QƏDİM MİSİR DÖVLƏTİ

QƏDİM MİSİR DÖVLƏTİ

Tarixdə ibtidai icma quruluşu dağıldıqdan sonra qədim dövlətlər yarandı. İlk dövlətlər Şərqdə yaranmışdır. Bu dövlətlərdən biri qədim Misir dövlətidir. 

Misirin coğrafi mövqeyi. Misir Afrikanın şimal-şərqində yerləşir. Bu ölkənin ərazisindən dünyada ən uzun çay olan Nil çayı axır. Qədim misirlilər Nili «Böyük çay» da adlandırmışlar. Nil çayı Aralıq dənizinə tökülür. 

Misirin coğrafi mövqeyi ticarət üçün çox əlverişli idi. Misir bir çox ölkələrlə quru və su yolları vasitəsilə əlaqə saxlayırdı. Dağlıq ərazidən müxtəlif növ tikinti daşları və qiymətli daşlar (zümrüd, firuzə və s.) əldə edilirdi. 

Nil daşqınları. Nil çayı ildə bir dəfə daşaraq öz məcrasından (axarından) çıxırdı. Çay sularının gətirdiyi mineral maddələrlə zəngin olan lil vadidə çöküntü təbəqəsi yaradırdı. Nilin gətirdiyi lilli qara torpaq asanlıqla şumlanırdı. Beləliklə, Nil vadisindəki torpaqlar əkinçilik üçün çox münbit və məhsuldar olurdu. Ona görə də qədim misirlilər öz ölkələrini «Qara torpaq» adlandırırdılar. Vadidə əhalinin məskunlaşdığı məntəqələri və əkilən torpaq sahələrini daşqından qorumaq məqsədilə Nil sahili boyunca damba deyilən bəndlər tikilirdi. Bəndlər təpə formasında olur və doğranmış qamış qatılan gildən qurulurdu. 

Misirdə süni suvarma inkişaf etmişdi. Hündürdə yerləşən tarlalara, bağlara su vermək üçün şadufdan* istifadə olunurdu. 

Nil vadisində müxtəlif növ bitkilər bitirdi. Bunlardan ən əhəmiyyətlisi papirus qamışı idi.


* Şaduf — torpağa basdırılmış dirəkdən və hərəkət edən şüvüllərdən ibarət idi. Onun bir ucuna daş, o birinə dəri tuluq bağlanırdı.

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.