12 noyabr - Konstitusiya Günüdür


12 noyabr - Konstitusiya Günüdür

     Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi - referendumu ilə qəbul olunmuşdur. Konstitusiya dövlətin ali qanunudur. Ali hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir. Vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. “Konstitusiya” sözündən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının vahid halda birləşmiş adını ifadə etmək məqsədilə istifadə olunmuşdur. Bu söz həmin dövrdə dövlətin təməl quruluşunu deyil, imperatorun xüsusi fəaliyyətini, əmrlərini ifadə etmək mənasında işlədilmişdir. “Konstitusiya”  sözü “yaranmaq”, “təşkil etmək”, “meydana gətirmək”, “qurmaq”, “təsis etmək”, “bərqərar etmək” mənalarını ifadə edən fransız dilindəki “constituer” felindən törəyən bir isimdir. Bu məntiqdən çıxış etsək, “constitution” sözü Azərbaycan dilində də “yaranma”, “təşkil etmə”, “meydana gətirmə”, “qurma”, “təsis etmə”, “bərqərar etmə” kimi başa düşülməlidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Ümummilli lider Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. Yeni Konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minmişdir. Konstitusiyalı quruluşun əsaslarını möhkəmləndirərək, Azərbaycan Respublikası Konstitusiyası Azərbaycanı -  respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən edir. Konstitusiya özündə ümumbəşəri dəyərləri təsbit etməklə aşağıdakı prinsipləri müəyyən etdi:

İnsan, onun hüquq və azadlıqları ali dəyərlərdir (insan və vətəndaşın hüquq və azadlıqlarının tanınması, riayət olunması və müdafiəsi dövlətin vəzifəsidir);

Suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır;

Sosial siyasət insanın layiqli həyatını və sərbəst inkişafını təmin edən şəraitin yaranmasına istiqamətlənib;

Dövlət, xüsusi və bələdiyyə mülkiyyət formaları eyni qaydada tanınır və müdafiə olunur;

Dövlət hakimiyyəti qanunverici, icraedici və məhkəmə hakimiyyəti bölgüsü əsasında həyata keçirilir;

Yerli özünüidarəetmə demokratik hüquqi dövlətin əsas elementlərindən biri kimi tanınır və ona təminat verilir;

İdeoloji və siyasi müxtəliflik, çoxpartiyalılıq tanınır. Heç bir ideologiya dövlət və ya məcburi xarakterli ola bilməz;

Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr onun qanunvericilik sisteminin tərkib hissəsidir.

Azərbaycan Respublikasının Konstitusiyası ali hüquqi qüvvəyə, birbaşa təsirə malikdir və Azərbaycan Respublikasının bütün ərazisində tətbiq olunur. Azərbaycan Respublikasında qəbul olunan qanunlar və qanun qüvvəli aktlar Azərbaycan Respublikası Konstitusiyasına zidd olmamalıdır.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur.

 

#AzərbaycanRespublikasıKonstitusiyası #ƏsasQanun #Referendum


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.