Tarix — mənbələr üzrə insanın meydana gəlməsi və inkişafını, müxtəlif xalqların ən qədim zamanlardan bizim dövrümüzədək necə yaşamaları, onların həyatlarında hansı hadisələrin baş verməsi, insan cəmiyyətlərinin həyatı necə və niyə dəyişib indi mövcud olduğu hala düşməsini öyrənən elmdir.
Tarix nədir, tarix sözünün mənşəyi
Tarix nədir? sualına illərlə, əsrlərlə mütəffəkirlər müxtəlif təriflər vermiş, müxtəlif fikirlər söyləmişlər. Bu sualın tarixi tarix elminin keçmişi qədər qədimdir.
Qədimdən bəri tarixçilər, mütəfəkkirlər bu sual ətrafında düşünüb mülahizələr yürütmüş, məsələyə müxtəlif aspektlərdən yanaşaraq cavab verməyə çalışmışdılar. Bu suala “tarix keçmişin elmidir” kimi qısa və doğru bir cavab vermək mümkündür. Lakin bu yetərli tövsif olmayacaqdır. Bu səbəbdən də tarix elminin mahiyyəti haqqında bir neçə kəlmə söyləmək yerinə düşəcəkdir. Hər bir elmin tarixi olduğu kimi tarix elminin də tarixi vardır. Tarixə dair ilk yazılı əsərlər qədim Yunanıstanda meydana çıxmışdır. "Epos" adı verilən bu əsərlər "Loqoqraflar" tərəfindən qələmə alınırdı. Bu qəbildən olan tarixi əsərlər hekayəçi, rəvayətçi xarakterli əsərlər idi. Daha sonra öyrədici, praqmatik xarakterli tarixi əsərlər meydana çıxmağa başlamışdı ki, bu cür əsərlərin qələmə alınmasında məqsəd keçmişdə baş vermiş hadisələrdən dərs almaq, oxuyucuya əxlaqi və mənəvi duyğular aşılaya bilmək idi.
XIX əsrə gəlindiyində tarix elmi sahəsində ciddi irəliləyiş baş vermişdi. Tarixi hadisələrin sadə nəqli və praqmatik xüsusiyyətləri ilə yanaşı meydana gəlmə səbəbləri, bu səbəblərə təsir etmiş müxtəlif amillər, hadisələrin səbəb və nəticə əlaqələri araşdırılmağa başlanmışdı. İstənilən bir hadisənin tarixi hadisə sayılması üçün şübhəsiz həmin hadisənin insan fəaliyyəti nəticəsində meydana çıxmış olması mühümdür. Məsələn heyvan sürülərinin köçü və ya hər hansı bir təbii fəlakət tarix elminin araşdırma sahəsinə aid hadisə hesab olunmur. Digər tərəfdən insanın daim fəal, aktiv olduğunu nəzərə alaraq onun istənilən fəaliyyətinin də tarixi hadisə hesab olunması mümkün deyil. İnsanın və ya insan topluluğunun fəaliyyətinin tarixi hadisə hesab olunması üçün həmin fəaliyyətin cəmiyyət həyatına təsir etməsi əsas şərtdir.Məsələn bir bənnanın divar hörməsi tarixi hadisə deyilsə də bir memarın yeni inşaat üsulu icad etməsi tarixi hadisədir. Belə ki, bu icad nəticəsində şəhərsalma işində böyük bir həmlə edilmiş ola bilər.
Tarixi hadisələr mütləq mənada səbəb və nəticə baxımından bir-biri ilə əlaqəlidirlər. Tarixi hadisələrin inkişaf dinamikası baxımından determinik bir təşəkkül içində olduğu şübhəsizdir. Tarixçilər tarixi hadisələri mənbə materiallarına istinadən qələmə alarkən hər şeydən əvvəl həmin mənbə materiallarını təsnif etmə, onlara tənqidi yanaşma bacarığına, qabiliyyətinə malik olmalıdırlar. Hadisənin meydana gəldiyi coğrafi məkan və baş verdiyi zamanın tarixçi tərəfindən dəqiq müəyyənləşdirilməsi də həmin hadisəyə tarixi kimlik, qazandıran mümüh xüsuslardan biridir.Beləliklə, buraya qədər sadaladıqlarımızı aşağıdakı kimi xülasə etsək “tarix nədir?” sualını bu cür cavablandıra bilərik: “Tarix-insanların cəmiyyət həyatına təsir edən fəaliyyətləri nəticəsində meydana gəlmiş hadisələri, səbəb və nəticə əlaqələrini müəyyən edərək, mənbə materiallarının tənqidi təhlilinə əsaslanaraq, məkan və zaman bildirərək öyrənən ictimai elm sahəsidir”.
Historia – yunanca öyərənmək, araşdırmaq deməkdir. İlk dəfə Herodot (484-424) öz əsərinə bu adı vermişdi. Herodotdan başlayan və İbn Xəldun istisna olmaqla yeni Avropa dövrünə qədər yazılan tarixlər əsasən üç növ qaynaq üzərində qurulurdu: 1) səyahət edən hərbçilər, tacirlər və az saylı qələm sahiblərinin öz gözləri ilə gördükləri “tarixi” hadisələrin təsviri; 2) həmin yer və hadisələr haqqında daha əvvəl yazanların əsərləri; 3) tarixçinin görmədiyi yerlərdə baş verən hadisələr haqqında müxtəlif şəxslərin söylədikləri.Nə Cahiliyyə dövrü Ərəb ədəbiyyatına aid nümunələrdə, nə də Qurani-Kərimdə “tarix” kəlməsinə rast gəlinmədiyi üçün bunun ərəbcədə alınma söz olduğu düşünülür. Tarix” qədim Semit sözüdür, mənası Ay (səma cismi - Yerin ətrafına dolanan Ay) deməkdir. Mahiyyətcə həyatda baş verən hadisələrin qeydə alınması, hesablanmasıdır. Xronologiya müəyyən etməkdir (ən qədimlərdə təqvimin əsasında Günəşin deyil, Ayın durduğu məlumdur). Məzmun cəhətdən hekayə söyləmək, anlatmaq mənasında işlənilmişdir.“Tarix” və “İlm əl-əxbar” (xəbərlər elmi) kəlmələri eyni mənanı daşımışlar. Tarix sözünün ilk dəfə Əl-Buxari (810-870) tərəfindən işlənildiyi ( nüfuzlu din xadimlərinin həyat hekayələri məcmuəsinə bu adı vermişdi), “İlm əl-əxbar” ifadəsinə əl Xarəzmidə (təqribən 780-850) rast gəlindiyi deyilir. Dilimizə ərəb mənşəli söz olaraq keçmiş “tarix” kəlməsi qaynağını sami dillərindəki “ərx” kökündən almaqdadır. Bu kəlmə akkad dilində “ərxu”, ibrani dilində isə “yərxu” olaraq səslənir və “ay” mənasını ifadə edirdi. Ərəb dilində bu kökün törəməsi “ay təqviminin hesablanması” və ya “xronologiya” anlamında (تاريخ) “tarix”, cəm formasında isə (تواريخ təvarix)olaraq səslənmişdir."Ərəb tarixinin atası" İbn Xəldun tarixlə əlaqədar 7 cildlik əsərinin 1-ci cildi olan məşhur "Müqəddimə"sində tarix elminin mahiyyətini, məqsədini və faydasını möhtəşəm bir şəkildə izah etmişdir. O elm aləmində məşhur "Müqəddimə" əsəri ilə tanınmışdır.
Tarix fəlsəfəsi
"Tarix" anlayışı üç müxtəlif səviyyədə və mənada istifadə olunur. Birincisi, sosial-tarixi proses – ictimai inkişaf kimi; ikincisi, ictimai-siyasi hadisələrin xronoloji ardıcıllıqla təsviri kimi və nəhayət, üçüncüsü, bu prosesin insan tərəfindən bütöv bir fenomen kimi dərk olunması mənasında – “Tarix fəlsəfəsi” kimi.Tarix fəlsəfəsi insan qəlbi və şüuruna yaxın olan problemlərə bilavasitə toxunur (onun əsas maraq və mənafelərinin tarixdə özünə uyğun necə yer tapması, onların keçmişini və gələcək taleyini müəyyən etmək kimi vəzifənin öhdəsindən gəlmək və s.). insanların maraq və mənafeləri çox rəngarəngdir, bəzən antoqonist xarakter daşıyan; ona görədə tarix fəlsəfəsi müxtəlif dünyagörüşlərin və sosial-siyasi proqramların toqquşma meydanına çevrilir.
Tarixşünaslıq
Abbasqulu ağa Bakıxanov XIX əsrin I yarısının görkəmli maarifpərvəri, yazıçısı, şairi olmuşdur. O, Azərbaycan tarixşünaslığının banisi, Azərbaycan və Dağıstan tarixinə dair xronoloji ardıcıllığı əsas tutan zəngin və rəngarəng mənbəşünaslıq bazasına malik olan ilk müntəzəm tədqiqat əsərinin müəllifidir. Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərinə qədər Azərbaycan tarixinə aid yazılmış ümumi bir tarix əsərinə təsadüf etmirik. A. Bakıxanov bu sahədə birinci olaraq Azərbaycan tarixinə aid olan materialları toplamış, onları müəyyən bir sistemə salmış və təsviri yolla "Gülüstani-İrəm" əsərini yazmışdır. Bakıxanov tarix elminin əvəzi olmayan tərbiyə və əxlaq məktəbi olduğunu qeyd edərək yazırdı: "Bu elm insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlərindən hesab edib demək olar: tarix hökmsüz və zülmsüz elə bir hökmdardır ki, bütün adəm övladı onun əmrlərinə boyun əyməkdədir... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yolların anladır".A.Bakıxanov göstərirdi ki, "vətən tarixi"ni bilmək insanlarda milli təfəkkürün inkişafına vətənpərvərlik hislərinin tərbiyə edilməsinə, dostu düşməndən ayırmağa, millət üçün, vətən üçün faydalı və zərərli olanları fərqləndirməyə imkan verir.
Tarixdə dövrləşmə
Tarixin dövrləşməsi şərtidir, rahatlıq, anlaşılmaq və anlatmaq üçündür. Tarix bəşəriyyətin həyat yolu olaraq arasıkəsilməzdir, dövrləşmə isə tarixi müəyyən əlamətlərə görə aralıqlara, zaman intervallarına bölməkdir. Dövrləşmə daha qədimlərdən, daha keçmişdən yaxın zamanlara uzanan yolun döngələrini göstərir (bu döngələr mühüm görünsələr və vacib olsalar da, əsasən tarixçinin təhlil süzgəcindən keçib gələn kəşfdir, yəni subyektivdir).
Müxtəlif xalqların, mədəniyyətlərin tarixi fərqli olduğuna görə fərqli dövrləşməyə məruz qalmalıdır. Biri üçün aydınlaşdırıcı mahiyyət daşıyan dövrləşmə digərinə görə mənasız ola bilər. F. Petrarca tərəfindən daxil edilən Renessans kəlməsi sonralar bütün Avropaya aid edildi, avropalaşdırıldı. Bu, Çin və ya İslam şərqinin tarixinə xas olan dövrləşmə deyil. Əsasən İtaliya üçün uyğun olan Renessans anlayışı və onun üzərində qurulan dövrləşmə Şimali Avropa üçün belə fərqlidir və o qədər də uyğun görünmür (hansı yenidənoyanma, yenidəncanlanma, nəyin oyanması, nəyin bərpası?). Qaranlıq Çağ termini də F. Petrarca `nın (1304-1463) kəşfidir (1330-larda), Antik dövrdən sonrakı dövrü Qaranlıq Çağı bildirir. Avropalıların Qaranlıq çağı İslamın ən parlaq çağı ilə az qala üst-üstə düşür.
Orta çağ (Middle Ages) terminini 15-ci əsr İtalyan humanisti Flavio Biondi 1392-1463) daxil etdi. Tarixi antik, orta çağ və cağdaş dövr kimi üç hissəyə ayırmaq da həmin dövrdə baş verdi, bunu (1369-1444) Leonardo Da Vinçiyə aid edirlər. “Middle Ages” əvəzinə “Medieval” sözü də işlənilir.
"Çağdaş dövr” zaman boyu hərəkət etdikcə onu iki hissəyə-yeni və ən yeni tarixə ayırmağa başlanıldı - Modern History (Yeni tarix), Contemporary History (Ən yeni tarix). Bir zamanlar Konstantinopolun türklər tərəfindən fəthi (1453) Orta çağın Middle Ages sonu və Yeni çağın (Modern Era) başlanğıcı hesab olunurdu. 1789-cu il Fransız inqilabını Müasir dövrün (Modern History) başlanğıcı hesab edənlər çoxdur. Bir sıra hallarda modern dövrün Roma İmperiyasının çöküşü (Post Roma) və ya İslam mədəniyyətinin yaranması ilə başladığını söyləyirlər. Bu üçlük, yəni Qədim (Antik) dövr, Orta çağ və Müasir dövr Avropa dövrləşməsidir, dünyanın digər hissələrinə aid deyil (hərçənd ki, sırf zaman bölümü kimi bu dövrləşmədən qlobal tarixçilər də, yəni ümumdünya tarixi ilə məşğul olanlar da istifadə
etməkdədirlər).
etməkdədirlər).
Tarixi elmlər
- Arxeologiya
- Arxeoqrafiya
- Arxivşünaslıq
- Arxontologiya
- Bonistika
- Veksillologiya
- Genealogiya
- Genetik genealogiya
- Heraldika
- Diplomatika
- Tarixi coğrafiya
- Tarixi demografiya
- Tarixi informatika
- Tarixi metrologiya
- Mənbəşünaslıq
- Numizmatika
- Onomastika
- Paleoqrafiya
- Xronologiya
və s.
- Epiqrafika
Tarixlə bağlı olan elmlər
- Antropologiya
- Mədəniyyətşünaslıq
- Gender tarixi
- Etnologiya
və s.
- Etnoqrafiya