“Biz qalib gəldik!” adlı tədbir keçirilib


“Biz qalib gəldik!” adlı tədbir keçirilib

 09 noyabr 2021-ci il tarixdə  Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Bayraq Meydanında “8 Noyabr - Zəfər Günü”  və “9 Noyabr - Dövlət Bayrağı Günü”nə həsr olunmuş  “Biz qalib gəldik!” adlı tədbir keçirilib. Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri və şagirdlər iştirak ediblər.

      Tədbirin təşkilində əsas məqsəd Vətən müharibəsində qazanılan qələbənin təbliği və gənc nəslə öyrədilməsi, vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, məktəblilərə həmrəylik və qəhrəmanlıq kimi ülvi hisslərin aşılanması, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda təbiyələndirilməsinin təmin edilməsi və məktəblilərin asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarət olub.

  Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması və müstəqilliyi uğrunda vətənpərvərliyin ən ali məqamına - şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı çıxışında keçirilən tədbirin əhəmiyyətini qeyd edərək, gənclərimizdə vətənpərvərlik hissinin gücləndirilməsinin önəmindən danışıb. Bildirib ki, ölkəmizin bu tarixi nailiyyəti təsadüfi xarakter daşımır və ötən müddət ərzində  həm ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin nəticəsidir. Vurğulayıb ki, Azərbaycanın bu qürurverici və əzəmətli qələbəsinin müəllifi xalqımızın ulu öndəri Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti, Ali Baş Komandan cənab  İlham Əliyevdir. Qeyd edib ki, bu gün ölkəsini sevən, Vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağa, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazır olmalıdır. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla, işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Qeyd edib ki, qalib olduğumuz Vətən müharibəsində azərbaycanlı kimliyi, vətəndaş millətçiliyi, vətən mənsubiyyəti etnik çərçivələri aşaraq bütün Azərbaycan xalqını bir yumruq kimi birləşdirib.

  Çıxışlardan sonra tədbirin bədii hissəsinə keçid alınıb.

      Tədbirdə şagirdlərin “Xalqın zəfər sevinci” adlı ədəbi-bədii kompozisiyası təqdim edilib. Şagirdlər Zəfər və Bayraq Gününə həsr olunmuş şeirləri bədii qiraət edib. Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Zübeydə Məmmədovanın nitqindən Azərbaycan əsgərinə ünvanlanmış məktub iştirakçılar tərəfindən dinlənilib. Məktəblilər “Vətən yaxşıdır”“Azərbaycan” mahnısını səsləndiriblər və Səməd Vurğunun “Azərbaycan” şeirinin əsasında fləşmobu keçirilib.

    Sonra şagirdlərin rəsm əsərlərindən ibarət “Zəfərin mübarək, Azərbaycan!” adlı sərgiyə baxış olub.

Sonda şagirdlərlə birlikdə Bayraq Meydanına ekskursiya təşkil olunub.


 









#NaxçıvanMuxtarRespublikası  #KəngərliRayonu #KəngərliRayonTəhsilŞöbəsi




Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.