Cəlaləddin Məhəmməd
Münəccim Yəzdi və onun “ Tarixi - Abbasi” əsəri
Keçilmiş yolun güzgüsü olan tarix həmişə
xalqa bəşəriyyətin inkişafında baş verən dəyişiklikləri keçmişin təcrübə sınağı
əsasında təfəkkür süzgəcindən keçirməyə kömək edir. Azərbaycan tarixində böyük
rolu olan orta əsrlər dövrü xüsusi əhəmiyyətə malikdir. Lakin qeyd etmək
lazımdır ki, Azərbaycan tarixinin bu dövrü lazımınca tədqiq edilməmişdir. Xüsusən
XIII- XVII əsr Azərbaycan tarixinin öyrənilməsində mənbələrin və elmi
monoqrafiyaların rolu əvəzsizdir. Azərbaycanın ictimai- iqtisadi və siyasi həyatının
öyrənilməsində belə əsərlərin tədqiqatı və yenidən nəşr olunmasının böyük əhəmiyyəti
vardır.
Belə mənbələrdən biri də Cəlaləddin Məhəmməd
Münəccim Yəzdinin “ Tarixi- Abbasi” əsəridir. Mövzu yazılarkən görkəmli tarixçi
alim, XIII- XVII əsrlər dövrünün usdad bilicisi, mərhum professor Seyidağa
Onullahinin “ Cəlaləddin Münəccim Yəzdi və onun Tarixi- Abbasi “ əsəri haqqında
1972-ci ildə nəşr olunmuş məqaləsindən bəhrələnmişəm.
Cəlaləddin Məhəmməd Münəccim Yəzdinin həyat
və yaradıcılığı haqqında istər tarixi mənbələrdə, istərsədə ədəbiyyatda dolğun
məlumata rast gəlmirik. S. Onullahi yazır ki:
“Yəzdi ilə bir dövrdə yaşamış İsgəndər Münşi onun I Şah Abbasın baş münəccimi
olduğunu göstərir.Haqqında söhbət etdiyimiz Yəzdinin oğlu Kamal “ Zübdət- üt- təvarix”
adlı əsərində atasını sadəcə Cəlal Münəccim adlandırmış, Kamalın oğlu və Yəzdinin
nəvəsi də eyni ilə babasının adını daşımışdır. Onun da əsəri “ Tarixi- Abbasi”
adlanmışdır . Buna görə də heç təsadüfi deyil ki, çox tarixçilər baba ilə nəvəni
və onların əsərlərini qarışdırmışlar”.
Əsərin nə vaxt yazılması haqqında dəqiq məlumat
yoxdur. Gorkəmli alim S. Onullahi yazır ki, “ ... müəllifin 1619- cu ildə vəfat
etdiyini nəzərə alaraq, əsərin XVII əsrin ilk onilliyində yazıldığını ehtimal
etmək olar.”
XVII
əsrin fransız səyyahı Tavrinye baş münəccimləri dövrün hökmdarlarının ən yaxşı
məsləhətçiləri olduğunu qeyd etmişdir. Dini münasibətlər, sülh və ya müharibə,
hərbi taktika, qala salınması və sair bu kimi mühüm işlər haqqında şahın rəyi əsasında
münəccimbaşı hökm verirdi.Sadə dillə desək, şah öz fikrini münəccimbaşıya
dedizdirirdi.
Azərbaycanın böyük mütəfəkkiri M. F.
Axundov İsgəndər Münşinin “Tarixi- alami- arayi- Abbasi” əsərindən götürülmüş
faktlar əsasında yazdığı “Aldanmış Kəvakib” və ya “Hekayəti Yusif Şah” adlı məhşur
satirik əsərində Yusif Sərracın başına gələn əhvalatlarda Münəccimbaşı Cəlaləddin
Məhəmməd Yəzdinin tarixi rolunu çox şişirtmişdir. Halbuki Yusif Sərracın üç gün
şah olub sonra öldürülməsi tarixi həqiqət olaraq I Şah Abbasın göstərişi ilə həyata
keçirilmişdir.Cəlaləddin isə I Şah Abbasın əmrinin həyata keçirilməsində münəccim
rolunu oynamışdır.
Təbrizi osmanlılardan geri almaq üçün yürüşə
çıxmaq istəyən I Şah Abbasın fikrini ifadə edən Münəccimbaşı hərəkət vaxtını təyin
edir.( 16.VIII.1603) Dövlət əhəmiyyətli tikililərin yerinin təyin edilməsi, eləcədə
təmir olunmasının vaxtı da Münəccimbaşının göstərişi ilə həyata keçirlirdi. Hətta
iş o yerə çatmışdı ki, xarici səfir və səyyahların I Şah Abbas ilə görüşü də Cəlaləddin
Məhəmməd Münəccim Yəzdinin məsləhəti ilə olurdu. Lakin bütün bunlar heç də münəccimbaşının
yüksək mövqe tutması ilə izah olunmur, əksinə şah öz demək istədiyini münəccim
vasitəsilə deyirdi. Bu mahir bir diplomatik taktika idi.
1618-ci il yanvarın 4-də, Mazandaranda, I
Şah Abbasın görüşünə gəlmiş İtaliya səfiri Petro Della Vallenin şah tərəfindən
qəbulu Cəlaləddin Məhəmməd Münəccim Yəzdinin məsləhəti ilə təxirə salınmışdı.Bu
barədə Petro Della Vallen belə yazırdı:” Güman edirəm ki, şah məni o günlərdə qəbul
etməmək üçün münəccimbaşının hökmünü bəhanə gətirmişdir... şah əcnəbiləri
asanlıqla qəbul etmirdi.Xüsusilə bir müddət onları intizarda saxlayırdı ki, məqsəd
və əhvalını ətraflı öyrənib yoxlasın....”. ( Əlavə məlumat üçün bax: Az. SSR EA
xəbərləri, tarix, fəlsəfə və hüquq seriyası, 1972 № 2.)
Yəzdinin I Şah Abbasın yanında münəccim kimi işlədiyini 1587-ci ildən
qəbul etsək, deməli “Tarixi- Abbasi” əsərinin müəllifi ölümünə qədər( 1618/ 19)
29 il I Şah Abbasın baş münəccimi olmuşdur.
“
Tarixi- Abbasi” əsəri səlnamə tipli əsərdir. Bu əsər Qafqaz və Orta Şərqin
tarixini öyrənmək üçün mühüm mənbədir. Müəllif təsvir etdiyi hadisələrin
əksəriyyətinin müşahidəçisi və iştirakçısı olduğu üçün, əsər xüsusi əhəmiyyət
kəsb edir.
Əsərdə Təbriz, Naxçıvan, Gəncə, Dərbənd, Şamaxı və Bakının osmanlı
işğalından azad edilməsi uğrunda gedən müharibələrin şərhi daha konkret və
ətraflıdır.Bakının osmanlı qoşunlarından geri alınmasının təsviri olduqca
maraqlıdır.Bu hadisələr zamanı Ziyaəddin Bakuvinin adı çəkilir. O dövrdə bu
şəxs xalq qəhramanı kimi tanınırdı. O, 3 dəfə həbs olunub, lakin həmişə osmanlı
həbsxanasından qaçmış və işğalçılara qarşı mərdliklə vuruşmuşdur.( Bax:
S.Əsədli VIII sinif Azərbaycan tarixi dərsliyində toxunulmayan bəzi məqamlar.”İşıq”
qəzeti. Yanvar 2005-ci il.).
Yəzdi 1603-cü il hadisələrindən danışarkən Azərbaycanda olan qalaların
açarının I Şah Abbasa verildiyini qeyd edir. Bu qalalar aşağadakılardır:
Təbriz, Xoy, Marağa, Ordubad, Naxçıvan, Əlincə, Mərənd və s. bundan başqa,Şimali
Azərbaycanda - Dərbənd, Bakı, Ağdaş, Qəbələ, Ağsu,Salyan, Ərəş, Şəki, Tovuz və
s.qalaların da adları çəkilir. Məhz bu əsərdən bəlli olur ki, XVI əsrin sonu
XVII əsrin əvvəllərində Salyan qalası mövcud olmuş,bu qala Səfəvi dövlətinin ən
çox əhəmiyyət verdiyi hərbi- strateji mövqelərindən biri olmuşdur.Əsərdə Bakı,
Gəncə qalalarının bərpa edilməsindən, Cəlalilər hərəkatından ətraflı məlumat
verilməklə yanaşı, görkəmli dövlət xadimi, tarixçi və şair Hatəmbəy Ordubadi
haqqında da qiymətli məlumatlar verilir.
Bu
mənbənin əsas cəhəti odur ki, başqa əsərlərdə olmayan məlumatlar çox dəqiqliklə
verilir.
Elə məsələlər vardır ki,
onların Azərbaycan tarixi dərsliklərində öz əksini tapması şagirdlərdə elmi
marağı artırmaqla yanaşı, əxlaqi tərbiyəyə böyük təsir edər, onlarda vətənsevərlik,
dövlətçiliyə məhəbbət hissini daha da gücləndirmiş olardı.
Seyyub Əsədov
Şirvan şəhər T.Bağırov
adına 11№-li tam orta məktəbin tarix müəllimi,
Azərbaycan
Respublikası Prezidentinin 21 dekabr 2015 - ci il tarixli 1635 №-li sərəncamı
ilə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi