Tarixin təlimində tədris avadanlığının ümumi məsələləri

     Müəllimə dərsə hazırlaşmaqda kömək etmək üçün nəzərdə tutulan metodik vəsaitlərdən fərqli olaraq dərs vəsaitləri dedikdə, biz bilavasitə təlim prosesində istifadə edilən kitabçaları, şəkilləri, xəritələri, sxemləri, xronologiya dəftərlərini, iş vərəqlərini və digərlərini başa  düşürük.Tarixə dair dərs vəsaitləri pedaqoji əməyin elə “alətləridir”ki, bu alətlərin vasitəsilə fənnin təlimi nəinki möhkəm biliklər verir və tərbiyə edir, həm də məktəblilərə bu alətlərdən istifadə etməyi öyrədir, tarixi biliklərə dair müxtəlif mənbələrlə işləmək bacarığını təşəkkül etdirirlər.

        Dərs vəsaitlərinin I vəzifəsi- kursun materialının həcmini, dərinliyini, materialın şərhinin məntiqini konkretləşdirməkdən ibarətdir. II vəzifə-tarixin təlimini bilik mənbələri və fənnin təliminin təhsil - tərbiyəvi məqsədlərinə, kursun məzmun və xüsusiyyətlərinə və şagirdlərin inkişafına müvafiq olaraq məktəblilərin fəal dərs fəaliyyətinin təşkilinə kömək edən tapşırıqlar üçün materiallarla təmin etməkdən ibarətdir.Yalnız dərs vəsaitlərindən, ilk növbədə əyani vəsaitlərdən kifayət qədər geniş istifadə olunması tarixin təlimini canlı və obrazlı etməyə, həm də şagirdlərdə öyrənilən dövrdə cəmiyyətin həyatı haqqında zəngin təsəvvürlər yaratmağa kömək edir.Yalnız şagirdlər tarixə dair müxtəlif məlumat mənbələri ilə işlədikdə onların biliyinin hərtərəfliyi, möhkəmliyi və operativliyi, onlarda bacarıqların, vərdişlərin təşəkkül tapması və tarixi hadisələrə yanaşma üsulunda müstəqillik əldə edilə bilər. III vəzifə-şagirdlərin tarix elminin ilk mənbələri ilə və bu mənbələrin tədqiqini, onlardan istifadə edilməsinin ən sadə elmi metodlar ilə tanış olması üçün şərait təmin etməkdən ibarətdir ki, bu da tarixi məlumatların inandırıcı, sübutlu olmasına kömək edir. Dərs vəsaitlərinin IV vəzifəsi-tarixin təlimində məktəblilərin təfəkkür fəaliyyətinə rəhbərlikdə müəllimə kömək etməkdən ibarətdir. Bu bir həqiqətdir ki, çətinliklərin aradan qaldırılmasına, şagirdlərin təfəkkürünün müntəzəm surətdə inkişaf etməsinə, istər dərsliklərdə, istərsə də dərs vəsaitlərində verilən suallar və tapşırıqlar kömək edir. V vəzifə-məktəblilərin şəxsiyyətinin təşəkkülünə təlimin emosional təsirini gücləndirməkdən ibarətdir. Şagirdlərə  emosional təsiri ”dövrün nəfəsini” duymağa kömək edən tarixi qaynaqların sənədli, əsli olması göstərir; arxeoloqların tapıntısı, həqiqi arxitektura abidəsinin internetdən götürülmüş fotoşəkli, hadisə iştirakçısı olan və hadisələrin şahidi olan şəxslərin xatirələri, eləcə də Misirdə piramidaları, İtaliyada Kolizeyi və s.və i. öz gözləri ilə görən insanların təəssüratları.Tarixin təlimi üçün yaradılmış dərs vəsaitləri ilə yanaşı həmçinin nəzərdə tutulmayan vəsaitlərdən, məsələn: qədim dünya və orta əsrlər incəsənət abidələrinin reproduksiyslarından, keçmişdəki insanların həyatını əks etdirən bədii ədəbiyyat əsərlərindən, qədim insanların əşyalarından və s. istifadə etmək olar. Mən tədris etdiyim məktəbdə özüm, eləcə də rəhbərliyim altında şagirlərim əldəqayırma dərs vəsaitləri - maket, cədvəl və sxemlər və s. hazırlayiriq. Hətta yazı lövhəsinə çəkilmiş şəkil və lövhədəki yazı da praktiki surətdə dərs vəsaiti rolunu oynayır. Yaddan çıxarmaq olmaz ki, istər dərslərdə, istərsə də dərslərdən kənarda istifadə olunan tarixə dair bütün dərs vəsaitlərinə verilən birinci tələb elmilikdən ibarətdir. Bu işdə isə İKT böyük rol oynayır. Tarixin təlimində bu kurslar üzrə mövcud olan və yaxud müəllimin özü tərəfindən yaradılan dərs vəsaitlərinin bütün zənginliklərindən istifadə etmək üçün, əvvəla, təlimin təkcə ümumi vəzifələrini deyil, həm də hər bir dərsin konkret məqsədlərini dürüst müəyyən etmək lazımdır, ikincisi,bu məqsədlərə nail olmaq üçün şagirdlərin nə kimi təlim fəaliyyətinin lazım olduğunu dürüst təsəvvür etmək lazımdır; üçüncüsü, məktəblilərin lazımi təlim fəaliyyətinin oyandırılmasına nə kimi dərs vəsaitlərinin kömək etdiyini bilmək və ona rəhbərlik etmək lazımdır. Tarixə dair bəzi dərs vəsaitlərində bir əsas metodiki forma, yəni onun məzmununun şərhininin bir üsulu ola bilər. Məsələn, tarixi abidələrin albomu, tarixi sənədlərin müntəbəxatı, bədii kitab, xəritələr albomu və s. belələrindəndir. Lakin dərs vəsaitlərində əsas metodiki forma ilə yanaşı əlavə formalar da ola bilər. Məsələn, kitabın mətni illüstrasiyalarla müşayiət oluna bilər. Tarixi filmlərdə abidələr, tablolar,xəritələr, mətnlər,animasiyalar və s. Tarixdən dərs vəsaitləri təkcə öz məzmununa görə deyil, həm də yerinə yetirilmə texnikasına görə fərqləndirilir. Onlar həcmli və yaxud müstəvi şəklində, divara vurmaq üçün və yaxud stolüstü, mətbu və ekranda göstərilmək üçün ola bilər. Əlavə etmək istəyirəm ki, dərs vəsaitləri olmaq etibarilə əldə düzəltmə vəsaitləri, o cümlədən, müəllimin yazı lövhəsinə çəkdiyi şəkilləri və həm müəllimin, həm də onun tapşırığı ilə şagirdlərin tərtib etdikləri sxemləri, çertyojları, cədvəlləri də nəzərdən keçirməliyik. Belə vəsaitlərə kontur xəritələr, tarixə dair iş dəftərləri, viktorina, krossvord və digər belə tarixi məsələlərin məcmuələri, stolüstü  tarix  oyunları aiddir. Bura dərslikdəki və tarixə aid digər dərs kitablarındakı suallar və tapşırıqları, testləri  aid etmək olar. Şagirdlər üçün yeni informasiya mənbəyi olmayan bütün bu vəsaitlər biliklərin yaddaşda möhkəmlənməsinə, onların dərk edilməsinə və dərinliyinə, bacarıq və vərdişlərin təşəkkülünə, şagirdlər tərəfindən bilik və bacarıqların mənimsənilməsinin yoxlanmasına, eləcə də şagirdlərin özünü yoxlamasına xidmət edir. Beləliklə, hələ V sinifdə məktəblilərdə ilk mənbə vəsaitlərini üç əsas qrup olan tarixi sənədli abidələrə  bölmək olar:1) sənədli xarakter daşıyan yazılı və maddi abidələr və onların yenidən çap olunmuş nüxsələri; 2) tarixin elmi-kütləvi formada şərh edilməsi (aidiovizual vəsaitlər); 3) təsviri incəsənət və ədəbiyyat əsərlərində tarixi gerçəkliyin əks etdirilməsi. Fikrimcə, tarixə dair dərs vəsaitləri olan sənədli mənbələri 3 tipə bölmək olar: maddi mədəniyyət əşyaları, təsviri sənət əşyaları və yazılı qaynaqlar.    Pedaqoji təsir gücünə görə heç bir təsvir qədim insanın öz əlində tutduğu və min illər torpağın altında yatıb qalan alətlə, həmçinin qədim şəhər və ya orta əsr qəsrinin xərabəliklərinə edilən ekskursiyalarla müqayisə edilə bilməz. Sənədli abidələrin 2-ci tipi qədim dünya və orta əsrlərin təsviri sənət əsərləri, öz növbəsində, iki yarimqrupa ayrıla bilər. Birinci yarımqrupa maddi gerçəkliyi bilavasitə təsvir edən əsərlər: adamlar və onları əhatə edən mühit,onların düzəltdikləri şeylər, coğrafi mühit aiddir. İkinci yarımqrupa allahlar, ruhlar, mifoloji qəhrəmanlar, əjdahalar və s. haqqında insanın əfsanəvi təsəvvürlərini əks etdirən əsərlər daxildir. Təsviri sənət abidələrindən tarixə dair tədris vəsaiti kimi istifadə edilməsi həmin əsərlərin müasiri olan adamların ideyalarını, baxışlarını, etiqadlarını və arzularını əyani və inandırıcı surətdə açıb göstərməyə köməl edir. İbtidai insanlarda incəsənətin meydana gəlməsi faktının özü şagirdlər üçün ibtidai insanın inkişafının inandırıcı sübutudur. Məktəblilər başa düşürlər ki, alt paleolit dövrünün mağara rəngkarlığını  və heykəltəraşlığını yaratmaq üçün insanın inkişaf etmiş əlləri və əqli lazım idi. Tarixə dair dərs vəsaiti kimi istifadə edilən incəsənət əsərləri şagirdlərin estetik tərbiyəsinə kömək edir və sanki şagirdlər incəsənət aləminə yollanırlar.Yeri gəlmişkən interaktiv lövhə və proyektorlu kompüter bir müəllim kimi arzumdur. İncəsənət əsəri ilə aparılan işin 2-ci pilləsini bu əsərin əsasında təkcə maddi həyat haqqında alınan biliklər deyil, həm də cəmiyyətin ideologiyası haqqında alınan biliklər təşkil edir. Tarixə dair sənədli qaynaqların 3-cü tipini yazılı abidələr təşkil edir. Onları da şərti olaraq bir neçə qrupa bölmək olar. Birinci qrupa öz dövrünün sənədləri-qanunlar, əmrlər, təsərrüfat yazıları, müqavilələr, siyasi nitqlər, məhkəmə hökmləri, dualar, hədislər və s. aiddir. Bu zaman yaddan çıxarmaq olmaz ki, uşaqlara təklif edilən sənədlər qısa olmalıdır. Həcmcə iri materiallardan yalnız daha təsirli və mühüm fraqmentlər seçilib götürülməlidir. Məsələn, Hammurapinin qanunlarından 3-4 maddənin seçilib götürülməsi az vaxt sərf etməklə müsbət nəticələr verir. Yazılı abidələrin ikinci qrupunu tarixi-coğrafi sənədlər təşkil edir. Bunlara ya hadisələri öz gözü ilə görən və həmin hadisələrin müasirləri olan adamlar tərəfindən yazılmış-səlnamələr,xronikalar, memuarlar və s. daxildir. Tarixə dair sənədlərin üçüncü qrupuna bədii söz abidələri-əfsanələr, dastanlar, mahnı, təmsillər və ədəbi əsərlər ( nəsr, nəzm, dramaturgiya, satira) daxildir. Bunlardan istifadə məktəblilərə müsbət tərbiyəvi təsir göstərməklə,onlarda tənqidi yanaşma qabiliyyəti formalaşdırır. Nəhayət, tarixi sənədlərin 4-cü qrupuna hikmətli sözlər, zərb-məsəllər, obrazlı ifadələr aid edilə bilər. Hikmətli sözlərdən istifadə edilməsi o zaman məqsədəuyğundur ki, bu hikmətli sözlər diqqəti mühüm tarixi anlara cəlb etsin.

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.