Şagirdlərin tarixi təsəvvürlərinin formalaşmasının mənbəyi təsviri sənət
əyani vasitələri, müəllimin nağılının, dərsliyin mətninin və tarixi sənədlərin
təsviri, bədii ədəbiyyatdır. Materialı sözlə ifadə etdikdə, obrazlılıq şəkil
vasitəsilə təsvir etmək və tarixi sənədlərdən, elmi-kütləvi və bədii ədəbiyyatdan
əxz edilən parlaq detallı,süjetli hekayət priyomları ilə, şagirdlərin
yaddaşında mühafizə olunan təsəvvürlərə istinad etməklə əldə edilir.Tarixin təlimində
anlayışların formalaşmasına dair aparılan işin yolları və priyomları müxtəlifdir.
Əgər bəzi maddi əşyalar (harpun, kotan, gəmi və s.)haqqındakı anlayışlar 1-2 təsvirin,
əşyanın təhlili əsasında formalaşdırıla bilirsə, ictimai hadisələr və səbəb-nəticə
əlaqələri haqqındakı mürəkkəb anlayışların formalaşması bir sıra mərhələlərdən
keçir, bütün tədris ili boyunca davam edir. Anlayışların formalaşmasına dair
işdə mühüm an onların tərifindən ibarətdir. Bir qayda olaraq şagirdlərdə artıq öyrənilən
hadisə haqqında konkret təsəvvürlər formalaşdıqda və tərif vermək üçün lazımi əlamətlər
ayrıldıqda anlayışa tərif verilir.Tarixi təsəvvürlərin formalaşdırılması zamanı
müəllim şagirdlərin iş fəaliyyətinin əsasən hissi cəhətinə, tarixi anlayışların
formalaşdırılması işində isə şagirdlərin analitik fikri fəaliyyətinə istinad
edir. Lazımi materialın möhkəm mənimsənilməsi
və sonralar şagirdlərin yaddaşında asanlıqla bərpa edilməsi üçün prosesdə həmin
materialı ayırmalı, ”iri planda” verməli, bunun üçün daha faydalı məlumat
üsullarından istifadə etmək lazımdır. Nağıla hadisənin sonrakı təhlili üçün
lazım olan detalın xüsusi olaraq daxil edilməsi məqsədəuyğundur. Məsələn;V
sinifdə “Qədim Manna”dərsində bütün epizodlar şagirdlərin yaddaşında asanlıqla
bərpa olunur və şagirdlərə sənət və ticarətin inkişaf səviyyəsi, dövlətin qüdrətli
olması və s.haqqında dolğun məlumat verilir. Şifahi şərh zamanı parlaq
obrazların formalaşmasina kömək edən təsirli üsullarla bədii ədəbiyyatdan
götürülmüş təşxis şəxsləndirmə və yaxud təcəssüm etdirmə üsulları daxildir. Bu
üsul ondan ibarətdir ki,tipik tarixi hadisələr, adətən, uydurma şəxslərin fəaliyyəti
və ya vəziyyəti haqqında hekayə vasitəsilə açılıb göstərilir.Təşxis zamanı
hekayə qəhrəmanının uydurma olması müəllimə imkan verir ki, dövrün
xarakteristikası üçün tipik epizodları və detalları öz hekayəsinə daxil etsin.Təşxis
üsulu materialın şərhinə süjet daxil etməklə V-VI sinif şagirdləri tərəfindən həmin
materialın mənimsənilməsini yüngülləşdirir. Şagirdlərə emosional təsir göstərmək
məqsədilə müəllim nağılına bədii ədəbiyyatdan götürülmüş parçalar daxil edə bilər.
Müəllimin isnad etdiyi bədii əsər şagirdlərə geniş məlumdursa, o zaman müəllim əsəri
şərh etməzdən əvvəl şagirdlərin hafizəsində tanış obrazları canlandıra bilər.Məsələn;
“Qədim Hindistan”mövzusunu öyrənərkən şagirdlərə müraciət edərək deyirəm ki, onlar
Redyard Kiplinqin məşhur ”Mauqli” povestini xatırlamaqla Qanq vadisinin təbiəti
haqqında özləri danışa bilərlər. Müəllimin nəqlində tarixi sənədlərdən istifadə
edilməsi şagirdlərin tarixi təsəvvürlərinin konkretləşməsinə kömək edə bilər. Lakin bu o şərtlə məqsədəmüvafiqdir
ki, tarixi hadisələrin mühüm əlamətləri açılıb göstərilsin. (məs.Romada triumf). Müəllimin nağılı nə qədər rəngarəng
və parlaq olsa da sənəd və bədii əsər tarixi gerçəkliyi düzgün əks etdirən təsəvvürlərin
formalaşmasına təlimdə yalnız söz ilə obrazın üzvi surətdə birləşməsi, uzlaşması
zamanı xidmət edə bilər. Belə deyirlər ki, müəllim şagirdlərin şüurunda tarixi
gerçəkliyin bütöv tablolarını yaradarkən “sözlərlə şəkil çəkir”. Lakin bu o şərtlə
mümkündür ki, şagird tərəfindən qavranılan sözlər onun şüurunda keçmişin bütöv
mənzərəsini əmələ gətirən müvafiq tarixi obrazlarla əlaqələnmiş olsun. V-VI
sinif şagirdlərində tarixi təsəvvürlər kasıb olduqda və onlarda çatışmayan təsəvvürləri
müasir həyatdan götürülmüş obrazlarla əvəz etmək meyli olduqda bu siniflərdə, hər
tarix dərsində əyani materialdan istifadə etmək zəruridir. Müəllim öz
danışığını yazı lövhəsində çəkdiyi sxematik şəkillə də əyaniləşdirə bilər. Məsələn;
mən İngiltərədə çəpərləmələr haqqında danışarkən kəndli pay torpaqlarının yazı
lövhəsinə çəkdiyim təsvirini pozur, yox edir və “boş”torpağı ümumi cizgi ilə
dairə içərisinə alıram (sanki onları çəpərləyirəm). Mənim hərəkətim həqiqətən
baş vermiş prosesin şərti bərpası kimi yadda qalır. Şagirdlərdə tarixi gerçəkliyin
obrazlarını kifayət qədər dolğun, düzgün
və konkret əks etdirən təsəvvürləri formalaşdırmaq üçün tarixi obrazların
şagirdlər tərəfindən təkcə qavranılmasının deyil, həm də onların özləri tərəfindən
canlandırılmasının da böyük əhəmiyyəti vardır. Şagirdlərin tarixi gerçəklik
obrazlarını canlandırması-sözlü, yazılıa, və ya ya şifahi formada, təsviri
formada (rəsm, yapma, maketləşdirmə), eləcə də bu və ya digər formaların birləşməsində
mümkün ola bilər. Məsələn; belə bir tapşırıq vermək olar ki, qulun,kəndlinin, sənətkarın,
tacirin və s. həyatı haqqında hekayə, nağıl
tərtib etsinlər. Belə tapşırıq şagirdi məcbur edir ki, keçilən materialı
xatırlasın, onu keçmişin bütöv mənzərəsi şəklində fikrən qruplaşdırsın. Keçmişin
obrazlarının təsviri vasitələrlə canlandırılmasının ən sadə tapşırıqları şəklilərin
üzünün çixarılmasıdır.Anlayışların əlamətlərinin seçilməsi və ümumiləşdirilməsinə
dair görülən işdə məntiqi sxemlər böyük rol oynayır. Sxem şagirdlərdə tarixi
gerçəkliyin yeni obrazlarını yaratmır, onların arasındakı əlaqə və münasibətlər
haqqındakı biliklərin daha dərindən mənimsənilməsinə kömək edir. Belə sxemlərdən
dərsliklərdə, ya da stolüstü vəsait şəklində iş apararkən istifadə edilir. Tədris
prosesində hazır sxemlər faydalı olduğu kimi,yazı lövhəsində təbaşirlə çəkilən
sxemlərin də böyük qiyməti vardır. Həmin sxemləri müəllim çəkdikcə şagirdlər də
öz dəftərlərində çəkə bilərlər. Bu zaman təkcə görmə hafizəsi deyil, həm də mütəhərrik
hafizə (kinesteziya) fəaliyyət göstərir. Şəkil şagirdlərin dəftərlərində qalır,
ev tapşırıqlarını hazırlayarkən onlara kömək edir və sorğu zamanı şagirdlər tərəfindən
bərpa edilir ki, bu da şagirdlərin hafizəsində anlayışların əlamətlərini və məntiqi
əlaqələri möhkəmləndirir. Müəllimin nəqlində, sənədlə, şəkil və sxemlə apardığı
iş zamanı hadisələrin əsas əlamətləri nə qədər ardıcıl və aydın açılıb-göstərilsə, həmin əlamətlərin
sonradan ümumiləşdirilməsi üçün daha əlverişli şərait yaranmış olar. Belə işdə
müəllimin köməyinə əlamətlərin ümumiləşdirilməsi və anlayışlara tərif verilməsi gəlir. Bir qayda olaraq, anlayışın tərifini və
bu tərifi bildirən termini yalnız o zaman tətbiq etmək məqsədəuyğundur ki, məktəblilərin
şüurunda tərif verilən hadisənin mühüm əlamətləri haqqında artıq təsəvvür
formalaşmışdır və bu anlayışı ona yaxın anlayışlardan ayırmaq, fərqləndirmək
üçün lazım olan qədər əlamətlər ayrılmışdır. Məsələn; ”Ulu icma”anlayışının tərifi
şagirdlər həmin anlayışın V sinifdə şərh edilən əlamətlərini bildikdən sonra
verilir. ”Tərif”anlayışının özü V-VI sinif şagirdləri tərəfindən dərhal mənimsənilmir. Ona görə də hələ ilk dərslərdən
şagirdlərin diqqətini həmin fikri əməliyyatın mahiyyət və formasına cəlb etmək
vacibdir. Bu zaman dərsliklərdə verilən anlayışların tərifləri üzərində
aparılan işə xüsusi diqqət vermək lazımdır (məs.Ulu icma nəyə deyilir?, Etnoqrafiya
nədir? və s.). Anlayışların tərifinə dair sualları şagirdlərin şifahi və yazılı
sorğusuna müntəzəm surətdə daxil etmək lazımdır. Bu zaman həmin tərifin şagirdlər
tərəfindən şüurlu surətdə mənimsənilməsini
müəllim diqqətlə yoxlamalıdır; çünki çox zaman V-VI sinif şagirdləri hər
hansı bir tərifi mexaniki surətdə əzbərləyir, bu və ya digər termindən istifadə
edərək onu konkret hadisələrlə əlaqələndirmirlər. Məsələn; altıncı sinif
şagirdləri “tarix “in tərifini asanlıqla yadda saxlayırlar. Lakin əgər tərifi
çox yaxşı öyrənmiş şagirddən soruşduqda ki, bu tərifi 3 hissə əsasında izah et,
onun izahında çətinlik çəkəcəklər. Bu
kimi və buna bənzər tapşırıqlar nəinki artıq tanış olan anlayışların əlamətlərini
konkretləşdirir və möhkəmləndirir, həm də öyrənilmiş tərifin faktların konkret
biliyə nə dərəcədə əsaslandığını və onları tətbiq etməkdə nə kimi operativlik
göstərildiyini yoxlamaqda müəllimə kömək edir.
Beləliklə,
anlayışdan istifadə etmək, onları ayrı-ayrı hadisələrlə əsaslandırmaq şagirdlərin
şüurunda dərinləşməyə və zənginləşməyə,yeni əlamətlərin toplanmasına və onların
konkretləşdirilməsinə gətirib çıxarır.