İyunun 5-də Ümumdünya Ətraf Mühit Günü qeyd edilir. Bu
münasibətlə BMT-nin Baş katibi Antonio Quterreşin müraciətində deyilir: “Bu
planet bizim yeganə evimizdir”. AZƏRTAC xəbər verir ki, BMT-nin rəhbəri Yer kürəsinin
bizim artan tələbatımızı təmin etmək iqtidarında olmaması barədə xəbərdarlıq
edib. “Planetin sağlamlığını, onun sərvətlərini və Yer kürəsində həyatın müxtəlifliyini,
onun ekoloji sistemlərini və məhdud resurslarını qoruyub saxlamaq çox vacibdir,
lakin biz bu vəzifənin öhdəsindən gələ bilmirik”, - deyən Baş katib vurğulayıb:
“Biz ekoloji baxımdan davamlı olmayan həyat tərzini dəstəkləmək üçün
planetimizdən çox şey tələb edirik. Bu isə həm Yer kürəsinə, həm də onun sakinlərinə
ziyan vurur”. Ümumdünya Ətraf Mühit Günü qlobal istiləşmə, kimyəvi zəhərlənmə və
səhralaşma kimi ekoloji problemlər barədə məlumatlılıq dərəcəsini artırmaq məqsədilə
1973-cü ildən qeyd edilir. Ekoloji sistemlərin deqradasiyası üç milyarddan çox
insana ziyan vurur. Ətraf mühitin çirklənməsi səbəbindən hər il təqribən 9
milyon insan vaxtsız vəfat edir, 1 milyondan çox bitki və heyvan növünün nəslinin
kəsilməsi təhlükəsi yaranıb. Baş katib deyib: “Bəşəriyyətin təqribən yarısı təhlükəli
iqlim zonasındadır, ekstremal istilik, daşqınlar və quraqlıq kimi hallar səbəbindən
ölüm ehtimalı 15 dəfə artıb”. Baş katibin sözlərinə görə, cari və növbəti il ərzində
dünya birliyi ekoloji problemlərin həllinə çoxtərəfli yanaşmaq gücünü nümayiş
etdirə biləcək. Buraya biomüxtəliflik üzrə yeni qlobal müqavilənin
hazırlanmasına dair danışıqlardan ətraf mühitin plastik kütlələrlə çirklənməsinə
qarşı mübarizə barədə müqavilə bağlanmasına qədər müxtəlif tədbirlər daxildir.
Baş katib sonda deyib: “İrəliləmək üçün yeganə yol təbiətə qarşı mübarizə
aparmaq deyil, onunla əməkdaşlıq etməkdir”.