İyunun
3-də 2022-2023-cü tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə
müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə
start verilir.
Müsabiqədə
iştirak etmək istəyən namizədlər 3 iyun saat 11:00-dan etibarən 10 iyun saat
11:00-dək www.miq.edu.az linkinə daxil
olaraq qeydiyyatdan keçə bilərlər.
Müəllimlərin
işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji
ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə
aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları
və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər
iştirak edə bilərlər. Həmçinin müsabiqədə iştirak etmək istəyən şəxs hazırda
dövlət ümumi təhsil müəssisəsində müddətsiz müqavilə əsasında müəllim olaraq fəaliyyət
göstərirsə, müddətsiz əsaslarla təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət
göstərdiyi halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilər.
Qeyd
edək ki, cari il üzrə keçiriləcək müsabiqədə edilmiş dəyişikliklərə əsasən,
müsabiqənin vakansiya seçimi mərhələsində ilk növbədə şəhid ailəsinin üzvləri
iştirak edəcəklər. Eyni zamanda müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq
edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən
müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müdətdə fasiləsiz işləyən
müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq.
Ötən
illərdə olduğu kimi, cari ildə də müəllimlərin işə qəbulu üzrə müsabiqə
elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə
mərhələlərini əhatə edəcək.
Daha
ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla linkə daxil olaraq tanış ola
bilərsiniz: Sual-cavab
Müsabiqə
iştirakçılarına uğurlar arzulayırıq!