Əmir Teymur

            Əsrlərin arxasından üzü gələcəyə - sənə, mənə, hamımıza, bizdən olanlara və olacaqlara müraciətlə yazılmış bu əsər tarixi yaddaşımızın halalca qaynaqlarından biridir. Necə ki, illər boyu beynimizə yeridilən antitürk terrorunun məngənəsindən hamılıqla qurtula bilməmişik, türkü türkə düşmən kimi tanıtmaq siyasəti qurtarmayacaq....
      Keçmişimizin öz əlimizlə daşqalaq edildiyini anladıqca, yaddaşımız  oyanıb hərəkətə gəldikcə dərk edirik: “ Nicat Vətənə məhəbbətdədir “ ...
         Tarix də Vətən kimi, ana kimi tale payı, alın yazısıdır ....
       Haqqında söhbət açdığım  “ Əmir Teynurun vəsiyyətləri “ adlı əsər sonuncu dəfə Özbəkistanda 1989 -  cu ildə bütöv şəkildə nəşr edilmişdir. Azərbaycan dilində isə əsərlə oxucular 1991 - ci ildə tanış olmuşlar.
       Tarixi qaynaqlarda “ Tüzüki - Teymuri “ ( “ Teymurun söylədikləri “,           “ Teymurun başına gələnlər “ ) adlarıyla anılan bu nadir yadigar XVIII əsrdən başlayaraq ingilis, fransız və rus və sair dillərə tərcümə olunmuş, İngiltərədə, Hindistanda, İranda, başqa ölkələrdə dönə - dönə nəşr edilmişdir. Əsərin qədim əlyazmaları İngiltərə, Fransa, ABŞ, Finlandiya, Danimarka, İran, Hindistan, Türkiyə, Misir kitabxanalarında saxlanılır.
Yaşadığımız günlərdə daha incə üsullarla yeridilən avropa mərkəzçilik siyasəti  şərq xalqlarını, o cümlədən türk dövlətlərini qərb dövlətlərindən asılı saxlamaq üçün yeni - yeni metodlara əl atır. Xaç müharibələri (1096 - 1270) dövründən başlanan xristian hegemonluğu siyasəti Allahın hər cür sərvət, xeyir - bərəkət bəxş etmiş olduğu şərq xalqlarını öz zəngin vətənlərində yoxsulluq girdabına salmış, Avropa dövlətləri qarşısında ələbaxımlı vəziyyətdə qoymuşdur.
     Məsələ burasındadır ki, sağlıqlarında ölkələr fəth edən, qoşunlar, sərkərdələr basan, tarixi inkişafın gedişinə fəal təsir göstərən görkəmli türk simaları ölümlərindən sonra onların mənsub olduğu  xalqlara qarşı ayrıseçkilik siyasəti yeridilməsi nəticəsində elmdə öz yerlərini hələ də tuta bilməmişlər.
      Əmir Teymuru tarixən bir müddət ərzində dünyanın ən böyük sərkərdələri sırasına yüksəldən, ilk növbədə, Orta Asiyanın, türk dünyasının şanlı döyüş ənənələri, cəngavərlik mühiti idi. Bu mühitin ilkin şərti igidlik  idisə, digəri zəka, hərb sənətinin incəliklərinə yiyələnmək bacarığı və ustada - müəllimə ehtiram idi. Hələ kiçik yaşlarında ikən bu xüsusiyyətlərin hamısını özündə cəmləşdirən  Teymur Quran oxumağı bacarır, müəllimi və yaxın məsləhətçisi Seyid Bərgənin öyüdlərini dinləyir, türkcə yazıb oxuyur, şahmat oynamağı sevirdi .
        Orta Asiyanın tez - tez dəyişən  hərbi - siyasi şəraiti, biri - birindən cəsur türk sərkərdələri  arasında baş verən nəhayətsiz qovğalar və bu çəkişmələrin güclü dövlət yaradılmasına əngəl törətməsi, daim mürəkkəb vəziyyətlərdən çıxış yolları axtarmağa məcbur olması Teymuru ziddiyyətli bir tarixi şəxsiyyət kimi formalaşdırmışdı. Cəsur sərkərdə kimi şöhrətlənməyə başlayan Teymur, həm də çox incə siyasətçi idi. Əldə etdiyi mühüm qələbələrlə vaxtsız öyünməyə və bununla düşmənlərinin sayını artırmağa tələsməzdi. Uzaqgörənliyi, səmimiliyi, dosta vəfası, igidliyi sayəsində o, özünə güclü əhatə yarada bilmiş və bütün Orta Asiyanın qüdrətli hakiminə çevrilmişdi. Lakin şöhrət nərdivanının ən uca pilləsinə yetişənədək Əmir Teymur ağır xəyanətlərlə də üzləşmiş, məğlubiyyətlər görmüş, igidlər qurban vermiş, yaxın dostlarının qurduqları tələlərə də az düşməmişdi. Bütün bunlar onda xəyanətə qarşı ağır intiqam, arxadan vurulan namərd zərbəsinə qarşı dəhşətli qəddarlıq hissi tərbiyə etmişdi.
       Qələbə dalınca qələbə qazanan və özünü məğlubedilməz  sayan Əmir Teymur  ömrünün sonuna yaxın şöhrətpərəstliyə daha çox meyl göstərirdi.
          Ayağını yüngülcə çəkdiyi üçün düşmənlərinin həqarətlə“ Axsaq Teymur“, “ Topal Teymur “ , “ Teymurləng “ adlandırdığı  Əmir Teymur uzaqgörən dövlət xadimi idi. İşğal etdiyi ölkələrdə elm -  sənət adamlarına, sənətkarlarına, tacirlərinə toxunmazdı. Dünyanın ən məhşur sənətkarlarını  imperiyanın paytaxtı olan Səmərqəndə göndərər və bu gün dünyanı heyran qoyan məhşur Səmərqənd abidələrininin ucaldılmasını nəzarət altında saxlayardı. İmperiyanın ayrı -  ayrı vilayətləri arasında əlaqə yaradılmasında tacirlərin roluna xüsusi qiymət verirdi. O, xristian dünyasına qarşı sanki “şərqin müdafiəsi “ nə  qalxaraq Avropaya hökmlü məktublar yazıb göndərirdi. ... O, eyni zamanda, “tacir” lərin azğınlaşmasına, xalqı soyub - talamasına da yol verməzdi....
      Əmir Teymur alimləri, şeyxləri, şairləri himayə edər, tez - tez onların məclislərində iştirak edər, hətta mübahisələrə də girərdi. Onunla mübahisə edən, fikirləri ilə razılaşmayan elm adamlarını da mükafatlandırar, bəxşişlərini kəsməzdi. Fəth etdiyi ölkələrdən nadir kitabları, əlyazmalarını Səmərqəndə göndərərdi.

    Obrazı beyinlərdə eybəcərləşdirilmiş və ancaq “qanlı cəllad“ kimi  qələmə verilmiş  Əmir Teymura  insani duyğular da yad deyildi. Hər dəfə səfərdən qayıdarkən, ilk addım olaraq, atasının qəbrini ziyarət edən böyük türk sərkərdəsi özünü ustadı - müəllimi və yaxın məsləhətçisi Seyid Bərgənin ayağı tərəfdə dəfn etdirmişdi. İndi Səmərqənddə “ Əmir Teymurrun qəbrini ziyarət edənlər öz gözləri ilə bunu görürlər ...

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.