25 iyun 2022-ci il tarixində Neftçala şəhərindəki Heydər
Əliyev Mərkəzində "Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə
yardımı ilə hazırladığı “Bir qəsəbənin üç Milli Qəhrəmanı” filminin təqdimat mərasimi
keçirildi. Mərasimdə Neftçala rayon İcra Hakimiyətinin başçısı Mirhəsən
Seyidov, “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov, Milli Qəhrəmanların,
şəhid ailələrinin valideynləri, ailə üzvləri, Neftçala rayon ictimaiyyətinin
nümayəndələri iştirak ediridilər. Qeyd edək ki, film Neftçala rayonunun Həsənabad
qəsəbəsində anadan olmuş, Birinci Qarabağ müharibəsində -1992-ci ildə şəhidlik
zirvəsinə yüksəlmiş Zakir Məcidovun, 2016-cı ilin aprel döyüşlərində şəhid
olmuş Samid İmanovun, Vətən Müharibəsində canını vətən uğrunda fəda etmiş Camal
İsmayılovun qəhrəmanlıqlarla dolu həyat yolundan bəhs edir. Filmin ideya müəllifi
və layihə rəhbəri Akif Kərimov, quruluşçu rejissor Bəhram Yaqublu, operator
Nicat Nağızadə, montajçı Zaur Babayev, redaktor Böyükağa Mikayıllıdır. Filmin mətni
Cəlal Məmmədov tərəfindən səsləndirilib. Təqdimat iştirakçıları şəhidlərin məzarlarını,
ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, gül-çiçək dəstələri düzdülər.
Mərasimdə öncə film nümayiş olundu. Nümayişdən sonra mərasimin aparıcısı Elnar
Məmmədli çıxış etmək üçün iştirakçıları bir-bir tribunaya dəvət etdi. Neftçala
rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, "Kür-Xəzər” Xeyriyyə
İctimai Birliyinin sədri Akif Kərimov, şəhid Milli Qəhrəman Samid İmanovun
atası Gülağa İmanov, Samid İmanovun həyat yoldaşı Badam İmanova, Vətən Müharibəsi
Qəhrəmanı Camal İsmayılovun atası Vidadi İsmayılov, Camal İsmayılovun anası Filarə
xanım, filologiya üzrə fəlsəfə doktorları Tariyel Abbaslı, Tahir Şirvanlı və
başqaları qəhrəmanların keçdikləri ömür yoluna nəzər saldılar. Qeyd etdilər ki,
yüksək peşəkarlıqla ərsəyə gətirilən film gənc nəslə vətənpərvərlik ruhunun
aşılanmasında müstəsna əhəmiyyətə malikdir. “Kür-Xəzər” Xeyriyyə İctimai
Birliyi də məhz bu amili nəzərə alaraq belə bir layihə ilə çıxış edib. Vətənpərlik
mövzusunda layihələrə hər zaman diqqət yetirən Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də layihəni dəstəkləyərək
onun icra olunmasına şərait yaradıb. Çıxış edənlər onu da vurğuladılar ki,
2020-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş
Komandan cənab İlham Əliyev ölkədə qismən səfərbərlik haqqında qanun
imzaladıqdan sonra neftçalalı gənclər vətənpərvərlik ruhu nümayiş etdirərək
böyük həvəslə ordu sıralarına yazıldılar. Döyüşə yollanan hər bir neftçalalı gənc
torpaqlarımızın erməni işğalından azad olunması uğrunda mərdliklə mübarizə
apardılar, şəhid, qazi oldular, adlarını vətənin qəhrəman oğulları sırasına
yazdılar. Sonda vurğulandı ki, film YouTube kanalı, eləcə də sosial şəbəkələr
vasitəsilə yayımlanacaq. Gənclərin vətənpərvərlik mövzusunda filmləri izləməsi
olduqca vacib məsələdir.
Mənbə: http://edungo.org/xeberler/108-bir-qesebenin-uc-milli-qehremani-filminin-teqdimati-kecirildi.html