V-XI siniflərdə Tarixin tədrisi metodikası

V-XI siniflərdə Tarixin tədrisi metodikası
Məhşur filosofdan soruşanda ki,metod nədir? Cavabında deyir: ”Medod qaranlıqda gedərkən yandırdığın fənərdir”.
      Müəllim neçə il dərs deyirsə-desin,bütün bu müddət ərzində onun özü də öyrənməkdə davam edir;qədim latın məsəlində deyilir: ”Nə qədər ki, öyrədirik, özümüz də öyrənirik”. Müəllim təkcə  elmin inkişafını izləmir,həm də öz fənnini tədris etməyi öyrənir. O, başqa müəllimlərin təcrübəsində, metodik ədəbiyyatda çətin materialı izah etmək üçün maraqlı üsullar, orijinal dərs quruluşu, dərsdə problem situasiyalar yaratmağa kömək edən suallar və s.tapır. Lakin ağıllı, düşüncəli və müşahidəçi müəllim hər şeydən əvvəl daha çox öz dərslərində öyrənir. Müəllim şagirdlərinin cavablarına, suallarına, onların gözlərindəki xüsusi canlanmaya əsasən gördükdə ki, onun gətirdiyi aydın fakt, iki tarixi hadisənin, şəklin müqayisəsi materialı tez və dərindən izah etməkdə sinifə kömək etmişdir, şagirdlərdə canlı maraq oyatmışdır, özündən dərin razılıq hissi keçirir. Müəllim praktikada özünü doğrultmuş iş üsullarını və materialı öz “ metodiki silahları” ehtiyatına daxil edir.Təcrübəli  müəllimlərdə olduqca çoxlu miqdarda belə müşahidələr və təcrübədə özünü doğrultmuş üsullar toplanır. Bunların sayı artdıqca müəllimin də metodiki ustalığı, məharəti artır.  
            Tarix müəllimlərinin yaradıcılıq işi öz əksini metodiki ədəbiyyatda və tədris ədəbiyyatlarında(metodik ədəbiyyat dedikdə, müəllimə kömək üçün buraxılan kitab və məqalələr; tədris ədəbiyyatı dedikdə, şagirdlərin təlim prosesində bilavasitə işləməsi üçün olan kitabçalar, iş dəftərləri və s. başa düşülür) tapır.
       Tarixin tədrisi metodikasını elmi biliyin bir sahəsi kimi qəbul etmək və ya qəbul etməmək, eləcə də bu sahəni müəyyən etmək üçün biz nəzərdən keçirməliyik ki, metodikadan ictimai-faydalı məqsədlər üçün necə istifadə etmək olar.Təlimin məqsədlərinə verilən pedoqoji tələblər bunlardır:1) Məqsədlər yetişməkdə olan nəsillərin təhsili, tərbiyəsi və inkişafı üçün mühüm olmalıdır.2) Məqsədlər tarixin məktəb kursunun öz məzmunundan irəli gəlməlidir.3) Məqsədlər şagirdlərin gücünə müvafiq olmalıdır.4) Müxtəlif inkişafa və qabiliyyətə malik olan məktəblilərin məqsədlərini fərdiləşdirmək lazımdır.
     Tədrisə dair şəxsi və kollektiv  təcrübənin toplanması, onun mübadiləsi, ondan istifadə edilməsi ona görə mümkündür ki, müxtəlif siniflərdə və məktəblərdə bir tərəfdən məzmun ilə təlim üsulları, digər tərəfdən onun təhsil-tərbiyə nəticələri arasında ümumi asılılıq meydana çıxır: metodik cəhətdən bir qaydada tədris edilən eyni bir material təxminən eyni inkişaf səviyyəsində olan məktəblilər tərəfindən az-çox eyni səviyyədə mənimsənilir və onlara nisbətən analoji təsir bağışlayır. Əllbəttə, eyni bir məzmun, eyni üsullar heç də həmişə eyni təhsil - tərbiyəvi nəticələrə gətirib çıxarmır. Dərsin gedişinə və nəticəsinə hətta dərs keçilən gündə müəllimin fiziki, maddi vəziyyəti və şagirdlərin də o cür vəziyyəti, yorğunluğu, həm də həyacanı təsir göstərir.Təcrübəli müəllim bu şərtlərin də təsirini nəzərə almağa çalışmalıdır.Tarixin təliminin səmərəliliyinin şərtlərindən biri onun məqsədlərinin dəqiq surətdə müəyyən edilməsindən ibarətdir.Təlim prosesində həm bir neçə dərsi irəlicədən nəzərdə tutan nisbətən uzaq məqsədlər( məsələn, şagirdlərdə bütövlükdə ictimai-iqtisadi formasiya haqqında anlayışların təşəkkülü), həm də daha xüsusi məqsədlər (yaxın dərs üçün və yaxud hətta onun  bir hissəsi üçün) nəzərdə tutulur.Təhsil məqsədləri ilə yanaşı şagirdlərin inkişafı, onlarda bacarıqların, hisslər tərbiyəsinin və s. təşəkkülü vəzifələri də qoyulur.Təlimin gedişində onun məqsədləri  nəticələrinin əldə edilməsi ilə bilavasitə əlaqədə daim inkişaf edir. Bir məqsəd əldə edildikdə yeni, daha mürəkkəb məqsədlər irəli gəlir ki, bu da təlimdə bir yerdə donub qalmağa imkan vermir.Məqsədlər təlimin ümumi vəzifələrinə nə qədər tam cavab versə, onlar nə qədər konkret qoyulsa, müəllim və şagirdlər tərəfindən(madam ki, bu mümkündür), nə qədər dərin düşünülsə, fənnin təlimi məzmunca ideyalı, metodlarına görə isə məqsədli və çevik olar.
          Tarixin təliminə qiymət verilməsinin meyarı əldə edilən nəticələrdən-şagirdlərin qazandıqları bilik, bacarıq və vərdişlərin keyfiyyəti və həcmindən, əxlaqi keyfiyyətlərin tərbiyəsindən, maraqların oyanmasından, şagirdlərin ümumi inkişafından ibarətdir.Tədrisdə olan səhvlərin ən çoxu belə bir müddəadan irəli gəlir ki, guya şagird hər şeyi müəllimin ona söylədiyi və göstərdiyi kimi və ya kitabda şərh edildiyi kimi mənimsəyir. Bu heç də belə deyil. Əgər belə olsaydı, materialın şagirdlərə hansı vasitələrlə çatdırılmasının heç bir fərqi olmazdı. Şagirdin başı sandıqça deyil ki, ona hazır bilik, bacarıq və vərdiş yığmaq olsun. Müasir dövrün şagirdləri informasiyanı yenidən işləyib hazırlamağı bacarırlar. Mənimsənilən materialın həcmi,mənimsəmənin möhkəmliyi və dərinliyi, tərbiyəvi  təsirinin gücü nəticə etibarı ilə təlim prosesində şagirdlərin tədris fəaliyyətinin xarakterindən və intensivliyindən, təəssüratın parlaqlığı və emosionallığından, şagirdlərin tarixi faktları yaşamasından, fikri işin faydalılığından, əvvəllər mənimsənilmiş biliklərin aktuallaşdırılmasından asılıdır. Məktəbli təlim prosesində passiv dinləyici və tamaşaçı yox, prosesin fəal iştirakçısı olduqda faydalılıq artır. Məktəblilərin tədris fəaliyyətinə təlim prosesinin təşkilatçısi və rəhbəri olan müəllim başçılıq edir. Məktəbli hətta müəllimin tapşırıqlarını və məsləhətlərini müstəqil surətdə yerinə yetirdikdə də  təlim prosesinə müəllimin rəhbərliyi həyata keçirilir. Materialın başa düşülməsi onun şərh edilməsi priyomlarından çox asılıdır;  müəllim şifahi izah edərkən məktəblilərin az başa düşdüyü material, əyanilikdən istifadə edildikdə daha yaxşı mənimsənilir. Eləcə də  bu və ya digər təlim priyomunun təsirliyi öyrənilən materialdan, təlimin məqsədlərindən, şagirdlərin hazırlıq dərəcəsindən, yəni  inkişafından, maraqlarından, bacarıqlarından və s. asılıdır. Metodika  aşağıdaki suallara cavab verməyi bacarmalıdır.1) nə üçün öyrətməli? (təlimin məqsədi);2) nəyi öyrətməli?(təlimin məzmunu);3) necə öyrətməli?, yəni məktəblinin tədris fəaliyyətini necə təşkil etməli(tədrisin metod və priyomları və dərs vəsaitləri). Bu zaman bir sual da meydana çıxır-tarix müəllimlərini necə hazırlamalı? Sual tarix tədrisinin məktəb prosesinin öyrənilməsindən kənara çıxsa da vacib və düşündürücüdür.
        Metodika-təlim prosesini bir tədris fənninə tətbiq edərək tədqiq edir. Metodika dərs prosesinin bütün halları üçün hazır reseptlər vermək vəzifəsini güdmür. Metodika daha da inkişaf etdikcə, müəllimi təlim prosesinin qanunauyğunluqları haqqında biliklə və priyomlarla  təhciz edərək, müəllimin metodiki ustalığı üçün daha əlverişli şərait yaradır və yaradacaqdır. Əgər sual versələr ki, pedaqogikada əsas cəhət nədir? Cavab vermək olar;”Uşaqların xoşbəxtliyi naminə yaşamaq. Şərəfli və məsuliyyətli müəllimlik vəzifəsi bundadır” (V.A.Syxomlinski). ”Vətəni  özünə  doğma bilən insanlar tərbiyə etməyi bacarırıqsa, gələcəyimizi təmin etmişik”. Məhəmməd Peyğəmbərin belə bir kəlamı var: “Elmin bəlası unutmaqdır, elmi tələf etmək isə onu ləyaqətsiz adama tapşırmaqdır”.
    Dərslərdə fərdiləşdirmə geridə qalan şagirdlərin təfəkkür və nitqinin inkişafına istiqamət verməkdə, eləcə də tarixə xüsusi maraq göstərən istedadlı şagirdlərin təlabatını təmin etməkdə özünü göstərə bilər.Tarixin tədrisi prosesində digər fənlərlə əlaqə yaddan çıxmamalıdır. Fənlərarası əlaqələr (inteqrasiya) aşagadıdakılardan ibarətdir: a) digər fənlərin tədrisində qazanılmış biliklərə, bacarığa və vərdişlərə istinad edilməsindən; b) şagirdlərin təfəkkür və nitqinin bütün tədris fənləri üçün ümumi olan inkişafından.
         V-VI siniflərdə tarixin təlimi şagirdləri tarixdəki hadisələrin elementar şəkildə başa düşülməsinə gətirib çıxarır və onlarda tarixi inkişafın ibtidai şəkildə anlaşılmasının əsasını qoyur. Bu siniflərdə tarixi biliklərin tərbiyəvi təsiri onların şərhinin inandırıcılığından və emosionallığından çox asılıdır.Tarixin təlimində digər bir məsul vəzifə də bundan ibarətdir ki, tarixi hadisələrə verilən qiymətləri və çıxarılan nəticələri məktəblilər üçün inandırıcı etmək lazımdır. Şagirlər üçün həqiqət kimi qəbul etdikləri ümumi müddəalar deyil, fəal təfəkkür və hisslər nəticəsində onların gəlib çıxdıqları nəticələr daha inandırıcı olur. Qədim dünya və orta əsrlərə dair biliklər şagirdlərdə faktlara qarşı şəxsi münasibət aşılanması, şagirdlərin tarixi sevimli qəhrəmanların taleyi ilə yaşaması, həyacanlanması, zəhmətə sevgi, igidlik, vətənsevərlik, tolerantlıq, işğalçılara nifrət və digər əxlaqi xüsusiyyətlərin tərbiyəsi kimi, təlimin ən mühüm tərbiyəvi vəzifələrinin həlli üçün əsas şərtlərdən biridir.Tarixə dair biliklər şagirdlərdə cansız,gərəksiz bir şey kimi yatıb qalmamalı, yeni dərin və şüurlu biliklər qazanılmasına xidmət etməlidir.
        Tarix təliminin konkret məqsədlərinin işlənib hazırlanma prinsiplərinə yığcam şəkildə yekun vuraq. Bu məqsədlərin hansılarının və nə dərəcədə həyata keçirilməsi aşağıdakı şərtlərdən asılıdır; a) kursun, fəslin, paraqrafın  məzmunundan; b) şadirdlərin onu öyrənmək üçün hazırlanmasından-onların əqli  inkişafından, onlarda olan bilik, bacarıq və vərdişlərdən; c) təlimdə istifadə oluna bilən  vəsaitlərdən; ç) tarixin və digər fənlərin sonrakı təliminə şagirdlərin hazırlanmasında  həmin materialın rolundan; d) kursun tədrisi üçün ayrılmış vaxtdan...


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.