Şeyx Məhəmməd Xiyabani (1880-1920)
Şeyx Məhəmməd
Xiyabani hicri 1297(1880) baharındaTəbriz şəhəri yaxınlığındakı
Xamnə qəsəbəsində anadan olmuşdur. 1905-1911-ci illər İran
inqilabı dövründə hərəkatın fəal iştirakçılarından və başçılarından biri
olmuşdur. 1908 -1909-cu illərdə Təbrizdəki üsyan zamanı yaşadığı Xiyaban məhəlləsində
barrikada vuruşmalarında qəhrəmanlıqla döyüşdüyündən Xiyaban adını qazanmışdır.
Xamnədə məktəbi
bitirdikdən sonra Mahaçqalada
ticarətlə məşğul olan atası Hacı Əbdülhəmidin
yanına getmiş, az müddətdən sonra Təbrizə qayıdaraq din elmlərini öyrənməyə
başlamışdır. Xiyabani Təbrizin tanınmış ruhanisi Əngəcinin yanında oxumuş, onun
ən görkəmli tələbələrindən olaraq, müctəhidlik dərəcəsinə yüksəlmişdir. Bundan əlavə,
Xiyabani nücum, heyət və hesab elmlərini məşhur münəccim Mirzə Əbdüləlinin
yanında mənimsəmiş, kəlam - islam fəlsəfəsi və ədəbiyyat üzrə məşhur alim
olmuşdur. Şeyx Məhəmməd Xiyabani gözəl
danışığı ilə Təbriz əhalisinin hüsn-rəğbətini qazanmış, Təbrizdə məşhur ruhani
və inqilabçı Siqətülislamın tövsiyəsi ilə Xiyaban məhəlləsində Hacı Kərim xan məscidində
imam və vaiz olmuşdur. Xiyabani öz çıxışlarında insan hüququndan və azadlıqdan
danışaraq, Təbriz əhalisinin dünyagörüşünü inkişaf etdirir və həmişə deyirdi: “Haqqı
verməzlər, haqqı almaq lazımdır”. Xiyabani İran totalitar və şahlıq rejimi əleyhinə
hərəkatda fəal iştirak etmiş və mücahidlər sırasında mübarizə aparmışdır.
İctimaiyyun-amiyyun sosial-demokrat partiyası onun elmi və ictimai cəhətdən
yüksək dərəcəyə malik olmasını dərk edərək, Azərbaycan əyalət
əncüməninə (parlament) üzv seçmişdir. Xiyabani Azərbaycan tarixində ən ağır və
böhranlı zamanda inqilabi hərəkata qoşulmuş, həm daxili irticaçı qüvvələr, həm
də xarici dövlətlər: Çar Rusiyası, İngiltərə, Almaniya və
Osmanlı dövlətləri əleyhinə fəal mübarizə aparmışdır. O, Cənubi Azərbaycan və İran tarixində
ilk dəfə Demokrat Firqəsini (partiya) və
demokratik rejim yaratmışdır. Hətta,
xarici tarixçilər də qeyd edirlər ki, onun başçılıq etdiyi demokratik dövlətdə Təbriz
əhalisi rifah və əmin-amanlıq görmüşdür.
1907-ci ildə
məşrutə (kostitusiya) qanunu imzalandıqdan sonra Müzəffərəddin şahın yerində
oturan Məhəmmədəli Mirzə çar hökumətinin köməyi ilə məşrutəni aradan aparmağa çalışırdı.
Çar hökuməti ilə İngiltərə arasında 1907-ci ildə
bağlanmış müqaviləyə görə İran iki nüfuz
məntəqəsinə bölündü: şimalda Rusiya və cənubda İngiltərə hökm sürdülər. Xiyabani Tehranın Səbzə
meydanında böyük mitinq təşkil edərək, müqavilə bağlayan dövlətlər və onu qəbul
edən İran hökumət başçıları haqqında kəskin çıxışlar etdi. Tehranın polis
başçısı Yeprem onu tutmaq əmrini verdi. Lakin Xiyabani Tehrandan Məşhədə,
oradan Aşqabad və Bakı yolu ilə Mahaçqalaya (Port - Petrovska) getmiş, 1914-cü
ildə Təbrizə qayıtmışdı. Xiyabani Təbrizə qayıtdıqdan sonra Təbrizdə Cənubi Azərbaycan
Demokrat Partiyasını təşkil etmiş və gizli fəaliyyətə başlamışdır. 1917-ci ildə
Rusiyada inqilab olan zaman Cənubi Azərbaycan Demokrat Firqəsi açıq fəaliyyətə
başlamış, 1917-ci il aprelin 9-da “Təcəddüd” qəzetinin
ilk sayı nəşr edilmiş və aprelin 30-da Xiyabaninin “Həqiqət nur saçacaqdır”
başlığı ilə ilk məqaləsi çıxmışdır. Orada o deyirdi: “Artıq məşrutə
qanunlarını icra etmək vaxtı gəlib çatmışdır. Həqiqəti açıq demək lazımdı”. Xiyabaninin
ikinci məqaləsində deyilirdi: “Dünyada ən mürtəce və totalitar dövlət olan
çar Rusiyası artıq dağılmışdır. İndi İran xalqları qanı hesabına alınmış məşrutə
qanununu qoruyub icra etməlidir”. Xiyabani məşrutə qanununa uyğun seçkilərin həyata
keçirilməsini tələb edirdi. Uzunmüddətli böhrandan sonra üçüncü məclisə İranın
digər nöqtələrindən vəkillər seçilmiş, lakin Azərbaycanda hakim olan Eynüd Dövlə
və mürtəce dairələr seçkilərdə təxribat törətdilər. Buna görə də məclisin bu
dövründə Azərbaycan vəkilləri iştirak etməmiş, məclisin 3-cü dövrü ancaq 39 gün
davam edib, uzun sürən böhran dövrü başlanmışdır. 1918-ci ildə Azərbaycan
Demokrat Firqəsi olduqca mürəkkəb vəziyyətdə fəaliyyətini davam etdirirdi. O
zaman rus qoşunları İrandan
çıxarıldılar. Ruslar boşaldan yerləri ingilis qoşunları tutdular. Digər tərəfdən,
Almaniya ilə müttəfiq olan Osmanlı dövlətinin qoşunları şimal-qərb tərəfdən Azərbaycana
soxuldular. Bundan əlavə, Urmiyada aysor və erməni silahlı dəstələri bütün şəhəri
və kəndləri yandırır, azərbaycanlılara divan tuturdular.
Şeyx Məhəmməd Xiyabani deyirdi:”Müstəqillik
uğrunda mübarizə aparan xalq birinci növbədə ölümə hazır olmalıdır. Qorxu millətin,
azadlığın və bəşəriyyətin əsaslarını pozursa, əksinə igidlik həmin əsasları
sarsılmaz edir, qoruyur və möhkəmləndirir. Xalqın hüququnu qəsb etmiş adamlara
rəhm etmək kütləyə xəyanətdir. Biz Azərbaycan xalqının sədaqətini, İranın səfalət
və fəlakətdən xilas olmasını istəyirik. Hər bir millətin şərafətinin birinci şərti
onun istiqlalıdır. Bir məsləkli iki adam qardaş kimidir”.
1919
Xiyabani
deyirdi: “Yad qüvvələrə arxayın olun, ancaq öz qüvvənizə güvənin. Xarici dövlətin
əlaltısı olmayın, çünki onlar ancaq öz mənafeyi üçün çalışırlar”. O dönə-dönə
deyirdi: “Şərafətlə, namusla ölmək şərafətsiz diri qalmaqdan yaxşıdır”.
Xiyabani şərafətli ölümü ilə dediyinə sadiq olduğunu göstərdi. Şeyx Məhəmməd
Xiyabani öz mübarizə dövründə bir çox böhranlarla üz-üzə gəlmiş, töhmətlərə məruz
olmuşdur. Tehranda nəşr edilən “İran” qəzeti Xiyabaninin ikinci qiyamı haqqında
yazırdı: “Ey azərbaycanlı, qorxuram öz “Kəbənə” çatmayasan, bu yol ki gedirsən,
səni Türküstana çıxarar”. Qəzet bununla demək istəyir ki, Xiyabani Rusiya
inqilabı təsiri altına düşərək, Azərbaycanda Sovet Respublikasına oxşar bir respublika
yaratmaq istəyir. Xiyabani “İran” qəzetinə kəskin cavab verərək demişdir: “Bizim
“Kəbəmiz” öz Vətənimizdir”.
Şeyx Məhəmməd Xiyabaninin ölümü haqqındda onun
ən yaxın dostu Hacı Şeyx Həsənəli Miyanəçinin nəvəsi belə nağıl edir: “Müxbirüssəltənə
qiyam və qiyamçıları məhv etmək üçün Təbriz Milli Qvardiyasının rəisi Hüseyn
xan Haşimini və Təbriz kazak rəisini razı etdikdən sonra Alaqapıya hücum etməyi
əmr etmiş və Xiyabaninin ölüsünü, ya dirisini onun yanına gətirməyi istəmişdir.
Onlar belə bir vaxtdan istifadə etmişlər ki, jandarm və hərbi qüvvələrin çoxu
Qaradağda Əmir Ərşədlə müharibəyə göndərilmişdir və Təbrizdə hərbi qüvvələr
yoxdur. Kazaklar Alaqapıya hücum etdikdə Xiyabani gizlənməyə məcbur olmuş və
evinə gəlmişdir. Xiyabaninin yaxın dostlarından biri Sərtibzadə “mən gəlməyincə
evdən çıxma”demişdir. Lakin o gəlməmişdir. Xiyabani dörd saat evdə gözlədikdən
sonra evdən getməyi qərara almışdır”. Şeyx Miyanəcinin nəvəsi deyir: Xiyabani
bizim evə gəldikdə nağıl etdi ki, Sərtibzadə məni dörd saat müntəzir qoydu,
yoxsa mən dörd saatda şəhərdən çıxardım. Xiyabani dedi ki, mən çarəni bunda
gördüm ki, evin damına çıxıb, dal küçəyə düşəm. Həyat yoldaşım tüfəngimi və bir
qatar patronu damdan mənə atdı və sizə gəldim. Şeyx Məhəmməd Xiyabani İran
qoşunlarının Təbrizə hücumu zamanı igidliklə vuruşmuş ən sonda düşmən əlinə
keçməməkçün son gülləni özünə vurmuşdur. Bu hadisə 1920-ci il sentyabr ayının
14 - də baş vermişdir. Onun cansız cəsədindən başı kəsilərək şaha “hədiyyə”
göndərilmişdir.
Qeyd
etmək istərdim ki, Xiyabaninin ictimai, siyasi, fəlsəfi görüşləri layiqincə öyrənilməmiş
və araşdırılmamışdır.
İstifadə edilmiş qaynaq:
1.Azərbaycan Milli Ensiklopediyası. Bakı 2007 səh.
286-289