Şah İsmayıl ( I
İsmayıl və ya Şah İsmayıl Səfəvi (tam adı: Əbül-Müzəffər
İsmail ibn Heydər əs-Səfəvi; d. 17
iyul 1487, Ərdəbil ö. 23
may 1524, Sərab) - Səfəviyyə təriqətinin şeyxi (1494-1524); Səfəvilər
dövlətinin banisi və ilk
şahı; şair.
Onun
yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. Bədii əsərlərini
"Xətai" təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar Şah İsmayıl
Xətai olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkçəsində,
qismən də fars və ərəbcə yazmışdır.
XIII əsrdə
Azərbaycanın Ərdəbil şəhərində Səfəviyyə sufi təriqətinin əsasını qoyan Şeyx Səfinin nəslindəndir. Atası Ərdəbil
hakimi Şeyx Heydər, anası Ağqoyunluhökmdarı Uzun Həsənin qızı Aləmşah bəyim idi.
Atası Şeyx Heydər 9 iyul 1488-ci
ildə Tabasaranda Şahdağın ətəyində Şirvanşahın birləşmiş qüvvələri ilə qızılbaşlar arasında baş
verən döyüşdə öldürüldükdən sonra, Sultan Yaqub tərəfindən iki yaşlı İsmayıl
anası və qardaşları Sultan Əli və İbrahim ilə birlikdə Şiraz yaxınlığındakı İstəxr qalasında həbs olunur və 5
il burada saxlanılır. Bir müddətdən sonra Həsən padşahın nəvəsi Rüstəm Mirzə onları həbsdən azad etdirib müstəqil hakim kimi Sultan Əlini Ərdəbilə qaytarır. 1493-cü
ildə Rüstəm Mirzə ilə birləşərək Baysunquru məğlub etsələr də, Rüstəm Mirzə Səfəvilərin artan gücündən qorxaraq Şeyx Sultan Əliyə
qarşı sui-qəsd hazırlayır. Ancaq sui-qəsdin üstü açılır və Şeyx Sultan Əli qardaşları ilə birlikdə Ərdəbilə qaçır. Ərdəbilə çatana qədər Rüstəm Mirzənin qoşunu ilə qarşılaşan Şeyx Sultan Əli kiçik qardaşı İsmayılı Səfəvi təriqətinin başçısı təyin edərək onları
Ərdəbilə yollayır. Özü isə Rüstəm Mirzənin göndərdiyi qoşuna tərəf geri dönür. 1494-cü ildə Şəməsi adlanan yerdə baş verən döyüşdə qızılbaşlar məğlub olur. Şeyx Sultan Əli öldürülür.
Tanınmış yerli alimlərdən biri-Şəmsəddin Lahici ərəb və fars dillərini öyrətmək, Quranı oxumaq üçün İsmayılın və onun
qardaşının tərbiyəçisi təyin olunur. Bir neçə aydan sonra İsmayılın qardaşı
İbrahim və ögey qardaşı Süleyman Ərdəbilə-analarının yanına qayıdır. Bu hadisə
İsmayılı çox kədərləndirir və xəstə yatmasına səbəb olur. Ağqoyunlu hökmdarı
Rüstəm İsmayılla hesablaşmaq ümidini itirmir. İsmayıl Gilana qaçdıqdan az sonra
Eybə Sultan Übanı həbs etməyə və ondan İsmayılın Ərdəbildə qaldığı yeri
öyrənməyə nail olur. Üba Rüstəmin əmri ilə Təbrizin bazar meydanında edam
edilir.
İsmayıl Lahicanda təqribən 6 il qalır.
Bütün məsələləri həll edən qızılbaş əmirlərinin hasablamalarına görə, Ağqoyunlu
şahzadələri arasındakı ara müharibələri və onların dövlətinin dağılması
İsmayılın qalibiyyətli yürüşünü asanlaşdırmalı idi.
1499-cu ilin avqust ayında
12 yaşlı İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə
qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollanır,
ancaq şəhər hakimi tərəfindən təqib olunur. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından,
habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tərcan yolu ilə Ərzincana gəlir.Ərzincanda keçirilən
müşavirəsində Səfəvilərin irsi düşməni Şirvanşah Fərrux Yasarla müharibəyə
başlamaq qərara alındı və əmirlərinin Gürcüstana bir neçə basqınından sonra
İsmayıl Anadoluda topladığı
təqribən 7 min nəfərlik tərəfdarı ilə 1500-cü ilin axırlarında Şirvana hücum edir. Cabanı döyüşündə Fərrux Yasar məğlub
edildi və Şirvanşah öldürüldü.
İsmayıl üç gün düşərgəsində qaldıqdan
sonra Şamaxıya daxil oldu. İsmayıl
uzun çəkməyən mühasirədən sonra 1501-ci ilin baharında Bakını aldı.
Şirvanşah qoşunlarının vuruşmadan sonra
salamat qalmış hissələri Gülüstan qalasına cəkilmişdi. İsmayıl Bakını aldıqdan
sonra Gülüstan qalasını tutmağa getdi. Lakin tezliklə Gülüstanın mühasirəsini
buraxaraq, əmirlərinə bunu yuxuda imamdan tapşırıq alması ilə izah etmişdir,
Ağqoyunlu Əlvəndlə mübarizəyə yollandı. Rəvayətə görə İsmayıl qızılbaş
əmirlərini məşvərətə yığaraq onlardan soruşur: "Siz nə istəyirsiniz,
Azərbaycan taxt-tacını, yoxsa "Gülüstan" qalasını?" Onlar
yekdilliklə Azərbaycanı üstün tuturlar.
İsmayıl öz qoşunu ilə Naxçıvan
istiqamətində hərəkət edir. 1501-ci ilin ortalarında
Əlvənd Mirzə onları Şərur düzündə qarşılayır. Şərur döyüşündə Əlvənd Mirzənin 30
minlik ordusu İsmayıl 7 minlik qoşunu tərəfindən darmadağın edilir. Vahiməyə
düşüb qaçan döyüşçülərini saxlamaq və rəqibin arxadan zərbələrini dəf etmək
məqsədilə bir-birinə zəncirlənmiş dəvələrdən istifadə etmək cəhdi də Əlvənd
Mirzəyə kömək etmir.
İsmayıl bu döyüşdə də öz yaşına görə
qeyri-adi dərəcədə sərkərdəlik qabiliyyəti və şəxsi igidlik nümunəsi göstərir.
O özü şəxsən Ağqoyunlu qoşununun sayılan əmirlərindən Karqiçay bəyi qılınc
döyüşündə məğlub edir. Əlvənd özü isə döyüş meydanından güclə qaçaraq, canını
qurtarmışdır. Beləliklə, İsmayıl xeyli qənimət qazanmışdır və ən əsası
isə Təbrizə yol açılmışdır.
1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü
şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin
əsası qoyuldu.
I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Sultan
Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş Şah İsmayılın qələbəsi ilə
nəticələndi və Ağqoyunlu dövləti süqut etdi.
Çox qısa müddətdə şah İsmayıl Şeybani xanın özbək dövlətindən tutmuş Osmanlı imperiyasının sərhədlərinə qədər uzanan möhtəşəm bir dövlət yarada bilir.
Özbək Şeybani xan İsmayıl üçün strateji əhəmiyyət
daşıyan İsfahanı tutarkən ona
göndərdiyi "Mən İran və Azərbaycan sərhədlərinə gələrək, oranı tutandan
sonra İraqi-Ərəbə və Hicaza gedəcəyəm" məktubana cavab olaraq Şah İsmayıl
öz qoşunlarını Xorasana yeridir. Şeybani xan Mərv
qalasında gizlənir, lakin İsmayıl aldadıcı manevr edərək, onu qaladan bayıra
çıxarır və 1510-cu il 2 dekabrda Mahmudi kəndi yaxınlığında şah
İsmayılla Şeybani xanın qoşunları arasındakı Mərv döyüşü şah İsmayılın
tam qələbəsi ilə başa çatır. Bütün gün ərzində davam edən bu ağır döyüşdə
məğlub olan Şeybani xan qaçmaq istədikdə Şah İsmayılın döyüşçüləri və öz
mühafizəçiləri tərəfindən qətlə yetirilir. Sonrakı illərdə Şah İsmayıl bütün İranı,İraqi-Ərəbi Səfəvilər dövlətinə qatdı. Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi.Səfəvi dövləti öz yüksəlişinin
zirvə nöqtəsinə çatır. Onun ərazisinin sahəsi 2 milyon 800 min kvadrat
kilometrə çatırdı.
Səfəvi dövləti kimi güclü bir dövlətin
yaranması Osmanlı sultanlarını
narahat edirdi. Şah İsmayıl da geniş əraziləri əhatə edən şiə dövləti qurmaq
istəyirdi. Anadoludakı türklər İsmayıla rəğbət bəsləməklə qalmır,
bölgəni geniş xalq üsyanları bürüyür. Osmanlı ərazisindəki narazı əhali
kütləvi surətdə Səvəfi dövlətinə köçməyə başlayır. Bütün bunlar Səvəfi
ideologiyasının təkcə şərqi Anadoluda deyil, mərkəzi Anadoluda böyük təsirə
malik olduğunu göstərir.
Beləliklə siyasi səbəbdən yaranan Səfəvi-Osmanlı
qarşıdurması gələcəkdə uzun sürəcək və din pərdəsi arxasında aparılan
müharibələrin səbəbi idi.
23 avqust 1514-cü ildə Çaldıran çölündə iki ordu üz-üzə gəldi. Osmanlı ordusu Səfəvi ordusundan sayca üstün idi.
Çaldıran döyüşündəki qüvvələr nisbəti ilə bağlı tədqiqatlar nəticəsində müəyyən
olunmuşdur ki, Osmanlı ordusu 100 min, Səfəvi qoşunları 40 min nəfərdən ibarət
idi.
Bundan başqa Osmanlıların daha bir üstünlüyü də 300-ə qədər topun olması
idi. Bütün bunlar döyüşün gedişinə təsir göstərməyə bilməzdi. Şah İsmayıl şəxsi
igidlik və cəsurluq nümunələri göstərib, özünün qeyri-adi gücü və döyüş
bacarığı ilə məşhur olan Turəli bəy Məlkoçoğlunu təkbətək döyüşdə şəxsən məhv
etmişdir. Şah İsmayıl qılıncla ona elə bir zərbə endirir ki, dəbilqəsi və başı
iki yerə paralanır. İsmayılın qılıncı Əli bəyin sinəsinə qədər işləyir. Döyüşün
qızğın çağında İsmayıl azsaylı dəstəsi ilə düşmənin artilleriyasına doğru can
atır, lakin bu zaman onun atı büdrəyib yıxılır. Şah İsmayıla çox bənzəyən
Sultanəli Mirzə Əfşar: “Şah mənəm”, deyə qışqırmaqla onu əsir düşməkdən xilas edir və
beləliklə yaralanan şah ata qalxaraq döyüş meydanından qaça bilir. I Sultan
Səlim Xoy, Mərənd və Təbriz şəhərlərini
tutur. Buna baxmayaraq, o, Təbrizdə çox qala bilməyib, 6 gündən sonra Təbrizi tərk edir.
Tarixdə belə bir hadisə olub. Şah İsmayıl Çaldıran döyüşündə topları
bir-birinə bağlayan zəncirləri kəsərkən bir anda onun qüvvətli zərbəsi topun
lüləsinə tuş gəlir və top iki yerə bölünür. Çaldıran döyüşündən uzun müddət
sonra Sultan Səlim Şah İsmayıldan həmin qılıncı ona göndərməsini istəyir. Şah
həmin qılıncı Sultana göndərir. Sultan Səlim neçə dəfə cəhd göstərsə də topu
kəsə bilmir. O Şaha məktubunda deyir: “Sən məni aldadırsan, bu həmin qılınc
deyil”. Şah İsmayıl cavab məktubunda ona belə cavab verir: “Qılınc həmin
qılıncdı, qol o qol deyil”.
Məktublarında göründüyü kimi Şah İsmayılın savadı hər yerdə özünü göstərir.
O Çaldıran döyüşündə Sultan Səlimə məğlub olmasına baxmayaraq, məktublarında
daima onu dərrakəsi ilə məğlub edib. Şah İsmayılın göndərdiyi məktublara Sultan
aciz qalır cavab yaza bilmirdi. Sultan Səlim Şahın heç bir məktubuna cavab
yazmayıb. Bu da Şah İsmayılın dövrünə görə çox savadlı və ağıllı bir şəxsiyyət
olduğunu sübut edir.
Sultan Səlim qənimətlə birlikdə özü ilə İstanbula sonradan Türkiyənin incəsənət və sənətkarlıqının inkişafında müstəsna rol oynamış bir çox
incəsənət xadimlərini və sənətkarları da aparır. Dünyanın ən zəngin
muzeylərindən sayılan İstanbul Topqapı sarayında, Əsgər muzeyində Azərbaycan tətbiqi sənətinin Çaldıran döyüşündən sonra buraya gətirilmiş ən nadir nümunələri nümayiş
etdirilməkdədir.
Tarixçilərin bildirdiyinə görə, Çaldıranda, döyüş meydanında kişi paltarı
geyib, öz ərləri ilə birlikdə vuruşan xeyli qadın meyidi tapılmışdı.
Sonrakı illərdə Şah İsmayıl Şəki hökmdarlığını, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə saldı.
Hakimiyyətinin son illərində şah İsmayılla Şirvanşah
Şeyxşah arasında dostluq və qohumluq münasibətləri
yaranır. Əvvəlcə Şah İsmayıl qızı Pərixan xanımı Şeyxşahın oğlu Sultan Xəlilə
ərə verir, sonra isə özü Şirvanşahın qızlarından biri ilə evlənir. Şah
İsmayılın toyu 1523-cü il 5 noyabrda Təbriz yaxınlığında olur.
Abbasqulu Ağa Bakıxanov “Gülüstani İrəmdə”
yazır: “… Hicri 930-cu ilin əvvəllərində (miladi 1524)… Şah İsmayıl vəfat etdi.
O, mehribanlıqda dünyanı işıqlandıran və qəhrəmanlıqda düşməni yaxan, od
məcazlı bir sultan idi. Qurmuş olduğu səltənətin mühüm işlərinə məşğul olmasına
baxmayaraq, Şah İsmayıl alimlərlə müsahib olub, şeir söyləməyə də mail idi”.
Şah İsmayıl Xətai 36 yaşında, həyatının,
yaradıcılığının, arzularının ən qaynar bir çağında dünyadan köçür, lakin qısa
ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının
siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi
tanıtdırmışdır.
Səfəvi dövlətinin yaranmasında
əsas amil dövləti quranların türk olması, həmin dövlətin tarixi Azərbaycan
torpaqlarında meydana gəlməsi və buradakı insanların “Qızılbaşlığ”a sadiq
olmaları idi.
Şah İsmayılın ortaya çıxması və Qızılbaş dövlətini
yaratması ilə Anadolu türkmanları öz soylarından, inancından bir öndərə sahib
olmuş və onu bir xilaskar hesab edərək ona sıx bağlanmışlar. Dünya tarixində
bir liderə bu dərəcə bağlılıq örnəyi yoxdur.
Azərbaycan xalqının Şah İsmayılla
təkcə böyük dövlət xadimi kimi deyil, həm də cəsur, istedadlı sərkərdə, yüksək
mənəvi keyfiyyətləri hətta o vaxtlar Azərbaycana gələn Qərb diplomatlarında da
heyranlıq doğuran şəxsiyyət kimi fəxr etməyə tam haqqı vardır. Biz onun sərkərdə
istedadı sayəsində yaranmış tarixi dövlətin varisləriyik, elə bir dövlətin ki,
sonralar ərazisində bır sıra dövlətlər yaranmışdır və indi də mövcuddur.
Qaynaq: https://az.wikipedia.org/wiki/Şah_İsmayıl_Xətai