Tarix dərsinə verilən əsas tələblər

           

  Məktəbdə tarixə dair tədris-tərbiyə işinin təşkilinin əsas forması dərsdir. Dərsdə müəllim şagirdlərin təhsilinə, tərbiyəsinə və idrak qabiliyyətlərinin, bacarıq və vərdişlərinin inkişafına dair rəngarəng iş aparır. Effektli dərsin xarakterik xüsusiyyəti bütün məşğələ ərzində şagirdlərin aktiv idraki fəaliyyətindən və bu fəaliyyətə müəllimin düşünülmüş şəkildə rəhbərlik etməsindən ibarətdir. Ən mühüm tələb ayrı-ayrı dərslərin əvvəlki və sonrakı dərslərlə sıx əlaqəsinin həyata keçirilməsindən ibarətdir. Şagirdlərdə tarixi biliklərin formalaşması prosesi bir-biri ilə bağlı olan halqalardan ibarətdir. Bunlardan ən əsasları-şagirdlərin yeni materialı öyrənməyə hazırlaşması,yeni materialın öyrənilməsi, onun ilkin möhkəmləndirilməsi və tətbiq edilməsi, sinifdə qazanılmış bilik və bacarıqların daha möhkəmləndirilməsinə dair şagirdlərin evdə gördükləri iş, öyrənilən biliklərə əlavələr  edilməsi və həmin biliklərin dərinləşdirilməsi, sonrakı dərslərdə sorğu və təkrarlama prosesində şagirdlərin biliklərinin inkişaf etdirilməsi.
      Son vaxtlar qabaqcıl müəllimlər şagirdlərin diqqətini səfərbər etmək və dərsdə onların fəaliyyətini fəallaşdırmaq üçün problemli vəziyyət yaratmaq üsulundan geniş istifadə edirlər. Problemli vəziyyət yaratmaq yollarından biri dərsin mövzusunun problemli qoyuluşundan ibarətdir. Şagirdlərin qarşısında problem qoyulması onların müstəqil axtarışı və düşünməsi üçün stimul yaradır. Problemli vəziyyət dərsə giriş kimi aydın bir sənəd, nəzərdən keçirilən problemin mahiyyətini əks etdirən və şagirdlərin fikrini onun müstəqil surətdə dürüst ifadə edilməsinə və həllinə yönəldən, bəzən bir-birinə zidd olan iki sənəd cəlb etmək yolu ilə də yaradıla bilər. Dərsdə yeni materialın öyrənilməsini hazırlamağın bir neçə növünü sadalamaq olar:
a) sorğu zamanı təhlil edilən materialın ümumiləşdirilməsi,
b) şagirdlərdə yeni mövzunu daha yaxşı mənimsəmək üçün lazım olan bilikləri səfərbər edən suallar üzrə siniflə qısa müsahibə aparılması,
c) dərsdə problemli vəziyyət şəraitinin yaradılması və şagirdlərin qarşıya qoyulmuş problemin həllinə cəlb edilməsi,
ç) şagirdlərin qarşısında dərsdə həll edilməli olan bir və ya bir neçə tədris-idraki vəzifələrin qoyuluşu.
     Yeni materialın şərhi həm problemsiz, həm də problemli ola bilər. Müəllim problemli şərh zamanı hazır nəticələrin verilməsi əvəzinə şagirdlərdən tələb edir ki, onlar özləri nəticələr çıxarsınlar. Lakin bu zaman faktları elə seçməlidir ki, şagirdlər qarşılarına qoyulmuş problemə müvafiq müstəqil nəticələr çıxara bilsinlər. V-VI siniflərdə süjetli nağılda dramlaşdırma priyomu, iştirak edən şəxslərin dialoq və monoloqlarının verilməsini tətbiq etmək olar. Tarixi hadisələrin və əhvalatların xarakteristikası onların daha mühüm xüsusiyyətlərini açıb göstərir. Xarakteristikalar qısa və geniş ola bilər. V-VIII siniflərdə dərslərdə Tomris ana, Cavanşir, Babək, Sara Xatun, Uzun Həsən, Şah İsmayıl, Makedoniyalı İsgəndər, Mete xaqan, Spitamen, Spartak Atilla, Bilgə xaqan, Məhəmməd Peyğəmbər, Çingiz xan, Sultan II Mehmed fateh, X.Kolumb və başqaları kimi tarixi xadimlərin xarakteristikası verilir. Bəzi hallarda müəllim özü onların fəaliyyətinə qiymət verir, bəzən də kömək edir ki, şagirdlər özləri həmin xadimlərin fəaliyyətinə müstəqil qiymət versinlər. Qeyd etmək lazımdır ki,şagirdlər üçün biliklərin ən mühüm mənbəyi dərslikdir. Lakin qeyd etmək lazımdır ki, elə məsələlələr vardır ki, onların dərsliklərdə öz əksini tapması böyaük əhəmiyyət kəsb etmiş olardı. Bu cəhətdən müəllifin ”VIII sinif Azərbaycan tarixi dərsliyində toxunulmayan bəzi məqamlar”adlı məqaləsini oxumaq məsləhətdir(“İşıq”qəzeti.2005-ci il,).Elə məsələlər vardır ki, onlar orta məktəblər üçün Azərbaycan tarixi dərsliklərinə düşməmişdir. Fikrimcə, belə məsələlərin dərsliklərdə öz əksini tapması şagirdlərdə elmi təfəkkürün inkişafına və yurdsevərlik hisslərinin güclənməsinə böyük təsir etmiş olardı. Şagirdlər öz vətənlərinin tarixini daha dərindən öyrənməklə yanaşı, vətənə məhəbbət ruhunda tərbiyə olunardılar. Fikrimi 4 məsələ ilə izah etməyə çalışacağam. Birinci məsələ: Azərbaycan və Qızıl Orda münasibətləri məsələsinə toxunularkən Qızıl Orda xanı Özbək xanın qoşunlarının şəhər və kəndləri talan etməsi, əhalinin qarət olunması məsələsi qeys olunur. Yaxşı olardı ki, bu zaman müsəlman dini abidələrinin də ziyan çəkməsi, konkret olaraq Şirvan şeyxi Pir Hüseyn xanəgahının qarət olunmasına toxunulaydı. Xanəgah Bakının 127 kilometrliyində, Pirsaat çayı sahilində, Bakı-Salyan ticarət karvan yoiu üzərində yerləşir. Xanəgahın zəngin təsərrüfatı, kitabxanası olmuşdur. Pir Hüseyn məqbərəsinin yazılı-naxışlı kaşı bəzəkləri bu gün dünya muzeylərinin sərgilərini bəzəməkdədir. İkinci məsələ: Şirvanşahlar dövlətinin Qızıl Orda dövləti ilə münasibətləri məsələsidir. 1400-1408-ci illərdə baş verən hadisələrdən söhbət gedərkən Qızıl Orda xanı Şadi bəyin Şirvanşahlar dövlətində siyasi sığınacaq tapması məsələsinə toxunmaqla göstərilərdi ki, o dövrdə Şirvanşahlar dövləti təkcə Cənubi Qafqazda yox,Yaxın və Orta Şərqdə ən qüdrətli dövlət olmuşdur. Avroasiya dövlətləri içərisində xüsusilə seçilən bir dövlət olmuşdur. Bu da şagirdlərin dövlətçiliyimizə olan məhəbbətini qat-qat artırmış olardı. Üçüncü məsələ: ”Səfəvi-Osmanlı müharibələrinin I mərhələsinə”aiddir. Məlumdur ki, Caldıran döyüşü(1514) tarixdə iki qardaş türk dövləti üçün məğlubiyyət, Avropa diplomatiyasının qələbəsi kimi qiymətləndirilir. Bu fikri konkret olaraq 2 Avropa diplomatının öz ölkələrinə göndərdikləri məktubla (“Nə qədər ki,Səfəvilər Osmanlılarla vuruşur, xristian dünyası sülh və əmin-amanlıq içərisində olacaqdır”.) göstərmək daha yaxşı olardı. Bu diplomatların biri İspaniya diplomatı Antonio de Qoybea (XVII əsrin əvvəlləri), digəri isə 1583-1588-ci illərdə İngiltərənin Türkiyədəki səfiri Uilyam Harborn olmuşdur. Dördüncü məsələ: Səfəvi-Osmanlı müharibələrinin II mərhələsinə aiddir. XVII əsrin əvvəllərində Azərbaycan xalqının işğalçılara qarşı mübarizəsi mövzusunu daha qabarıq vermək üçün 1603-cü il hadisələrindən danışarkən tarixdə az məlum olan Cəlaləddin Məhəmməd Münəccim Yəzdinin”Tarixi-Abbasi”əsərindən, xüsusən Bakının osmanlılardan azad edilməsi toxunarkən, Ziyaəddin Bakuvinin adının çəkilməsi yaxşı olardı. O dövrdə bu şəxs xalq qəhrəmanı kimi tanınırdı. O, üç dəfə həbs olunub, lakin həmişə Osmanlı həbsxanasından qaçmış və işğalçılarla vuruşmuşdur.Yuxarıdakı məsələlərin VIII sinif Azərbaycan tarixi dərsliyində öz əksini tapması şagirdlərdə elmə marağı artırmaqla yanaşı, əxlaqi tərbiyəyə böyük təsir edər, onlarda vətənsevərlik, dövlətçiliyə məhəbbət hisslərini daha da gücləndirmiş olardı. Şagirdlərin diqqətini dərslikdəki xüsusi şriftlə ayrılmış terminlərə, təriflərə, izahlara, nəticələrə cəlb etməyin də mühüm əhəmiyyəti vardır. Dərsin metodikası onun məzmunu ilə müstəqil asılılıqda olmur; eyni bir məzmun təlimin priyom və vasitələrinin çoxlu müxtəlif birləşmələri ilə şərh edilə bilər, dərslərin müxtəlif variantları formasına düşə bilər. Bu, birinci növbədə didakdik məqsədlərdən, sonra isə şagirdlərin yaş xüsusiyyətlərindən, onların real idraki imkanlarından, həmin sinifin və  müəllimin özünün hazırlığından, tədris avadanlığından və digər şərtlərdən asılıdır. Dərsdə yeni tədris materialının daha dərin mənimsənilməsinin mühüm şərti və vasitəsi öyrənilən faktların və ümumuləşdirmələrin müntəzəm surətdə möhkəmləndirilməsindən ibarətdir. Möhkəmləndirmə dedikdə, dərsdə öyrənilən materialın şagirdlər tərəfindən 2-ci dəfə qavranılması və daha da dərk edilməsi kimi başa düşülür. Möhkəmləndirmə yeni materialın öyrənilməsi ilə ayrılmaz surətdə əlaqədar olub, həm yeni materialın öyrənilməsi prosesində, həm də dərsin axırında mütəşəkkil surətdə aparılır.
      Şagirdlərin dərslərə evdə hazırlaşması tədris prosesinin vacib mərhələsidir. Onun əsas  məqsədləri; dərsdə keçilmiş materialın daha da möhkəmləndirilməsi, onun dərindən düşünülməsi, şagirdlərdə onların dərslərdə qazandıqları müxtəlif bacarıqları və müstəqil iş görmək vərdişlərini daha da inkişaf etdirməkdən ibarətdir. V-VIII siniflərdə tarixə dair ev tapşırıqları xeyli rəngarəngdir.1) Şagirdlərin dərsliyin öyrənilmiş hissəsinin məzmununu nəql etməyə hazırlaşdırılması. 2) Dərslik və ya bütöv mövzunun məzmunu üzrə suallara cavab verilməsi. 3) Əyani vəsaitlərlə iş üçün tapşırıqlar. 4) Şagirdlərin materialı müstəqil öyrənməsinə dair tapşırıq. Tədris prosesinin ən mühüm elementlərindən biri öyrənilmiş materialın təkrarlanmasından ibarətdir. Təkrarın aşağıdakı növlərini ayırmaq olar: giriş təkrarı, dərsin məzmunu ilə tematik əlaqədə olan təkrar (cari təkrar), ayrı-ayrı mövzular, bölmələr və öyrənilən kursun problemləri üzrə ümumiləşdirici təkrar, bütövlükdə kurs üzrə yekunlaşdırıcı təkrar. Adətən dərslərin təsnifatına müxtəlif yanaşma üsulları mövcuddur. Beləki, giriş dərsləri, yeni biliklər qazanılması, biliklərin möhkəmləndirilməsi üçün olan dərslər, təkrar-ümumiləşdirici dərslər, uçot-yoxlama dərsləri, mühazirə dərslər, söhbət dərslər, kino-dərsləri, şagirdlərin müstəqil işi üçün olan dərslər vardır. Qeyd etmək lazımdır ki, elə dərslər ola bilər ki, daha artıq əhəmiyyət kəsb etsin. Məsələn, dərs-ekskursiya, məktəb  muzeyində keçirilən dərsin özünəməxsus xüsusiyyətləri olur.
       Müəllimin hazırlaşmasında metodik ədəbiyyat vacib rol oynayır. Metodik vəsaitlərdən təcrübəli müəllimlər və müəllimliyə təzəcə başlayanlar, adətən, eyni cür istifadə etmirlər. Müəllimliyə təzə başlayan çox zaman həmin vəsaitin tövsiyələrini işdə rəhbər tutur, sonra isə onları yoxlamalı, dəqiqləşdirməli və öz işində onları inkişaf etdirməlidir. Təcrübəli müəllim vəsaitdə təklif olunan tövsiyyələri tədrisin mümkün olan yollarından biri kimi qəbul edir və onları mexaniki surətdə öz iş sisteminə daxil etmir. Təcrübəli müəllim tövsiyyələrə tənqidi surətdə öz şəxsi təcrübəsini nəzərə alaraq və öz iş şəraitinə tətbiqən yanaşır. Metodiki vəsaitin məzmunu təcrübəli müəllim üçün müstəqil yaradıcılığa təkan ola bilər. Metodiki ustalığın ən mühüm yolu müəllimin özü tərəfindən toplanmış təcrübənin təhlili və digər müəllimlərlə təcrübə mübadiləsindən ibarətdir. Təcrübəli müəllim öz təcrübəsini başqalarına verməklə yayır. Müəllimin təcrübəsinin başqalarına verilməsində qabaqcıl müəllimlərin dərslərinin dinlənilməsi mühüm rol oynayır. Belə dərslər bütövlükdə təlim prosesini daha yaxşı tərzdə açıb göstərməyə imkan verir, bu zaman müəllimin təkcə tədris etmək fəaliyyəti deyil, həm də  şagirdlərin müəllim tərəfindən təşkil edilən tədris fəaliyyəti də göstərilir. Ona görə də açıq dərs üçün elə mövzu seçmək vacibdir ki, həmin mövzu müəllimin naliyyətlərini  göstərmək üçün yaxşı imkan yaratmış olsun. Dərsin ahəngdar və mütəşəkkil keçməsi üçün onun gedişini qabaqcadan işləyib-hazırlamaq və şagirdlərin bu və ya digər priyomlara reaksiyasını nəzərə almaq, habelə onlar üçün zəruri olan vaxtı hesablamaq lazımdır. Bəzən müəllimin sinifdə özünü necə aparmasına diqqət vermək, hətta onun  şagirdlərlə olan qarşılıqlı münasibətini müəyyən edən bəzi çalarlara diqqət vermək faydalı olur (müraciət forması, ton və s.). Dərsi təhlil edərkən təcrübəli müəllimin əldə  etdiyi yeni, qiymətli və maraqlı cəhətləri aşkar etmək və bu təcrübədən öz işində istifadə etmək gənc müəllimlərə məsləhətdir.
          Dərsin əsas ideyasının, onun təhsil və tərbiyəvi vəzifələrinin müəyyən edilməsi dərsə hazırlıqda çox mühüm cəhətdir. Məlumdur ki, təlimin məzmununa dövlət standartları, tədris planları, fənn proqramları, dərsliklər, dərs vəsaitləri və sair aiddir. Kurrikulum - (uşağa nəyi, hansı həcmdə öyrətmək, yol, istiqamət  deməkdir). Təlim üsulları isə pedaqoji prosesin təşkili və təlim texnologiyaları, yəni uşağı necə öyrədirik anlamına uyğundur. Öyrədici mühit dedikdə tədris prosesinin təşkili və tərbiyə prosesinə təsir edən amillər başa düşülməlidir. Yəni uşağı hansiı şəraitdə öyrədirik. Monitorinq və qiymətləndirmə zamanı təlim- tərbiyə prosesinin və onun bütün işi barədə məlumatlar əldə edirik. Yəni bu,  işin səmərəliliyini müəyyənləşdirmək üçün vasitədir ( Monitorinq ingilis dilində izləmə, müşahidə aparmaq deməkdir).

     Hər bir tarix dərsi şagirdlərə mühkəm bilik verməklə yanaşı, həm də onları tərbiyə etməlidir. Dərs istər məzmun və istərsə də, dərsdə aparılan işin xarakterinə görə tamamlanmış bütövlük təşkil etməlidir. Didaktik cəhətdən tamamlanmış dərsdə müəllim materialın qavranılmasına nail olur. Matrealı möhkəmlədir və şagirdlərin bilik, bacarıq və vərdişlər əldə etməsini təmin edir. Dərsin məqsədini düzgün müəyyən etmək vacib şərtlərdəndir. Təcrübəsi az olan və yeni işə başlayan müəllim çox vaxt dərsin məqsədini onun məzmunundan çıxarmaqda çətinlik çəkir. Bunun üçün müəllim hər şeydən əvvəl tarix materialını yaxşı bilməli, onu qiymətləndirməyi bacarmalıdır. Dərsin məqsədini müəyyən etdikdən sonra dərsin planını, onun ayrı-ayrı hissələrini işləmək olar. Müəllim dərs materialını bölmə və ya mövzu üzrə planlaşdırmalıdır. Belə olarsa, kursun içərisində dərsin yerini, onun təlim-tərbiyəvi vəzifələrini düzgün müəyyənləşdirmək olar. Burada müəllim növbəti dərsin məzmunu ilə keçmiş dərslər və sonralar keçiləcək dərslər arasında əlaqə yaratmağı hökmən öyrənməlidir.

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.