“Qarabağ həqiqətlərinin məktəblilərə öyrədilməsində
tarixi qaynaqların rolu”
Bu bir həqiqətdir ki, bir
ölkənin və bir xalqın tarixi, o ölkə və o xalq haqqında nə deyə bilərsə, hər
bir tarixçi də o ölkə və onun sakinləri haqqında təxminən eyni şeyi deyə bilər. Geniş əraziyə, zəngin tarixə malik olan Azərbaycan
Şərq və Qərb ölkələrinin ictimai-iqtisadi, siyasi həyatında, özünün coğrafi və
strateji əhəmiyyətinə görə özünəməxsus yer tutmuşdur.
Deyirlər ağılla bilik sağ və sol əl kimidir.
Onlar birləşəndə məqsədə tez çatmaq olar. Ölkənin tarixinin araşdırılması və
onun qonşu dövlətlərlə münasibətlərinin geniş mənbəşünaslıq bazası əsasında tədqiqatı,
zamanın sınağından çıxmış bir metotdur.
Müasir dövrdə tarix dərsinə
verilən tələblərdən biri də onun səmərələliyinə nail olmaqdır.Təlimin səmərəliliyinə
nail olmaq üçün müəllim bu prosesin incəliklərini, onu təşkil edən komponentləri
və bunlar arasındakı qarşılıqlı əlaqəni bilməli, gündəlik işində nəzərə
almalıdır.
Keçilmiş yolun güzgüsü olan tarix həmişə xalqa
bəşəriyyətin inkişafında baş verən dəyişiklikləri keçmişin təcrübə sınağı əsasında
təfəkkür süzgəcindən keçirməyə kömək edir. Azərbaycan tarixində böyük rolu olan
orta əsrlər dövrü xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan XVIII -XIX əsr Azərbaycan
tarixinin öyrənilməsində tarixi qaynaqların
və elmi monoqrafiyaların rolu əvəzsizdir.
Təhsilimizin inkişafı və tərəqqisi, onun
qarşısında qoyulan qlobal vəzifənin öhdəsindən gələ bilməsi bu gün milli təhsilimizi
necə qurmağımızdan, milli və ümumbəşəri dəyərlərdən, dünya təcrübəsindən necə bəhrələnəcəyimizdən
çox asılıdır.
XIX əsrin
əvvəllərindən ermənilər tarixi torpaqlarımızda sürətlə məskunlaşmağa
başlayırlar. Bu da o vaxt baş vermiş rus-iran müharibəsində torpaqlarımızın
ikiyə parçalanmasının nəticəsi idi. Qəlbi təmizliyinə, ürəyi açıqlığına,
qonşularına yalnız firəvan həyat arzulayan biz azərbaycanlıların tarixi, keşməkeşli
günlərlə zəngindir. Azərbaycan tarixindən IX sinifdə “Qarabağ xanlığı”, X
sinifdə “ Ermənilərin Şimali Azərbaycana kütləvi şəkildə köçürülməsi”, XI
siniflərdə “Qarabağ müharibəsi” nə həsr olunmuş
mövzuları tədris edərkən torpaqlarımızın
azadlığı uğrunda erməni faşistləri ilə
vuruşaraq qəhrəmanlıqlar göstərmiş həmyerlilərimiz haqqında söhbətlər aparıram.
Şagirdlərə düşmənlə vuruşmuş belə insanlar haqqında məlumat toplamağı evə tapşırıq
verirəm. Təcrübəmdən bilirəm ki, mövzu ilə əlaqədar şagirdlər öz topladıqları
xatirələri söyləyəndə bu çox təsirli olur. Mən öz babaları, ata və qardaşları
haqqında xatirələr toplamaq işinə şagirdlərin özlərini cəlb edirəm. Bu bir
tərəfdən təlim- tərbiyənin vəhdətdə götürülməsinə müsbət təsir göstərir, digər
tərəfdən isə şagirdlərin doğma diyara məhəbbətini qat- qat artırmış olur.
Belə
bir yanaşmadan “ Qarabağnamələr” adlı səlnamələrdən istifadə etməklə Qarabağ
həqiqətlərini daha dolgun şəkildə məktəblilərə çatdırmaq mümkündür.
Tarixi
qaynaqlardan biri Mirzə Adıgözəl bəyin “ Qarabağnamə” əsəridir.
Müəllif XVIII əsrin 80 - ci illərinin sonunda Şuşada anadan olmuşdur. Qeyd edim
ki, Mirzə Adıgözəl bəy ana dili ilə yanaşı, ərəb, fars, rus və osmanlı
dillərini də mükəmməl bilmişdir. 1801-ci ildə Gürcüstanın Rusiyaya birləşdirilməsindən sonra Adıgözəl bəy rus dövlət idarəsinə, məxfi məktubların tərcüməçisi
xidmətinə qəbul edilmişdir. A. A. Bakıxanovun “ Gülüstani - İrəm “ və müəllifin öz əsərində yazılan ən maraqlı məlumatlardan biri də Mirzə
Adıgözəl bəy tərəfindən N. Gəncəvi məqbərəsinin bərpa edilməsi məsələsidir. Əsər
1845-ci ildə yazılmışdır. Əsərdə Qarabağın 1736-cı ildən 1828-ci ilə kimi
siyasi tarixindən söhbət açılır. Əsər müqəddimə, XII fəsil və sonluqdan
ibarətdir.
Lakin
A. A. Bakıxanovdan fərqli olaraq
əsər doğma dilimizdə yazılsa da, əsəri qələmə alan xəttat başqa adam olmuşdur. Qeyd etmək lazımdır ki,
əsər erməni dilinə də tərcümə edilmişdir. Mirzə Adıgözəl bəy 1848-ci ildə vəfat etmiş və Azərbaycanda Goranboy
yaxınlığında Rəhimli kənd qəbirastanlığında dəfn edilmişdir. ( Mənbə. Azərb. SSR EA Məruzələri,№ 5, 1948-ci il ). ( Qarabağnamə” I kitab.
Bakı 1991.səh. 5- 102).
Digər qaynaq Mirzə
Yusif Qarabağinin “Tarixi- Safi” əsəridir. XIX əsr səlnaməçilərindən olan Mirzə
Yusif Qarabağinin (1798-1864) Azərbaycan
tarixinin müəyyən səhifələrini öyrənmək nöqteyi-nəzərindən qiymətli mənbələrdən
birini təşkil edən “ Tarixi Safi” əsəri fars dilində yazılmışdır. Mirzə Yusif öz əsərinin “ Tarixi-Safi”
adlandırılmasının səbəbi haqqında yazır: ”...Mən bir zaman... kitabların mütailəsi
ilə məşğul oldum. Onları tamamilə öyrəndim...artıq təriflərdən və yalan xəbərlərdən
təmiz və saf bir tarix yazmaq qərarına gəldim... Həqiqətin saxtalaşdırıldığın gördüm”.
(“Qarabağnamələr” Bakı.1991. səh. 6-8). Maraqlı
cəhət ondan ibarətdir ki, Mirzə Yusif ( Nersesov) əslən erməni olsa da ermənilərin
tarix saxtakarlığını danmır...
Digər müəllif
Mirzə Adıgözəl bəydən sonra Qarabağ
tarixinə dair Azərbaycan dilində “Kitabi-tarixi Qarabağ” adlı əsər yazmış Mir Mehdi Xəzanidir. Müəllif əsərdə yazır: “
Bu kitab bir müqəddimə və iyirmi dörd fəsil və bir xatimə ilə itmamə yetişdi”. (“ Qarabağnamələr”. II kitab. Bakı 1991. səh.97)
Əsərdə Qarabağın Səvəfilər dövründəki ümumi vəziyyəti, o dövrün
qayda-qanunları, Gəncənin Qarabağ bəylərbəyliyinin mərkəz olması və
Ziyadoğulları haqqında məlumat verilməklə yanaşı, Pənahəli xan və onun nəsil-nəcabəti,
eləcə də Qarabağ xanlığının qurulması məqamlarından, Şuşa şəhərinin salınması və
abadlaşdırılmasından, Qarabağ xanlığı tərkibində “ Xəmsə” məliklərindən söhbət
açılır. Xüsusilə bu məlikliklərin erməni mənşəli olmaması əsərdə öz əksini geniş faktlarla tapıb. Əsərin VII fəslində
Gürcüstan valisi II İrakli tərəfindən 1752-ci ildə Pənahəli xanın, Qaradağ xanı Kazım xanın, Naxçıvan
xanı Heydərqulu xanın, Gəncə xanı Şahverdi xanın əsur götürülməsi və Hacı Çələbinin
onları xilas etməsi məsləsindən ( “Qızılqaya xəyanəti”), Urmiya xanı Fətəli xan Əfşarın Qarabağa yürüşü
və İbrahimxəlil ağanı əsir edərək Urmiyaya aparması, İbrahimxəlil xanın hakimiyyətə
gəlməsi, Ağa Məhəmməd xan Qacarın Azərbaycana I yürüşü, rus generalı Zubovun Azərbaycana
yürüşü və Azərbaycan xanlarının bu istiqamətdə siyasəti, Qacarın Azərbaycana II
yürüşü və Molla Pənah Vaqifin ölüm hekayəsi, Qacarın ölümündən sonra Fətəli
şahın hakimiyyətə gəlməsi, İbrahimxəlil xanla münasibətləri, 1800-1803-cü il
hadisələri, rus generalı Sisianovun Gəncə xanlığını işğal etməsi, Cavad xanın
öldürülməsi, Kürəkçəy müqaviləsi, 1806-cı ildə İbrahimxəlil xanın və onun ailə
üzvlərinin xaincəsinə öldürülməsi, Mehdiqulu ağanın xan elan olunması və onun
hakimiyyəti illərindən, eləcə də 1813-cü il Gülüstan müqaviləsindən, 1826-cı il
II rus - iran müharibəsinin başlanması, Təbrizin işğalı (1827-ci il 13 oktyabr), 1828 - ci il Türkmənçay müqaviləsinin
bağlanması haqqında maraqlı məlumatlar verilir. Sonda 1747 -1828-ci illərdə Qarabağda aparılmış tikinti abadlıq işləri və Qarabağın ən məhşur şəhərləri haqqında qısa məlumat verilir. Öz ana dilini dərindən sevən Mir Mehdi Xəzani uşaqlar
üçün də Azərbaycan dilində əsər yazmış və
bu əsəri 1884-cü ildə çap etdirmişdir.
Dördüncü mənbə daha çox maraq kəsb edir. “ Əhvalati - Qarabağ” əsərinin müəllifi Baharlı, İbrahim xanın yaxın köməkçilərindən olan Mirzə Vəli Baharlının nəvəsidir. Əsərdə
Qarabağın memarlıq abidələri, tarixi şəxsiyyətləri, adət-ənənələri,
etnoqrafik xüsusiyyətlərindən nümunələr araşdırılır. Mənbənin özündə yazıldığı kimi, ”.... əsər
tarixi -islamiyyə 1306 və tarixi- məhisiyyə 1888-ci ildə” yazılıb. Əsərdə
Qarabağın lap çox qədim tarixə malik olduğu haqqında məlumat verən müəllif
yazının XII fəsildən ibarət olduğunu bildirir. Burada Şuşa qalasının bina
olunmağından, xanlığı idarə edənlərdən, Qarabağ mahalının adlı-sanlı, qəhrəman,igid,
hazırcavab adamlarından, mahalın iqtisadi durumundan, Şuşa şəhərində yerləşən məhəllələrdən söhbət açılmaqla, Qarabağın adət-ənənələrindən,
bayatı, ağı, laylalardan - Qarabağın folklorundan da danışılır.
Əsərdə
maraqlı məqamlardan biri də Şuşa şəhərinin memarlıq abidələri - məhəllələri, hamam və karvansaraları haqqında
olan məlumatlardır. Məlum olur ki, şəhərin əsas başlıca məhəlləsi Xan evi məhəlləsi saylırdı. O biri məhəllələr
yuxarı və aşağı olmaqla iyirmiyə qədər məhəllə adı göstərilir. Şuşa o dövrün böyük bir elm, mədəniyət,
ticarət mərkəzi olmuşdur. Şuşa Azərbaycanın
təkcə siyasi, iqtisadi və mədəniyyət mərkəindən biri deyil, həmçinin azadlıq,
istiqlaliyyət rəmzinə də çevrilmişdi. Bundan başqa şəhərdə məscidlər,
çoxlu sayda karvansaralar, dükanlar olmuşdur. Əsərdə Şuşa şəhərinin görkəmli elm adamları, bacarıqlı müəllimləri haqqında
da məlumat verilir. Bildirilir ki, bu şəxslərin tərbiyələrindən çıxan adamlar
tamamən kamil və bilikli olmuşlar. Uşaqlar ana dili ilə yanaşı fars, ərəb,rus
dilində də sərbəst oxuyub - yaza
bilirmişlər. Müəllif əsərdə öz doğma dilindən başqa xarici dilləri bilməyin çox mühüm olduğunu vurğulayır.
(Mənbə “ Qarabağnamələr” II kitab.Bakı 1991.səh. 271 - 306)
Dərs prosesində bu kimi məsələlər şagirdlərə
çatdırıldıqda onlar Qarabağ həqiqətlərini öyrənərək, ermənilərin əsl niyyətini
tədqiqatçılıq apararaq dərk edirlər. Bu yolla şagirdlər tarixi öyrənməklə
tərbiyə olunurlar. Təlim-tərbiyə prosesində şagird biliyin nəticəsini özü əldə
etdikdə dərs maraqlı və tərbiyəedici olur. Təcrübə göstərir ki, təlim-tərbiyə
prosesində belə dərsin məzmunu şagirdlər
üçün daha aydın və maraqlı olmaqla
yanaşı, onlar öz doğma diyarını yaxından öyrənir, onun keçmişi ilə fəxr edirlər. Bu da məktəbliləri Vətənə hədsiz məhəbbət və sədaqət ruhunda
tərbiyə etmək üçün imkanlar yaradır.
İstifadə
edilmiş mənbə və ədəbiyyatın siyahısı
1.Mənbə. Azərb. SSR EA Məruzələri,№ 5, 1948-ci il
2. Аббас - Кули - Ага Бакиханов « Гюлистан- и Ирам» Баку 1991
3.“
Qarabağnamələr”. I və II kitab. Bakı
1991
4. Y. Səfərov “Qədim Azərbaycan: nə bilirik” Bakı
1989