İslamda
ilin ayları arasında Ramazan (”on bir ayın sultanı”) ayı ən şəfaqətli və müqəddəs
ay hesab edilir. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan
ayı mənəviyyatı möhkəmləndirən, dini-mənəvi birlik duyğusunu gücləndirən, hər
bir şəxsin daxili kamilliyinin formalaşmasına xidmət edən aylardan biridir. Ramazan
bayramı insanları savab əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın
və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır. Ümumbəşəri
əhəmiyyətə malik bu bayram insana sonsuz iman sevgisi bəxş edir. Ramazan ayı əsrlər
boyunca bəşər övladına dözüm, mərhəmət, Allahın yaratdıqları arasında münasibətlərdə
xeyirxahlıq təlqin edir, mili-mənəvi birlik, humanizm, səbr, dözüm, yardımsevərlik
aşılayır. Bu il xalqımız Ramazan bayramını tamam başqa əhval-ruhiyyədə qeyd
edir. Əzəli torpaqlarımızın düşmən tapdağından azad olunması üçün etdiyimiz
dualar qəbul olundu. Haqq qalib gəldi, ədalət zəfər çaldı. Dünya müsəlmanlarının
əziz günü - mübarək Ramazan bayramı münasibətilə sizləri səmimi qəlbdən təbrik
edirəm.
Bayramınız
mübarək!