Karfagen - lənətlənmiş şəhər

             Karfagen - lənətlənmiş şəhər

       e.ə. III əsrdə İtaliyanın işğal edilməsi Romanı Aralıq dənizinin qüdrətli dövlətinə çevirdi. Roma beynəlxalq münasibətlərə qoşularaq, bir çox dövlətlərlə yaxın iqtisadi və siyasi əlaqələr yaratdı. Məsələn, Karfagen şəhəri ilə iqtisadi əlaqələr hələ e.ə. IV əsrdən başlamışdı. Karfagenlilər Siciliya, Sardiniya və Korsikanı tutduqdan sonra Karfagen tacirləri tez-tez Romaya gəlirdilər. Onların gəmiləri Romanın başqa ölkələrlə ticarətində də yaxından iştirak edirdi.   Karfagen tacirləri Romaya xəz, gön, fil sümüyü, meyvə, şərab, ağac məmulatı, şüşə, güzgü, boya, əlvan parçalar və sairə gətirərdilər. Buradan isə mai-qara, taxıl, duz, zeytun yağı və sair aparardılar. Ehtimal olunur ki, dəniz ticarəti Karfagen ilə tez - tez və nisbətən intensiv aparılırdı. Tarixçi Polibi özünün             “ Ümumi tarix” əsərində  Karfagen ilə romalılar arasında ilk ticarət müqaviləsinin hələ e.ə. 509-cu ildə bağlandığını xəbər verir. İkinci müqavilənin e.ə. 348-ci ildə bağlanması güman edilir. Polibi Karfagen ilə Roma arasında üçüncü ticarət müqaviləsinin e.ə. 279-cu ildə  bağlandığını xəbər verir. Müqavilələr ticarət və gəmiçiliyə aid məsələləri nizama salırdı.
      Qədim Dünyanın ən böyük şəhəri olan Karfagenin xarabalıqları  Tunisdə yerləşir. Bu möhtəşəm şəhərin sirri indiyədək açılmamış qalıb, bəlkə də heç açılmayacaq. Vaxtilə “ Dünyanın paytaxtı” adlandırılan şəhərin xarabalıqları yaxınlığında indi müasir Tunis varlılarının villaları yerləşir.
       Karfagen romalı və yunanların ticarətdə rəqibi olduğu üçün onlar Karfagenə həmişə nifrətlə baxırdılar. Yalnız təkcə bu səbəbdən yox. Digər ölkələrlə ticarət əlaqələri Romanın dünya valyuta sisteminə qoşulmasını tələb edirdi. Romada isə o zaman yalnız mis pullar kəsilirdi ki, bu da Roma ticarətini  dünya miqyasında məhdudlaşdırırdı. Buna görə də e.ə. 268-ci ildə daxili mübadilədə işlənən mis pulların yerinə gümüş pullar ( dinari) buraxılmağa başlandı. Gümüş dinari 4,37 qram gümüşə bərabər idi. Bu pul beynəlxalq bazarda təxminən Attika dirhəminə bərabər tutulurdu. Dinarinin üstündə ilahə Romanın şəkli həkk edilmişdi. Gümüş pul buraxmaq hüququna ancaq Roma özü malik idi. Koloniya şəhərləri və müttəfiqlər ancaq mis pul kəsə bilərdilər. Sikkəxana Romanın         “ Yunona- Moneta məbədində” yerləşdiyindən yeni buraxılmış pullar “moneta” adlanmışlar. Buradan da sikkəli  pullara verilən “moneta” adı meydana gəlmişdir.
      Afrikanın şimal-şərqindəki ərazidə vaxtı ilə finikiyalılar bir neçə müstəmləkə salmışdılar. Bunlardan biri Karfagen (latınca Garthago) şəhəri idi. Finikiyalılar bu şəhərə Kar - Xadaşt, yəni “ yeni şəhər” adı vermişdilər. Karfagen əvvəllər Tir şəhərinin müstəmləkəsi olmuş, e.ə. V əsrin ortasında böyük bir dövlətin mərkəzinə çevrilmişdi. Bu dövlətin tərkibinə şimali Afrikanın bir hissəsi, Siciliyanın qərb hissəsi, Malta, Sardiniya, Korsika, Pitius və Balear adaları daxil idi. Antik tarixçilərdən Siciliyalı Tamey ( e.ə.352- e.ə.260)  Karfagen şəhərinin əsasının qoyulmasını e.ə. 814-813- cü illərə aid etmişdir. Onun əsərinin bizə çatmış parçalarında Karfagenin salınması haqqında maraqlı bir rəvayət söylənilir. Qədim Tir şəhərində guya Elissa adlı bir parşah arvadı yaşayırmış. Elissanın əri Sixarba çox varlı idi. Sixarbanın qardaşı Piqmalion öz qardaşını öldürüb onun arvadına sahib olmaq istəmişdi. Elissa isə ərinin sərvətini götürüb Liviyaya qaçmışdı. Burada yerli əyanlarla ticarət əlaqələri yaratmış, öz sərvətini artırmışdı. Elissa yerli torpaq sahiblərindən birini aldadaraq ondan çoxlu torpaq almışdı. Elissa torpaq sahibinə pul ilə bir öküz dərisinin əhatə etdiyi sahə qədər torpaq satmağı təklif etmişdi. Torpaq sahibi pulu çox hesab edib həvəslə razılaşmışdı. Elissa isə pulu verəndən sonra öküz dərisini nazik zolaqlarla kəsib onları bir- birinin ucuna bağlamış və bu zolaqların tutduğu böyük bir sahəni ondan almışdı. Onun aldığı sahə sonralar Karfagenin mərkəzi hissəsi ( birsa) yerləşən əraziyə bərabər idi( bu yerdə də  Karfagen şəhəri salınmışdı). Elissa və onunla gələn tirlilər burada məskən salıb yaşamışdılar. Liviyalılar şəhərin padşahı Elissanı Didon adlandırmışdılar. Qonşu liviyalı tayfalardan birinin rəhbəri Jarba onu sevmiş və rədd cavabında bütün şəhəri dağıdıb əhalisini qıracağı ilə təhdid etmişdi. Didon isə ərinə sadiq qalıb özünü odda yandırmışdı. Bu rəvayət sonralar romalaşdırılmışdır.
     Karfagenin əsas iqtisadi qüdrəti köləlik təsərrüfatına və ticarətə əsaslanırdı. Karfagen tacirləri dünyanın bir çox yerlərinə gedirmişlər. Karfagenlilərin gəlir mənbələrindən biri də informasiya ticarəti idi. Onlar hər şey haqqında məlumatlı idilər. Məhşur dəniz səyyahları olan karfagenlilər bəzi tarixçilərin fikrincə hətta Amerika haqqında da məlumatlara malik olmuşlar. Karfagenlilər həm də ilk yelkənli gəmilərdən istifadə edən dənizçilər olmuşlar. Tarixi məlumatlar içərisində e.ə. 480 və 450 - ci illərdə Karfagen dənizçisi Hanonun 60 avarlı gəmidə Afrikanın qərbinə 30 min müstəmləkəçi apardığı məlumdur. Qərbi Afrikanın sahil şəhərlərində indiyədək qalmış çoxlu abidələr bu yerlərdə karfagenlilərin olduğunu sübut edir. 
     Heç şübhəsiz ki, Karfagenin sərvəti  qonşu dövlətlərin  iştahasını artırırdı. Karfagen o dövr üçün  çoxlu koloniyalara malik idi. İspaniyada gümüş mədənləri onun ixtiyarında idi. Bundan başqa Karfagen Siciliya, Korsika və digər adalara da sahib idi. Aralıq dənizinin qərbində karfagenlilər çoxli müstəmləkələr salmışdılar (Leptis, Utika, Taps, Qades və s.). Hər yerdən Karfagenə çoxlu qul, qızıl və digər sərvətlər gətirilirdi.
  Karfagen dövləti liviyalı və numidiyalılardan, eləcə də qonşu “barbar” tayfalardan ibarət qüvvətli muzdlu ordu yaratmışdı. Orduda çoxlu hərbi fil hissələri var idi. Müharibə zamanı ordunun sayı muzdlular hesabına istənilən miqdarda artırılırdı. Çox vaxt məhşur sərkərdələr də muzdla istifadə edilirdi. “...əsl muzdlu quşun birinci dəfə karfagenlilərdə yaranmışdır...” ( K. Mark. F. Engels. Seçilmiş əsərləri, II cild. Bakı, səh. 460).  
    Bütün qədim dəniz dövlətləri kimi Karfagen dövləti də aristokratik dövlət olmuşdur. Şəhərdə Ali hakimiyyət 300 nəfər üzvü olan ağsaqqallar şurasına məxsus idi və buraya əyan və tacirlərin ən nüfuzluları daxil idi.  Dövlətin başında ildə bir dəfə seçilən iki suffet dururdu. Bundan başqa 104 nəfərdən ibarət “ hakimlər kollegiyası” da var idi. Xalq yığıncağı formal olaraq çağırılırdı. Əslində heç bir təşəbbüsə malik deyildi. Aristotel yazırdı :                      - “...Karfagendə bütün vəzifələr satılır”. Əslində isə bu heç də belə deyildi. Diktaturaya yol verilməsin deyə vəzifəyə biri - biri ilə rəqib olan iki nəsildən seçərdilər. Bundan başqa vəzifədə olan adam dövlət xəzinəsindən bir qəpik də olsun maaş almırdı. Rüşvətxorları isə amansız edam edirdilər. Beləliklə, dövlət vəzifələrinə ancaq şöhrətpərəst ən varlı şəxslər gedərdi. Yeri gəlmişkən onlar da belə ən adi vətəndaşlar kimi bütün ənənələrə riayət etməli idilər.
  Karfagen e.ə. VI əsrdən sonra qüvvətli dövlətə çevrilmişdi. Karfagen əsarət altına aldığı əhalidən böyük vergilər alırdı.  O dövrdə şəhər o qədər böyük idi ki, hətta sülh zamanı onun ərazisində 200 min piyada döyüşçü, 4000 xüsusi hazırlanmış  süvari və 400 fil hissəsi  olurdu. Bu isə o zaman üçün böyük qüvvə idi. Bütün ətraf  ərazidə yaşayan xalqlar ona ödənc verirdi. Kimisi gümüş, kimisi ərzaq, kimisi də gənc  döyüşçülər. Karfagen şəhərində təqribən 700 mindən çox əhali yaşayırdı. Geniş küçələr daş pilətələrlə döşənmişdi. Şəhər üçqat divarla əhatə olunmuşdu. Şəhər divarlarında hər 56 metrdən bir nəhəng qüllələr ucaldılmışdı. Orada xüsusi oxatan döyüşçülər gecə -gündüz qaravul çəkirdi. Beləliklə də şəhərin hər bir santimetri qorunurdu. Karfagen ordusuna o dövrün ən məhşur oxatanları sayılan Balear döyüşçüləri dəvət olunardılar. Tarixçilərin yazdığına görə bu atıcılarda  hədəfə dəyməmək utanc sayılarmış. Belə rəvayət edirlər ki, bir atıcı təkbaşına göydə uçan ördək sürüsünü dayanmadan ox atmaqla vura bilirmiş.
Şəhərin daxili limanı var idi ki, bu da kanal vasitəsilə dənizə birləşirdi. Bu kanalın yanları və dibi də nəhəng piltələrlə örtülü idi. Daxili limanda eynizamanda  220 gəmi lövbər sala bilərdi. Şəhərə  xüsusi icazə ilə daxil olan xarici  ticarət gəmiləri böyük daşatan mancanaqların nişangahında  saxlanılırdı.
     Karfagenlilərin dini quruluşu qədim Finikiya dini ayinlərinin güclü təsiri altında olub, arxaik xüsusiyyətləri uzun müddət özündə saxlamışdır. Müharibə allahı Voloha karfagenlilər qulları, caniləri, əsirləri və hətta öz uşaqlarını qurban verirdilər. Onların dini inamlarında Göy allahı Voloh Vall ( Velzevul) və Ay ilahəsi Tanit böyük nüfuza malik idi. Karfagenlilərin öz tanrılarına - insan qurban verməsi xüsusilə öz  uşaqlarını qurban verməsi, daha sivil xalq olan romalıların və yunanların qəzəbinə səbəb olurdu. İldə bir dəfə Karfegendə belə ayinlər keçirilərdi: - Mərkəzi meydanda böyük bir tonqal qalanar, ora toplaşan kişi və qadınlar öz uşaqları ilə ora gələr və kahinin işarəsi ilə öz ilkin uşağını tonqala ataraq tanrılara ticarət və bol məhsul üçün dua edərmişlər. Karfagenlilərin bu cür qəddar ənənələri müasir tədqiqatçıları dəhşətə gətirir. Məsələn; məhşur dəniz səyyahı Hannon şəhərdə hakimiyyəti ələ keçirməyə cəhd etdiyinə görə onu belə tonqalda yandırmışdılar. Karfagenlilər hesab edirdilər ki, belə ölüm “ asan və əzabsız” ölümdür. Orta əsrlərdə xristian kilsəsində inkvizisiya məhkəməsinin qərarı ilə insanların tonqalda diri-diri yandırılması “ atodafe” yadınıza gəlirmi?  Karfagendə digər ölüm üsulları da həyata keçirilirdi. Günahkarı uzun çubuqlar ilə dərisi partlayana qədər döyər, sonra gözülərini çıxarar, əl - ayaqlarını kəsər və sonra  canını alardılar.
    Karfagenlilər Aralıq dənizinin qərbində hakim olduqdan sonra onun şərq hissəsini də öz nüfuzları altına almağa çalışırdılar. Karfagenlilərin Siciliyadakı fəaliyyətləri romalıları narahat etməyə etməyə bilməzdi. Sonrakı işğal planları romalıları tədricən Karfagen ilə toqquşdurmuş və tezliklə Pun müharibələri         ( e.ə. 264- e.ə. 146) adı ilə məlum olan üç böyük müharibəyə gətirib çıxarmışdı. Romalılar karfagenlərə pun dedikləri üçün bu müharibə tarixdə belə adlanmışdır. Pun müharibələri barədə Polibinin “ Ümumi tarix” əsəri əsas mənbə sayılır.
I  Pun müharibəsi: - e.ə. 264- e.ə. 241-ci illəri əhatə edir.  Romalılar qalib gəldi. İmzalanan müqaviləyə görə Karfagen 10 il müddətində Romaya xərac verməlidi. Siciliya və Siciliya ilə İtaliya arasındakı kiçik adaları və müharibə vaxtı əsir düşənləri qaytarmalı idi.
II Pun müharibəsi: - e.ə. 218 - e.ə. 201-ci illəri əhatə edir. Bu müharibəni Karfagen sərkərdəsi Hannibal başlasa da  müharibə Romanın qələbəsi ilə başa çatdı. Karfagen böyük hərbi və siyasi məğlubiyyətə düçar oldu. Roma Aralıq dənizinin ən qüdrətli dövlətinə çevrildi.
     III Pun müharibəsi: - e.ə.149-e.ə.146-cı illəri əhatə edir. Tədricən Karfagenin yenidən iqtisadi tərəqqisi romalıları  narahat etməyə başladı. Roma senatında olan güclü bir fraksiya Karfagenin tamamilə yer üzündən silinməsini tələb edirdi. Bunun ən qızğın tərəfdarlarından biri o zaman senator olan Mark Porsi Katon (böyük) idi. O, həmişə senatda çıxışlarını “ Ceterum censeo Garthaginem delendam esse”(“Lakin mən hesab edirəm ki, Karfagen mütləq dağıdılmalıdır”) sözləri ilə qurtarırdı. III Pun müharibəsi haqqında F. Engels belə demişdir:         “ ...bunu heç də müharibə adlandırmaq olmaz; bu ən zəif rəqibin on dəfə güclü bir rəqib tərəfindən sadəcə fəth edilməsidir”( К.Маркс и Ф. Энгельс. Соч.,Т. VIII, стр. 221). Şəhər uğrunda karfagenlilər mərdliklə vuruşsalar da Karfagen tamamilə tutuldu, qarət edilib yandırıldı. O, tamamilə dağıdılıb yerlə - yeksan edildi. Şəhərə lənət oxundu ki, bir daha orada məskən salınmasın. Roma öz rəqibi ilə belə rəftar etdi. Pun müharibələri dünyanın bölüçdürülməsi uğrunda aparılan müharibələrdən idi.
    Karfagen ərazisində ilk qazıntılar Roma imperatoru Neron dövründə e.ə. 63-cü ildə aparılmışdır. Neronun sarayında xidmət edən Tsesiliy Base adlı bir nəfər imperatora  Karfagenin xarabalıqları yaxınlığında divarları və içi qızılla dolu olan bir mağaranın olduğu haqqında məlumat verir. Neron isə bu məlumatı dəqiqləşdirmədən belə “tapıntı”nın şərəfinə qladiator döyüşləri təşkil edir və şənliklərə xəzinədən  çoxlu vəsait xərcləyir. Lakin Base tərəfindən göstərilən yerdə nə qədər axtarsalar da heç nə tapılmır. Məlum olur ki, Tsesiliy Base ağıldan kəm  imiş. Əvvəlcə onu həbs edirlər, sonra isə bütün əmlakını müsadirə edərək dəlini buraxırlar. Bütün bunlara baxmayaraq Karfagen xəzinəsinin mövcud olmasına inananlar az deyil. 1949-cu ildə general Dyuval təyyarədən Karfagenin xarabalıqlarını müəyyənləşdirmişdir. O, romalılar tərəfindən ləhnətlənmiş bu şəhərin  xarabalıqlarında qazıntı aparan müasir dövrün ilk arxeoloqu oldu. Dyuval əvvəlcə şəhərin daxili limanını dənizlə birləşdirən kanalı aşkar etdi. Sonra isə daş məbədin xarabalıqları aşkarlandı. Daha sonra axreoloqlar gil və daş üzərində yazılı lövhələr tapdılar. Bu yazıları alimlər yalnız bu yaxınlarda deşifrə edə bilmişlər. Bu yazılardan məlum olur ki, Karfagen varlıları şəhər romalılar tərəfindən işğal olunmamışdan qabaq öz sərvətlərini və şəhər xəzinəsini yer altında gizlətmişlər. Xəzinənin yeri bu günə qədər də məlum deyil. Təkcə o məlumdur ki, xəzinə hardasa  şəhər yaxınlığındadır. Məlumatlara görə bu xəzinə milyardlarla ölçülür. Hazırda Tunisdə, Karfagen xarabalıqlarında arxeoloqlar və  “şəxsi izaxtaranlar” axtarışdadırlar.Varlı karfagen əsilzadələrinin  qəbirlərini qarət etməklə varlananlar da vardır.
 Bu gün,  Karfagenin şəhər divarları, akropol, məbəd qalıqları, şəhər küçələri təmizlənmişdir. Karfagen - açıq səma altında tarixi abidədir. Amma şəhərdə gizlədilmiş xəzinə kiminsə yolunu gözləyir....

Əsədov Seyyub Əsəd oğlu – Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.