RESPUBLİKA TƏHSİL ŞURASININ BAKI FİLİALI TƏSİS OLUNDU

 


“Zəngi” liseyinin direktoru, Əməkdar müəllim Almaz Əsgərova filialın rəhbəri təyin edildi.

Bu gün Bakı şəhərindəki “Zəngi” liseyində Respublika Təhsil Şurasının Bakı filialı təsis olundu. Təsis toplantısında Respublika Təhsil Şurasının sədri Samir Mehdizadə, Şuranın katibi Böyükağa Mikayıllı, Şuranın yeni yaradılmış “Təhsil müəssisələrinin ictimai akkreditasiyası” mərkəzinin rəhbəri Sabir Əhmədov, “Zəngi” liseyinin direktoru, Əməkdar müəllim Almaz Əsgərova, eləcə də qabaqcıl müəllimlər, Təhsil Şurasının üzvləri iştirak edirdilər.

Respublika Təhsil Şurasının sədri Samir Mehdizadə çıxış edərək “Zəngi” liseyinin qurucusu, fizika-riyaziyyat elmləri doktoru, “Şöhrət” ordenli Bayram Heydərovun Azərbaycanda təhsilin inkişafına mühüm töhfələr bəxş etdiyini vurğuladı. S.Mehdizadənin təklifi ilə mərhum Bayram Heydərovun xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Samir Mehdizadə Respublika Təhsil Şurasının tarixindən, təşkilatın həyata keçirdiyi layihələrin bir qismindən bəhs etdi. “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi”, “Qabaqcıl iş təcrübəsinin öyrənilib yayılması”, “İbtidai sinif şagirdlərinin valideynləri üçün pedaqoji-psixoloji məsləhət mərkəzinin yaradılması” layihələrindən,  Respublika və beynəlxalq miqyaslı forumların, təlimlərin, konfransların keçirilməsindən və bunların təhsil ictimaiyyətinin böyük marağına səbəb olduğundan danışdı. S.Mehdizadə Təhsil Şurasının xətti ilə həyata keçirilən elmi tədqiqat işlərindən bəhs edərək, diqqəti son vaxtlar dərc olunan “Dünyanın təhsil mənzərəsi”, “Dünyanın Kıbrısı, Kıbrısın dünyası”, “Bir səma altında”, “Yanuş Korçak” kitablarına yönəltdi. O, daha sonra Təhsil Şurasının yeni təsis etdiyi mərkəzlərdən, eləcə də “Azərbaycanda təhsil”, “Psixologiya və sosial tədqiqatlar” elmi-nəzəri jurnallarından, “Təhsil və zaman”, yeni təsis olumuş “Motivator” qəzetindən danışaraq müəllimləri bu nəşrlərlə əməkdaşlığa dəvət etdi.

Samir Mehdizadə bildirdi ki, Respublika Təhsil Şurasının respublikanın bütün şəhər və rayonlarında filiallarının təsis olunması planlaşdırılır. Bugünkü toplantının da başlıca məqsədi Bakı şəhər filialının yaradılmasıdır. S.Mehdizadənin təklifi ilə Almaz Əsgərova Respublika Təhsil Şurasının Bakı Filialının rəhbəri təyin olundu.

Əməkdar müəllim Almaz Əsgərova Təhsil Şurası ilə əməkdaşlıqdan məmnun olduğunu, təşkilatın fəaliyyətində yaxından iştirak edəcəyini söylədi.

Təhsil Şurasının üzvü Sabir Həmidov da təşkilatın filiallarının yaradılmasını təşkilatı işlərin təməli baxımından əhəmiyyətli hesab etdi. O, vurğuladı ki, Təhsil Şurasının ətrafında ən yaxşı müəllimlər, təhsil təşkilatçıları toplanır. Bu da öz növbəsində təşkilatın gələcəkdə daha optimal fəaliyyət göstərməsinə imkan yaradacaq.

Təhsil Şurasının katibi Böyükağa Mikayıllı qeyd etdi ki, Təhsil Şurası fəaliyyətinin yeni mərhələsinə qədəm qoyur. Bu gün təhsildə ictimai fikrin, ictimai münasibətin formalaşmasına ciddi ehtiyac ehtiyac var. İctami fikir formalizmdən nə qədər uzaq olarsa, təsir gücü də bir o qədər yüksək olar. B.Mikayıllı daha sonra Təhsil Şurasının son vaxtlar həyata keçirdiyi tədbirlərdən, xüsusilə dünyanın nüfuzlu universitetləri, elmi-tədqiqat mərkəzləri, beynəlxalq təşkilatlarla əməkdaşlıqlarının yaradılmasından, müxtəlif ölkələrin təhsil sistemlərinin öyrənilməsindən, qabaqcıl müəllimlərin, alimlərin Təhsil Şurasına dəvət olunmasından bəhs etdi. Vurğuladı ki, Təhsil Şurasının fəaliyyəti dövründə həyata keçirdiyi layihələr yaxın zamanlarda yenə də davam edəcək. B.Mikayıllı söylədi ki, Təhsil Şurası ən yaxşı müəllimlərin, təhsil işçilərinin, alimlərin birliyi olmaqla, təhsilimizin inkişafına yenə də öz töhfəsini verəcəkdir.

Respublika Təhsil Şurasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Mərkəzi

 

Mənbə: https://www.facebook.com/permalink.php?story_fbid=127933796109303&id=108741758028507

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.