Tarixin təlimində şagirdlərin təfəkkürünün inkişaf etdirilməsi, onlarda bacarıq və vərdişlərin formalaşdırılması

 Şagirdlərin təfəkkürünün müntəzəm inkişafı, onlarda bacarıq və vərdişlərin formalaşması  tarix təliminin məqsədlərindən biri və tarixi biliklərin mənimsənilməsinin zəruri ilkin şərtidir. Bir çox pedaqoqların fikrincə (mən də bu fikrə şərikəm) fikri fəaliyyət üsullarına yiyələnmək, bu üsulları şagirdlərin intelektual, fikri bacarıqları deyilən bacarıqlara çevirmək prosesi deməkdir.Tarixin təlimində şagirdlərin təfəkkürünün inkişafına dair aparılan işin öz spesifik məqsədləri və xüsusiyyətləri vardır. Nitq inkişafı da şagirdlərdə təfəkkürün inkişafı və onlarda əqli əmək bacarığı və vərdişlərinin formalaşması ilə əlaqədardır. Müəllimin danışığı, dərsliyin mətni, tarixi sənədlər, elmi-kütləvi və bədii-tarixi  ədəbiyyat əsərləri şagirdlərin təkcə ən mühüm söz qaynaqları deyil, həm də onların nitqinin inkişaf etdirmək vasitələridir.Tarixin təlimində formalaşdırılan bacarıqları şərti  olaraq aşağıdakı şəkildə qruplaşdırmaq olar:
1) tarixi biliklərin qaynaqlarını təhlil etmək,tarixi hadisələr və hallardakı ən mühüm cəhətləri, onların mühüm əlamətlərini və əlaqələrini ayırmaq, tarixi anlayışların tərifini tərtib etmək;
2) tarixi biliklərin məzmununu məntiqi surətdə hissələrə ayirmaq;
3) tarixi faktları və prosesləri məhdudlaşdırmaq və onları zamanda bir-birilə əlaqələndirmək, xronoloji və sinxron cədvəllər tərtib etmək;
4) tarixi hadisələri məkanda məhdudlaşdırmaq, tarixi xəritəni “oxumaq”, onun şərti işarələrindən savadlı şəkildə istifadə etmək;
5) tarixi hadisələri, əhvalatları müqayisə etmək, onlardakı ümumi və spesifik cəhətləri  tapmaq;
6) tarixi faktların təhlili və müqayisəsi əsasında nəticələr qurmaq və nəticələri əsaslandırmaq;
7) tarixi materialı şifahi və ya yazılı şərh etmək, şərhin bütün  növlərindən (təsvir, xarakteristika, izah etmə və s.) istifadə etmək, suallara istər yığcam, istərsə də geniş cavab vermək və bu sualları öz yoldaşlarına da vermək, onların  cavablarına rəy vermək (şifahi yaxud yazılı).
8) İKT-dan istifadə etməklə məlumatlar, məruzələr, informasiyalar hazırlamaq  və onu təqdim etməyi bacarmaq;
9) tarixi mətnin məzmununun planlarını, müqayisənin,nəticənin, öz cavabının planını və  s.  tərtib etmək, məlumat xarakteri daşiyan tarixi ədəbiyyatdan istifadə etmək.
       Tarix müəllimi ilk növbədə aşkar etməlidir ki, o, bu və ya  digər sinifdə əvvəllər təşəkkül tapmış bilik və bacarıqların hansı dairəsinə istinad edə bilər. Ayrı-ayrı şagirdlərdə hansı bacarıqlar zəif inkişaf etmişdir və yaxud heç yoxdur. Sonralar bunun əsasında müxtəlif şagirdlər qrupuna və ayrı-ayrı şagirdlərə diferensial yanaşma üsulu qurulur. Yadda saxlamaq lazımdır ki, eyni yaşdan və sinifdən olan şagirdlər üçün bacarıqların inkişaf səviyyəsi müxtəlifdir. Bacarıqlar təşəkkül etdirilməsinin əsasını əqli fəaliyyətin müəyyən üsullarına yiyələnmək təşkil edir. Şagirdlərdə bu və yaxud digər bacarığı, məsələn, tarixi hadisələri müqayisə etmək, sübut qurmaq bacarığını təşəkkül etdirmək  üçün  müəllim həmin məntiqi əməliyyatın məqsəd və mahiyyətini, onun yerinə yetirilməsi üsullarını izah edir.Təlimat zamanı məzmunca nisbətən az mürəkkəb olan  material seçmək məsləhətdir: məsələn, müqayisə üçün - iki maddi mədəniyyət əşyası, nəticə çıxarmaq üçün isə- dərslikdən bir neçə abzasdan ibarət olan mətn və s. götürmək olar. Bunun ardınca şagirdlər müəllimin rəhbərliyi altında artıq özləri üzərində işləmək üsulu göstərilən tarixi materiala oxşar material üzərində məntiqi əməliyyat aparırlar. Metodikada hələ kifayət qədər təyin edilməmişdir ki,V-VIII sinif şagirdləri tarixin təlimində bu və ya digər bacarığa nə dərəcədə yiyələnə bilərlər.V sinifdə ilk  məşğələlələrdən məqsəd kiçik hissələrə asanlıqla ayrılan mətnin mühüm məzmununu  ayırmağı, onun başlıca mənasını tapmağı, sonra isə öz sözləri ilə qısaca və dürüst ifadə etməyi öyrətməkdən ibarətdir. İbtidai yığıcılıqla məşğul olanlar və ovçular haqqında mətni oxuduqdan və nəql etdikdən sonra şagirdlər mənim suallarımın köməyi ilə mətnin məzmununda mühüm fikirləri ayırırlar.Mən göstərirəm ki, parçanın başlıca fikri ən qədim insanların heyvanlardan nə ilə  fərqləndiklərini izah etməkdən ibarətdir. Şagirdlər bu başlıca fikri dürüst ifadə edərkən deyirlər ki, heyvanlar əmək alətləri düzəldə bilmirlər; insan isə  çapacaq, dəyənək,yerqazan çubuq düzəldirdi. Nə üçün belə düşünürsünüz?-sualına cavab verərkən daha düşüncəli  şagirdlər fikirlərini belə əsaslandırırlar: ”İnsan zəhmətlə məşğul olmağa başlayarkən özü  üçün daş çapacaq düzəltdi, sonra isə çapacaq vasitəsilə dəyənək yonub düzəltdi. Bu isə insanı heyvandan fərqləndirir və insanı güclü edirdi.
      Mətnin kiçik parçasının mühüm fikirlərini seçmək üsulu olaraq “Odun əldə edilməsi” bəndinin sadə planını tərtib etməyi tapşırıq kimi vermək olar.VI sinif şagirdləri bu tapşırığı yerinə yetirərkən faktın mahiyyətini ifadə edən fikir ilə dürüstləşdirilən qeyri-mühüm detallar arasındakı fərqi çox vaxt hələlik görə bilmirlər. Belə bir misal gətirək:  Şagirdlər plan qururlar;
1) İnsanların oddan qorxması.
2) Od istilik verir və insanları  vəhşi heyvanlardan qoruyur.
3) İnsanlar ocaq qalayırlar və odu qoruyub saxlayırlar.
4) İnsanlar odu əldə etməyi öyrənirlər.
       Mən şagirdlərə təklif edirəm, təyin etsinlər ki, planın hansı bəndi deyilənləri dürüstləşdirir. Gətirilən planda aydınlaşır ki, belə rolu planın 3-cü bəndi oynayır. Mən işin  gedişində şagirdlərə planın bəndlərini necə birləşdirməyi göstərirəm. Planın 1-ci bəndi 2-ci bəndlə, 3-cü bənd isə 4-cü bəndlə birləşdirilə bilər. Qısaca bunu belə xülasə etmək olar. “Odun qalanması və saxlanılması”
      Oxunmuş, eşidilmiş və baxılmış materialın mühüm məzmununu seçmək və onu  məntiqi surətdə hissələrə ayırmaq bacarığından şagirdlərin cavab planını tərtib etmək  bacarığı inkişaf edir. Bunun üçün şagird nə bilməlidir:
1) lazımi faktları seçmək,onlardan ən mühümlərini ayırmaq.
2) nağılın həcmini təyin etmək.
3) şərhin əsas hissələrini və ardıcıllığını qeyd etmək.
       V-VI siniflərdə şagirdlərə cavab planı tərtib etməkdə müəllim kömək etməlidir.Yəni, nəyin haqqında nəql edəcəksən?, nədən başlayacaqsan?, hansı mühüm fikri (faktı) şərh etmək lazımdır?, nəql nə ilə başa çatmalıdır? və s. Nəticədə get-gedə çətinləşən material üzərində bu işi yerinə yetirən şagirdlər plan tərtibi yollarını öyrənəcəklər.
      Şagirdlərin tarixi obyektləri müqayisə etmək bacarıqlarını təkmilləşdirmək üçün  öyrənilən hadisələrin müqayisəli xarakteristikalarının tərtibi üçün olan  tapşırıqlardan  istifadə etmək olar.Bu işin yollarından biri müqayisə edilən əlamətlərə görə, iki hadisənin paralel təsvirindən ibarətdir. Bu zaman onların arasındakı oxşar və fərqli xüsusiyyətləri hökmən göstərmək lazımdır (məs.VI sinifdə qul, quldar; VII sinifdə kəndli, feodal və s. Eləcə də  müqayisəli xarakteristika yazmağı vermək olar).
       VI-VIII sinif şagirdlərində tarixi hadisələri müqayisə etmək bacarığının formalaşdırılması üzrə məlumatıma yekun vurarkən müxtəlif növ tapşırıqların ardıcıllığını qeyd etmək istərdim.
                   VI  sinifdə:                                                                                                                                                  
1) İki əşyanın təsvirini(maket,rəsm)müşahidə etmək əsasında onların (maddi mədəniyyət  abidələrinin)müqayisə edilməsi.
2) Cəmiyyətin inkişafının müxtəlif səviyyələrini xarakterizə edən təsvirlərin müqayisə edilməsi.
3) Xəritədə tutuşdurmaq əsasında iki tarixi-coğrafi obyektlərin müqayisə edilməsi.
4) Əyani vəsaitlərin,dərsliyin mətninin əsasında iki əhvalatın müqayisəli xarakteristikasının tərtib edilməsi.
        VII-VIII sinifdə:
1) Cədvəllərin tərtibi.
2) İki tarixi tablonun və yaxyd sxematik rəsmin,iki şəklin və iki sənədli mətnin,dərslikdən olan iki parçanın əsasında iki tarixi hadisənin müqayisəli xarakteristikası üzərində işin davam etdirilməsi.
        Tarixin təlimi zamanı şagirdlərin təfəkkürünün və nitqinin inkişafında pedaqoji ustalığın tərkib hissəsi olmaq etibarı ilə müəllimin öz nitqinin, onun mədəniyyətinin mühüm əhəmiyyəti vardır. Müəllim dərsdə materialı şərh etməyə hazırlaşarkən onun əsas müddəalarının, şifahi tələffüzünün, terminlərinin ardıcıl surətdə açılmasını nəzərdə tutmalıdır. Şagirdlərin təfəkkür və nitqinin inkişafında müəllimin nəqlinin obrazlılığı böyük rol oynayır. Müəllimin öz nəqlində şagirdlərə tanış canlı tarixi obrazları cəlb etməsi  verilən suala cavab vermək üçün faktları seçməyə, qruplaşdırmağa, şərhin xarakter və  ardıcıllığını təyin etməyə, lazımi sözləri tapmaqda uşaqlara kömək edir.
       Müəllimin nitqi, onun materialı şərh etmə forması şagirdlərin nitq inkişafının ən vacib vasitəsi olub, hökmən aşagıdakı tələblərə cavab verməlidir:
1) Müəllim tərəfindən şərh edilən material bitkin şəkildə, asanlıqla öz tərkib hissələrinə ayrıla bilən, ardıcıl, əsaslandırılmış şəkildə olmalıdır.
2) Tarixi materialı şərh edərkən müəllimin nitqini şagirdlərin baça düşməsi vacibdir. V-VI  sinif şagirdlərinin yaşına tətbiq etdikdə bu, ilk növbədə şərhin konkretliyi və obrazlılığı, şagirdlərin artıq mənimsədikləri lüğətdən fəal surətdə istifadə etməklə yanaşı, şərhin  gedişində izah edilən yeni tarixi terminlərin ciddi surətdə seçilmiş minimumun işlədilməsi deməkdir. V-VI siniflərdə materialı şərh edən müəllim böyük və mürəkkəb cümlələrdən qaçmalıdır. Müəllimin nitqi əgər qisa və aydın cümlələrdən ibarət olsa, 11-13 yaşlı şagirdlər tərəfindən yaxşı qavranılar.
3) Materialı şərh edərkən müəllim öz nitqinə verilən bəzi zahiri tələbləri mütləq nəzərə  almalıdır. Nitqin sürəti,səsin gücü, intonasiya materialın məzmunundan və əhəmiyyətindən asılı olaraq dəyişməlidir.
       Tarixin təlimində şagirdlərin təfəkkürünü və nitqini inkişaf etdirmək üçün sinifdə lüğət işinin təşkili, habelə evdə lüğət tapşırıqlarının yerinə yetirilməsinin böyük əhəmiyyəti vardır. Tarixi öyrənərkən şagirdlər çoxlu söz öyrənirlər və bu sözlərlə öz nitqlərini zənginləşdirirlər. Əşyanın adını bildirən bəzi yeni sözlərin məzmununu bu əşyaların özünü və yaxud şəklini sözlə izah etməklə birlikdə, nümayiş etdirməklə də açmaq olar (məs.xiş, kotan, kirki, nizə).Başqa sözləri əyaniliyə əl atmaqla izah etmək olar (məs.”il hesablanması”,”demokratiya”,”orta əsrlər”,”təhkimçilik”terminlərinə və digər sözlərə genetik izahat vermək olar, yəni onların mənşəyi haqqında danışmaq və bu sözlərin tərkibini təhlil etmək olar). Bir çox sözlərə artıq şagirdlərə tanış olan sözlər vasitəsilə izahat vermək olar. Bu zaman elə etmək lazımdır ki, seçilmiş sinonimin fikir çaları izah edilən sözün əhəmiyyətinin ya özü olsun, ya da ona oxşar olsun, həm də izahedici sözlər şagirdlərə tamamilə aydın olmalıdır;məsələn, racə-tayfa başçıları, gezlər (gözlər)-niderland partizanları. Mürəkkəb anlayışları bildirən terminlərin məzmununu açıb göstərmək xüsusi iş tələb edir. Belə hallarda sözlərin mənşəyi çox az şeyi izah edir, bəzən də şagirdləri çaşdırır. Məsələn, əgər müəllim “firon”sözünü “böyük ev”kimi izah etsə, aydındır ki, bu,sözün hərfi tərcüməsidir. Belə izahat  terminin əsil mənasını başa düşməkdə şagirdlərə mane olar (Yaxud da “aristokratiya”-yəni “yaxşıların hakimiyyəti” bu ifadədən aristokrat-yəni adlı-sanlı adam və ya zadəgan adı yaranmışdır). Müəllim hökmən ona nail olmalıdır ki, şagirdlər hər yeni sözün düzgün tələffüz edilməsi və düzgün yazılmasına yiyələnsinlər.Yeni terminləri təkcə izah etmək deyil, həm də onlardan fəal surətdə istifadə etməyi şagirdlərə öyrətmək lazımdır. Bunun üçün müəllim şagirdləri sorğu-sual edərkən onlardan bəzilərinə lüğət tapşırıqları verə bilər. Məsələn, “atəş açmaq”,”atəş”sözlərinə əsasən qədim atəş silahlarını təyin edin;”İliada”nın sizə məlum qəhrəmanlarının adını sayın, bu adları yazın, bu qəhrəmanlar haqqında bildiklərinizi qısa nəql edin; İskit (skif) əsgərinin silahlanma əşyalarını sayın; mənşəyini “feod”sözündən götürən sizə tanış olan bütün sözləri sayın, onların mənasını izah edin, lazımi tərif verin. Həmçinin obrazlı ifadələr və şifahi ifadələr üzərində aparılan işin böyük əhəmiyyəti vardır. Hikmətli ifadələrin şagirdlərin nitqinə möhkəm və şüurlu surətdə daxil olması üçün belə tipli suallar vermək faydalıdır:
1) ”Parçala və hökm sür”ifadəsi nə deməkdir? Bu ifadə hansı ölkədə dövlət siyasətinin başlıça qaydası olmuşdur?
2) ”Çörək və tamaşa”təlabatı nə vaxt və nə kimi şəraitdə geniş yayılmışdır? Bu nə demək idi və nə üçün meydana gəlmişdir?
3) Kim və nə kimi şəraitdə demişdir:”Hər halda o, fırlanır”?
4) ”Dövlət-bu mənəm”sözü tarixdə kimə istinad edilir?   və s.
       Mən şagirdlərə məzmunlu lüğət tapşırıqları verir, bu tapşırıqları idraki tapşırıqlar kimi  xülasə edir və onlardan tələb edirəm ki, lüğət təhlili əsasında nəticələr çıxarsınlar. Məsələn: ”Qədim Hindistan xalqlarında “dace”sözü əvvəlcə “düşmən”demək olmuş, sonra isə “qul”mənasını verməyə başlamışdır. Bunun əsasında nə kimi nəticə çıxarmaq olar? Bir sıra hallarda şagirdlərin diqqətini belə bir cəhətə cəlb etmək olar ki, hikmətli ifadələr qədim dövrdə və orta əsrlərdə yaranmış müasir nitqdə hansı mənada  işlədilir .Bu məqsəd üçün təxminən belə xarakterli suallar vermək olar:
1) ”Rubikonu keçmək”ifadəsi bizim günlərdə hansı mənada işlədilir? Bu söz öz mənşəyini haradan götürür?
2) Lakonik cavab verməyə çağırmaqla müəllim sizdən nə tələb edir? ”Lakonika”nə deməkdir? Bu söz hansı addan əmələ gəlmişdir? Qədimdə işlədilən lakonik ifadələrə misal gətirin.
3) ”Qordi düyünü”ifadəsinin yerli-yerində işlədilməsinə misallar göstərin və s. Belə sualların qoyuluşu yeni ifadələrin mənasını möhkəmləndirməyin mühüm vasitəsidir.


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.