük
Hötenin də anası oğluna artıq etina edər, vaxtının çoxunu onunla oynamaqla bərabər
hekayə oxumağa da sərf edərmiş. Bunun nəticəsi olaraq balaca Höte də
yoldaşlarını toplayıb özünün təlif etdiyi oyun oynayar və ya hekayələr nağıl edərmiş.
Bir
zamanlar “Bütün ölkələrin proletarları birləşin” məşhur devizinin dahi rəhbəri
sayılan Karl Marks da bir ata kimi, uşaqları ilə saatlarla oynayar, uşaqlarla
birlikdə kağızdan düzəltdiyi gəmiləri su ilə dolu ləyənə buraxarmış. Gəmilər
bir-biri ilə toqquşanda uşaqların sevincinə səbəb olurmuş. Bu kimi misallardan
onlarla sadalamaq olar.
Güründüyü
kimi, oyunda uşaqlar dünyanı dərk edir, onların qabiliyyəti təşəkkül tapır.
Oyun çox böyük işıqlı pəncərədir, həmin pəncərədən uşağın mənəvi aləminə ətraf
aləm haqqında təsəvvürlərin, anlayışların həyatverici axını daxil olur. Deməli,
bu kimi oyunlar və təmrinlər uşağın gələcəkdə artıq bir fərd kimi deyil, bir şəxsiyyət
kimi formalaşmasına daha böyük təsir göstərmiş olur. Köhnə psixologiya dərsliklərində
yazılırdı: Əgər uşaq aynaya baxıb özünü tanıyırsa, demək o şəxsiyyətdir. Artıq
bundan sonra uşağın hər bir hərəkətinə, hər bir davranışına, hətta verdiyi hər
bir yerli və ya yersiz suallara yorqunluq hiss etmədən və ya bezikmədən daha
artıq diqqət və qayğıyla yanaşmalıyıq. Çünki dünyaya təzəcə göz açan körpə
görüb eşitdiklərini öyrənir. Uzun müddət tez-tez gördüyü adamların hərəkətlərini
təqlid edir. Beləliklə, ailə və bağça tərbiyəsinin xüssusiyyətlərini uyğun
olaraq uşaqlarda uzun əxlaqi və qeyri əxlaqi keyfiyyətlərin əsası qoyulur.
Məşhur
pedaqoq Suxomlinski də oyunun uşaqlar qarşısında açdığı geniş aləmdən bəhs edərək
yazırdı ki, oyunda uşaqların qarşısında dünya açılır, şəxsiyyətin yaradıcı
qabiliyyəti açılır. Oyunsuz dolğun, məzmunlu əqli inkişaf yoxdur. Oyun çox
böyük işıqlı pəncərədir: həmin pəncərədən uşağın mənəvi aləminə ətraf aləm
haqqında təsəvvürlərin, anlayışların həyatverici axını daxil olur.
Çox
təəssüf ki, bir sıra ailələrdə və eləcə də uşaq bağçalarında qüsurlara da rast
gəlmək mümkündür. Elə valideynlər, tərbiyəçilər var ki, öz rahatlığı naminə
körpə uşağın bir az kənara və ya qaranlıq bir yerə getməsinə razı olmur, “məfhumi”
qüvvələrlə qorxudur, hədələyirlər. “Orda it var səni tutacaq, yaxud qaranlıqda
cin, pişik, sican var səni yeyəcək” kimi düşünülməmiş sözlərlə uşaqların mənəvi
aləminə zərbə vurmuş olurlar. Hələ vaxtilə bu kimi mənəviyyatımıza yaraşmayan
hallara Hüseyn Cavid öz sərt etirazını belə bildirirdi: “Uşaq iki-üç yaşında
qaranlıq guşəyə gedəndə valideynləri tərəfindən cinlər, divlər, ifritələr vasitəsi
ilə qorxudulur, təhdid edilir. Biçarə, zavallı körpənin isə bütün mənəviyyatı
alt-üst olur. Otuz yaşına gələndə belə, uşaqlıqda keçirdiyi o qorxunc kölgələri
bir türlü başından çıxara bilmir”. Bu gün çağdaş Azərbaycanın müasir valideynləri,
tərbiyəçiləri bu kimi mənəvi sifətlərə zəlillik gətirəcək vərdişlərə imkan və şərait
yaratmaqdan təmamən uzaq olmalıdır.
Yekun
olaraq qeyd edək ki, əgər hər bir valideyn və ya bağçadakı tərbiyəçi bu gün
beşikdə “hıçqıran uşağı” ilk aylardan təmrinlərlə və oyunlarla düzgün əlaqələndirə
bilərsə, təbii ki, o uşaq sabahın dahisi ola bilər. Çünki oyun hər şeylə
maraqlanmaq, biliyə səy göstərmək odunu yandıran qığılcımdır.
Kamal
CAMALOV
Pedaqogika
elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan
Yazıçılar Birliyinin üzvü, Naxçıvan Müəllimlər İnstitutu
Mənbə:
https://mektebgushesi.az/2022/06/01/bu-gun-besikd%c9%99-hicqiran-usaq-sabahin-dahisi-ola-bil%c9%99r/