Respublika Təhsil Şurasında


Respublika Təhsil Şurası İdarə Heyətinin növbəti iclası 15.06.2021-ci il tarixində keçirildi. İclas təşkilatın gələcək fəaliyyəti üçün mühüm olan bir sıra qərarların qəbul edilməsi ilə yadda qaldı.

İdarə Heyətinin sədri Samir Mehdizadə öncə 15 iyun Milli Qurtuluş Günü münasibətilə İdarə Heyəti üzvlərini təbrik etdi. Azərbaycan üçün böyük əhəmiyyət daşıyan bu tarixi gün haqqında bəhs edərək, Ulu Öndər Heydər Əliyevin xalqın qurtuluşu yolunda mühüm rolunu vurğuladı. Söylədi ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur və dövlətimzin əldə etdiyi bütün uğurların təməlində məhz Heydər Əliyevin müdrik siyasəti dayanır.

Samir Mehdizadə qeyd etdi ki, İdarə Heyətinin ötən iclasından keçən 20 gün ərzində Respublika Təhsil Şurasının Şuşa, Tovuz və İsmayıllı rayonlarında filialları təsis olunub. İdarə Heyəti üzvlərinin yekdil qərarı ilə Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Gülnar Qurbanova Şuşa, Tovuz rayonu Bozalqanlı kənd tam orta məktəbin direktoru Nüsrət Quliyev Tovuz, Əməkdar müəllim Şəfaqət Rəsulov İsmayıllı filialının rəhbəri kimi təsdiq olundular.

İclasın gündəliyində dayanan növbəti məsələ Şuranın nəzdində yaradılmış “Akademik Mehdi Mehdizadənin pedaqoji irsinin tədqiqi mərkəzinin” rəhbərinin təyin olunması idi. Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, Azərbaycan Texniki Universitetinin baş müəllimi, dosent Şıxəliyeva Səbinə Tələt qızı İdarə Heyətinin yekdil qərarı ilə mərkəzin rəhbəri təyin olundu. Daha sonra “Akademik Mehdi Mehdizadə medalı” və “Mehdi Mehdizadə diplomu”nun təsis olunması məsələsinə baxıldı. Gündəlikdəki bu məsələ də yekdilliklə qəbul edildi.

“Dərsliklərin monitorinqi mərkəzinin”, “Təhsil müəssisələrinin ictimai akkreditasiyası mərkəzinin” yaradılması məsələsi də İdarə Heyəti üzvlərinin razılığı ilə qarşılanıb qəbul olundu. Təcrübəli təhsil mütəxəssisi Həmidov Sabir Əhmədiyyə oğlu “Təhsil müəssisələrinin ictimai akkreditasiyası mərkəzinin” rəhbəri təyin olundu. Təhsil Şurasının “Azərbaycanda təhsil” elmi-nəzəri jurnalının baş redaktorunun müavini vəzifəsinə pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasov təsdiq edildi.

İdarə Heyətinin növbəti qərarı ilə Təhsil Şurasının “Motivator” qəzeti təsis olundu. Qəzet psixologiya sahəsində yenilikləri əks etdirən məqalələrlə oxucuların görüşünə gələcək.

Daha sonra cari məsələlərə baxıldı. 

Respublika Təhsil Şurasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Mərkəzi

 


Yazının qaynağı: https://www.facebook.com/permalink.php?story_fbid=127248119511204&id=108741758028507



Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.